Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid
2 aprel 2026
# 14:30

Kulis.az ədəbiyyatşünas alim, "LitArtAz" ədəbi - mədəni agentliyinin rəhbəri Mətanət Vahidin Remarkın "Lissabonda bir gecə" romanı haqqında sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edir.

Erix Mariya Remarkın "Lissabonda bir gecə" romanının qəhrəmanı emiqrant İosif Şvarts (əslində, bu adı da yalan idi) arvadını həmişəlik itirməmək üçün onun yalanlarına göz yumur.

İkisi də arada böyük bir yalan olduğunu bilsələr də, sözsüz razılaşmaya əsasən, nə arvadı Yelenanın ümidsiz xəstəliyi barədə danışırlar, nə də onun "özxoşuna yaşayan pişik" kimi gecə gəzintilərindən söz açırlar.

5 il ölkəsindən, ailəsindən uzaq düşmüş kişi bir gün sevdiyi qadınını görmək, özüylə aparmaq ümidi ilə böyük əzablar hesabına geri qayıdarkən ona bir çox xüsusiyyətləri ilə tanış olmayan qadınla qarşılaşır: həm doğma, həm yad.

Öz evində yad kişinin fotosunu görür, hətta arvadı ondan heç nəyi gizlətmədən bu illər ərzində ona sadiq olmadığını da dilə gətirir.

İosif bunları özünə dərd etmir, haqqında düşünməməyə çalışır. Çünki düşünsə, qısqanclıq qığılcımı ürəyinə düşsə, alova dönüb varlığını saracağını bilir.

Buna görə cariliklə yaşayır, indi burada sevdiyi qadınla birgə ola bilmənin zövqünü çıxarmağa çalışır.

5 il ərzində hər ikisi yalnızlığını unutmaq üçün kimlərləsə ünsiyyətdə olublar, lakin bunun sevgi deyil, ötəri hisslər olması təsəllisi ilə buna fikir vermirlər.

İosif arvadıyla birlikdə yaşadığı aylarda belə, ona məktublar gəldiyini görür, komodun siyirməsində qalaqlanmış məktubların bircəsini də açıb oxumur.

Həqiqəti bilmək istəmir. Onu ovudan yalanla xoşbəxtdir.

İosif təsadüfi adama başına gələnləri danışanda həyat yoldaşıyla birgə xoşbəxt günlər yaşadığını deyir.

Bəlkə də bu xoşbəxtlik illüziyadır, bəlkə də özünün uydurmasıdır, amma yaşadığı anlar üçün ona sevinc, hüzur bəxş edir.

Bu hissləri qorumaq naminə yalana tutunmaq, həqiqətə arxa çevirmək lazımsa, onu da edir.

Arvadı öləndən sonra ona ünvanlanmış məktub qalağını hər şeyi danışdığı yad adama verir.

Çünki arvadı bu həyatda olmasa belə, gerçəyi bilmək, onlu xatirələrini kirlətmək istəmir, səadət dolu günlər yaşamış olmasının sevincini hər hansı şəkildə kölgələməkdən qaçır.

Yelena xüsusən son zamanlar tez-tez və şövqlə "səni sevirəm" - deyir ərinə, - "nə olursa-olsun, bil ki, mən məhz səni sevirəm".

Şvarts bu haqda danışanda belə, bu sevgi etiraflarının yalanmı, doğrumu olduğunu bilmədiyini deyir, lakin heç vaxt araşdırmaq da istəmir. Bu könüllü aldanışla xoşbəxtdir...

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər