Nurəddin Mehdixanlı haqqında və ya məbəddə kim araq içir?

Nurəddin Mehdixanlı haqqında və ya məbəddə kim araq içir?
21 may 2014
# 15:12

Saytlardan birində aktyor Nurəddin Mehdixanlı ilə rejissor Mərahim Fərzəlibəyovun qarşıdurması ilə bağlı yazı oxudum. Mübahisənin məğzi belədir: M.Fərzəlibəyov Akademik Milli Dram Teatrını tənqid edib, sonra da deyib ki, yaşlı aktyorlar gənclərin qarşısını alır. N. Mehdixanlı da cavab verib ki, Milli Dram Teatrında heç kəsə maneçilik törədilmir. Nə gənc aktyora, nə rejissora.

Aktyor müsahibəsində daha sərt fikirlər söyləyib.

Məlum qarşıdurmanın təfərrüatlarına varmaq istəmirəm. Çünki özlüyündə “polemika” mənə maraqlı deyil. Ən azından bu, sənət, intellektual düşüncəyə söykənməyən mübahisədir.

Üstəlik, tərəflər sənətkar kimi də diqqətimi çəkmir. M.Fərzəlibəyovun eyni mizanlı, insan ruhuna toxunmayan teatr tamaşalarını qoyuram bir kənara, “Qırmızı qar” filmini çəkən rejissor kino sənətindən az-çox bilən birisi üçün maraqlı ola bilməz.

N. Mehdixanlının isə “İlahi məxluq” və “Absurdistan” filmlərindəki fərqli oyunu istisna olmaqla televiziya və teatr tamaşalarındakı rollarının əksəriyyəti monotondur: çılğın, coşğulu, pafoslu, qışqıran. Aktyor obrazlarında da, müsahibələrində də o qədər “millət”, “vətən” qışqırır ki, adamın istər-istəməz bu sözləri kəşf edən, ilk dəfə dilinə gətirən insana lənət oxumağı gəlir.

Qısası, mətləbə keçim. N.Mehdixanlı müsahibədə deyir ki, Akademik Milli Dram Teatrı məbədin başıdır.

Teatrın müqəddəsliyi barədə digər aktyorlar da həmişə iddia edir.

Vaxt vardı, müəllim sənətinin də sakral, toxunulmaz olması haqda fikirləri beyinlərə yeridirdilər. Sonra bildik ki, müəllim də canılıymış, yemək yeyir, içir, onun da təbii ehtiyacları, hissləri var, hətta uşaq da döyür, rüşvət də alır.

Ümumiyyətlə, bizim əsas problemlərimizdən biri müəyyən şeyləri müqəddəsləşdiməkdir. Ehkamlar dağılanda isə şok keçiririk, üsyan edirik, bir az da coşsaq hətta inqilab edərik.

Adi həqiqəti anlamırıq ki, normal cəmiyyət üçün ehkamlar qurulmamalıdır, qanunlar işləməlidir. Məsələn, müəllim, həkim, məmur vəzifəsini vicdanla yerinə yetirilməlidir. Vəssalam.

İndi də az qala bütün aktyorlar, aktrisalar hər dəfə teatrın məbəd olduğuna bizi inandırmağa çalışırlar (özləri inanmasa da ).

Yadıma tanınmış aktrisalardan biri ilə çoxdankı söhbətimiz düşdü. Həmin aktrisa deyirdi ki, Dram Teatrı səhnəsini müqəddəs bilirdim, orda işləməyə həvəslə razılıq verdim. Amma tamaşa zamanı tərəf müqabilim olan məşhur aktyorların araq içib səhnəyə çıxdığını görəndə dəhşətə gəldim. Və ərizə yazıb ordan getdim.

Adına məbəd deyilən məkanda heç olmasa tamaşaya baxanda katarsis keçirmək lazımdır. Amma indiyədək Dram Teatrının heç bir tamaşasında bunu yaşamamışam.

Məbəd deyilən yerdə intriqa olmamalıdı.

Məbəd deyilən yerdə teatrımızın peşəkar rejissorlarından biri Hüseynağa Atakişiyevin vaxtilə ordan getməsi üçün otağı yandırılmamalıydı.

...Aktyor müsahibəsinin sonunda deyir ki, “Teatrın qapısı çox böyükdür, əjdaha ağzına oxşayır, O, əjdahanın ağzından çoxları salamat çaxa bilmir”.

Özünün də istəmədən dediyi bu fikirlər “məbədi” dəqiq xarakterizə edir.

Teatrları məbəd, aktyorları kahin kimi tamaşaçıya sırımağa ehtiyac yoxdur. Yetər ki, keyfiyyətli tamaşalar hazırlasınlar.

# 5842 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər