Alçaldılmışlar və sındırılmışlar

Alçaldılmışlar və sındırılmışlar
26 oktyabr 2013
# 20:58

Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən!

Ü. Hacıbəyli

Mentalitetimizi ifadə eləyən alleqorik, gözəl ata sözlərimiz var, onlardan birində deyilir: Arığın nə işi var qoruqda ki, vurub qıçını sındırırılar.

Yox, burdan o məna çıxmır ki, kökün qıçındakı piy qatı amortizasiya verir deyə o, zərbəyə daha dayanıqlıdır. Mentalitet şeytan xislətlidir – təfərrüatlarda gizlənir. Atalarımız demək istəyir ki, qoruq kök-gombul adamların oylağıdır, arıqların yeri deyil. Arıqlar xüsusilə qorunmayan yerlərdə bəslənməli, adət-ənənədən və mental dəyərlərdən muğayat olmalı, köklərin daha da yağlanması və piylənməsi olayına xor baxmamalıdır.

Əksərən xor baxmırlar da. Bibliyada Musa peyğəmbər aclıqdan və səfalətdən əziyyət çəkən camaatın könlünü belə alır: «Tanrı səni aclığa düçar edərək bildirmək istəyir ki, insanı yaşadan təkcə çörək deyil, həm də Tanrının irad etdiyi sözlərdir». Yəni xoşbəxt olmaq üçün maddi rifah onsuz da yetərli deyil, siz daha çox ruhi qidanın və mənəvi məmnuniyyətin dərdini çəkin.

Zəruri qeyd: mən burada bizim zənginlər haqqında danışmayacağam. Çünki öz mütləq çoxluğu etibarilə bu elə bir zümrədir ki, onu yalnız faunanın bir hissəsi kimi nəzərdən keçimək olar.

Bəli, insanların çoxusu öz kasıblığını birtəhər həzm eləyə bilir, qüruruna nə gəldi yedirmir, adamlığını və mərifətini can boğaza yığıldığı ana kimi qoruyur, ruhi qidanın və mənəvi məmnuniyyətin peşinə düşür. Bəzilərinə isə tamah güc gəlir, gözlərdən oğurlanıb qoruğa dalmaq istəyirlər, qol-qıç sınır, sınıqçıların müştərisi çoxalır.

Ancaq bir var adamın qolu-qıçı sına, bir də var özü.

Bəziləri sınanda səsi məmləkəti başına götürür, yüzillik palıd ağacı kimi inilti-nərilti ilə yıxılır, bəziləri qrafit kimi kirimişcə ovxalanır.

«Sınmış insan» ifadəsi sadəcə metafora deyil – sınmış adam gözünün odu alınmış, sanki somnambula vəziyyətində gəzib-dolaşan, bütün həyat impulslarını Qara dəlik kimi yox edən bir məxluqdur. Ən maraqlı yaltaqlar, qabiliyyətli kombinatorlar, istedadlı işverənlər və üzəduranlar bu məxluqların sırasından çıxır.

Şöhrətli abxaz yazıçısı Fazil İskəndərin «Kazım dayının atı» adlı gözəl bir hekayəsi var. Hekayədə oyur-oyur oynayan, bütün qaçışların mükafatını alan yaraşıqlı bir atdan söhbət açılır. Müharibə vaxtı imiş, bir gün həmin atı cəbhənin ehtiyacları üçün müsadirə edir və iki aydan sonra geri qaytarırlar. Lakin bu artıq həmin at deyil. Onun nəinki cıdıra çıxmağa, heç öz milçəklərini qovmağa belə həvəsi yoxdur. Məlum olur ki, cəbhədə ata yük daşıtdırıblar, arabaya qoşublar, onun yüyrək təbiətinə uyğun olmayan işlər gördürüblər. Uşağın «Bu ata nə olub axı?» sualını Kazım dayı belə cavablandırır: « Onun qürurunu sındırıblar»; «Hansı qürurunu?»; «Aydın məsələdir, at qürurunu…». Artıq qonum-qonşu atı eşşək yerinə işlədir, əvəzində bir qarın ot-ələf verirlər… At da, könüllü-könülsüz, beş eşşəyin işini görür.

Qeyd edək ki, bu sadəcə alleqorik hekayə deyil, atlar həqiqətən də sınırlar. O ki, insan ola!

Dostoyevskinin «Alçaldılmışlar və təhqir olunmuşlar» romanındakı Makar Devuşkin obrazı Kazım dayının atından çox da fərqlənmir. Özünün təhqiramiz vəziyyətini yaxşı başa düşən Devuşkin bununla barışmaq istəmir, gəl ki, protest üçün canında təpər yoxdur…

Ancaq, ədalət naminə, sınmışların hamısını bir gözdə görmək də düz olmazdı.

Etimad Başkeçid yazır

Məsələn, ötən əsrin 40-cı illərində ABŞ-da «Sındırılmış nəsil» adlanan güclü ədəbi cərəyan formalaşmışdı. Berrouz, Ginzberq, Keruak kimi məşhur təmsilçiləri olan bu ədəbi nəsli əvvəl-əvvəl əxlaqsız, romantik, cəmiyyətin tör-töküntüsü adlandırmaqdan çəkinmirdilər. Cəmiyyətin onları köşəyə sıxışdırmış hakim qaydalarına qarşı çıxdıqlarına, özlərini insan saydıqlarına görə nonkonformist damğası vurulan yazarlar sonda Amerika ədəbiyyatının klassiklərinə çevrildilər.

Sındırılmışların belə özəlliyi də var.

# 5543 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #