Zərifə Salahova: "O şikayət məktubundan sonra atamı güllələdilər" - MÜSAHİBƏ

Zərifə Salahova:  "O şikayət məktubundan sonra atamı güllələdilər" - MÜSAHİBƏ
23 oktyabr 2025
# 11:40

Kulis.az APA-nın “Əsrin yaşıdı” layihəsində Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova ilə müsahibəni təqdim edir.

Dosye: Zərifə Salahova 1932-ci il fevralın 2-də Bakıda siyasi və dövlət xadimi Teymur Salahovun ailəsində doğulub. Xalq rəssamı Tahir Salahovun bacısıdır. 1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin, 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür Kitab Muzeyi 2002-ci ildən fəaliyyət göstərir.

2022-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

Zərifə xanımdan müsahibə götürmək çoxdankı diləyim olsa da, hər dəfə bir “ya zəlzələdən, ya vəlvələdən” səbəblə vaxtını dəyişməyə məcbur qalmışdıq. Bu dəfə isə telefonda danışar-danışmaz Zərifə xanım razılaşır. Və biz az sonra vədələşdiyimiz kimi, İçərişəhərdə Qoşa qala qapılarının yaxınlığındakı kafelərdən birində görüşürük. Onu görər-görməz cavabını təxmin etdiyim bir sual verirəm:

- Zərifə xanım, xoş gördük. Necəsiniz?

- Yavaş-yavaş, pendir lavaş.

İkimiz də gülürük.

- Ötən dəfə bir jurnalistə də belə cavab vermişdiniz. Maraqlıdır, uşaqlıqda belə ifadələri çox işlədirdiniz?

-(Gülür) yox a.

- “Yavaş-yavaş, pendir, lavaş”ı biz də uşaq olanda istifadə edirdik, amma indikilər deyəsən unudublar. Bu cür daha hansı deyimlər, ifadələr var ki, o vaxt işlədirdiniz, artıq danışığımızdan çıxıb?

- Nə bilim, bəlkə də olub, amma unutmuşam hamısını.

Atam Laçının katibi idi, Bağırov vəzifədən götürdü

- Zərifə xanım, repressiya görmüş nəcib ailədə yetişmisiniz. Elə istərdim söhbətimizə lap geridən - uşaqlığınızdan başlayaq.

- Deməli, MVD-nin (Daxili İşlər Nazirliyi – M.A.) yuxarı tini var ha, onun yuxarısında bina vardı. O küçə indi Zərgərpalan gedir. Sovet vaxtı Qasım İsmayılov adlanırdı. Tindəki evdə, dördüncü mərtəbədə biz yaşayırdıq. Atam Laçının katibi idi.

- Birinci katibi?

- Onda bir-iki yox idi, bir katib var idi. Bilmirəm xəbəriniz var, ya yox, Bağırovun arvadı yəhudi idi. Deməli, 37-ci ilin əvvəllərində atanı Laçında işdən götürür. Ata Bakıya gəlir, burada “Azplodovoştorq”a (Azərbaycan Meyvə-Tərəvəz Ticarəti İdarəsi – M.A.) sədr müavini vəzifəsinə düzəlir. Altı aydan sonra onu partiyadan çıxarırlar. Atam ora-bura yazmağa başlayır. Heç bir cavab olmur. 37-ci ildə atanı tuturlar. Bizə də deyirlər ki, ona 10 il iş veriblər. Vəssalam. Bizdə ata haqqında başqa informasiya yox idi.

- Neçə uşaq idiniz?

- Beş.

- Bir də ananız.

- Yox, yox, yox (fikrə gedir). Hə... Yox, yox (təzədən fikrə gedir). Hə, hə, hə. Üç qardaş – Sabir, Mahir, Tahir, mən və mənim bacım.

- Leyla?

- Yox, Suad.

- Suad? Suad qızınız deyil?

- Yox, yox, yox... Suad qızımdır (fikrə gedir, nəsə demək istəyir, yaddaşında nəsə axtarır, ona kömək etməyə çalışıram).

- Rusiyada yaşayan bacınızı deyirsiniz? Sənətşünas olan?

- Bəli, bəli, bəli.

- Leyladır da.

- Yox, yox, Aydan.

- Aydan Tahir Salahovun qızıdır.

- Hə, dayan. Necə idi? Biz onu Gülya çağırırdıq.

- Bəlkə Gülnarə imiş adı.

- Ola bilər. Kəsəsi, 1955-ci ildə mən Oreol şəhərindən basketbol üzrə yarışdan qayıdırdım. Plaskart vaqonunda gedirik. Birdən eşidirəm ki, beynəlxalq vaqonda Azərbaycan DTK-nın rəhbəri Quskov (Anatoli Quskov-M.A.) gedir. Təsəvvür elə, qatar saxlayanda mən onların vaqonuna qaçdım, lakin bələdçi dedi ki, onlar indi dincəlirlər, sən qatar Rostov şəhərində dayananda gələrsən. Qatar Rostova çatanda mən təzədən onların vaqonuna qaçdım. Bələdçi qadın məni Quskovun kupesinə apardı. Ona dedi ki, bu qız sizinlə danışmaq istəyir. Quskov məni qəbul elədi, yoldaşı isə qarşımızda oturmuşdu. O, bizim söhbətimizə qarışmırdı. Mən ona dedim ki, atamı 37-ci ildə tutub 10 il həbs ediblər və bizə bildiriblər ki, məktublaşmaq belə qadağandır. Bizim indiyə kimi onun öldüsündən-qaldısından xəbərimiz yoxdur. O, məni dinləyəndən sonra anamın, qardaşlarımın nə işlə məşğul olduqlarını soruşdu. Mənim yarışdan qayıtdığımı öyrəndi. Bundan sonra razılaşdıq ki, qatar Bakıya birinci gün çatır, həftənin üçüncü günü günorta saat birdə o məni gözləyəcək.

Azərbaycan DTK-nın rəhbəri mənə dedi ki, atanı güllələyiblər

- Artıq Bağırovun məhkəməsi başlamışdı?

- Hə, vəzifədən kənarlaşdırılmışdı, onun işi ilə bağlı araşdırma gedirdi. DTK-ya da çoxlu şahidlər dəvət edirdilər. Ora getdim, mənə dedilər ki, şahidlərin dindirilməsi yekunlaşıb. Lakin Quskovun adını çəkəndən sonra məni bir otağa apardılar. Orada atamın işinin yenidən araşdırılması ilə bağlı ərizə yazdım. Onlar mənə dedilər ki, nəticə əldə olunanda sizə məlumat verəcəyik.

Əyləşdiyimiz kafedə musiqinin səsi yüksək olduğu üçün qalxıb uyğun yer axtarırıq. Qoluna girmək istəyirəm, razılaşmır.

- Mən özüm.

- Hər gün piyada gəzirsiniz?

- Hə, gəzirəm, aşağı düşürəm.

- Bəs sonra muzey tərəfə necə qalxırsınız?

- Çıxanda maşın tuturam.

Kafedən çox uzaqlaşmırıq, elə yaxınlıqdakı bağa gəlib özümüzə skamya seçirik. Mən söhbətimizə qaldığımız yerdən davam edirəm.

- Ərizə yazandan sonra nə oldu?

- Bu minvalla mən dəfələrlə Quskovun qəbulunda oldum. Hər dəfə o məni qəbul edir, anamı, qardaşlarımı soruşur, amma atam barəsində heç nə demirdi. Bir dəfə yenə Quskovun qəbulunda idim. Məndən başqa bir neçə adam da qəbula yazılıb gözləyirdi. Bu vaxt orda oturmuş bir kişi məndən soruşdu ki, sən Teymurun qızı deyilsən? Dedim hə. O məndən anamı, qardaşlarımı adbaad soruşdu. Sonra DTK-ya niyə gəlməyimlə maraqlandı. Mən ona dedim ki, atam həbs olunandan sonra ondan xəbər ala bilməmişik, gəlmişəm öyrənim görüm həbsdədirsə, haradadır. Bizə onunla əlaqə saxlamağa, hətta məktublaşmağa da icazə vermirdilər. O mənə dedi, anan nə vaxtdan atana sovqat aparmır? Düz deyirdi, atam həbs olunandan sonra dolanışığımız nə qədər çətin olsa da, anam hər dəfə zənbil düzəldib atama sovqat aparırdı. Növbəti dəfə sovqat aparanda anamı geri qaytarmışdılar, demişdilər daha gətirmə. Dedim filan vaxtdan. Dedi hə, elə həmən ərəfələrdə də atanı güllələyiblər. Bunu eşidəndə məni ağlamaq tutdu. Bu vaxt məni səslədilər ki, Quskov səni gözləyir. Qəbuluna girdim. Məndən soruşdu, niyə ağlayırsan? Kişinin dediklərini ona danışdım. Ondan soruşdum ki, düz deyir? Dedi, hə, güllələyiblər, sənə deyə bilmirdim.

- Cinayət işində nə yazılmışdı? Atanız nədə günahlandırılırdı, niyə güllələnmişdi?

- Mən bilmirəm. Təxminən 7-8 ay sonra məni yenidən DTK-ya dəvət etdilər. Orda mənə dedilər ki, sizi təbrik edirik, atanız günahkar deyil. Onlar dedilər ki, cinayət işini Moskvaya göndəririk, siz rəsmi cavab alacaqsınız. Bundan sonra bizə cavab gəldi ki, Salahov Teymur günahkar deyil. Anam 1984-cü ildə vəfat edənə qədər atama görə fərdi pensiya aldı.

Bağırova işbilən, ağıllı adamlar lazım deyildi

- Atanız Bağırovla dostluq edirmiş, əqidə yoldaşı olublar, Bağırov dəfələrlə sizin evdə qonaq olub.

- Yox, yox, elə şey olmayıb. Onlar heç vaxt dostluq etməyiblər. Bağırova ağıllı, işbilən adamlar lazım deyildi deyə, onu vəzifədən götürdü.

- Atanızın Laçında katib işlədiyi vaxt müavini Xalq yazıçısı Süleyman Rəhimov olub. Deyilənə görə, atanız hətta Süleyman Rəhimovun “donos”u əsasında güllələnib.

- Hə, elədir. Atamdan şikayət yazıb.

- Bu haqda mətbuatda da dəfələrlə yazılıb.

- Mən bunu Süleyman Rəhimovun oğlu Şamo Arifə də demişəm ki, atan atamı güllələtdirib.

- Atanızın həbs olunduğu günü xatırlayırsınız?

- Hə. İki hündür adam atamın dalıyca gəldi. Atamın kepkası asılqandan asılmışdı, atam evdən çıxanda heç kepkasını da götürmədi. Anamsa arxasınca səsləndi ki, bəs kepkan? Atam cavab verdi: “Onsuz da bir azdan qayıdacam”. Bax belə. Bundan sonra onu görmədik.

- Yadımda deyil, sizin, yoxsa Tahir Salahovun xatirəsində oxumuşam ki, atanızı aparandan sonra pəncərədən boylanıb uzun müddət dalıyca baxmısınız.

- Yox, belə şey olmayıb. Biz dördüncü mərtəbədə yaşayırdıq. Ordan pəncərə Qasım İsmayılov küçəsinə binanın damına baxırdı. Atamı necə görə bilərdik?

- Bəlkə bu vida mənzərəsi Tahir Salahovun təxəyyülünün məhsuludur?

- Ola bilər.

O yəhudi qadın bizə çox kömək elədi

- Atanızdan sonra beş nəfərlik ailəni saxlamaq ananıza çətin olardı.

- Əlbəttə. İndi Türk Hava Yollarının ofisi olan yerdə iki mərtəbəli mülk vardı. Oranın sahibəsi yəhudi Qoda Salamonovna idi. Anam dərzi işləyirdi. O icazə vermişdi ki, anam sifarişləri götürüb evdə tiksin. O qadın bizə çox kömək etmişdi, çox.

- Bunu da Tahir Salahovun müsahibəsindən oxumuşam: Ananızın işlədiyi yeməkxanada bir yaşıl qadın varmış, arada kömək üçün sizə peraşki göndərirmiş.

- Hə, o da olub. Anam dərziliklə yanaşı, zavodda xadimə işləyirdi. Oranın yeməkxanasında işləyən yaşlı bir qadın vardı. O bilirdi ki, anamın beş uşağı var. Ona görə, bəzən orada bişən peraşkilərdən bir-iki dənə anama verirdi ki, bizə gətirsin.

- Özü də evinizin yaxınlığında çörək zavodu var imiş. Təzə bişmiş çörəyin qoxusu ətrafa yayılırmış, siz də qardaşlarınızla yarı ac, yarı tox evdə otururmuşsunuz, təzə bişmiş çörəyin ətri sizi birtəhər edirmiş.

- MVD-nin Nizami küçəsinə çıxan tərəfindəki binanın birinci mərtəbəsində çörək dükanı var idi. Elə onun yanında da çörək bişirirdilər. Müharibə vaxtı axı çörək talonla verilirdi. Mən dərsdən əvvəl və sonra gedib orda talonları kleyləmək üçün satıcıya kömək edirdim. Hər dəfə işlərimi yekunlaşdırıb gedəndə satıcı mənə bir kiloqram çörək verirdi. Bax belə. Müharibə vaxtı dolanışıq lap çətin idi. Hətta mən tikiş tikməyi öyrənmişdim, bəzən anama kömək edirdim. Sonralar tələbə olanda donlarımı da özüm tikirdim.

- Atanızın həbsindən sonra Bağırovun sizin ailəylə ədavəti davam elədi?

- Bir dəfə Bağırov soruşur ki, Teymurun uşaqları nə işlə məşğuldur? Həmən vaxtı bircə Tahir Rəssamlıq məktəbində oxuyurdu. Onu iki dəfə məktəbdən çıxarmışdılar, anam gedib xahiş etmişdi, təzədən bərpa etmişdilər. Bağırov atamdan bu cür qisas alırdı. Yoldaşı onun yəhudi idi, bilirsiniz də.

- Bunu bayaq da vurğuladınız, deyirsiniz, yəni atanızın repressiya edilməsində yoldaşının da barmağı var idi?

- Yox, o özü belə edirdi. Bağırova işbilən, ağıllı adamlar lazım deyildi. Bağırov atamdan ehtiyat edirdi.

Bağırovun məhkəməsinə getmirdim, Allah onu cəzalandırdı

- Qəlbinizdə Bağırova qarşı nifrət qalıb?

- Əlbəttə. Onsuz da Allah onu cəzalandırdı, güllələdilər. Gəlin, muzeyə gedək, mən sizə papanın kitabını göstərim, o da (fotoqrafımıza işarə edir) çəksin.

- Gedək, nə deyirəm.

Təzədən Zərifə xanımla qoşalaşıb Qoşa qala qapıları tərəfə gəlirik. Yolda ona dəstək üçün qoluna girmək istəsəm də, yenə razılaşmır, üstəlik yaşıyla uyuşmayan qıvraqlıqla irəli düşür. Bu sayədə tezcənə Qoşa qala qapılarının qabağına çatıb maşın gözləyirik.

- O vaxtı Vətən xaininin ailəsi kimi sizi çox incidirdilər?

- Tahiri incidirdilər. Sabirlə Mahir işləyirdi.

- Nə işlə məşğul idilər?

- Rəssam idilər. Mahir Dağüstü Parkda plakat rəssamı işləyirdi, şüarlar yazırdı.

- Atanız istəyirdi ki, övladları rəssam olsun?

- Yox, sadəcə belə alınmışdı.

- Siz nə əcəb rəssamlığa getməmisiniz?

- Mən yeddinci sinifdən sonra Sabir adına Pedaqoji Məktəbdə oxumuşam. Oranı bitirəndən sonra isə “APİ Lenin”ə (V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti – M.A.) daxil olub ədəbiyyat fakültəsində oxumuşam.

- Siz qəzetdə də işləmisiniz.

- Bəli, əlbəttə.

- Yenə yaxşıdır ki, ailənizi o vaxt evinizdən çıxarmamışdılar. Hüseyn Cavidin ailəsini çıxarmışdılar.

- Necə çıxarsınlar? Dördüncü mərtəbədə yerləşən iki otaqlı mənzil idi. Tualetə getmək üçün üçüncü mərtəbəyə düşürdük (gülür). O ev indi də qalır. Kimsə yaşayır, heç bilmirəm.

- Bağırovun məhkəmələrində iştirak edirdiniz?

- Yox, heç maraqlanmırdım.

- Onun güllələnmə xəbəri yayılanda sevinərdiniz.

- Əlbəttə, o, bütün Azərbaycan elitasını məhv etmişdi.

- Zərifə xanım, atanızı tez-tez xatırlayırsınız?

- Əlbəttə.

- Atanızı həbs edib güllələyəndə sizin dörd-beş yaşınız olmalı idi.

- Beş yaşım var idi.

Bu vaxt restoranlardan birinə yük aparan minik maşını keçir. Saxlatdırıb pul qarşılığında bizi də yuxarı aparmasını xahiş edir, muzeyə az qalmış düşürük.

- Zərifə xanım, nə vaxt ərə getmisiniz? Mən sizin nəvəniz yaşdayam, yəqin soruşa bilərəm?

- 1955-ci ildə ərə getmişəm.

Düzü, bu sualı çəkinə-çəkinə verirəm.

- Yoldaşınız kim idi, sevib ərə getmişdiniz?

- (Acıqlanır) neynirsən, nəyinə lazımdır?.. Birinci ərim 37 yaşında infarktdan öldü. Oğlum birinci yoldaşımdandır, qızım isə ikinci həyat yoldaşımdan.

Muzeyin qarşısı xarici turistlərlə qaynaşır. Müxtəlif dillərin qarışığı muzeyi Babil qülləsinə döndərib. Turistlərin xəbəri də yoxdur ki, yanımdakı bu əsrləyaşıd qadın onların eksponatlarına pürdiqqət baxdıqları muzeyin yaradıcısıdır.

Qapıya çatanda Zərifə xanım ağızı kəsdirmiş turistlərdən birinə öz dilimizdə acıqlanır: Çəkil, nəyə dayanmısan burda? Turist də lal-dinməz qapının ağzından çəkilir. Düzü, mən özüm də ehtiyatlanıram, mühasibimi hirsləndirməmək üçün verəcəyim sualları içimdə çək-çevir edirəm.

Zərifə xanım girişdən sağdakı masaya yaxınlaşıb əyləşir. Atası ilə bağlı hazırladığı miniatür kitabı göstərir. Kitabın üz qabığına Teymur Salahovun şəkli əks olunub.

- Tahir atasına çox oxşayır.

- Yox, ortancıl qardaşım Mahir daha çox oxşayırdı. O, televiziya sahəsində çalışırdı. (Sanki doğma adları unutmamaq üçün astadan təkrarlayır) Tahir, Mahir, Sabir...

- Bacınızın adını xatırlamadınız?

- Balaca bacım? Mənim balaca bacım yox idi! Üç qardaşım, bir də mən idim. Dörd uşaq idik. Üç qardaş və mən.

Mübahisə edib heç nə demirəm.

- Zərifə xanım, hər gün işə gəlirsiz?

- (Yenə acıqlanır) mən işə gəlmirəm, niyə işə gəlim? Adam var burda, baxırlar.

- Zərifə xanım, xasiyyətiniz həmişə belə sərt olub?

- Hə, mən ciddi adamam.

Zarafata salıram.

- İnanırsınız, sualları bayaqdan çəkinə-çəkinə verirəm, qorxuram acıqlanarsınız.

- Yox, (səsi yumşalır), elə şey olar? (Kitabı açıb göstərir), deməli, güllələnən vaxtı boynuna nömrə asıblar.

- 56 (şəklə baxıb deyirəm).

- Və 56-da da reabilitasiya ediblər, təsəvvür edirsiniz?

- Maraqlı təsadüfdür.

- (Başqa bir şəkli göstərir) papanı aparanda beş yaşım vardı.

- Bu sizsiniz. Bu ananızdır.

- Bu Mahirdir, oğlu ilə.

- Bu da böyük qardaşınızdır Sabir?

- Aha.

- O nə vaxt ölüb?

- Bilmirəm.

Tahirin rəssam dostlarından ancaq Səttar Bəhlulzadəni tanıyırdım

- Harda yaşayırdı, Bakıda?

- Əlbəttə Bakıda. Bu isə Mahir və onun ailəsidir. Bu isə Tahirin yoldaşı Vansettadır. Bura Tahirin bağıdır, Nardaranda.

- Alagöz və Aydan xanımların anası? Düzdür?

- Yox, Alagöz... Dayan...

- Zərifə xanım, inciməyin, deyəsən artıq çox şeyi xatırlamırsınız.

- Bəs necə? Doxsan dörd yaşım var. Hələ bu qədər şey yadımda qalıb...

- Tahir müəllimin ətrafında yəqin çoxlu rəssam olardı. Siz də tanıyardınız.

- Yox, yox. Ancaq Səttar Bəhlulzadəni tanıyırdım. O biriləri ilə ünsiyyətim olmayıb.

- Tahir Salahovla münasibətləriniz sonralar deyəsən soyuq olub.

- Ona görə ki, ikinci arvadı elə eləmişdi ki, heç bir qohum-əqrəba Tahirə yaxın durmasın.

- O biri qardaşlarınızla aranız necə idi?

- Yaxşı idi. Mahirin yoldaşı Yayra Abdullayeva Özbəkistanın Xalq artisti idi. Mahirin oğlu Teymurla indi də ünsiyyətimiz var. Tahirin birinci yoldaşı ilə Mahirin yoldaşı xala qızı idilər.

- Zərifə xanım, ailənizi, uşaqlığınızı tez-tez xatırlayırsız?

- Mən Laçını tez-tez xatırlayıram. Yayda atanın yanına getmişdik. Dağın başında meşə var idi. Qardaşlarımla meşədə oynayırdıq. Qardaşlarım çıxıblar qoz ağacına, qoz dərib maykalarının ətəyinə yığırlar. Mən də aşağıda dayanmışam, deyirəm, mənə də verin, mənə də verin. Bu vaxt görürlər ki, ilan ağacın gövdəsinə sarılıb qalxır. Onlar tez ağacdan hoppanıb qaçırlar (gülür), mən qalıram. Sonra mən özüm dallarıyca getdim.

- Maraqlıdır. Başqa hansı xatirəniz var?

- Elə bu. Elə istəyirəm Laçına gedim. Gedəcəyəm. Gəlin, kitabların qabağında şəkil çəkdirək.

Rəflərə yaxınlaşırıq.

- Dayan mən sənin qoluna girim. Görürsüz, burdakı kitabları mən nəşr etmişəm: Heydər Əliyevin, Lukaşenkonun, Fidel Kastronun, Çe Gevaranın qızının avtoqrafı.

- Hansı illərdən bu kitabları toplayırsınız?

- Deyim də sizə. Muzeyin 22 yaşı var, ancaq kolleksiyamın yaşı 40-dan çoxdur.

Muzey həmişə pulsuz olacaq

- Miniatür Kitab Muzeyini yaratmaq sizin təşəbbüsünüz olub?

- Əgər Heydər Əliyev olmasaydı, bu yeri mənə verən olacaqdı? O bizim muzeyi çox yüksək qiymətləndirirdi. Özümüz təmir etmişik, özümüz də açmışıq.

- Nə əcəb muzeyə girişi pullu etmirsiniz?

- Gəlin, sizə izah edim. Mikayıl Cabbarov “İçərişəhər” qoruğunun rəhbəri olanda zəng edib mənə dedi ki, Zərifə xanım UNESCO-nun eksperti burdadır. O, muzeyi görmək istəyir, bəlkə tövsiyələrini də verər. O, gəlib muzeyi gəzdi, eksponatlara diqqətlə baxdı, sonda mənə dedi ki, niyə muzeyi pullu etmirsiniz? Mən ona cavab verdim ki, pullu etmək üçün bilet sifariş vermək lazımdır. Bu isə xərcdir. Sonra biletləri satmaq üçün adam qoymaq lazımdır. Bu da əlavə xərcdir. Sonra yoxlamaq lazımdır, o adam biletləri satanda cırır, yoxsa ikinci dəfə satır. Mənə bu lazımdır? O başını qaldırıb soruşdu ki, bəs siz uçot aparırsınız? Mən ona bu jurnalı göstərdim (pəncərə qırağına yaxınlaşırıq, oradakı açıq jurnalı göstərir). Bu jurnalda qeydiyyat aparırıq. Bu bizimkilər (ən soldakı sütunu göstərir, qeydlər azdır), bu tələbələr, şagirdlər, bağça uşaqları (ortadakı sütuna işarə edir), bu da xaricilər (ən sağdakı sütuna işarə edir, qeydlər çoxdur). İndi özünüz baxın, qiymət verin.

- Zərifə xanım, muzeyin sonrakı taleyi necə olacaq?

- Necə yəni? Qızım baxacaq.

- Həmişə pulsuz olacaq?

- Əlbəttə. Həmişə.

- Zərifə xanım, yuxu görürsünüz?

- Neynirsən?

- Elə-belə soruşuram.

- Yox, lazım deyil. Bax, muzeyin qabağında soksatan oğlan var, bayaq gördün. O Laçındandır. Yolunu öyrənmişəm. Gedəcəyəm Laçına (pauza verir, sonra mənə yox, hansısa mübhəm ünvana səslənir). Hərdənbir yuxuda Laçındakı həmən hadisəni görürəm, qardaşlarımla olanı.

Foto - Rüfət Mustafayev

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

17:45 23 oktyabr 2025
Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

17:13 23 oktyabr 2025
Luvr muzeyində  ən böyük oğurluq  nə vaxt olub?

Luvr muzeyində ən böyük oğurluq nə vaxt olub?

17:08 23 oktyabr 2025
Şeyx Əbdül:  "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

Şeyx Əbdül: "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

17:01 23 oktyabr 2025
Məşhur türk aktrisa vəfat etdi

Məşhur türk aktrisa vəfat etdi

16:46 23 oktyabr 2025
"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında  məşhurlaşmışdı?

"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

16:35 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər