“Dədəlik təkcə adam deyil, təşkilatdır”

“Dədəlik təkcə adam deyil, təşkilatdır”
3 may 2013
# 07:15

Dosye: Remzi Kaptan 1976-cı ildə Kahramanmaraşda dünyaya gəlib. Bir çox ələvi kimi Maraş hadisələri onun da həyatına təsirsiz ötüşməyib. Təhsilini tamamladıqdan sonra ələviliyə xidmət yolunu seçib. Yazar olaraq bütün yaradıcılığını ələviliyin təbliğinə həsr edib. 15-ə yaxın kitabın, 1000-dən çox dini məqalənin müəllifidir. “Alevi Konseyi” adlı təşkilatın rəhbəri və ideoloqudur.

- Öncə ələvilik və bektaşilik haqqında məlumat vermənizi istərdim. Qısa olaraq Ələviliyi və Bektaşiliyi necə izah edərdiniz?

- Ələvilik bir inancdır. Ələvilik; Allahın, Məhəmmədin, Əlinin müqəddəsliyini ürəyində daşıyan, Hz.Əlinin ədalətindən ayrılmayan, təməlində insan sevgisi olan, hər dinə, məzhəbə, inanca hörmət edən və xoşgörüylə baxan, dil, din, irq, rəng fərqi güdməyən, əlinə, belinə, dilinə sahib olmağı bacaran, gəlmək istəyən inanclı insanlara qucaq açaraq mənəvi ehtiyaclarını aradan qaldıran, insanları yaşadıqları cəmiyyətdə öz istəkləriylə özlərini mühakimə etmələrini təmin edən, bərabərlikçi, iştirakçı, paylaşmaçı düşüncəni müdafiə edən, şəriətin fanatik qaydalarına bağlı olmayan və onu rədd edən, İslam dinini özünə görə - Sünni inancının xaricində - şərh edən; əsl düzgünlük, kamalı dostluq, cövhəri mərhəmət, fikri bərabərlik, xəzinəsi məlumat, meyvəsi sevgi xəmiriylə yoğurulmuş, insani-kamil yəni ərdəmli insan yaratmağı nəzərdə tutan, qorxunu aşıb sevgiylə Tanrıya yönələn, Ən-əl Həqq ilə insanın özündə görən, yaradan ilə yaradılan cütlüyündən Vəhdəti-Vücüda (Varlıq Birliyi) çatan, ədəb və əxlaqlılığı həyatının təməli hesab edən, insanı ucaldan, mayasında həm ilahiliyin həm də irfaniliyin mayası olan, insanın əxlaq və xarakter qanunlarını təyin edən, dini forma və şəkil olaraq deyil, inanc sayan, dini müstəqil bir iradə gücü və Qərb xüsusiyyətiylə təkamülləşdirən, ağıl və iman bütünlüyündə birləşdirən inanc sistemidir. Bektaşilik isə Şiəliyin Anadolu və Balkanlardakı bir alt təşkilatlanması, təriqətidir.

- Türkiyədə sünni kəsimin Şah İsmayıla və Şah İsmayılı çox sevən ələvilərə münasibəti normal deyil. Bəzi yazarlar romanlarında Şahı aşağılamaqdan çəkinmir. Bütün bunlara sizin münasibətiniz necədir?

- Çox təəssüf ki, sizin də qeyd etdiyiniz kimi Türkiyədə sünni kəsimin Şah İsmayıla, ələvilərə münasibəti o qədər də xoş deyil. Eyni zamanda düşməncə bir yanaşma var. Bu düşmənçilik yalnız ələvilərə, Şah İsmayıla, şiələrə qarşı deyil. Sünni inanc və düşüncə sisteminə uyğun gəlməyən hər kəsimə və hər qrupa bu cür münasibət var. Belə münasibət insani və dini deyil. Mən belə bir anlayışı rədd edirəm və qınayıram.

- Bildiyimə görə erkən yaşdan ələviliyə xidmət edirsiniz. Türkiyədə ələvi olmaq çətindirmi?

- Türkiyədə ələvi olmaq çətindir, həm də çox çətindir. Ələvi olmaq hələ də təhlükəli, qadağandır. Eyni zamanda ələvilər təzyiq altındadır. 2013-cü ildə də ələvilərin ibadət yerləri çox təəssüf ki, hələ ibadətxana statusunda deyil. Ələvi olaraq özünü cəmiyyətdə ifadə etmək, bu şəxsiyyətlə dövlət işlərində iştirak etmək mümkün deyil. Ələvilərə qarşı nifrət, ayrı-seçkilik, yadlaşdırma siyasəti davam edir. Bütün üsulları tətbiq edərək, ələviləri sünniləşdirməyə çalışırlar.

- Ələvilərlə, bektaşilərlə bağlı qəribə fikirlər yayılıb. Hətta İslam dinində haram olmasına baxmayaraq bəziləri bektaşilərin içki içdiyini deyir. Bu doğrudurmu?

- Bu cür fikirlər ələviləri gözdən salmağa məqsədli yalanlardır.

- Ələvilikdə, xüsusilə Cem evlərində musiqi inancın bir parçasına çevrilib. İslamda musiqinin haram olduğunu iddia edənlərə bu məsələni necə izah edərdiniz?

- Biz ələvilər birlikdə etdiyimiz ibadət olan cemi musiqinin və şeirlərin müşayiəti ilə həyata keçiririk. İslamda musiqi haramdır demək dini, ağılı və insan təbiətini inkar etməkdir. Belə bir anlayışı qətiyyən qəbul etmirik.

- Ələviliyi bir məzhəb hesab edirsinizmi?

- Ələvilikdən uzaq, anlayışı olmayan insanlara izah edəndə başa düşülməsi üçün ələviliyin məzhəb olduğunu deyirik. Ancaq dərhal sonra klassik mənada ələviliyin bir məzhəb olmadığı vurğulanır. Bəziləri üçün ziddiyyətli və çaşdırıcı olsa da əslində bu tərif doğrudur.

Məsələnin mahiyyətini bilən, irfan və ilahiyyat sahəsində az-çox təcrübəsi olan insanlar üçün vəziyyət tamamilə dəyişir. Bu şəxslərə izah verəndə dərhal deyilir ki, ələvilik bir məzhəb deyil, bir yoldur.

Ölümsüz ozan Nəsiminin bu sətirləri simvolik olaraq əslində mövzuya nöqtə qoyur.

Biz məzhəb bilmərik yolumuz vardır ,

Çağırma məclisi riyaya bizi.

Biz şərbət içmərik dolumuz vardır.

Bizim söyləyəcək sözümüz vardır.

Biz müfti bilmərik fətva bilmərik,

Qeylü-qal bilmərik, ifta bilmərik,

Həqiqət şəhərində xəta bilmərik

Şahı-Mərdan kimi alimiz vardır

Bizim söyləyəcək sözümüz vardır

Nəsimi özünü faş etmə sakın

Nə bilsin xam insan simasın haqqın

Haqqı bilməyənə haqq olmaz yaxın

Bizim haqq qatında əlimiz vardır

Bizim söyləyəcək sözümüz vardır

- Hər yolun bir məqsədi olduğuna görə və hər yol bir yerə aparmaq üçün var olduğundan bu yolun məqsədi ələviləri hara aparmaqdadır?

- Ələvilik yolu insanı kamillik mərtəbəsinə qaldıraraq Haqq və həqiqətə çatmasını, insan-kamil kimi məna və xoşbəxtlik dolu bir həyatın sahibi olmasını təmin edir. Ələvilik insanı mənalı və xoşbəxtlik dolu həyata aparan yoldur.

İnsanı hər cür eqoistlikdən və şeytanlıqdan təmizləyib nurani olan ucalıqlara aparan yoldur ələvilik yolu.

Adəmdən başlayaraq son peyğəmbər olan Hz. Məhəmmədin, Əhli-beytin, on iki imamın və daha nə qədər saysız ermişin, övliyanın, vəlinin işarələri ilə işarələnilmiş olan yoldur ələvilik yolu.

Bu yol tərtəmiz, pirü-pak, hər növ çirkabdan və kirdən təmizlənmiş bir yoldur.

Bu yol insana və insanlığa Haqq və həqiqətin nə olduğunu göstərən, Haqq və Həqiqətə necə çatmağı göstərən yoldur.

Bu yol insanlığın gec-tez görüşüb, bir araya gəlib birlikdə gedəcəyi yoldur.

Ələvilik inancı qanunları, ibadəti və ictimai nizamıyla bizləri və cümlə insanlığı xoşbəxtliyə, dincliyə, barışa, qardaşlığa aparan inancdır. İnancımız olan ələvilik təkcə ona inananlar üçün deyil, bütün insanlıq üçün böyük bir dəyərdir. Hədəfi sülh, qardaşlıq, dinclik, xoşbəxtlik olan insanlığın yolu gec-tez ələvilik yoluna çıxacaq.

- Şiələrin Əliyə sevgisi çox böyükdür. Bəzən Məhəmməd peyğəmbəri Əli qədər tərifləmirlər. Bu mövzunu açıqlayarsınızmı? Əlinin ələvi inancındakı yeri nədir?

- Yuxarıda da izah etməyə çalışdığım kimi ələvilik inancı Allahın varlığını və birliyini, Həzrəti Məhəmmədin peyğəmbərliyini və Hz. Əlinin vəlayətini, vəliliyini əsas tutan bir inanc sistemidir. Belə bir inanc sistemində ələvilərin Həzrəti Məhəmmədi inkar etdiklərini söyləmək gerçəklərə, var olan və yaşanan ələviliyə uyğun gəlməyən fikirdir. Yanlış yanaşmadır

Həzrəti Əlinin ələvilikdə əhəmiyyətini, yerini izah etmək demək olar ki, mümkün deyil. Məncə bu ifadə sizə çox şeyi izah edə bilər.

Biz ələvilər üçün Həzrəti Əli Əhli-beytdəndir. Əhli-beyt isə Haqqın nurunun yer üzünə əks olunmasından başqa bir şey deyil.

-Əhli-Beyt deyiləndə kimlər nəzərdə tutulur və Əhli-Beyt sevgisi nədir?

- Məna olaraq Əhli-Beyt Həzrəti Məhəmmədin ailəsidir. Bu ailə Həzrəti Məhəmməd, Həzrəti Əli, Həzrəti Fatimə, Həzrəti Həsən və Həzrəti Hüseyndən ibarətdir. Əhli-Beyt inancının təməlində əhli-beyt sevgisi və bağlılığı durur. Əhli-Beytin müqəddəsliyi və günahsızlığı “Quran”da belə qeyd olunur:

Əhzəb surəsi 33-cü ayə: "Ey Əhli-beyt, Allah sizi hər cür çirkdən təmizlədi və sizin tərtəmiz qalmanızı istəyir".

Sevimli Peyğəmbərin Əhli-Beyt haqqında hədisləri var.

“Quran və Əhli-Beyt əkizdir.”

“Ey xalq, bilin ki, mən də insanam. Allahın dəvəti mənə yaxında gələcəkdir. Məndə onu qəbul edəcəyəm. Mən sizə iki mühüm və ən qiymətli əmanəti miras buraxıram. Bunlardan birincisi “Quran”, ikincisi mənim Əhli-beytimdir. Allahın hüzurunda sizə Əhli-beytimi əmanət edirəm“.

“Mənə və əhli-beytimə səlatü-salam gətirməyənin duası qəbul olmaz.”

Bütün bu hədislərdən aydın olduğu kimi, Həzrəti Peyğəmbər ümmətinə Əhli-beytə ehtiramla yanaşmağı əmr edib. Amma təəssüf ki, ümmətindən bəziləri dünya malına tamah göstərib Əhli-beytə hər cür düşmənçiliyi etdilər. Həzrəti Həsəni zəhərlədilər, Həzrəti Hüseyni Kərbəlada şəhid etdilər. Amma sevimli peyğəmbər olacaqları görmüş və ümmətinə belə səslənmişdir:

"Yəhudilər 71 təriqətə bölündülər, Xristianlar 72 təriqətə bölündülər, sizlərsə (Müsəlmanlar) 73 təriqətə bölünəcəksiniz. Amma bu 73 təriqətin içində yalnız bir dənəsi doğru yolu tapacaq. O da mənim əhli-beytimə uyanlar olacaq."

Çox sözə ehtiyac yoxdur. Hər şey ortadadır. Əhli-beytə məhəbbət və bağlılıq ibadətdir.

- Ələvilikdə çox məşhur olan Cem nədir?

- Cem şiələrin toplu halda etdikləri ibadətin adıdır. Cem ərəbcə bir sözdür, toplanma, yığılma, bir araya gəlmək mənasını verir.

Cemin qaynağı Qırxlar Cemidir.

Cem ibadətini digər inanclardakı ibadətlərdən fərqli edən ən əhəmiyyətli ünsür Cemdə bir araya gələnlərin eyni zamanda cəmiyyətə hesab vermək öhdəçiliklərinin olmasıdır. Cemdə toplaşanlar bir-birlərindən razı olmağa məcburdurlar.

Cemdə olan bir adam başqa bir adamla incikdirsə, bu iki adamın inciklikləri aradan qaldırılmadan, barışmaları təmin edilmədən Cemə başlanmaz.

Şiələrin toplu mənada təməl ibadəti olan Cem, bir Dədənin nəzarətində, öndərliyində yerinə yetirilir.

Cem ibadətinə qatil, oğru, əxlaqsız şəxslər girə bilməz.

Cem ibadətini qısa şəkildə izah etmək mümkün deyil. Cemin nə olduğunu və necə tətbiq olunduğunu tam mənasıyla qavramaq üçün Cem evinə gedib məlumat almaq lazımdır.

İctimai nizamın və fərdi rahatlığın yolu yüz illərdən süzülüb gələn dəyərlərlə tanış olmaqdan keçir.

Bəlkə də son illər cemlər yüz illər əvvəlki kimi ruhaniyyət bəxş etmir. Praktik mənada çatışmazlıqlar ola bilər. Ancaq bu, cemlərin məna və əhəmiyyətinə ziyan vura bilmir.

Hər şeyi əldə etməyin və satmağın asanlaşdığı bir zamanda tələsənlər cemdə bir nəticə əldə edə bilməzlər.

Burda ilk səmimiyyət imtahanı girişdə başlayır. Cem meydanının qapısına niyaz edilir.

Cem; dincliyi axtaranların, nizamı mükəmməl şəkildə qurub formalaşmaq, özünü bilmək, təmizlənib, paklanmaq, ölüb yenidən doğulmaq, həqiqətə çatmaq istəyənlərin, var olmaq üçün yox olmağı gözə alanların, semah dönüb səmaya ucalanlarındır ...

Cem insanı mükəmməlliyə, İnsani-Kamil olmağa aparan yoldur.

- "Muhabbet Cemi" və on iki xidmət nədir?

- “Muhabbet Cemi”nin əhəmiyyəti, funksiyası indiki dövrdə çox artıb. Öz etibarilə “Muhabbet Cem”lərinin əsl funksiyası gənc insanları “Ədəb Cemi”nə hazırlamaqdır. Dəyərlərin mənasızlaşdırıldığı dövrdə “Muhabbet Cemi”ləri sanki bir insani duyğulara çevrilmə proqramıdır.

Adından da görüldüyü kimi “Muhabbet Cem”ləri söhbətin, insani həssaslığın, həyatın məna və dəyər qazandığı bir nurani iqlim mühitidir. Bu atmosferdəki enerji insanı başqa məqama, başqa aləmlərə aparır. Aparır və təkrar özünü tapan insanı sağlamlaşdırıb geri qaytarır. İnsanın ən çox ehtiyac duyduğu bu deyilmi? Yəni insan yalnız fiziki görünüşüylə deyil, ruhuyla, duyğularıyla, düşüncələriylə... Yəni insan bir bütün halında olmalıdır.

İnsani olan nə varsa kirləndirilir, mənasızlaşdırılır. Bu şərtlərin hakim olduğu bir mühitdə insani duyğuların möhkəm qalması mümkün deyil. Möhkəm olmaq və həyatı mənalandırmaq istəyənlərin sığınacağı “Muhabbet Cem”ləridir. Bu söhbətlər bir başlanğıcdır. Sonsuz, sərhədsiz ləzzətlər, mənzərələr diyarına səfərin başlanğıcı.

On İki Xidmət, Cem ibadəti əsnasında vəzifələndirilmiş on iki adamın yerinə yetirdiyi xidmətin adıdır. On İki Xidmət olmazsa Cem də olmaz.

On İki Xidmət, simvolik hesab edilsə də çox dərin mənalara və gerçəklərə işarə edir. Bu səbəbdən On İki Xidmət çox əhəmiyyətlidir. Simvolizə etdiyi xidmətlərin dərin fəlsəfi, ictimai, inancsal ölçüləri vardır.

On İki Xidmətə bunlar daxildir:

1. Dədə (Mürşid)

2. Rəhbər

3. Gözcü

4. Çerağcı (Delilci)

5. Zakir (Aşık)

6. Ferraş (Süpürgeci)

7. Sakka (İbriktar)

8. Kurbancı (Sofracı)

9. Pərvanə

10. Peyik (Davetçi)

11. İznikçi (Meydancı)

12. Gözətçi

- Azərbaycan folklorunda da geniş yayılmış bir deyim var : "dörd qapı qırx məqam". Bunun mənası nədir?

- Dörd qapı və hər qapıdakı on məqam insanı zirvəyə və ondan ötəyə daşıyan mərhələlərdir. Dörd qapı qırx məqamda qoyulan məqsəd, insanın “xam ervah”lıqtan çıxıb insani-kamil olmasıdır. İnsani-kamil, yetkin insandır. Həyatı, kainatı, dünyanı və bütün bunlarla əlaqəli nə varsa onların dərk-etmiş, sirri-həqiqətə çatmış olan adamdır.

Dörd qapı qırx məqamı nəzəri məlumatlar və ya fəlsəfi şərhlər kimi anlamaq yanlışdır. Yenə bunları əzbərləyərək bəzi nəticələrə çatmağı istəmək qeyri-kafi və kobud bir yanaşma olar.

Sadə və bəsit yanaşmalar adamı nəinki həyatın sirrinə, heç bir yerə aparmağa qadir deyil. Bu səbəbdən günümüzün insanı bir çox şeyə olduğu kimi Dörd qapı qırx məqam təliminə də sadə yanaşır.

- Kimlər "dədə" ola bilər? Azərbaycanda “dədə”lik məqamına çatmış ələvi varmı?

- Azərbaycanda bu məqama yüksələnlərin varlığı haqqında dəqiq məlumatım yoxdur, ancaq Azərbaycanda yəqin ki, “dədə”lər var.

“Dədə”liyi isə belə açıqlaya bilərəm: Dədə ələvilərin inanc öndəridir. Dədə anlayış olaraq böyük, ata deməkdir. Dədənin başqa bir adı isə Seyiddir. Bunun mənası babanın soy olaraq on iki imamdan, Həzrət Əli, Həzrəti Məhəmməd soyundan gəlmələridir. Yəni "Övladı Rəsul"dur. Dədəlik öndərlikdir. Dədə, cəmiyyətin bütün problemlərinə həll yolu tapa bilən insandır. Bu səbəbdən dədə olmaq üçün müəyyən bir təhsil sahibi olmaq lazımdır. Yəni bir dədənin beş oğulu olduğunu düşünün. Bu beş oğulun içində dədəliyi ancaq kifayət qədər özünü təsdiq etmiş, elm, mədəniyyət və kamillik sahibi olan qəbul edir. Dədəlik təkcə bir adam deyil, bir təşkilatdır. Dədə cəmiyyətdən (taliblərindən) məsuldur. Onların həyati, fikri bütün problemlərini paylaşan yol göstərəndir.

Dədəlik təşkilatı Şiələri təşkilatlandıran, öyrədib işıqlandıran, yol göstərən və nəzarət edən bir təşkilatdır. Öz içində yuxarıdan aşağıya doğru, bir zəncirin halqaları kimi bir-birinə bağlı bir təşkilata malikdir. Hər dədə, həm babadır, eyni zamanda həm də Piri Rəhbəri və Mürşidi olan bir talibdir.

Altıncı imam Cəfəri Sadiq dədəliyi və talibliyi belə izah edir: "Dədəlik (mürşidlik) Məhəmməd-Əlidən qalmışdır. Bu səbəblə “Övladı Rəsul”dan başqasına dədəlik etmək və talib olmaq caiz deyil.

Bir dədə talibi irşad etməzsə və talib irşad olmasa, o necə dədə ola bilər? Və necə talib olar? Dədə olan, talib kəslər kamil olmalıdır ki, təsdiqi caiz ola, əməyi, qurbanı və niyazı qəbul ola, boşa getməyə.

Pir (dədə) olan kəslər kamil olmalıdır, Dörd Qapını bilməlidirlər ki, bunlar haradan və niyə gəldi, necə oldu və əsli nədir, bunların ədəbi nədir, tövbəsi nədir, fərzi nədir, sünnəsi nədir, həyası nədir-bunları bilməlidir.

Dədənin məlumatlı olması vacibdir. Dədə elmi-Ledün bilməlidir. Elmi-Ledün ağılla düşünən, axirəti və dünyanı fərq edəndir.

# 2914 dəfə oxunub

Müəllifin son yazıları

# # #