“Ermənilərin faciəsinin səbəbkarı katalikosdur” MÜSAHİBƏ

“Ermənilərin faciəsinin səbəbkarı katalikosdur” <span style="color:red;">MÜSAHİBƏ
11 avqust 2014
# 08:30

Kulis.Az Qarabağ müharibəsinin iştirakçısı, jurnalist İlham Tumasla müsahibəni təqdim edir.

-Mən bilən ali təhsili yarımçıq qoyub, könüllü olaraq cəbhəyə yollanmısan...

-İndiki Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alırdım. Biz ikinci kursda oxuyanda Xocalı hadisəsi baş verdi. Mart ayında universitetin hərbi kafedrasına getdik və 10-15 gün təlim keçdik. Təxminən 40-50 nəfər olardıq. Qəzet paylayan Sakit bizimlə idi. Komandirimiz Mübariz adlı oğlan idi. Təlim müddətində 40 nəfər olsaq da, döyüşə yollanan ərəfədə bir az azaldıq. Sonradan biz 10 nəfər Tərtərə, “Qurtuluş” batalyonuna yollandıq. O vaxt ayrı-ayrı batalyonlardan nümayəndələr gəlib, dəvət edirdilər. Bizi də “Qurtuluş” batalyonuna dəvət etdilər. İki gün batalyonda qalandan sonra bizi sənədlərimizi gətirmək üçün göndərdilər. Sənədlərimizi götürüb, yenidən yollandıq döyüş bölgəsinə.

-Sən sonradan komandir kimi hərbi xidmətə davam etdin?

-Yox. Tərtər ətrafındakı döyüşlərdə iştirak elədik, Ağdərə əməliyyatında iştirak etdik. Üç şəhid verdi bizim tələbə-könüllülər; Məhərrəmov Lətif, İsayev Nazim, Kazım adlı oğlan. İkisi Xaçmaz uşağı idi. Yaralananlarımız oldu. Ondan sonra 1993-cü ildə geri qayıtdıq. Mən fizika fakültəsindən, fəlsəfə fakültəsinə keçdim. Cəbhədən geri qayıtdıqdan sonra fizika mənim üçün maraqsızlaşmışdı. Sonra Əkbər Bayramova ağlamalı bir ərizə yazdım. Ərizəni oxuyandan sonra demişdilər ki, bu tələbəni keçirməmək olmaz. Fərq imtahanı verib, fəlsəfə fakültəsinə keçdim. Fizika fakültəsində üçüncü kursa keçməli idim, fəlsəfə fakültəsinin ikinci kursundan oxumağa başladım. 1996-cı ildə təhsilimi tamamlayıb, zabit kimi hərbi xidmətə yollandım.

-Necə oldu ki, döyüşməyini nəzərə almadan, xidmətə çağırdılar?

-Mənim döyüşməyimlə bağlı heç bir sənəd qalmamışdı. Müharibədən qayıtdıqdan sonra vəsiqəmi, arayışları, digər sənədləri cırıb atmışdım və asketik bir həyata başlamışdım. Filosofluq edirdim. Universitetin xaricilər üçün olan yataqxanasında demək olar ki, tək yaşayırdım. Bir müddət Ali Diplomatiya Kollecində işləyirdim və ordan da hərbi xidmətə yollandım.

-Qayıdaq döyüşdüyünüz günlərə. Əsgərlərin, könüllülərin durumu necə idi? Əhval-ruhiyyə, döyüşə münasibət...

-Hərdən mən deyəndə düzgün anlamırlar. Deyirlər ki, əsgər yaxşı geyinməli, yaxşı yeməlidir. Amma döyüş vaxtı bunların heç biri yada düşmürdü. Bakıda kimsə kef edir, etmir bunlar gözə görünmürdü. İlk döyüşdə təbii ki, qorxursan. Mən birinci döyüşümə may ayında girmişəm. Amma vaxt keçdikcə adam başa düşür ki müharibədir və sən döyüşməlisən.

-İndiki əhval-ruhiyyə necədir?

-Mən ordudan çoxdan ayrılmışam, haradasa 2000-ci ildə. Dörd il zabit kimi xidmət etmişəm. O zaman tamam başqa ovqat vardı. İndi müəyyən informasiyalar yayılır. Bəzən səhv, bəzən şişirdilmiş. Ancaq sosial şəbəkələrdə ruh yüksəkliyi müşahidə olunur.

-O zaman da bu cür ruh yüksəkliyi vardımı?

-Təbii ki. Təsəvvür elə ki, müharibə gedirdi. Batalyon komandirimiz Şahin Tağıyev bizi hər döyüşdən sonra evə buraxırdı ki, gedin valideyinlərinizlə görüşün. Sumqayıtda, Bakıda avtobusdan düşən kimi tanımayan adamlar da başıma yığışırdı. Bax, həmin dövrdəki əsgərə diqqət və qayğı yenidən qayıdır. Arada bir müddət itmişdi. Döyüş olanda, şəhid olanda əsgərə, orduya hörmət artır. Son günlər insanların coşğusu sübut edir ki, döyüşlər başlasa əvvəlki coşğu, orduya inam geri qayıdacaq.

- Atəşkəsdən sonra necə idi ovqat?

-Ordunun çox ağır vaxtları idi. Mən Murovda xidmət etmişəm və dörd postum var idi. Zabit olaraq mənə 2 günə bir kərpic çörək verirdilər. Mənim dörd postda 16 əsgərim vardı. 15 günə bizə 2-3 kq ət verirdilər. Əti postlar arasında böləndən sonra mənə düşən payı paylayıcı əsgərlə birdəfəyə yeyib qalxırdıq.

-Ondan sonrada aclıq dönəmi başlayırdı?

-Turac, kəklik olurdu. İldə bir dəfə hansısa postda maral vururdular.

-Atəşkəs dövrünün ordu üçün faydası oldumu?

-Əlbəttə. Mən məğlub ordu ifadəsini ona görə qəbul etmirəm ki, həmin dövrdə ordu formalaşmamışdı. Ordu hələ indi formalaşır. Məsələn, informasiya yayılır ki, “General hansısa “kamkor”u (korpus komandirini) söydü”. Bu cür hadisələr ola bilər, müharibə dövründə mümkündür. İkinci dünya müharibəsindəki filmlərdə də görürürük bu olur. Əsas odur ki, orduda cavabdeh adamlar var. Ordu nizam-intizamı sevir.

-Tez-tez bəzi saytlarda, sosial şəbəkələrdə torpaqların alınma xəbəri yayılır. Məsələn, işğal altındakı iki rayonun alınmasından, postların tutulmasından yazırlar. Bu cür xəbərlər sənə necə təsir edir?

-Mən çox praqmatik, real adamam. Hesab edirəm ki, sevinməyə vaztımız olacaq. Dostumuz Qabil Abbasoğlu Beyləqana getmişdi və ordan iki-üç cümləlik bir şey yazmışdı sosial şəbəkədə. “Yovşan qoxusu...Azərbaycan əsgəri... Azərbaycan bayrağı...Qürur duyuram.” Buna görə Qabil Abbasoğlunu qınayırdılar. Halbuki o öz hisslərini yazmışdı. “Filan rayon alındı” tipli xəbərlərə inanmıram. Mən real informasiyanı almadan belə boş xəbərlərə inana bilmərəm. Artıq eyforiya dövrü bitib. Dezinformasiya yayan saytlara qarşı mübarizə başlayır. Bu isə onu göstərir ki, eyforiya ilə yaşamaq mümkün deyil.

- Dezinformasiya yayanların məqsədi, məramı nə ola bilər? Niyə bu qədər küyə gedir media? Nəyə lazımdır bütün bunlar?

-Vaxt var idi çoxlu qəzetlər çıxırdı. İndi Sən Cəlil Cavanşir neçə qəzet oxuyursan?

-Oxumuram.

-Bəs neçə sayt oxuyursan?

-3-4-ünə baxıram.

-Vəssalam. Bitdi. Saysız hesabsız saytlara baxırsanmı? Ciddi yanaşırsanmı?

-Ancaq sosial şəbəkələrdə bu xəbərlər paylaşılır və saytın qeyri-ciddi olmağını düşünmədən oxucular girib dezinformasiyaları oxuyur.

-Bunun qorxusu yoxdur. Belə şeylər də olmalıdır. Dezinformasiya da olmalıdır. Məni tamam başqa şeylər narahat edir. Məşhur türkiyəli döyüşçü Yusif Ziya Arpacık bəyanat verir ki, müharibə başlasa yüz min döyüşçü köməyə gələcəm. Bəziləri yazmışdı ki, başımızın altına yastıq qoyurlar. Mən də çox şey bilirəm. Amma dəstək vermək lazımdır. Gərərək ciddi insanlar belə şeylərə reaksiya verməsin. Müharibənin ən ciddi məqamı informasiya savaşında qalib gəlməkdir.

“Kəndlər alındı”, “Şuşaya bayraq sancıldı” yazan qeyri-ciddi saytlar da lazımdır. Kütlə üçün eyforiya da lazımdır. Ciddi insanlar bu məsələdə siyasi görüşündən, hökümətə münasibətindən asılı olmayaraq, İlham Əliyevə münasibətindən asılı olmayaraq dövlətin yanında olmalıdır. Dövləti də bu hakimiyyət təmsil etdiyi üçün, Qarabağ mövzusunda hakimiyyətin yanında olmaq, dəstək vermək lazımdır.

-Döyüş bölgəsində, səngərlərdə şəkillər çəkilir. Hərbi texnikanın hardan hara hərəkət etdiyini yayırlar. Videolar paylaşılır. Bu cür informasiyaların yayılması doğrudurmu?

-Mən çox sevindim ki, jurnalistlərimiz bu məsələdə aktiv oldular. Onların cəbhəyə getməsi ilə qürurlandım. Məsələn, efirlərdən tanıdığımız Elçin Əlibəyli. O millətə və dövlətə çox bağlı adamdır. Hadisələr başlayan kimi cəbhə bölgəsinə yollandı, hadisələri gözüylə gördü, müşahidə etdi və qayıtdı. Bu onun şəxsi təşəbbüsüdür. Heç bir lazımsız informasiya yaymadı. Amma bəzilərinə istiqamət vermək, müəyyən şeyləri paylaşmaqlarına mane olmaq lazımdır. Yayılan videolara, fotolara baxmışam. Əslində o informasiyalarda heç bir hərbi sirr yoxdur.

Məsələn, Rey Kərimoğlu müharibə xatirələri yazırdı. Mənə də deyirdilər yaz. Ancaq mən yazmadım. Çünki Rey Kərimoğlunun keçdiyi döyüş yolunu mən keçmənişəm, onun girdiyi döyüşlərə mən girməmişəm. Ona görə də mən müharibə xatirələri yazmadım. Çünki mən tələbə kimi könüllü döyüşüb, geri qayıtmışdım. Rey Kərimoğlu isə döyüşüb, yaralanıb, qazidir. Gərək bir balaca təvazökar olmağı bacaraq. Hər kəs haqqını verə bildiyi işin qulpundan yapışmalıdır.

- Sadəlövh bir sual vermək istəyirəm. Müharibə başlasa, qələbə qazanmaq ehtimalımız nə qədərdir?

-Məncə Qarabağ müharibəsi siyasi müharibə olacaq. Son vaxtlar baş verən hadisələri ciddi saymıram. Bunları lokal döyüşlər olsa da, siyasi yükümlü hadisələrdir. Rusiya var, Avrasiya Birliyi var. Burdakı vəziyyət aydındır. Bunu siyasi ekspertlər daha yaxşı şərh edir. Hərbi ekspertlər o qədər şərh vermir hadisələrlə bağlı. General Rövşən Əkbərov ermənilərin itkiləri ilə bağlı məlumat verir. Sözsüz ki, general deyirsə biz ona inanmalıyıq. Amma mən xaricdə oturub, erməni itki verməyib deyənləri başa düşmürəm. Deyirlər ki, erməni saytları itkilərdən yazmır, siz hansı itkiləri qabardırsınız? Bu necə yanaşmadır?

Bu cür düşünən dostlar da var. Məncə bu təfəkkür problemidir. O daha çox humanist yanaşmanı dəstəkləyir. Onlar Avropada dövlətlər arasındakı sərhədlərin olmamasından çıxış edib, torpaqların itkisini bir o qədər problem etmirlər. Mən Fələstin –İsrai münasibətlərinə laqeydəm. Çox vaxt isə İsrailin tərəfindəyəm. Mənim öz səbəblərim var. Mən nə masonam, nə yəhidiyəm. Mən ərəb xalqının münasibətinə, dəyərlərinə, dünyaya verdiyi dəyərlərə baxıram. Onlar da dünyada sülh olmasını istəyir. Torpaq itkisi onları narahat etmir. Bu iqtidar-müxalifət problemi deyil, bu təfəkkür problemidir.

- Keçmiş döyüşçü və aydın kimi bu proseslərlə bağlı nə düşünürsən? Necə davranmalıyıq?

- Hökümətə və dövlətə dəstək vermək lazımdır. Müdafiə Nazirliyi neçə minlik kontingenti idarə edir. Minlərlə jurnalist var. Bu məsələdə əsas mərkəz Müdafiə naziridir. Zakir Həsənova münasibətdən asılı olmayaraq, doğrusunu bilən odur. Ağlı başında olan, Azərbaycanı sevən insanların üzərinə böyük yük düşür. Səbirlə prosesləri izləmək lazımdır. Müsbət şeylər paylaşmaq lazımdır. Böyük bir axın var, ona qoşulmaq lazımdır, dəstək vermək lazımdır. Müdafiə Naziri yayan informasiyanı yalanlamaq, onu yalan danışmaqda ittiham etmək doğru deyil. Erməni bu hadisələr başlayandan xeyli itki verib. Bunu jurnalistlər demir təkcə. Hərbidə olan dostlarımız açıq deyə bilməsə də, xəlvət qulağımıza pıçıldayır həqiqəti.

Mən açığı müharibə başlayandan sonra saytların bağlanmasının tərəfdarıyam. Təbii ki, Müdafi Şurası yaranacaq, informasiyaya nəzarət ediləcək. Azərbaycan qələbə qazanmalıdır. Çünki həm regionun önəmli parçasıdır, həm də dünyanın ruhani mərkəzlərindən biridir. Dostumuz Xanəmirin “Ağğğbaaağğğ” romanı mənim üçün çox həqiqətləri açdı. Xanəmir yazmışkən, Azərbaycan ruhani mərkəzdir. Dünya da bunu bilir. Müharibə olacaqsa, erməni biləcək ki, bu dünyanın istəyidir. Artıq erməni çəkinir. Katalikos Şeyxə məktub yazır. Halbuki, ermənilərin faciələrin əsas səbəbkarlarından biri katalikosdur.

İqtidar, müxalifət söhbətini bir kənara qoyub dövləti dəstəkləmək lazımdır. Erməninin bu gün dünyada tutduğu mövqeni, biz tutmaq istəyirik. Etiraf edək ki, onların lobbisi güclüdür. Burda dini məsələlər, tarixdən formalaşan şeylər var. Yadına sal, ruslar seminariya açırdı, erməni, gürcü uşağını göndərirdi, bizimkilər gizlədirdi. Müsəlman getmirdi. Kəndlərdə açılan məktəbə müsəlman getmirdi. Üstünlük burdadır. Mən Nitsşeni ilk dəfə erməni filosofun təqdimatında oxumuşdum. 1992-ci ildə iki cildlik olan o kitab almışdım. Kitaba erməni filosof giriş sözü yazmışdı.

Erməni lobbisinin gücü, xalqın təhsilə, oxumağa, elmə marağından qaynaqlanır. Bəzi dostlarımız Azərbaycan qadınını tənqid edir, rus qadının üstünlüyündən bəh-bəhlə danışır. Rus, erməni qızı məktəbə gedəndə, biz qadınımızı hicabda gizlədirdik, 12-13 yaşında ərə verirdik. Zeynalabdin Tağıyev Qızlar məktəbi açanda mollalar şikayətə getmişdilər. Bunlar hamısı millətin səviyyəsini göstərən şeylərdir.

Azərbaycanda dini tolerantlıq məsələsi indiki vəziyyətdə qalsa daha yaxşıdır.

# 5598 dəfə oxunub

Müəllifin son yazıları

# # #