Bu ilin fevralında Akademik Milli Dram Teatrında Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşanın premyerası oldu. Teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tamaşanın premyerasından sonra mətbuatda daha bir xəbər yayıldı: “Azdrama”dan sonra Akademik Musiqili Teatr da Kamal Abdullanın yaradıcılığına müraciət edib. Bu teatrda rejissor Əsgər Əsgərovun quruluşunda “Əsgər ağa və Gülcöhrə xanım” tamaşasının məşqləri başlayıb. Növbədə isə Naxçıvan və Füzuli teatrları da var.
Xalq yazıçısı Kamal Abdulla yaradıcılığının ilk dövründən elmi, bədii, publisistik, tərcümə fəaliyyəti ilə yanaşı dramaturgiya fəaliyyəti ilə də mütəmadi məşğul olub. Təsadüfi deyil ki, onun pyeslər kitabına ön sözü böyük sənətkarımız Həsənağa Turabov yazmışdı. Həmin önsözdən bir cümlə: “...Yaradıcılıq təcrübəmə söykənərək tam məsuliyyətimlə Kamalın dramaturji düşüncə və üslubunu yeni əsr və minilliyin aparıcı meyli, tendensiyası kimi qiymətləndirirəm”.
Kamal Abdullanın pyeslərindən ibarət kitablar təkcə Bakıda deyil, eyni zamanda Ankara və Moskvada da işıq üzü görüb. Müəllifin “Kim dedi ki, Simurq quşu var imiş” pyesi Azərbaycan sənət tarixində ilk dəfə olaraq Rustaveli adına Gürcüstan Milli Teatrında gürcü dilində, eyni zamanda Estoniyada eston dilində tamaşaya qoyulub.
Onun tamaşaları müxtəlif vaxtlarda Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Cənnət Səlimova, Bəhram Osmanov, Əsgər Əsgərov, Gümrah Ömər, Mikayıl Mikayılov, Anar Babalı və Əlif Cahangirli tərəfindən səhnəyə hazırlanıb. Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunun nəzdində yaradılan “Sönməyən ulduzlar” teatrında Muxtar Maniyev, Mustafa Süleymanov, Oqtay Ağayev, Lena Seyidzadə, Məmmədkamal Kazımov kimi sənətkarlar çıxış edərək, “Vaqif” və başqa tamaşaları hazırlayıblar.
Xalq yazıçısı Kamal Abdulla bu gün də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü kimi müasir teatr proseslərində yaxından iştirak edir, yeni pyeslərini çap etdirir. Ötən ay saytımızda yayımladığımız "Quşları yemləmək vaxtı" tamaşa-monoloqunu buna misal göstərə bilərik.
Kamal Abdullanın elmi və bədii yaradıcılığı həmişə tədqiqatçıların diqqət mərkəzində olub. Bir neçə ay əvvəl onun haqqında professor Niyazi Mehdinin, Mehman Qaraxanoğlunun və Nərgiz İsmayılovanın kitabları çap olunub. Eyni zamanda Türkiyədə dünya alimlərinin onun haqqında fikirlərindən ibarət “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı nəşr olunub. AMEA-nın müxbir üzvü Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və dil-nitq” kitabları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, müzakirələri təşkil olunub.
Kamal Abdullanın Kulis-ə müsahibəsini təqdim edirik.
– Kamal müəllim, xatirə yazmağa çox tələsmədiniz ki? Bu sizin xatirələrinizin birinci hissəsinin son cümlələridir: “Son dərsə xoş gəldin, Əziz oxucu. Biləsən ki, bu son dərs mənim sənə, sənin mənə məhəbbətimiz və etibarımız üzərində qurulacaq”.
– Xatirə yazmaq heç vaxt gec, ya da tez sayılmamalıdır. Hər yaşın öz xatirələr məkanı var. Sadəcə, yaşlı dövr özündə daha böyük mənəvi məkanı əhatə edir. Yaşımın bu dövründə “Unutmağa kimsə yox…” əvəzinə “Unutmağa kimsə var…” deyə bilirəmsə, bu, məncə, ən azından maraqlı olmalıdır. Bəli, həqiqətən də, unutmağa kimsə, ya da kimsələr var, amma onlar heç vaxt unudulmurlar.
– Seçilmiş əsərlərinizdən ibarət yeddicildlik nəşr olundu. Eyni zamanda Türkiyədə sizin haqqınızda dünya alimlərinin fikirlərindən ibarət “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı nəşr olundu. Daha hansı yeniliklər var?
– Bu yaxınlarda rəhmətə getmiş dostum Niyazi Mehdinin mənim haqqımda yazdığı kitab mənim üçün böyük bir fəxr və sevinc mənbəyidir. Niyazi ilə məni 55 ildən artıq dostluq xətti birləşdirir. Elə xatirələr kitabında bu barədə də geniş yazıram. Bununla yanaşı, tənqidçi-alim Mehman Qaraxanoğlunun kitabını və tənqidçi-ədəbiyyatşünas Nargisin kitabını qeyd edərdim. Əlbəttə ki, bu mətnlər mənim üçün böyük hadisələrdir. Yaxud bu yaxınlarda Zaqatala, Balakən və Qaxda oldum. Məktəb müəllimlərinin mənim yazdıqlarıma münasibəti, onları necə sevərək təhlil etmələri mənim üçün dünya alimlərinin mənimlə bağlı fikirlərindən az əhəmiyyətli deyil.
– Rafiq Əliyevlə birgə yazdığınız “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı yekunlaşıb? Nə vaxt oxucuların ixtiyarına veriləcək?
– Bu kitabın üzərində iş davam edir. Onu çox adam gözləyir. Mənə belə gəlir ki, məktəblərdə qeyri-səlis məntiq fənninin tədrisinə bizdə də başlayacaqlar. Rafiq müəllim deyir ki, Amerikanın, Uzaq Şərqin məktəblərində belə bir fənni artıq tədris edirlər. Bizim bu kitab, elə bilirəm, bu elm sahəsinin öyrənilməsinin, bir növ prelyudiyası ola biləcək.
– “Sehrbazlar dərəsi”nin Milli Teatrda premyerası oldu. Çox keçməz, Əsgər ağa və Gülçöhrə xanım da Sehrbazlar dərəsinə gəlib yetişərlər...
– Bu yeni tamaşanı Musiqili teatrda rejissor Əsgər Əsgərov hazırlayır. Pyes ölməz Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin təsirilə yazılıb. Filmi xatırlayırıq. O, xoşbəxt bir sonluqla bitir. Onu da deyim ki, bu ilk filmin rejissoru məşhur sənət ustası, aktyor və rejissor Rza Təhmasib mənim dayım olub. Son səhnələr yadınızdamı?! Hər şey xoşbəxt bir sonluqla bitir. Toy sevgililəri birləşdirir. Mən çox düşündüm: bəs sonra nə olur?! Bu qəhrəmanların 6 il sonrakı həyatlarında nə baş verir?! 6 il sonra axı inqilab baş verir. Azərbaycan bolşeviklər tərəfindən işğal edilir. Əsgər ağa və Gülçöhrə xanımı tale hansı yollara salır?! Mənim pyesim bu barədədir.
– Hər iki əsər əsasında film çəkilməsini istəyərdinizmi?
– Bu barədə heç düşünməmişəm. Siz deyən məsələ ciddi maliyyə dəstəyi tələb edir. Gələcəkdə, bəlkə də… İndi isə Qarabağın bərpası hər şeydən daha vacibdir.
– Kamal müəllim, müasir teatr necə olmalıdır? Müasir teatrın repertuarı necə qurulmalıdır?
– Mən müasir teatrı rəhmətlik Vaqif İbrahimoğlunun vaxtında onun tərəfindən yaradılmış YUĞ teatrının mənəvi-intellektual modelində görürəm. Buradakı aktyorlar, rejissorlar, teatra xidmət edən digər işçilər teatr mədəniyyətini qaldırmaq üşün nələr etmədilər?! Mən və bir sıra dostlarım bu prosesin canlı şahidləriyik. Vaqif əsl dahi idi. Həm gözəl rejissor, həm, dərin alim, filosof, mədəniyyətşünas, həm də virtuoz tərcüməçi idi. Teatra məbəd kimi baxırdı. Aktyorları da ondan öyrəndikcə öyrənirdilər. Vaqifin aktyorları öz üzərində çalışan, bilik və intellellektlərini daim artıran, ustad sözünə bidət edən kişilər və xanımlar idi. Dünya ədəbiyyatını, Azərbaycan mədəniyyətini, dramaturgiyanı gözəl bilirdilər. Vaqifin metodları ilə razılaşmayanlar yox idimi?! Var idi. Amma mədəniyyət o qədər yüksək idi ki, belələri teatrdan gedirdilər, daha orada intriqa yuvası yaratmırdılar. İndi bizim teatrlarımızda elə aktyorlar var ki, onlar nəinki ədəbiyyatı, hətta tamaşasını oynadıqları pyesi belə oxumurlar, ancaq öz rollarını əzbərləməklə kifayətlənirlər. Belələrini attestasiyadan keçirmək lazımdır. Belələrindən soruşmaq lazımdır ki, axırıncı dəfə hansı kitabı oxumusan?! Qorxuram, bəzisi, səmimi olsa, cavbında bir kitabın adını eşidəcəyik: “Əlifba” kitabının.
– Bir dəfə demişdiniz ki, mənim pyeslərimdəki remarkaları aktyorlar doğru-düzgün yerinə yetirsələr, rejissora ehtiyac qalmaz. Yenə bu fikirdəsiniz?
– Bu, bir az mübaliğə şəklində deyilmiş kəlamdır. Amma prinsip etibarilə, mən yenə də o fikirdəyəm. Vaqif mənə nahaqdan demirdi ki, “ elə bir şey yaz ki, mən bilməyim ki, onu necə tamaşaya qoyum”.
– Bildiyimizə görə, Türkiyədən gələn sifariş əsasında “Beyrək” adlı oyun-tamaşa yazmısınız...
– Yenicə bitirmişəm. Sizin saytınızda yerləşdirilib. Buna sifariş də demək olmaz. Əvvəlcədən danışmaq istəmirəm. Görək nə olacaq.
– Akademik Milli Dram Teatrının bəzi aktyorları narazı açıqlamalar verirlər. Teatrın Bədii Şurasının üzvü kimi teatrdakı prosesləri necə izləyirsiniz? Nə düşünürsünüz bütün bu şeylər haqqında?
– Belə bir durum məni çox narahat edir. Elə bir çox ziyalı dostlarım da mənimlə eyni fikirdədir. Teatr bir ailə kimidir. Mən vaxtilə Mədəniyyət Fondunun nəzdində “Sönməyən ulduzlar” adlı bir teatr yaratmışdım. Pensiyada olan aktyorları ora cəlb etmişdik. Əsasən də, epizodlarda oynayanları. Məmmədkamal Kazımovun rejissorluğu ilə “Vaqif” pyesini hazırladıq. Vaqifi Süleyman Mustafayev, Qacarı Muxtar Maniyev, təlxəyi müğənni Rafiq Ağayev, Xuramanı Muzkomediyanın aktrisası vardı, Lena Seyidzadə oynayırdı. Mən onda anladım ki, teatr qarderobdan yox, intriqadan başlayır. Xuraman rolu üstündə aktrisalar bir-birilə küsüşür, barışırdılar. Amma intriqa səhnə uğrunda idi. Teatrda yaşamaq naminə idi. Və Azdramada Həsənağa Turabovun köməyilə səhnəyə qoyulan bu ”Vaqif” tamaşası görünməyən bir anşlaq yığmışdı. İndi isə, bildiyimə görə, hərə öz məişət problemini əlində bayraq edib teatr rəhbərliyinə hücuma keçib. Mən Mehriban Ələkbərzadəni, İlham müəllimi sənət fədailəri kimi tanıyıram. Onlar əl-ələ verib teatra yeniliklər gətirmək istəyirlər. Şəxsi istəklər, sənətə dəxli olmayan iddialar imkan versə, cücərtilər bar verəcək. Sadəcə, belə düşünmək lazım deyil ki, Kennedinin sözlərini bir qədər dəyişsək, teatr mənim üçün nə edə bilər?! Düşünmək lazımdır ki, mən teatr üçün nə edə bilərəm?! Mən inanıram ki, bizim ağıllı ağsaqqal və ağbirçək sənətkarlarımız, onlar isə var, əl-ələ verib bu vakxanaliyanın qarşısını alacaqlar. Kənardan çox pis görünür, biləsiniz.
– “Qorqudnamə”... Səhv etmirsəmsə çapa hazırladığınız yeni kitabın adı belədir. Nələr var bu kitabda, o nə vaxt işıq üzü görəcək?
– Mənim uzun illərdən bəri üzərində çalışdığım bir mövzu var. Bir neçə kitabım bu mövzuya həsr olunub: “Gizli Dədə Qorqud”. İndi bu yeni kitab bütün əvvəlkilərin yeni redaktədə və yeni dolğunluğunda “Gizli Dədə Qorqud, yaxud yeni mənalar axtarışında” adı ilə çapa hazırlanır. Dastanımızda təkcə oxuduqları ilə kifayətlənməyib sətiraltılarla, mətnin “kulisi” (səhnəarxası) ilə ilgilənənlər üçün bu kitab, belə düşünürəm ki, maraqlı olmalıdır.