“Əkrəm Əylisli gözəl bir qızı əlimdən aldı”

“Əkrəm Əylisli gözəl bir qızı əlimdən aldı”
6 dekabr 2012
# 13:25

Bu gün Xalq Yazıçısı Əkrəm Əylislinin 75 yaşı tamam olur.

Kulis.Az gənc yazarların Əkrəm Əylisli haqda fikirlərini, təbriklərini təqdim edir.

Qan Turalı: 66 yaşında inqilabçılıq cürəti

Əkrəm Əylisli əsərlərini oxuduğum tələbəlik günlərindən keçən zaman daxilində mən hər zaman bu əsərlər haqqında düşünmüşəm, vaxt keçdikcə, mən də yaşa dolduqca bu əsərlər haqda qənaətim daha saflaşıb, daha təmizlənib və daha böyüyüb.

Sovet zamanında Əkrəm Əylislini kənd idilliyasına görə tənqid edilirdi. İndi bu tənqidlərin nə dərəcədə haqlı olub-olmadığı haqda polemika açmağa zaman yoxdur, amma fakt da bu idi ki, biz o əsərlərdə russoizmin yüksək bədii ifadəsini də görürdük, mədəniyyətin insanları məhv etdiyini, kəndin öz təbii halı ilə mənəvi bir məkan olduğunu görürük. “Ürək yaman şeydir”də Əjdərin yazdığı şeirdəki kimi:

İstəmirəm bu şəhərdə qalasan

Qalıb burda mənim kimi olasan

Vaxt gələr ki, bu sözümü bilərsən

Gəlib qəbrim üstdə şeir deyərsən.

Amma sovet kəndi idilliyası yaradan və bu idilliyanın kəndin mədəniləşməsi barədəki partiya tezislərinə məhəl qoymayan yazıçı 2000-ci illərdən sonra kəndin mənəvi süqutunu ortaya qoyan “Ətirşah Masan” kimi bir roman yazdı. “Bu kəndin kəsafəti axır ki, Ələddini də basmışdı”. Ətirşah Masandan sitatdır.

Söz yox ki, Əkrəm Əylislinin sovet illərində kənd haqqında yazdığı əsərlər də yüksək bədii keyfiyyətə malik idi, Azərbaycan nəsrinin ən böyük hadisələrindən biri idi, bu barədə mübahisə açmaq belə mənasızdır. Lakin mənim gözümdə Əkrəm Əylislini böyüdən nəsnə onun 66 yaşında öz yaradıcılıq stixiyasını, fəlsəfəsini, üslubunu dəyişdirə bilmək cürətidir. Bu Əkrəm Əylislinin hər zaman bədii formada qala bildiyinə sübutdur.

Əkrəm Əylislidən danışanda onun yaşının mənim üçün heç bir fərqi yoxdur. O hər zaman yazıçı yaşındadır.

Aqşin Yenisey : “Ona hər şey halaldı”

-Bəri başdan Əkrəm Əylislini 75 illik bir ömrü başının üzərinə qaldırmağa gücü çatdığı üçün təbrik edirəm və ona daha 75 il yaşamaq üçün güc arzulayıram. Mənə görə iki tip yazı adamı var: biri sizi oynadan yazıçı, şair, o biri isə cümləni, misranı oynadan yazıçı, şair. Əkrəm Əylisli ədəbiyyatımızda cümləni, misranı mətnə oynatmağı bacaran ələ gələsi tək-tək yazıçılardan biridir, hətta bu mənada ona Master deyərdim. Ona "gəlib hər üzünə, Anarını, Elçinini, Ramizini" gördüyü şəhərdə can sağlığı arzu edirəm.

Gəlmişkən qoy Əkrəm Əylisli ilə bağlı bir xatirəmi də danışımm. Gözəl bir qız vardı, deyirdi ki, ədəbiyyat aləmində, guya, məni, bir də Əkrəm Əylislini sevir. Qocalığına baxmayaraq, ustad qızı mənim əlimdən ala bildi. Ona hər şey halaldı.

Mirmehdi Ağaoğlu: “Onun qəhrəmanları bütün çətinliklərə sanki yuxu ilə çarə tapırlar”

İri həcmli əsərlər üçün bəlkə birinci cümlə o qədər də vacib deyil. Onsuz onların ağırlığı elə ilk baxışdan adamı vurur. İnternetin vaxtımızı sovurduğu dövrdə sıradan oxucuya “Hərb və sülh”ü oxumaq nə qədər ağır gəlsə də, elə o dörd cildi əl götürüb “qantel” kimi iki-üç dəfə qaldırmaq Tolstoya valeh olmaq üçün bəs edir. Bununla belə, iri romanların da ilk cümləsi xüsusi əhəmiyyət kəsb edir. “Anna Karenina”nı xatırlayaq. Amma hekayə janrı üçün birinci və son cümlələrin, xüsusilə birinci cümlənin qüvvətli, vurucu olmasına Əkrəm Əylisli təbiri ilə əşhədü ehtiyac var. Qoqolun “Şinel”ini bu qədər “gen” edən səbəblərdən biri də onun ilk cümləsidir. Bu cümlədən gizlənən intizar, əsrardır: “Departamentdə... Vacib deyil hansı departamentdə”. Əkrəm Əylislinin “Nənəmin tütün kisəsi” də adamı ilk cümlədən vuran hekayələrdəndi. Hekayənin birinci cümləsində elə bil sehr var. Hekayə elə ilk cümlədən oxucunu özünə bağlayır:


“Rəhmətlik nənəm tütünü qurtaranda məni evdən çölə buraxmazdı. Yalvara-yalvara deyərdi ki, ay oğul, otur yanımda, səndən tütün qoxusu gəlir. Mən ciblərimi silkələrdim, köynəyimin ətəyini dönə - dönə iylərdim. Tütün nə gəzirdi, iy nə gəzirdi? Mən ömrümdə ağzıma papiros almamışdım”.


“Gilənar çiçəyinə dediklərim” əsərinin də çəkici başlanğıcı var. “Şanlı məktub”, “Qara dəniz”, “May günü”, “Kiçik qardaş”, “Büllur külqabının nağılı” kimi hekayələr isə əla sonluqlu əsərlərdir. “Tənha narın nağılı”nda Qubadla Sadığın hər gecə evində paltarını soyunan Gülşənin divara düşən kölgəsinə baxmaları, hər gecə bu “kino”nu həsrətlə gözləmələri olduqca realist, dərin psixoloji boyalarla göstərilib. Onun lirik-sentimental qəhrəmanları tez-tez yuxu görməkləri ilə seçilirlər. Onun qəhrəmanları bütün çətinliklərə, müşküllərə sanki yuxu ilə çarə tapırlar. Bu priyom yazıçının əksər əsərlərində geniş istifadə olunur. Bir də Əkrəm Əylislinin əsərlərində kənd, Buzbulaq həsrəti var. Onun əsərləri kənd nəsrinin ən gözəl nümunələrindəndir. Ömrünü şəhərdə keçirmiş kənd adamları üçün onun əsərlərindən gözəl təsəlli olmaz.

Şərif Ağayar : “...Əkrəm Əylisli olmaq sizə zarafat gəlməsin!”

Əkrəm Əylisli öz içində balaca Sadığın işığını, Qədirin azadlığını bu yaşacan qoruyub-saxlamağı bacaran adamdır. Bəzən hər şeylə razılaşan, hamının söylədiyinə “bəli” deyən gənc yazarlar görəndə təəccüblənirəm. Bunlar yaşlananda necə olacaqlar deyə... Öz düşüncəsi, öz fikri, öz prinsipləri olmayan yazıçı varmı dünyada? Fikri-düşüncəsi hamı ilə üst-üstə düşən adamın səmimiyyətinə necə inanmaq olar?


Mən Əkrəm Əylislini özü boyda bir ürək kimi həmişə döyünən, vurnuxan görmüşəm. Adi çayxana söhbətlərindən tutmuş, müsahibələrinə və təbii ki, əsərlərinə qədər...


İnsan içindəki işığı nə qədər qoruyub saxlayırsa, o qədər dəyərlidir. Bu mənada Əkrəm Əylisli həyat üzərində qələbə çalıb. Nəzərə alsaq ki, söhbət Azərbaycan yazıçısının həyatından gedir, vəziyyət bir az da qəlizləşər. Doğrudur, burda taleyin də rolu var, ancaq adamın özündən daha çox şey asılıdır.


Əkrəm müəllimi ədəbiyyata, sözə, istedadlı adamlara, xüsusən gənclərə qarşı həmişə vicdanlı görmüşəm. O, həqiqət üçün mübarizə aparmaqdan, mübahisə etməkdən, hətta əlbəyaxa savaşmaqdan çəkinməyib heç vaxt.
Zaman-zaman bir çoxları kimi Əkrəm müəllimə mənim də “qəzəb”im tutub, ondan umacaqlarım olub. Ancaq yaş artdıqca, özüm həyat imtahanları ilə təkbətək qaldıqca onu başa düşmüşəm.


Azərbaycanın ziqzaqlı ədəbi mühitində Əkrəm Əylisli olmaq sizə zarafat gəlməsin! Həm bir yazıçı, həm bir şəxsiyyət kimi...


Ustad sənətkarı doğum günü münasibəti ilə təbrik edirəm və ona can sağlığı arzulayıram. Qalanını özü bizdən yaxşı bilir...

Cavid Zeynallı: “Əkrəm Əylislinin əsərləri hər cür qondarmaçılıqdan uzaqdır”

Orta məktəb illərində Cəlilabadın mərkəzi kitabxanasından Əkrəm Əylislinin bir kitabını çırpışdırmışdım. O vaxtda qədər bu adda yazıçının bir cümləsini belə oxumamışdım, ədəbiyyat müəllimimiz də elə hey, "Əylisli, Əylisli" deyib, durmuşdu. Kitabı oxu zalından yaman çətinliklə - "kurtka"mın qolunda çıxardım. "Mənim nəğməkar bibim"i oxuyandan sonra elə bil ayaqlarım yerdən üzülmüşdü. Məktəbi bitirməyə yaxın yazdığım cızma-qara hekayələrdə Əkrəm Əylislini yamsılamaqla məşğul idim. Sonralar Əkrəm müəllim yaradıcılığını daha ciddi, dərindən oxumağa çalışdım və bir həqiqəti özüm üçün müəyyənləşdirdim: Bu ustad yazıçı Azərbaycan nəsrinin sütunlarından biridir. Necə ki, Yusif Səmədoğlu, İsa Hüseynov, Anar mənim nəzərimdə bu yerə ucalıblar.

Əkrəm Əylislinin əsərləri hər cür qondarmaçılıqdan uzaqdır: həyatın, yetimçiliyin, ağrı-acının, müharibənin dəhşətlərini bıçaq kimi adamın üzünə çəkir. Və başa düşürsən: ustalıqla zəngin həyat materialı üst-üstə düşəndə, hər türlü quramaçılıqdan uzaq xalis ədəbiyyat yaranır. Zatən, oxucunun qəlbində savayı yolla yaşamaq mümkün deyil.

Əkrəm müəllim aktiv ictimai-siyasi fəaliyyətinə görə zaman-zaman haqlı-haqsız tənqid olunmağından, vaxtilə uğursuz siyasi fəaliyyətindən asılı olmayaraq, mənim nəzərimdə, könlümdə böyük yazıçı, ustad tərcüməçidir. “Gilənar çiçəyinə dediklərim”, “Kür qırağının meşələri”, Mənim nəğməkar bibim” bizim nəsrimizin böyük əsərləridir. Çingiz Aytmatovun “Əlvida, Gülsarı”sını, Haynrix Böllün “O illərin çörəyi”ni oxuyanda Azərbaycan dilinin imkanlarına heyrətlənməmək olmur. Bu, məhz Əkrəm müəllimin xidmətləridir.

Ən gözəli bilirsinizmi nədir: bu insan “oxlu kirpi” statusu qazanan “yazançı”ları boğazdan yuxarı tərifləmədi. Və ruhunu cavan saxladı… Bizim ədəbiyyatda çox az yazıçı var ki, öz ruhunu qocalığın cəngindən dartıb qopara bilib, kahinə çevrilməyib. Əkrəm müəllimi təbrik edir, könül xoşluğu, uzun ömür arzu edirəm. Və yazıçı olmaq üçün uzun bir yolun yolçuluğuna çıxmış gənc kimi deyirəm: sənin yaradıcılığından öyrənəcəyim çox şeylər var, Əkrəm Əylisli!

Cəlil Cavanşir

# 7598 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #