İmperializm və Əkrəm Əylisli

İmperializm və Əkrəm Əylisli
13 mart 2014
# 11:17

Yazıçı Əkrəm Əylislininin 2014-cü il Nobel Sülh Mükafatına namizəd göstərilməsi milli duyğuları aşıb-daşan, “harda gördün erməni, vur başına gülləni” prinsipi ilə yaşayan “vətənpərvər”lərimizi xeyli narahat edib. Hücum və aşağılama kampaniyasının ikinci mərhələsi başlayıb. Söyənlər, qulağını kəsmək istəyənlər, ölkədən qovulmasını arzulayanlar yenidən fəallaşıb.

Əkrəm Əylislini nobelli Orhan Pamukla, Qorbaçovla müqayisə edirlər. Çeynənmiş söhbətlərdən biri yenidən gündəmə gəlib: “Pamuk vətən xaini olduğu üçün Nobel mükafatı alıb”.

Bu isə dolayısıyla o deməkdir ki, Əylisli də vətən xainidir və Nobel sülh mükafatına vətən xaini olduğu üçün namizəd göstərilib.

Başı bəlalı “Daş yuxular”dan sonra Əylislinin başına gəlməyən oyun qalmadı. Necə deyərlər, “gələn vurdu, gedən vurdu”.

Əylislinin kitabını yandırdılar və bütün bunlar azmış kimi, haqqında olmazın hədyanları yazıldı.

Bütün baş verənlərə baxmayaraq Əkrəm Əylisli demək olar ki, susdu və proseslərdən qazanclı çıxmağa çalışdı. “Susmaq qızıldır” prinsipinə azacıq əməl etməklə, qızmış ehtirasların üzərinə su çiləməyi bacardı.

“Daş yuxular” Ermənistanda nəşr olundu və bir neçə dəfə ayın ən çox satılan kitabı oldu. Müxtəlif xarici təşkilatlar onun müdafiəsinə qalxdı və bütün bu proseslərin məntiqi sonluğu kimi cənab Əylisli Nobel Sülh Mükafatına namizəd göstərildi.

Şəxsən mən Əkrəm Əylislinin səbrinə və hövsələsinə, özünəinamına heyranam. Bütün hücumların, təhdidlərin qarşısında əsilzadə kimi dayanmaq hər Azərbaycan yazıçısının işi deyil. Birdən-birə 20-30 illik dostları, illərlə qazanılan nüfuzu, fəxri adı itirmək sizə asan gəlməsin. Gözləntilərin əksinə o ölkədən də getmədi. Bəzilərinin arzuladığı kimi, xalqdan üzr istəməyi də düşünmədi. Ölkəsində yaşamağa və yazmağa davam etdi.

Bu gün onun Nobel Sülh Mükafatına namizəd göstərilməsi, yenidən gündəmə gəlməsi mənim üçün gözlənilməz olmadı. Çünki bu susqunluğun altında ciddi çabaların olması duyulurdu. Onu söyənlər isə prosesi daha da sürətləndirdi.

Mən böyük güclərin savaşı gedən, imperialistlərin meydan suladığı dünyada Azərbaycan yazıçısının Nobel alacağına inanmıram.

2003-cü ildə Nobel sülh mükafatını Güney Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi alıb və İran tərəfi Nobel tarixində ilk dəfə mükafatı müsadirə edib. Bildiyim qədər bu mükafata layiq görülmüş yeganə azərbaycanlı da hələlik odur. Şirin xanım İran rejiminə baş qaldırdığı üçün bu mükafatı alıb. İran isə dünya üçün hələ də təhlükə hesab olunur.

Ermənistan-Azərbaycan münaqişəsinin, erməni və türk xalqının düşmənçilik etməsinin dünyanı bir o qədər narahat etdiyini düşünmürəm. Hətta imperialistlər bundan yetərincə faydalanır. “Daş yuxular” Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasına hədəflənsə belə, heç bir effekti və əməli nəticəsi olmadı. İndi bu əsəri yazan yazıçıya xırda bir cəhdə görə niyə mükafat versinlər? Bu məntiqlə illərdir bu yolda müəyyən layihələrdə iştirak edən, Ermənistana gedib gələn-gənclərə çoxdan bu mükafat verilməliydi.

Nə qədər ürəkdən arzulasam da Əylislinin Nobel alacağına zərrə qədər də inanmıram.

# 2638 dəfə oxunub

Müəllifin son yazıları

# # #