III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub

III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub
23 sentyabr 2013
# 12:32

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub.

APA-nın məlumatına görə, Beynəlxalq Kitab Sərgi Yarmarkasında 25 ölkədən 120-yə yaxın nəşriyyat iştirak edir.

Ziyalıların, millət vəkillərinin, mədəniyyət xadimlərinin iştirak etdiyi sərgi-yarmarkanı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitab sərgisinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, sərgi-yarmarka günləri çərçivəsində silsilə kitab tədbirlərinin keçirilməsi nəzərdə tutulub: "İki ildən bir keçirilən sərgi-yarmarka Azərbaycanın mədəni həyatında öz layiqli yerini tutdu. Bu gün Azərbaycanda kitab işi ilbəil genişlənir və bizim həyatımızda kitabın xüsusi yeri var. Bu beynəlxalq sərginin keçirilməsində əsas məqsəd kitaba sevgini, məhəbbəti artırmaqdır".

Ə.Qarayevin sözlərinə görə, builki sərgidə nəşriyyatlar daha fəal iştirak edir: "Nəşriyyat evlərinin sərgiyə böyük həvəslə qatılması, fəal iştirak etməsi bizi çox sevindirir. Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir və həmişə böyük uğurlarla ölkəmizə qayıdırıq. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram k, Azərbaycan kitabı həmişə yaşayacaq".

Qeyd edək ki, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası ötən illərdən fərqli olaraq, bu dəfə açıq havada keçirilir və stendlər nəşriyyatlara pulsuz verilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən nəşriyyat və poliqrafiya müəssisələri iştirak edir.

# 1669 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #