Futbolun Tolstoyu, Dostoyevskisi, Çexovu... - Vüsal Bağırlı

Futbolun Tolstoyu, Dostoyevskisi, Çexovu... - Vüsal Bağırlı
12 aprel 2025
# 10:00

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.


Əvvəllər, lap çoxdan braziliyalı qarabala var idi. Edson Arantes Du Nasimentu. Futbol kralı Pele. Sonra Maradona meydana çıxdı, argentinalı dəliqanlı oğlan Dieqo Armando. Peleni meydanlarda görməmişəm. Yaşım çatmır. Yalnız lent yazıları.

Amma Mardonanın oyunu gözlərim qarşısındadır. Bu balacaboy, sinəsi qabağa tosqun-təşər solaxayın oyun tərzi, texnikası əsrarəngiz bir tamaşa idi. Otur bax və heyran qal.
1986-cı ili Meksikada keçirilən dünya çempionatının 4/1 finalında Şiltonlu, Linekerli güclü İngiltərə yığmasının qapısına əli ilə qol vurdu və dedi: “Mən günahkar deyiləm, çünki bu mənim yox, Tanrının əli idi”.

İyirminci əsrin 90-cı illərinin əvvəllərində Maradona narkotik və dopinq qalmaqalları ilə futbol dünyasını tərk etdi. Bundan sonra idman ictimaiyyətini, tamaşaçı və jurnalistləri narahat edən bir məsələ qaldı: Futbol aləmini çalxalayan həmin oyunçuların yerini kim tutacaq?! Düzdür, Romario, yekədiş Ronaldo, Rikelme, Şuker, İnzaqqi, Totti, Anri, Şirer, Roberto Bacio və başqa ulduz oyunçular yetişmişdi, amma təəssüf ki, onlar futbol kralı adlandırılacaq səviyyədə deyildilər.

Bu ərəfədə, yəni 1998-ci ilin yayında Fransada dünya çempionatı başladı. Favorit kimi görünməyən meydan sahibləri gözlənilmədən qarşılarına çıxan bütün rəqiblərini acı məğlubiyyətə uğradıb, cağbacağ sıraya düzdülər və acı göz yaşlarına qərq etdilər Ucdantutma bütün yığmaların dizini yerə qatladılar və finalda fantastik dərəcədə güclü Braziliya yığmasıyla qarşılaşdılar. Sambaçıların tərkibində kimlər yox idi: Taffarel, Bebeto, Ronaldo, Dunqa, Rivaldo, Roberto Karlos- bu adları sayanda adamın dilindən od çıxır, rəqibin dizləri əsir.

Qələbənin kimin qazanacağına kimsədə şübhə yox idi. Sadəcə sual belə qoyulurdu: Braziliya hansı hesabla qələbə qazancaq?! Hamı fikirləşirdi ki, görəsən “sambaçılar” “xoruzlar”ın qapısına neçə qol vuracaq!?

Budur, 1998-ci ilin 12 iyunu. Frasanın möhtəşəm “Stad de Frans” stadionu. Həmin gün braziliyalı ulduzların xüsusən də “yekədiş” Ronaldonun özünə bənzəmədiyi oyunda, o qədər də tanınmayan,dazbaş, avropalıya qəti oxşamayan qətibə görkəmli bir oğlan diqqət mərkəzinə düşdü.

O, oyunun 27-ci və 45-ci dəqiqələrində təhlükə doğurmayan adi standart vəziyətdə, künc asması zamanı sərrast baş zərbələrini dalabadal cüt qola çevirərək dünya futbol ictimaiyyətini şoka saldı.

Bax, ondan sonra hamı başa düşdü ki, Pele və Maradonanın yeri boş qalmayıb. Məhz bu çempionat “professorun” yüksəlişli futbolçu karyerasının təməlini qoydu. Əvvəl qoca sinyora “Yuventus”da, sonra isə kral klubu “Real”da Zinəddin Zidan xarüqələr yaratmağa başladı. Həmçinin yiğmada da boş dayanmayıb, əlüstü Avropa çempionatının kubokunu başı üzərinə qaldırdı.

2002-ci ildə Çempionlar liqasının final oyununda Roberto Karlosun cinah asmasını topu yerə düşməyə qoymadan, elə havadaca, gəlişinə gözəl zərbəylə Leverkuzen “Bayer”inin qapısına göndərən ustad öz möhtəşəm qolunu əbədi yaddaşlara köçürdü.

Sonra Zidan üç dəfə dünyanın ən yaxşısı seçildi, 1998-ci ildə isə Avropanın "number one" kimi “Qızıl top”u qazandı. 2004-cü ildə UEFA onu son 50 ilin ən yaxşı futbolçusu siyahısına daxil etdi.

Zinəddinin sərgilədiyi futbolu “sehrli”, “möhtəşəm”, “fantastik” adlandırılır. Ancaq epitetlər yalnız emosiya verir, oyunun daxili məzmunun izah etmir. Bu futboldur, fəqət eyni zamanda, incəsənət, plastika və tamaşadır.

“Zizu”nun adlı-sanlı komanda yoldaşları, özündən heç də az məşhur olmayan rəqibləri, hər hansı qol epizodunu həll etmək üçün 2-3 hərəkət etməli olurlarsa, Zidana üçün bir, bəzən hətta yarım hərəkət də bəs edir.

Zidan topu başa düşür, anlayır, topla top dilində danışır. Qəribəsi odur ki, top da eyni tərzdə sənətkara cavab verir, onu anlayır, başa düşür. Adama elə gəlir ki, oyunçu ilə bərabər sanki topun da düşüncəsi, ağlı var. Zinəddin topu aparmır, yalnız ona toxunur. Topa optimal sürət və trayektoriya verərək düzgün istiqamətə itələyir.

O, topa sadəcə zərbə endirmir, həm də, öz bədəninin intellekt enerjisini ötürür. Bu üsul orta və kiçik distansiyalarda çox funksional əhəmiyyət daşıyır. Zidan ayağının çölü ilə də, içi ilə də, sağ-sol ayaqları ilə də zərgər dəqiqliyi ötürmələr verir. O, həqiqətən də ulduzdur, virtuozdur. O, əfsanədir.

Futbolu ədəbiyyata teleportasiya edə bilsəydik o zaman orada Pele Tolstoy, Maradona Dostoyevski, Zinəddin Zidan isə Çexov olardı. Zidanın futbol ustalığını yalnız bu bənzətmə ilə çatdıra bilərəm.

İllər sürətlə keçir, Zinəddin Zidan yaşa dolurdu. Amma qocalmırdi. O, yetkin yaşında da kifayət qədər baxımlı oyun sərgiləyir, ağıl dolu ötürmələr edir, yenə də həlledici qollar vururdu. 2006-ci ildə Almaniyada keçirilən mundialda Fransa yığmasından və artıq qoca hesab edilən Zidandan heç kəs qorxub çəkinmirdi.

Bütün tamaşaçılar, hamı və hər kəs fransızların 8/1-dən o tərəfə getməyəcəyini düşünürdü . Amma yenə Əlcəzairli sehrbaz bütün proqnozları alt-üst etdi. Komandasını demək olar təkbaşına finala qədər çiynində daşıdı. Əgər finaldakı o kəllə epizodu ilə bağlı xoşagəlməz olay və ardından gələn qırmızı vərəqə olmasaydı, yəqin ki, Zidan daha bir çempionluq medalını boynundan asacaqdı.

Bəli, talenin gərdişindən finallarda kəllə ilə vurduğu qolla məşhurluq qazanıb, futbola aləminə daxil olan Zidan futbol aləmini də kəllə ilə tərk etdi. İtaliya yığmasının müdafiəçisi Materatsi ilə o məlum, məşhur və məşum toqquşmadan sonra onun fantastik futbolçu karyerasını bitirdi.

Artıq Zidan, bu təvazökar insan idman həyatının yeni mərhələsinə qədəm qoyub. Özü də necə!? Məşqçi kimi. Realda çalışdığı müddətdə bir çox məşhur məşqçilərin bütün həyatları boyu əldə etmədikləri nailiyyətləri o dalbadal 3 dəfə Çempionlar liqası kuboku, 2 dəfə İspaniya çempionu, 2 dəfə İspaniya Superkuboku, 2 dəfə Avropa superkuboku və 2 dəfə də Qitələrarası futbol kuboku qazanmaqla həll etdi.


# 336 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
# # #