“Ay işığı”ndan REPORTAJ

“Ay işığı”ndan  REPORTAJ
13 noyabr 2013
# 09:00

“Ay işığı”ndayıq... Restoranda yox, ədəbi məclisdə. Sərlövhəyə aldanıb bu yazıya daxil olmusunuzsa üzrlü sayın, bundan o yananı oxumasınız da olar.

“Ay işığı” haqqında bir az məlumat verək, sonra keçək iştirak etdiyimiz məclisə...

“Ay işığı” ədəbi məclisi Qubada, şair Ramiz Qusarçaylının təşəbbüsü və səyi ilə yaradılıb. İlk məşğələsi 1993-cü ilin sentyabr ayının 11-də keçirilib. 1994-cü ildə “Ay işığı” adlı ilk almanax qubalı iş adamı Vidadi Əhmədovun sponsorluğu ilə dərc olunub. Müxtəlif vaxtlarda bu ədəbi məclisə Azərbaycanın görkəmli yazıçı və şairlərindən, alimlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Söhrab Tahir, Zəlimxan Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Məmməd Aslan, Vaqif Arzumanlı, Seyran Səxavət, Ələkbər Salahzadə, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Şahmar Əkbərzadə, Kamil Vəli Nərimanoğlu və başqaları dəvət olunub.

1994-cü ildə Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xeyir-duası və rəhbərliyi ilə “Ay işığı” ədəbi məclisinin bazasında birliyin bölgə üzrə bölməsi yaradılıb və Yusif Həsənbəy bölməyə sədr təyin edilib...

2002-ci ildə xalq yazıçısı Anar yenidən bölmənin qonağı olub. Bu vaxt “Ay işığı” ədəbi məclisinin rəhbəri Ramiz Qusarçaylı Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri seçilib.

“Ay işığı” 20 ildir ki, fəaliyyət göstərir. Bu günlərdə 20 illik yubiley təntənəli şəkildə qeyd edilib.

Bu illər ərzində ədəbi məclisdə fəal iştirak edənlərin kitabları işıq üzü görüb.

Bu məclisdə 6 yaşlı Orxan Xalid oğlu da şeir deyib, 75 yaşlı Şövkət Tacibəy də.

Bunları bizə Ramiz Qusarçaylı dedi, məclisin növbəti məşğələsini açıq elan edəndə... Tədbir Qubanın Mədəniyyət Evində keçirilirdi.

“Ay işığı” haqqında qısa məlumatdan sonra məclisdə birinci dəfə iştirak edən xanıma-Surə Əliyevaya şeirləri oxumaq imkanı yaradıldı. Xanım şeiri niyə yazdığı haqqında izahat vermək istəyirdi ki, Ramiz Qusarçaylı sərt şəkildə onun sözünü kəsdi: “Şeir haqqında izahat lazım deyil, şeirinizi oxuyun”.

“Vətən oğlu” şeiri vətənpərvərlik mövzusunda idi, igid-igid azəri oğullarının Təbrizə üçrəngli bayrağımızı asacağı günün elə də uzaqda olmadığı vurğulanırdı.

Bu şeir məclis üzvləri tərəfindən pis qarşılanmadı, sadəcə üçrəngli bayrağı indiki zəmanədə Qarabağa asmağın daha məqsədəuyğun olduğu vurğulandı. Müzakirənin gedişində bəlli oldu ki, bu şeir tanınmış müğənni Yaqub Zurufcuya həsr edilib. Məclis iştirakçıları belə qərara gəldilər ki, xanım daha bir şeir desin və yalnız bundan sonra onun istedadlı olub-olmadığına qərar verilsin. Ramiz Qusarçaylı bunu məclis üzvlərinin xanıma etimadı kimi dəyərləndirdi. Amma xanım etimadı doğrultmadı. Onun oxuduğu “Qubam” şeirinə Ramiz Qusarçaylının reaksiyası belə oldu: “Müzakirəyə ehtiyac yoxdur, məncə hamı bu şeiri tənqid edəcək”.

Məclis üzvləri sədrlə razılaşsalar da məsləhət bildilər ki, xanım növbəti məclislərdə də iştirak etsin, həvəsdən düşməsin, yenə və yeni şeirlər yazsın.

Ramiz Qusarçaylı xanıma hələ öyrənməyi tövsiyə etdi və qəzəl oxumaq üçün sözü Mövlan Şahidə verdi.

Mövlad Şahid yar, əğyar, gül, bülbül münasibətləri mövzusunda bir neçə qəzəl oxudu. Və təntənəli şəkildə elan etdi ki, dünən yazdığı qəzəli də oxumaq istəyir.

Son qəzəl belə başlayırdı:

Dəmadəmdir, dəmadəmdir, dəmadəmdir, hər aləm.

Hər aləmdir, hər aləmdir, hər aləmdir, cəmi-cəm.

Belə qurtarırdı:

Zilü-bəmdir, zilü-bəmdir, zilü-bəmdir, ey qələm,

Bax bu dəmdir, de əlhəmdir, O, Aləm der Şahidəm.

Ramiz Qusarçaylı “Bir şey başa düşdümsə ərəb olum” deyib sözü satirik şair Eynulla Müslümə verdi. Eynulla Müslümün şeirləri məclisdə əməlli-başlı canlanma yaratdı. Bu şeirlərdə problemlərimiz vardı, kədər vardı, dərd vardı... Sondakı alqışlar bu baxımdan təbii idi.

Məclisdə Məmməd Qədiri də dinlədik. Bir qolu yoxdu bu şairin. Şeirləri Ramiz Rövşən ruhundadır.

İşığım pərvanə çəkməz,

Könlümün şamı köhnəlib.

Dərdlər damır, sızır mənə

Qəlbimin damı köhnəlib.

Təzə dərdlər köhnə canda,

Bir xislətdə, bir nişanda,

Duz qalmayıb göz yaşında

Dərdin də tamı köhnəlib.

Qoyub qaçaq dərdimizi,

Haqlayacaq tapıb izi,

Təzələyər əcəl bizi,-

Köhnəlib, hamı köhnəlib...

Necədir? Bənzəyir?

Məclisin bu yerində məlum oldu ki, “Ay işığı”nın qocaman üzvü Surxay Şahin 83 yaşında rəhmətə gedib. O, tanınmış jurnalist Nazir Əhmədlinin atasıdır. Allah rəhmət eləsin!

Surxay Şahinə rəhmət dilədikdən sonra məclis öz axarında davam etdi. Yenə şeirlər deyildi, şeirlərlə bağlı fikirlər söyləndi. Və bizim diqqətimizdən qaçmadı: Quba şairləri daha çox vətənpərvərlik mövzusunda və ictimai-siyasi, sosial problemlərdən yazırlar. Azərbaycanın bütövlüyü onlar üçün önəmli məsələdir.

Sonda “Ay işığı” haqqında bizim də fikirlərimizi öyrəndilər. Minnətdarlıq etdik Ramiz Qusarçaylıya, ilin-günün bu vaxtında, özü də rayon yerində ayda bir neçə dəfə şeir məclisi təşkil etmək asan məsələyə deyil. Bu məclisdə iştirak edənlərdə ədəbiyyata bir sevgi sezdik. Və onu da gördük, bəzi rayonlardan fərqli olaraq burada ədəbiyyat, mədəniyyət saytlarını, portallarını izləyirlər.

Tədbir yekunlaşmaq üzrədir. Qaz sobasını yandırmaq qəzəlxan Mövlan Şahinin ağlına indi gəlir... “Ehtiyatlı olun”, deyirik, “partladarsız”.

- Qardaş, mən qaz idarəsində işləyirəm e.

Növbəti yazımızın qəhrəmanı o olacaq...

# 3597 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #