news-inner
clock11:07 calendar-gray 28 İyun 2013 view-gray2264 dəfə oxunub
view-gray2264 dəfə oxunub

Qadın tovlayıcısının özünümüdafiə nitqi

Kulis.Az məşhur fransız yazıçısı Gi de Mopassanın “İstəmədən qadın tovlayıcısına çevrilən kişinin özünümüdafiə nitqi” hekayəsinitəqdim edir.

Dilimizə çevirdi - Azad YAŞAR

Cənab sədr,

Cənab hakimlər,

Cənab andlı hakimlər!

Mühakimənizə çıxarılan istənilən sevgi məsələsində siz kor-koranə şəkildə zəif cinsin tərəfini tutur, hər vəchlə qadına haqq qazandırmaqla, kişini suçlamağa çalışırsınız. Bəlkə də ahıl yaşınız və çallaşan başınız bənzər məsələlərdə sizləri hər hansı təmənna güdməməyə məcbur edir, bununla belə, mən sizin bu tərəfdarlığınıza və çıxartdığınız hökmlərə qarşı öz etiraz səsimi ucaltmağa məcburam.

Cənablar, indi mən yaşlı bir adamam, ömrüm boyu dəfələrlə, daha doğrusu, vaxtaşırı aşiq olmuşam. Daddığım o şux nəvazişləri xatırlayanda bu taqətsiz qəlbimdə hələ də zəif işartılar közərir. Keçmişin bir illüziya kimi, gənclik eyş-işrətinin isə rəngi solmuş qobelen kimi gözlərim önündə zühur elədiyi yalqız və kədərli gecələrdə qəfildən ürəyimi ağrı-acı bürüyür, çarəsizlikdən gözlərim yaşarır. Belə gecələrdə mən eşq macəralarımla bağlı vecsiz hədiyyələri saxladığım, qoz ağacından hazırlanmış, sadə görünüşlü mücrümü açır, artıq sonu yaxınlaşan həyatımın nişanələrinin gömüldüyü o mücrüdə könül sirdaşlarımla bağlı xatirələrin tozunu öz titrək barmaqlarımla çırpıram.

Bu gün burada danışmaq istədiklərim heç də bununla bağlı deyildir. Məndən daha utancaq, cürətsiz və güvənsiz bir kişi hələm-hələm tapılmaz və bu üzdən mən dəfələrlə qadınların qarmağına keçmişəm… Hə, sizə də elə bunu anlatmaq istəyirəm.

Mənim hədsiz çəkingənliyimi sezən xanımlar təşəbbüsü adətən öz əllərinə almasaydılar, mən o işlərə… bildiniz də nəyi nəzərdə tuturam, əsla girişməzdim. Olub-bitənləri sonradan saf-çürük eləyəndə görürdüm ki, on macəranın doqquzunda tovlanan, aldanan, buyruq quluna çevrilən, əl-qolu amansızcasına zəncirlənən əslində kişi xeylaqlarıdır. Halbuki sizlər nədənsə tovlayıcı yarlığını da məhz onun boynundan asırsınız. Unudursunuz ki, kişi – ovdur, şikardır, qadın isə – ovçu.

Bu yaxınlarda İngiltərədə qurulan bir məhkəmə bu gerçəyin dərkində mənə yardımçı oldu. Dükanda satıcı işləyən gənc qız cavan dənizçi zabit tərəfindən, sizin də dediyiniz kimi tovlanmışdı. Bir müddət sonra zabit onu atıb getdiyindən, qız canına qəsd eləmişdi. O vicdansız tovlayıcıya öz hiddətlərini ifadə edərkən ingilis hakimlər ən ağır söyüşlərdən, təhqirlərdən, alçaldıcı və mənliyə toxunan ifadələrdən yararlanmışdılar.

Cənablar, yəqin elə siz də eyni cür davranardınız. Bu ondan irəli gəlir ki, siz qadınlara nə bələdsiniz, nə də onları anlayırsınız, buna görə hökmlərinizdə görünməmiş haqsızlığa yol verirsiniz.

İndi məni dinləyin.

Cavan zabit ikən mən alayımla birlikdə liman şəhərlərindən birində qarnizon xidməti keçirdim. Şəhərdə keçirilən məclislərə vaxtaşırı qatılırdım. Rəqs etməyi sevsəm də, bayaq vurğuladığım kimi, hədsiz dərəcədə utancaq idim. Yetkin yaşda olsa da, hələlik öz cazibədarlığını qoruyan, ərli və oğul-uşaq sahibi kimi toplumda bəlli bir nüfuza sahib bir qadının mənə sürəkli göz qoyduğunun fərqinə varmışdım. Vals çalınarkən, o, gözləriylə məni az qala yeyib-bitirdiyindən, bu gümanımda hər hansı yanılma ola bilməzdi. Aydın məsələdir ki, bu barədə hələlik o, dilinə bir söz gətirmirdi. Hansı qadın xeylağı könlünü kişiyə açmağa qıyar, axı?! Bəyəm o, bu barədə danışmağı özünə borc sayır ki?! Bunun əvəzinə, yəni könlündən gələn ən çılğın eşq etirafları əvəzinə o, sizi dəvətkar, birmənalı və başdançıxarıcı baxışlarla süzməyə üstünlük verir. Əvvəl-əvvəl özümü elə aparırdım ki, guya heç nə anlamıram. Ancaq bir də ayıldım ki, özünün lal dəvətləriylə məni ovsunlayan bu qadının qulağına cürbəcür aşiqanə etiraflar pıçıldayıram.

Günlərin bir günü o, məni öz ağuşuna buraxandan sonra elə çıxdı ki, guya mən onu tovlamışam. Kaş biləydiniz o, bunu sonralar neçə kərə mənim başıma qaxdı!

Mənə bəslədiyi ehtiras qorxunc, doyumsuz idi, heç nəylə hesablaşmırdı. Oturub-durub deyirdi ki:

- Məni sən başdan çıxartdın!

Bunun cavabında durub ona nə deyəydim, axı?! Yoxsa bu məsələdə onun o dəvətkar baxışlarını suçlayaydım, hə? Buna siz qərar verin, cənablar. Axı, o, eşqini mənə sözlərlə bir kərə də etiraf eləməmişdi.

Bir gün öyrəndim ki, alayımız iqamət yerini dəyişir. Bu – məndən ötrü əsl qurtuluş idi.

Ancaq axşam saat on birdə o, qaldığım otağa gəlib, dedi:

- Sən buralardan getməyə hazırlaşırsan. Bura gəldim ki, sevən bir qadına xas qətiyyətlə bildirim: mən də səninlə gedəcəyəm. Sırf sənə görə ərimi, ailəmi, uşaqlarımı atacağam. Şəhərdə adıma qara yaxılması da, qohum-əqrəbamı başıaşağı etməm də heç vecimə deyil. Sırf sənin xətrinə bu seçimi etməmdən hədsiz məmnunam.

Kürəyimi soyuq tər basdı. Əllərini ovuclarıma alıb, ona bildirdim ki, mənim üçün verdiyi qurbanları heç cür qəbul edə bilmərəm, onu sakitləşdirməyə, ağlını başına toplamağa dəvət elədim. Ancaq hər cəhdim boşa çıxdı.

Düz gözlərimin içinə baxaraq, fısıldadı:

- Yəni sən bu qədər əclafsan? Yoxsa sən də tovladığı qadınları keyfi istəyəndə atan kişilərdənsən?

Bu suçlamaya baş qoşmasam da, atacağı addımın məntiqsizliyini, bunun hər ikimizin həyatını köklü şəkildə dəyişəcəyini ona anlatmağa çalışdım. O isə durmadan təkrarlayırdı:

- Mən səni sevirəm, vəssalam!

Axırda səbrim lap daraldı və üzünə dedim:

- Bura bax, mən bunu istəmirəm və sənin mənə qoşulub getmənə də əsla yol vermərəm.

O, yerindən qalxdı və bircə kəlmə kəsmədən çıxıb getdi.

Səhəri gün öyrəndim ki, zəhər içməklə intihara cəhd edib. Düz bir həftə ölüm-qalım mübarizəsi apardı. Yanıma gələn ən yaxın rəfiqəsi və sirdaşı mənə dişinin dibindən çıxanı deyəndən sonra bu hərəkətimi şərəfsizlik adlandırdı. Ancaq yenə də təslim bayrağı qaldırmadım. Sonrakı bir ay boyu onunla bağlı dəqiq bir bilgi ala bilmədim. Hamı elə onu deyirdi ki, vəziyyəti yaman ağırdır.

Sonra onun yaxın rəfiqəsi təkrar məni tapıb, bildirdi ki, məşuqəm çarəsiz durumdadır və əgər onu sevməyi vəd etsəm, özündə yaşamağa güc tapar. Məndən umulan hər vədi verdim ona məcburən. Bu sayədə yaxşılaşan qadını özümlə alıb, apardım. Buna görə aydın məsələdir ki, istefaya çıxmalı oldum. Öz yaxın çevrəsindən zorla qopan bir cüt qaçaq sevgili kimi biz İtaliyanın kiçik bir şəhərində iki il baş-başa və məhrumiyyətlərlə dolu acı günlər yaşadıq.

Bir səhər evdə tək idim, onun əri bizə gəldi. Bu dəfə məni nə söyüb, biabır elədi, nə də özündən çıxdı. O, özü istədiyi üçün yox, sırf uşaqları, qızları qəribsəyib deyə, arvadını evə aparmağa gəlibmiş.

Cənab andlı hakimlər! İnanın mənə, buna ürəkdən razılıq verərdim.

Arvadım peyda olan kimi onu keçmiş əriylə təkbətək buraxdım. Qadın onunla getməkdən imtina elədi. Mən də öz tərəfimdən onu razı salmaq üçün yalvardım, yaxardım. Həqiqətən də ağlasığmaz və acınacaqlı bir durum idi: məni tərk etməsini istədiyim bu qadını keçmiş əri öz ailəsinə dönməyə səsləyirdi.

- Hər ikiniz əclafsınız! – deyə üstümüzə çımxıran qadın qaçıb, otaqdan çıxdı.

Şlyapasını başına qoyaraq, mənə təzim edən kişi: «Cənab, Tanrı özü sizə səbir versin» - deyərək, evi tərk etdi.

Mən o qadınla daha altı il yaşadım. Zahirən o, anam yerində görünürdü artıq. Sonra isə vəfat elədi.

Bəli, cənablar, bir vaxtlar bu qadın barədə heç kəs ağzına artıq-əskik, naxoş bir söz gətirə bilməzdi. Eşq-məşqdə adı əsla hallanmamışdı. Cəmiyyətin nəzərində onun adına ləkə salmağı təkcə mən bacardım və elə bu da onun axırına çıxdı. Onun ailəsini bütün aləmdə rəzil, rüsvay elədim, onunla bağlı hər şeyi çamura buladım.

Mən – yaramazam, əclafın biriyəm.

Məni bir ağızdan ittiham eləməkdə sizlər haqlısınız, çünki arvadbaz biri kimi ad çıxartmışdım. Rastıma çıxan bütün qadınlar artıq məni dərin təlaş və maraqla süzürdülər. Bircə him-cimim bəs idi ki, istənilən şux dilbər qucağıma düşsün. Özüm də bir neçə dəfə aşiq oldum, sevgililərimin xəyanətinə uğradım. Yanına yanaşmadığım qadınlar isə barəmdə ağ şayiələr yaymaqla girinc idilər. Daim seçim qarşısında qalırdım mən: ya gözəl Yusif kimi xirqəmi qurban verməliydim, ya da gözgörəsi o amansız, dişi aslanların pəncəsinə keçməliydim.

Sözümü burada tamamlayıram, cənablar.

Gündüz saat on iki ilə bir arasında özünüz də Parisə bir göz gəzdirin. Onda siz modabaz qızların səkilərdə qoşa-qoşa və başıaçıq dolaşdığını, sağı-solu acgöz baxışlarla süzdüklərini, pul-para xətrinə istənilən məhrəm əlaqəyə girmək üçün küçələrə düşdüyünü görərsiniz.

Siz isə nədənsə məhz belələrinin müdafiəsinə qalxırsınız. Barı arabir onların könlündən keçənləri də oxuyun, hərdən danışıqlarına da qulaq verin:

- Yox, canım-gözüm, əgər zəngin bir kişiyə özümü sırıya bilsəm, günlərin bir günü onun məni də Ameli kimi atacağına əsla yol vermərəm. Belə eləsə, vallahi, onu kükürd turşusuyla gəbərdərəm.

Yanlarından yaraşıqlı bir cavan keçəndə isə belə xanımlar onu cəsur baxışlarla süzərək, sanki deyirlər: «Meyliniz çəkəndə sizinəm». Xanım yetərincə şux və canalıcı görünəndə cavan müştəri ayaq saxlayır və o dilbərin tələsinə düşür. İndi siz deyin: bu şəraitdə ovçu kimdir, şikar kim?

Cənablar, bir məqamı da unutmayın: qadınlardan ötrü sevgi – həyatın tək mənasıdır. Pişik siçanla necə oynayırsa, onlar da kişilərlə eləcə məzələnirlər.

Qızlar adətən özlərinə varlı ər axtarırlar. Əslində oynaş axtarışına çıxanların da məqsədi – elə budur. Tələyə düşdüyünü anlayan və qadının pəncəsindən qurtulmaq üçün çapalayan kişidən onlar qisaslarını mütləq alırlar, çünki ovçu da qurduğu tələdən çıxıb qaçan dovşanı eyni belə, yəni amansızlıqla güllə yağışına tutur.

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020