Nə eşşək olmuşam, nə də it, niyə meymun olum ki?
18 oktyabr 2012
07:15
Qocalıq və cavanlıq
Gözəl yay günləri, sakit Qara dəniz. Gəmi ağzınacan adamlar və yüklə doludur, - göyərtədə azuqə və bak (gəmidə yuxarı göyərtənin ön hissəsi – red.) əlindən ayaq basmağa yer yoxdur.
Səfər uzundur – Krım, Qafqaz, Anadolu sahili, Konstantinopol...
Qaynar günəş, mavi səma, bənövşəyi dəniz; izdihamlı limanlarda bucurğadların (ağırlıqqaldıran mexanizm – red.) qulaqbatırıcı gumbultusu, kapitan köməkçilərinin söyüş dolu çığırtıları: Mayna! Vira! Və yenidən sakitlik, nizam və sıra dağlar boyunca bürküdən əriyən, heç yerə tələsməyən yol.
Birinci dərəcəli kayutlarda sərin sahil küləyi, boşluq, təmizlik, genişlik göz oxşayır. Qaynar maşınların və iyli mətbəxin yanındakı müxtəlif cinsli sərnişin ordusundakı sıxlıq, talvarın altındakı buxarıda, lövbər zəncirinin, qalın kəndirlərin üzərindəki çirkab ürək bulandırır. Burda hər yerdən üfunət iyi gəlir, gah qaynar və xoşagələn, gah ilıq və iyrənc, amma eyni dərəcədə həyəcanlandırıcı, xüsusi, dənizin təravətinə qarışan bir iy. Burda rus kəndliləri və arvadları, xoxollar (ukraynalılara verilən zarafatyana ad – red.) və qadınları, Afon (Yunanıstanda monastır – red.) rahibləri, kürdlər, gürcülər, yunanlar... daha kimlər yoxdur. Kürdlər yetərincə vəhşi xalqdır, səhərdən axşamacan yatırlar, gürcülər gah oxuyur, gah cütləşib rəqs edirlər, özü də bu vaxt enli qollarını şıltaqcasına qatlayıb yüngülcə tullanır, geri çəkilib əl çalan kütlənin içində quş kimi pərvazlanırlar! Fələstinə səfər edən rus zəvvarları usanmadan çay içirlər, çiyinləri sallanmış, sarı saqqalı, uzun bir kişi hündürdən İncili oxuyur, düz mətbəxin yanında yerini rahatlayan, əyninə qırmızı köynək geyinmiş, başına yaşıl şərf dolamış, azad və tənha qadın təsiri bağışlayan birisi iti gözlərini ondan çəkmir.
Trapezundda reyddə (sahil yaxınlığında limanın girəcəyində gəmilərin dayanması üçün külək tutmayan yer – red.) çox dayanası olduq. Mən sahilə düşdüm və qayıdanda cır-cındıra bürünmüş bir dəstə silahlı kürdün gəmiyə qalxdığını gördüm. İrəlidə enlikürək, ağ çalmalı, çərkəzi çuxalı bir qoca gedirdi. Nazik belinə dolanmış kəmərdən gümüş xəncər asılmışdı. Bizimlə üzən və göyərtədə sürü kimi sərilən kürdlərin hamısı birdən qalxıb yeni gələnlərə yer göstərdi. Qocanın dəstəsi döşəməyə çoxlu xalça sərdi, yastıqlar düzdü. Qoca şahanə yerişlə taxtına yaxınlaşıb yanpörtü dirsəkləndi. Saqqalı köpük kimi ağappaqdır, quru sifəti günəşdən qaralmışdı. Kiçik, açıq qəhvəyi gözləri qeyri-adi parıldayırdı.
Mən ona yaxınlaşıb, sallağı oturdum, “salam” söylədim, rusca soruşdum:
- Qafqazdansan?
O, dostyana tərzdə, rusca cavab verdi:
- Hə, cənab. Biz kürdük.
- Hara üzürsən?
O, qürurla cavab verdi:
- İstanbula, cənab. Düz padşahın yanına. Ona minnətdarlıq əlaməti olaraq yeddi tatarı aparıram. Padşah müharibəyə yeddi oğlumu aparıb, övladlarımın hamısını. Hamısı da müharibədə həlak olub. Padşah məni yeddi dəfə şöhrətləndirib.
- Se, se, se! – yanımızda dayanıb siqaret çəkən, cavan, gözəl və modabaz bir Keriç (Krım yarımadasının şərq hissəsi - red.) yunanı, - o, başına tünd qırmızı Dəməşq fəsi, əyninə boz uzunətəkli pencək, ağ jilet, indi dəbdə olan boz şalvar və ayaqlarına yandan düymələnmiş laklı çəkmə geyinmişdi, - saymazyana acımayla dilləndi. – Qoca vaxtında tamam tək qalıb! – üstəlik başını buladı.
Qoca onun fəsinə baxdı.
- Necə də axmaqsan, - cavabı sadə oldu. – Bax, vaxt gələcək, sən qocalacaqsan, mənisə heç vaxt bu aqibət gözləməyəcək. Meymun barədə eşitmisən?
Gözəl oğlan şübhə ilə gülümsündü.
- Hansı meymun?
- Bilmirsən? Onda qulaq as! Allah əvvəlcə yerlə göyü yaratdı, bunu bilirsən?
- Hə, bilirəm.
- Sonra allah insanı yaradıb ona söylədi: ey bəni-insan, otuz il ömür sürəcəksən, - yaxşı yaşayacaqsan, sevinəcəksən, allahın yer üzündəki bütün nemətləri yalnız sənin üçün yaratdığını düşünəcəksən. Razı qaldınmı? İnsansa fikirləşib belə söylədi: necə də yaxşıdır, amma heyf ki, otuz il! Azdır! Eşidirsən? – qoca istehzayla gülümsündü.
- Eşidirəm, - cavan oğlan cavab verdi.
- Sonra allah eşşəyi yaradıb, ona belə söylədi: otuz il belində yük daşıyacaqsan, bu da azmış kimi sənin üstünə insanlar da minəcək və başından taxtayla vuracaq. Bu müddət ürəyincədirmi? Eşşək bunları eşidib hönkür-hönkür ağladı və allaha dedi: bu qədər əziyyət çəkmək nəyimə lazımdır ki? Yaxşısı budur, mənə on beş il ömür ver. – Mənəsə on beş il əlavə elə, - insan fürsətdən yararlanmağı qərara aldı, - yalvarıram, onun ömründən kəsdiyini mənə cala! – Və allah razılaşdı. Beləcə, insanın payına qırx beş il ömür düşdü. Onun bəxti gətirdi, hə? – qoca cavana baxıb bic-bic gülümsündü.
- Pis olmadı, - söhbətin hansı yönə meylləndiyini anlamayan gözəl oğlan tərəddüdlə cavab verdi.
- Sonra allah iti yaratdı və ona da otuz il ömür verdi. Sən, - allah itə söylədi, - həmişə mırıldanacaqsan, sahibinin var-dövlətini qoruyacaqsan, özgə heç kəsə inanmayacaqsan, yoldan ötüb-keçənə hürəcəksən, gecələr narahatlıqdan yatmayacaqsan. Bilirsən, it hətta ulamağa başladı: oy, bu cür həyatın yarısı belə mənə çoxdur! Bax, onda insan yenə allaha yalvarmağa başladı: bu yarını da mənim ömrümə cala! Və allah bu dəfə də onun xahişindən keçmir. İndi insanın payına nə qədər düşdü?
- Altmış oldu, - cavan oğlan sevincək dilləndi.
- Hə, sonra allah meymunu yaratdı, ona da otuz il ömür verdi və dedi: sən qayğısız yaşayacaqsan, amma eybəcərliyin ətrafa səs salacaq, - tükü tökülmüş başın, qırışların içində itib-batmış sifətin, qaş əvəzinə alnındakı boşluq hamının gülüşünə səbəb olacaq.
Cavan oğlan soruşdu:
- Deməli, o da qədərinə yazılan ömrün hamısını istəmədi?
- Hə, o da imtina elədi, - qoca ayağa qalxıb kürd yoldaşından qəlyan götürdü, - insan onun da payına göz dikdi, – yenidən yastığa dirsəklənib bir qullab vurdu.
O, nəzərlərini bir neçə dəqiqə harasa uzaqlara dikdi, sanki bizi unutdu. Sonra heç kimə müraciət etmədən danışdı:
- İnsan öz payına düşən otuz ili adam kimi yaşayıb – yeyib, içib, müharibədə vuruşub, toylarda qol götürüb oynayıb, cavan qızlarla əylənib. Sonrakı on beş ili eşşək kimi işləyib, var-dövlət yığıb. Daha on beş ilsə yığdığı var-dövlətin keşiyində durub, it kimi ona-buna hürüb, gecələr yatmayıb. Ən sonunda, qocalığında meymun sifəti alıb. Hamı da onun eybəcər sifətinə baxıb, kimisi aşkarda, kimisi gizlində gülüb. Bax, bütün bunlar sənin də başına gələcək, - müştüyü dişlərinin arasında oynadan qoca gözlərini qıyıb gülümsündü.
- Bəs sənin başına niyə gəlməsin ki?
- Mənim başıma gəlməyəcək.
- Xeyir ola?
- Mənim kimilər barmaqla sayılası qədərdir, - qoca əminliklə dilləndi. – Nə eşşək olmuşam, nə də it, - niyə meymun olum ki?
Çevirdi: Kifayət Haqverdiyeva

1819 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024