Kulis.az Seymur Baycanla Vüqar Vanın həmmüəllifi olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabına Orxan Həsəninin yazdığı önsözü təqdim edir.
Bir ölkəni bir kitabın içinə yerləşdirmək olarmı? Məişətindən tutmuş mədəniyyətinə, təhsilinə, tibbinə, ailə münasibətlərinə qədər bütöv bir ölkəni bir kitaba yerləşdirmək mümkündürmü? Seymur Baycanın və Vüqar Vanın “Pişiyə qalib gələn qəhqəhələr” kitabını oxuyanda bu suala cavab tapırıq: “Bəli, bu mümkündür”.
“Pişiyə qalib gələn qəhqəhələr” kitabındakı hekayələr kameranı hər gün qarşılaşdığımız insanların, hadisələrin üstünə tutur və beləliklə, hekayələr bir ölkənin real mənzərələrini, indiki dövrü, zəmanəmizi ən xırda, ən incə detallarınacan oxuculara göstərir. Biz bu hekayələrdəki insanları yaxşı tanıyırıq, onlar dostlarımız, qohumlarımız, qrup, iş yoldaşlarımız, sevgilimiz və ya hər gün siqaret, çörək, makaron aldığımız məhəllə dükanlarının satıcılarıdır. Bu hekayələrdə bizə tanış insanların gözü ilə həyata baxırıq, onların hansı dalanlara girdiklərini dərk edirik, onları daha dərindən tanıyırıq.
Bəs bu insanların həyatı nədən ibarətdir? Hekayələrin əksəriyyəti qəhrəmanların bir-birinin ürəyinə bıçaq soxması, başını kəsməsi, bir-birini doğraması ilə bitir. Çox radikal və olduqca kriminal finallar... Bəs bu aqressiyanın, zorakılığın səbəbi nədir? Axı nə üçün hekayələrdə insanların həyatı belə asanlıqla puç olur, axı nə üçün insanlar bir-birini belə asanlıqla qətlə yetirir? Dərin qatda gizlənən motiv nədən ibarətdir?
“Pişiyə qalib gələn qəhqəhələr”də insanların uğursuzluğunun, bir çox mənalarda ölümlərinin əsas səbəbi, belə demək mümkündürsə, əsas əks cəbhə zəmanədir. Qəhrəmanlar yeni dövrlə ayaqlaşa bilmirlər. Onlar sanki başqa dövrün övladlarıdır, ancaq bu dövrdə yaşamağa məcburdurlar.
Zaman keçir, dövr dəyişir, ancaq zamanın keçməsi, dövrün dəyişməsi bəzən tədricən baş verdiyindən insan dəyişmənin yaratdığı sancıları, ağrıları hiss etmir və yaxud şiddətlə hiss etmir. Son otuz ilin Azərbaycan reallığı isə məncə, tamamilə istisnadır, burada hər şey sürətlə yıxılıb-qurulur, əlifba dəyişir, Bakının, rayonların, qəsəbələrin, kəndlərin görünüşü, insanların geyimləri, zövqləri, mətbəxi, danışığı, həyat tərzi, arzuları, ər-arvad, valideyn-övlad, müəllim-şagird münasibətləri dəyişir, yeni arzular, yeni zövqlər, yeni həyat tərzi yaranır, yeni münasibətlər sistemi formalaşır.
Bəs insan onu əhatə edən yeni reallığın içində necə yaşayacaq, burda necə baş çıxardacaq? Doğrudanmı, dövr dəyişirsə, o da dəyişib başqa cürə olmalıdır, necə deyərlər, dövrə uyğunlaşmalıdır? Yoxsa insan ətrafında baş verənlərə müqavimət göstərməlidir? Suallar tükənmir və bu suallar böyük bir aqressiyaya çevrilir. Hekayələrdəki kriminal, radikal finalların sosioloji motivi də məhz budur.
Finallar nə qədər sərt təsir bağışlasa da, hekayələr yumor və məzhəkə elementləri ilə doludur. Ümumiyyətlə, “Pişiyə qalib gələn qəhqəhələr” kitabında yumor, məzhəkə və bədiilik yanaşı addımlayır. Beləliklə, oxucu həm əylənir, həm də hekayələrdə dərin məna, sosial təhlil görür, emosional mesajlar alır.
Yumor kitabda yalnız əyləndirici funksiya daşımır, eyni zamanda, insan təbiətinin absurdluğunu və paradokslarını, yeni dövrün gətirdiyi reallıqları, mənzərələri ortaya qoymaq və ağır mövzuları yüngülləşdirmək üçün istifadə olunur. Yumor və tragik elementlərin hekayələrdə qovuşub birləşməsi müasir Azərbaycan insanın həyatında nə qədər tragikomik elementlərin olduğunu təntənəsiz şəkildə, xüsusi əzələ nümayiş etdirmədən göstərir.
Hekayələr sadə dildə, dinamik təhkiyə ilə yazılmışdır. Hekayələrdə mürəkkəb hisslər, ağır situasiyalar ən sadə dillə, ən sadə cümlələrlə təsvir edilib. Hekayələrdə bəzən sadəlik o həddə çatır ki, adamda hətta belə bir təəssürat, şübhə yaranır: deyəsən, bu hekayələri yazıçılar yox, beşinci sinif şagirdləri yazıb.
Çox güman, dilin sadəliyi, sadə cümlələr bəzi oxucuları çaşdıracaq, məhz dilin sadəliyinə görə bəzi oxucular kitabdakı hekayələri qeyri-ciddi, bir yüngül zarafat kimi qəbul edəcəklər. Çünki bu sadəliyi qəbul etmək, həzm etmək, bu sadəliyin qarşısında çaşmamaq, həqiqətən də, çox çətindir.
Sadə yazı üsulu “Pişiyə qalib gələn qəhqəhələr” kitabı üçün hansı avantajları yaradıb?
Sadə dil fikirləri daha aydın çatdırmağa kömək edir.
Sadə dil fikirlərin, təsvirlərin daha geniş auditoriya tərəfindən asanlıqla qavranılmasını təmin edir. Təbii ki, bütün oxucuların səviyyəsi, təhsili, dünyagörüşü eyni deyil. Sadə dildən istifadə hekayələri müxtəlif təbəqələrə mənsub adamlar üçün daha əlçatan hala salır. Əgər əsərin dili sadədirsə, diqqət cümlələrin mürəkkəbliyinə yox, təqdim olunan fikirlərə konsentrasiya olur və beləliklə, sadə dil fikirlərin, təsvirlərin oxucuya təsirini gücləndirir. Müasir ədəbiyyatda janrların sərhədləri dumanlıdır. Ümumiyyətlə, janr məfhumu ənənəvi olaraq bədii ədəbiyyatın müxtəlif növlərini və mövzularını müəyyən etmək üçün istifadə olunurdu. Lakin müasir dövrdə ədəbiyyatın sərhədləri daha geniş, daha elastikdir, yəni eksperimentlərə açıqdır. Bu da oxucu ilə daha mürəkkəb dialoq qurmaq üçün geniş imkanlar yaradır.
Janrların qovuşmasından yaranan janr kimi mozaik romanın adını çəkə bilərik. Mozaik roman ənənəvi strukturdan fərqli olaraq bir-birindən müstəqil görünən, lakin ümumi mövzu, personajlar və atmosferlə birləşən fərqli hissələrdən, fraqmentlərdən ibarətdir. Bu növ əsərlər klassik romanın vahid süjet xətti və ənənəvi xronoloji ardıcıllığından uzaqlaşaraq, müxtəlif baxış bucaqlarını və müxtəlif hekayələri birləşdirir.
“Pişiyə qalib gələn qəhqəhələr”də hekayələrin əksəriyyəti xəyali Nuru Paşa qəsəbəsində baş verir. Hadisələr və qəhrəmanlar fərqli olsa da, struktur, konfliktin yaranması və qəhrəmanların konfliktin həllinə münasibətləri, hekayələrin atmosferi eynidir. Müəlliflər eyni strukturu, oxşar atmosferi müxtəlif insan talelərinin əyninə geyindirmişlər. Bu da fərqli süjetlərə malik hekayələri birləşdirir, emosional və intellektual nöqteyi-nəzərdən bütövlük hissi yaradır. Sanki hər dəfə eyni hadisələri fərqli perspektivdən oxuyuruq və beləliklə, oxu prosesi daha əyləncəli olur.
Bu mənada “Pişiyə qalib gələn qəhqəhələr”i qətiyyətlə mozaik roman adlandırmaq mümkündür. “Pişiyə qalib gələn qəhqəhələr” kitabını oxuduqca həm təəssüflənir, həm əylənir, həm kədərlənir, həm sevinir, həm ümidsizliyə qapılır, həm də nə qədər qəribə səslənsə də, gələcəyə pozitiv nəzərlərlə baxırıq. Bu cəhətlərinə görə kitab bizə alternativ bir həyatı paket şəklində təqdim edir.