Firəngiz Əlizadə: “Pelevinlə meşədə gəzib saatlarla söhbət edirdik”

Firəngiz Əlizadə: “Pelevinlə meşədə gəzib saatlarla söhbət edirdik”
4 sentyabr 2014
# 13:24

Kulis.Az Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin APA-ya müsahibəsini təqdim edir.

- Firəngiz xanım, Bəstəkarlar İttifaqında işlər nə yerdədir, hansı yeniliklər var?

- Biz həmişəki kimi gərgin iş rejimində çalışırıq. Bəstəkarlar İttifaqının bir neçə layihələri var, onlar davam edirlər. Məsələn, Şəkidə İpək Yolu Festivalının beş illik yubileyini keçirdik. Çox gözəl, yüksək səviyyəli tədbir baş tutdu. Bu il Çindən və Hindistandan musiqi kollektivləri gəlmişdi. Bu iki qədim xalqın musiqisini dinlədik, rəqslərinə tamaşa elədik, geyimlərinə baxdıq. İttifaq türkdilli xalqlarla əlaqələr yaradıb. Bu, çox aktual məsələdir. Artıq Mədəniyyət və Turizm Nazirliyi təqdimatımızı qəbul edib və hər il iki-üç tədbir sırf bu mövzuya həsr olunacaq. Biz bu layihə ətrafında axtarışlar aparanda şahidi olduq ki, türkdilli xalqların musiqi tarixində Üzeyir bəyin necə böyük rolu olub. Təəssüf ki, bu faktlar insanlara az məlumdur. Türkdilli xalqlar öz lad sistemini yaratmaq üçün dəfələrlə Üzeyir Hacıbəyliyə müraciət ediblər, onun dərslərində oturublar.

- Qonorar üzündən Azərbaycana konsert verməyə, yaxud ustad dərsləri keçməyə gətirə bilmədiyiniz məşhur musiqiçilər varmı?

- Bilirsiniz, bizim festivallarımızda o qədər istedadlı musiqiçilər iştirak edir ki, demək olar, istəklərimizin hamısı reallaşır. Bəzən olur, böyük musiqiçilərin gəlməsinə onların proqramı mane olur. Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı silsilə tədbirlərimiz olacaq və nazirliyə təqdim etdiyimiz bütün layihələr təsdiq olundu. Deməli, bu dəfə də dünyadan ən istedadlı musiqiçilər Azərbaycana təşrif buyuracaqlar. O ki qaldı qonorar məsələsinə, tanınmış musiqiçilərin qonorarları müxtəlif olur. Ümumiyyətlə, deyim ki, bəstəkarlar təvazökar olurlar və bizim düşündüyümüz böyük məbləğlərdə pul tələb etmirlər. Onlar üçün vacib olan musiqi əsərlərinin dünyanın müxtəlif ölkələrində səslənməsidir. Tutalım, Aleksandr Çaykovski çox məşhur bəstəkardır. O, dəfələrlə gəlib öz əsərlərini ifa edib, mənim operama qulaq asıb, çox gözəl sözlər deyib. Amma həmin adamlar xüsusi konsert proqramı üçün gəlirlərsə, əlbəttə, böyük pullar tələb edirlər. Məsələn, mən dünyanın müxtəlif ölkələrində ustad dərsləri keçirəm. Almaniyada, Avstriyada, İsveçrədə, Amerikada qonorar məsələsi o qədər dəqiq oturuşub ki, ümumiyyətlə, pula görə qəti narahat olmağa dəymir. Sizə deyim, elə böyük pul deyil, deyək, məsələn, mənim bir kamera əsərimin qonorarıdır. Həmin dərslərə sərf etdiyim vaxtı oturub bir əsər yazaram, amma deyirlər, ustad dərsləri vasitəsi ilə gənclər öyrənirlər, sizi daha yaxından tanıyırlar. Məsələn, mənim Davosda ustad dərslərimdə bəstəkarlar Səid Qəni, Firudin Allahverdi iştirak edib. Düzdür, onlar bu haqda nədənsə danışmırlar, bəlkə kimdənsə qorxurlar, ona görə yaymırlar, bilmirəm. Hər halda, bu gənclərin həmin dərslərdə iştirak etməsi, Avropa musiqiçiləri ilə tanış olması sevindirici haldır.

- Gənclərdən söz düşmüşkən, onlara əsərlərinə görə normal qonorar ödəyə bilirsiniz?

- Bizdə vəziyyət məsələn, Yazıçılar Birliyindən daha çətindir. Ona görə ki, artıq bir neçə ildir bəstəkarların əsərləri alınmır. İndi bu işlər sifariş sistemi əsasında qurulub. Bu, bizim ittifaqdan asılı olmayan məsələdir. Amma düşünürəm, bu sistemin özü də təqdir olunmalıdır. Bəstəkara konkret vaxt verilir ki, məsələn, bir aya bu əsəri tamamlamalısan, şərtlərə əməl etməlisən. Burda başqa problem ortaya çıxır: hər bəstəkar da sifariş ala bilmir. Tutaq ki, biri yaşlıdır, digəri təqaüdə çıxıb və s. Onları dəstəkləmək lazımdır. Çox gözəl haldır ki, cənab prezident onlara təqaüd ayırıb. Prezident təqaüdü alan bəstəkarlar artıq sifariş ala bilməzlər. Hətta sifarişi versək də, onlar yerinə yetirə bilməyəcəklər. Hətta cavan bəstəkarlar arasında da oturaqlı, gərgin iş rejiminə öyrəşənləri azdır.

- Bəstəkarlar intizamsız olurlar?

- Hamı haqqında eyni cür fikir bildirmək olmaz. Məsələn, mən çox məsuliyyətliyəm. Bəzən görürsən, cavan oğlandır, onun indi çalışan vaxtıdır, amma məsuliyyətsizlik edir. Məsələn, gəlir ki, Firəngiz xanım, mən bu ay özümü yaxşı hiss eləmirəm, hələ ilham gözləyirəm-filan.

- Siz də ilham pərisi gözləyirsiniz, yoxsa o gözəgörünməz pərini inkar edənlərdənsiniz?

- (Gülür) Vallah, mənim o qədər sifarişlərim olur ki, oturub ilham pərisini gözləsəm, işlərimin heç birini çatdıra bilmərəm. Mənə ilham iş zamanı gəlir. Soyuq başqa işə girişirəm və ritmə düşəndən sonra ayrılmaq istəmirəm. İlham pərisini oturub gözləsək, o gəlməyəcək. Ona görə, nazirliyi mən başa düşürəm. Düzdür, arzulayıram ki, bəstəkarların işi daha çox olsun, sifarişləri bitib-tükənməsin, amma nazirlik də pulunu konkret layihələrə xərcləyir.

- Bəstəkarlar İttifaqının illik büdcəsi neçə manatdır?

- Çox kiçik büdcədir. Hətta desəm, gülərsiniz: 343 min manat. Bunun içində bütün kommunal xərclər, vergi, yol xərcləri və s. var. Əlbəttə, bu məbləğ çox azdır. Bizim çox gözəl salonumuz və bir-birindən maraqlı ideyalarımız var. Amma onları həyata keçirə bilmirik. Sənətkarları qonorarsız necə konsertə çağırım? Bir dəfə gəlirlər, iki dəfə gəlirlər, sonra adamın üzü gəlmir onları dost kimi çağırsın. Bir dəfə Alim Qasımov dedi, Firəngiz xanımın sözü ilə durduq gəldik (Gülür). Ona görə, iki dəfə xahiş edəndən sonra, üçüncü dəfə çağırmağa utanıram. Bunun məbləği olmalıdır ki, gələn sənətkarlara pul ödənsin. Hər dəfə yalvar-yaxarla “vaxtınız olsa gəlin”, “gəlsəniz, yaxşı olar” deməklə, iş keçirmək olmur. Hələlik, birtəhər işimizi aşırırıq, amma hara qədər belə gedəcək, bilmirəm.

- Firəngiz xanım, sədr kimi sizdən ev istəyənlər, oğlu üçün iş xahiş edənlər olur?

- Əlbəttə, olur. Amma o insanları da başa düşürəm. Bura da gəlməsələr, bəs hara getsinlər? Şükür Allaha, bəzi işləri həll edə bilirik. Məsələn, təqaüd bəstəkarlar üçün böyük köməkdir. Amma onlar konsertlərə, tamaşalara gedirlər. Onlar ziyalılardır, geyimləri baxımlı olmalıdır və s. Bu məsələdə çətinliyim var. Bəzi musiqiçilərimiz deyir, Firəngiz xanım, nə yaxşı təqaüd var, o pulla kitablarımızı çap edirik. İnanın, bunu eşidəndə ağlamaq istəyirəm. Görün, insanlar necə fədakardırlar ki, təqaüdü yığıb, öz kitablarını çap edirlər.

- Azərbaycan bəstəkarı doğrudanmı üst-baş korluğu çəkir?

- Hərdən düşünürəm ki, biz vaxtilə daha çətin yaşayırdıq. Vaxtilə o qədər qadağalar vardı, əlimizi işdən soyudurdu. O vaxt elə bəstəkarlar vardı, onların adını çəkə bilmirdilər. Əlbəttə, çətinliklər olmalıdır. Ümumiyyətlə, insan yağ-bal içində üzəndə yaradıcılıqla məşğul ola bilmir. Hər cür şəraitdə yazıb-yaratmaq mümkündür. İttifaqın birinci mərtəbəsində bir neçə otaq hazırlamışıq. Kondisionerinə qədər hər şəraitini yaratmışıq. Kim deyirsə, yazmağa şəraitim yoxdur, deyirəm, buyur gəl, otaq sənin ixtiyarındadır. Təki onlar gözəl musiqi yazsınlar. Nə qədər imkanım varsa, ittifaqda onlara şərait yaradacağam.

- Məmurlara ağız açanda sözünüzü eşidirlər?

- Mümkün xahişdirsə, bəli, eşidirlər. Hər şeydən əvvəl insan istədiyi şeyi gərək əsaslandıra bilsin. İnanın, bizim mədəni həyatımız o qədər gərgindir, o qədər tədbir keçirilir ki, mən təəccüb edirəm: bu qədər işləri Mədəniyyət və Turizm Nazirliyi necə təşkil edir? Biz də öz növbəmizdə çalışırıq ki, ittifaqın 5 manat üzvlük haqqı hesabına gənc musiqiçilərə qonorar verməklə tədbirlər keçirək. Bəzən təqaüd alan insanlar belə beş manatı gətirib vermirlər. Yığılan pulu üst-üstə toplayıb gənclərin konsertinə görə onlara qonorar veririk. Özü də, o pul böyük məbləğ deyil: 50-60 manat. Çalışırıq işlərimizi heç kimi incitmədən təşkil edək.

- Təqaüd məsələsi necə tənzimlənir? Narazı qalanlar olurmu?

- İttifaqın 200 nəfərədək üzvü var. Nizamnaməyə görə layiq olanlar bu təqaüdü alırlar. Təqaüdə görə bizdə ciddi şəkildə narazılıq olmayıb. Bəzən gəlirlər ki, Firəngiz xanım, filankəs təqaüd alır, mən yox, deyirəm, çağıraq həmin adamı, onun təqaüdünü sənə verək. Deyir, yox, buna razı olmaram.

- İstərdim, üzvlüyə qəbulun prinsipləri haqqında danışaq...

- İttifaqın üzvlüklə bağlı nizamnaməsi nəyi tələb edirsə, ona uyğun hərəkət edirik. Bəzən deyirəm, istəyirsiniz, səsvermə ilə nizamnaməni dəyişək, deyirlər, yox, belə yaxşıdır. Ziyalılarımız bayağı musiqilərdən şikayət edirlər. Biz həmin bəstəkarları üzv götürsək, onlara nüfuz qazandırmış olarıq. Əlbəttə, burda istisnalar da var. Tutalım, mənim Vaqif Gərayzadəyə çox böyük hörmətim var. Əvvəla, gözəl bəstəkardır, daha sonra istedadlı aranjemançıdır. Bizim ən gözəl ifaçılarımızı o tərbiyə edib, estrada musiqisinə Azərbaycan xırdalıqlarını gətirib. Mən Vaqif Gərayzadəni Bəstəkarlar İttifaqına məmnuniyyətlə üzv qəbul edərəm. Amma qorxuram. Bilirsiniz niyə? Çünki bura üzv olmaq üçün əlində diplomun olmalıdır və həmin sənədə ya bəstəkar, ya da musiqişünas yazılmalıdır. Yəni Konservatoriyanın ya bəstəkarlıq, ya da musiqişünaslıq şöbəsini bitirməlisən. Biz Vaqif Gərayzadəni üzv qəbul etsək, onun arxası ilə yüz nəfər peşəkar olmayan bəstəkar gələcək ki, bəs biz? Yadıma gəlir, Qara Qarayevin təklifi ilə Vaqif Mustafazadəni üzv qəbul etdik. Vaqifin ümumiyyətlə diplomu da yox idi. Səsvermə ilə qəbul edib sənədi Moskvaya göndərdik. Çox keçmədi, sənədi qaytardılar ki, siz bununla Azərbaycanda bəlkə yüzlərlə insan üçün yol açırsınız, burda milyonlarla o cür adamlar var, onlar gələcək, biz necə edəcəyik? Ağrılı məsələlərdən biri də, budur: bu gün peşəkar bəstəkarların əsərləri kanallardan yığışdırılıb. Siz təsəvvür edirsiniz ki, peşəkar bəstəkar kanal rəhbərinə desin ki, al bu pulu, mənim mahnılarımı efirə ver. Ola bilməz! Telekanallarda bədii şuralar olmalıdır, orda nüfuzlu insanlar oturmalıdır və bayağı mahnıları oxuyan, bəstələyən insanlara başa salmalıdır ki, filan-filan səbəblərə görə, sən efirə çıxa bilməzsən. Vaxtilə Səid Rüstəmov Tofiq Quliyeva izah edirdi ki, sən vəzn nədir onu bilmirsən, rus tələffüzlüsən, ona görə mən səni başa salıram ki, öz üzərində işləməlisən. Tofiq Quliyev səsini də çıxarmazdı, səhvlərini düzəldib, yenidən mahnılarını təqdim edərdi. Nəticə odur ki, 50 ildir biz Tofiq Quliyevin mahnılarına qulaq asırıq.

- Bakıda niyə ustad dərsləri keçmirsiniz?

- Hər halda, görünən budur ki, mənə burda tələbat yoxdur.

- Firəngiz Əlizadəyə Almaniyada tələbat var, Bakıda yox?

- Bizim gözəl pedaqoqlarımız, müəllimlərimiz var, onlara tələbat var. Mənə də tələbat olsa, inanıram ki, dərslərə dəvət edəcəklər. Bizim gənclərimizin çoxu xaricdə oxuyurlar. Mənə bir məsələ qəribə gəlir: biz vaxtilə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişik və bu günə qədər o təhsilin bəhrəsini görürəm. Bizim indiki uşaqlarımız isə bakalavr və magistr dərəcəsi üzrə təhsil alırlar, amma bir də xəbər tuturuq ki, Avropada birinci kursa qəbul olunub. Bu, mənə çox ağır gəlir. Səbəbini soruşanda deyir, hiss edirəm ki, təhsilim tam deyil, Avropa təhsili mənə lazımdır.

- Konservatoriyanın rəhbərliyi ilə münasibətləriniz necədir?

- Lap yaxşı. Hamı ilə münasibətlərim yaxşıdır. Kim mənimlə yaxşı rəftar edirsə, mənim də ona münasibətim çox yaxşı olur. Bilirsiniz, mən uzun illər xaricdə yaşamışam, ona görə də, heç kimlə alış-verilişim yoxdur. Mənə dəyməsinlər, əleyhimə iş aparmasınlar, mən də öz işimlə məşğul olum.

- Belə başa düşdüm ki, əleyhinizə iş aparırlar...

- Siz bu sualı verirsinizsə, deməli, nə isə var. Kim aparırsa, canı sağ olsun. Hələ ki mənə təsir etmir.

- Bəlkə sizin sədr olmağınızdan narazı olanlar var?

- Olsunlar! Məni bura həmkarlarım seçib. Bəstəkarların yekdil səsi ilə bu ittifaqa sədr seçilmişəm. Bu ittifaqda böyük pullar, tabeçiliyində icarədə olan restoranlar yoxdur ki, nə isə gizli işlər aparılsın. Nə qədər Bəstəkarlar İttifaqının sədri mənəm, burdan kabab iyi gəlməyəcək. Bu bina yalnız bəstəkarlara məxsusdur və belə də olmalıdır.

- İttifaqın binasında icarə məsələləri vaxtilə olub?

- Bəzi şeylər olub, amma bu bizə aid deyil.

- Məmurlardan dostlarınız var?

- Nədənsə, məmurlar arasında olmaq, kabinetlərində oturub, söhbət etmək... Yəni olmayıb belə şeylər. Təbii ki, böyük tədbirlərdə görüşürük. Siz məmurlardan soruşun ki, Firəngiz xanım sizdən bir dəfə də olsun, nə isə istəyib? Hamısı deyəcək, istəməyib. Hətta özləri deyiblər sizə nə lazımdır, nə edək? Demişəm, heç nə istəmirəm. Mənə lazımdır ki, Bəstəkarlar İttifaqının hörməti və nüfuzu olsun. Məsələn, mən mədəniyyət və turizm nazirini məmur saymıram. O, bizim çox gözəl dostumuzdur.

- Mütaliə etməklə aranız necədir? Vaxt tapa bilirsiniz?

- Mütaliə ilə aram həmişə yaxşı olub. Bu yaxınlarda Elif Şafakı oxudum, çox xoşuma gəldi. Kamal Abdulla öz kitablarını mənə hədiyyə etmişdi, çox böyük maraqla oxudum. Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri qeyri-adi əsərdir. Vaxtilə mənə “Qətl günü” bu cür təsir etmişdi. Ona görə ki, bu əsər Azərbaycan ədəbiyyatında yeni yol açmışdı. Anarı, Çingiz Abdullayevi oxumuşam, xoşuma gəlib, sevmişəm. Viktor Pelevini də oxumuşam, hazırda Murakaminin əsərini mütaliə edirəm. Orxan Pamukun “Qar” romanı və Əlif Şəfəqin əsərləri məni valeh edib. Təəssüf ki, biz əsərlərimizi təbliğ edə bilmirik. Tərcümə amilinin də burda böyük rolu var. Sevinirəm ki, Azərbaycanda Tərcümə Mərkəzi fəaliyyətə başlayıb və onun rəhbəri mənim böyük hörmət bəslədiyim yazıçı Afaq Məsuddur. İnanıram, tərcümə işlərinə böyük nəzarət olacaq. Mən Afaq Məsudla şəxsən tanış deyiləm, amma onun təşkilatçılığına və peşəkarlığına yaxşı bələdəm. APATV-nin “Üç Valet” verilişində Afaq Məsudla olan söhbətdən çox böyük zövq aldım. Maraqlıdırsa, onu da deyim ki, 2000-ci ildə Almaniyada yaradıcı insanların istirahət mərkəzində Pelevinlə tanış olmuşdum. Qaraqabaq və ağır xasiyyətli adamdır, amma mənimlə söhbəti çox yaxşı alındı. Pelevinlə meşədə gəzib saatlarla söhbət edirdik. Çalışıram, cavanları da nəzərdən qaçırmayım. Seymur Baycanın bir neçə əsərini oxudum, amma sözün düzü, məndə parlaq təəssürat yaratmadı. Kulis.az saytında siz də daxil olmaqla, digər gənclərin, demək olar, hamısını oxuyuram. Bəxtim onda gətirib ki, qohumlarım internetə daha çox bələddirlər. Bir də gördün, zəng edirlər ki, Kulis.az-da maraqlı yazı var, sənin xoşuna gələcək, onu mütləq oxu.

# 1915 dəfə oxunub

Müəllifin son yazıları

# # #