Kulis.az Cəlil Cavanşirin yeni şeirlərini təqdim edir.
Təkliyi gizlədən divarların o üzünə...
Qızım Cansel üçün
Dizlərimi qucaqlayıb söykənirəm divara,
Əllərim qoynumda donur, hey baxıram tavana
Bu divarlar nə qəddarmış,
Düz üstümə gəlirlər.
Lənətə gəlmiş təkliyim, güzgülərdə görünmür
İndi məni ovutmayır divardakı rəsmlər...
Qızım, səni düşündükcə,
düyümlənir boğazım
Sən gedəndən ağlayıram, sən gedəndən bomboşam.
Tavandakı ləkələrlə, danışıram, susuram.
Sən getdiyin iki aydır, özümdən yorulmuşam...
İndi bütün nəğmələrin hüznü sənin gedişin,
İndi mənim əzablarım darıxmaq yox,
dirigözlü ölümdü.
Bir gün yəqin anlayırsan, anlayarsan atanı.
Səndən ayrı yaşamağım, ömür deyil zülümdü.
Saçlarını, gülüşünü unutmaqdan qorxuram,
Saçlarını, gülüşünü, baxışını sevdiyim.
Qorxuram ki, böyüyəsən mən görməyim boyunu
Qorxuram ki, ölüb gedəm, səni bir də görməyəm
Səni sıxar bu əcaib bəxtimizin oyunu...
Lənət olsun bu taleyə, hərəmiz bir tərəfdə
Nə yanında qardaşın var nazınla oynayası,
Nə anan var, gecələri sığınasan köksünə
Bəlkə sənə şirin gələr hələ nənə laylası...
Sən olduğun şəhərdə də havalar çox soyuyub
Gecələri üşümür ki, şəkərbura ayağın?
Səndən elə nigaranam, canım qızım, biləsən
Əsil adı işgəncədir, bu dərdli darıxmağın...
Mən daşını çoxdan atdım insantək yaşamağın...
Orda yağışlar başlasa qollarını geniş aç
Bəlkə mənim göz yaşlarım sənə çatar yağışla...
Gözlərinə qurban olum, mənim üçün darıxma
Mənim bəxtim nəhs gətirib, bir lənətli qarğışla
Bacarırsansa xatırla,
bir də...
məni bağışla...
Ömrün sonuna doğru
bir sabah da oyanıb inciyərsən günəşdən
pəncərədən boylanıb, yorarsa gözlərini...
deyinərsən,
susarsan.
günəş çıxar aradan,
qaranlıqdan qorxarsan...
yumarsan gözlərini...
Hərdən gecə yarısı qaranlıqdan küsərsən
inadla bir siqaret yandırarsan, közərər.
ağlayarsan...
gülərsən...
günəş ilə barışıb
sarılarsan yastığa
yumarsan gözlərini...
bir də ömrün içində, yaşamaqdan bezərsən
daha əlçatmaz olar gedənlərin dönüşü.
sevərsən,
ayrılarsan...
qısılarsan özünə
alışarsan yoxluğa
yumarsan gözlərini...