Aydın Xırdalanlının vaxtsız ölümünün sirri

Aydın Xırdalanlının vaxtsız ölümünün sirri
24 mart 2019
# 11:18

Cəlil Cavanşir

Sənətini şövqlə və eşqlə icra edən, gördüyü işin mahiyyətini anlayan, bacardıqca meyxananı bayağılaşdırmayan nadir meyxanaçılardan idi.

Qəfil qazandığı şöhrət, kasıb bir cavan oğlanın qəfildən xalqın sevimlisinə çevrilməsi, efirlərdə, el məclislərində digərlərindən fərqləndirilməsi, qazandığı pullar onu məhv elədi.

O başqaları kimi qazandıqlarını reklamına, efirlərə, bahalı geyimlərə, bahalı avtomobillərə xərcləmədi.

Məclislərdə yanında dolaşan, sözünün ağırlığı altında əzilənlər kimi duetlər yazdırmağa, şou-biznesin qalmaqallarına meyllənmədi.

İşbazlar meyxananı şou-biznes predmetinə çevirib böyük pullar qazandıqca, o özünü tükətməklə məşğul idi.

O qazandıqlarını özünü məhv etməyə xərclədi.

Onu digərlərindən məhz bu azadlığı, dəliliyi və dəliqanlılığı fərqləndirirdi.

Qəribə də olsa, onu məhz bu xüsusiyyətlərinə görə sevirdim.

Narkotik aludəçisi idi və yaşadığı həyatın yanlış olduğunun fərqində idi.

İçindəki ramolunmaz istedadın ağırlığı onu sıxırdı.

Dostları, onu sevənlər, dinləyiciləri onu bu yoldan çəkindirməyə çalışırdı.

Amma o, Aydın idi.

Başqalarına bənzəmirdi.

Dünyadan qaçmağın bir yolunu arayırdı.

***

Aydın Xırdalanlı 42 yaşında, qaraciyər serrozundan öldü.

Məclislərdə xırıltılı səsi ilə meydangirlik edib, rəqiblərinə aman verməyən Aydının son videoları, fotoları ürək dağlayır, insanı kədərə boğurdu.

Aydının çöküşü, şöhrət qazanmasından daha sürətli baş verdi.

Meyxana müsabiqəsində yazdığı “Ev tapşırıqları”, bədahətən dediyi meyxanalar, rəqiblərinə göz açmağa imkan vermədiyi deyişmələrlə xalqın ürəyinə yol tapmışdı.

El məclislərinin ən sevilən meyxana ustalarından idi.

Bir neçə dəfə şahidi olmuşdum, o məclisə girəndə məclis coşub, dalğalanırdı.

Onun coşqusu, meydanı ələ alıb məclisin məcrasını dəyişməsi başqa aləm idi.

***

Gündən-günə bayağılaşan, saxta dindarlıq və vətənpərvərlik pərdəsinə bürünən meyxana aləmində onun öz yeri vardı.

Qüsurları da vardı.

Bu yazıda o qüsurların üstündən keçəcəm.

Onu tənqid etməyə ürəyim əl vermir.

O, duruşu, təfəkkürü, həyat tərzi və dediyi meyxanalarla, hətta jestləri və mimikaları ilə əsl meyxanaçı idi.

Onun ən böyük üstünlüyü sünilikdən uzaq olması, bir də səmimi şəkildə özünü ifadə edib seçdiyi yolun nahamarlığını etiraf etməsi idi.

Azər Sani kimi din və qəzəl bilicisindən dərs almışdı.

Məhz şəxsi talantı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi.

Onun ən çətin bəhrlərdə belə asanlıqla meydan qurmasının, rəqiblərini sıxışdırmasının bir neçə dəfə canlı şahidi olmuşam.

Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı.

İstəsə din pərdəsi altında gizlənə bilərdi, özünü dindar kimi sırıyıb min oyundan çıxa bilərdi.

Amma o səmimi idi, dindən uzaq düşdüyünü, yanlış yolda olduğunu təəssüflə vurğulayırdı.

Meyxanasevərlər onun məhz səmimiyyəti və istedadını yüksək qiymətləndirirdi.

Meyxananın anderqraund sənət olmasını dərk edən və sənətini düzgün şəkildə yaşadan nadir istedad sahibi idi Aydın.

Onun taleyi bir az da meyxananın taleyinə bənzəyir.

Nizami Rəmzinin, Kəbir Azərinin, Məşədibabanın, Bayramın taleyi kimi...

***

Onun həyatının son illəri kədərli əhvalatlarla doludur.

Səfil həyatı, məclislərdən uzaq düşməsi, getdiyi təsadüfi məclislərdə mikrofona həsrətlə baxması...

Dispanserdə çəkilmiş bir videosu yayılmışdı, baxdıqca qəhərdən boğulurdum.

Hansısa təriqət mənsubları narkotikin təsiri altında olan Aydına dini məsələdə hansısa səhvini etiraf etdirib, videoya çəkmişdilər.

Üzücü idi.

Bir də son videomüsahibələrindən birini xatırlayıram.

Təxminən qısa ömrün son etirafları, peşimanlıqları var o müsahibədə.

Bir də “Düşdüm” rədifli son qəzəli:

İslanmışa çox gəlmə hədə-qorxu yağışla

Məndən xəbər al, gör necə leysanlara düşdüm...

***

Onu tanımayanlara tanıtmağa çalışıram, amma kədərimi ifadə etməkdə acizəm.

İnsanın öz sənətini sevməsi normaldır.

O, öz sənətini anlayır, dərk edirdi.

Həyata, başına gələnlərə, hətta xəstəliyinə istehza ilə baxırdı.

Ölümün də üstünə o istehzasıyla getməyi bacardı.

***

O izdihamın, çoxluğun içində tənhalıq yaşayanlardan idi.

Gülə-gülə, Aydın!

Əbədi hüzurun, əbədi rahatlığın mübarək...

# 18482 dəfə oxunub

Müəllifin son yazıları

# # #