Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?

Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?
5 iyun 2026
# 15:40

Kulis.az Akif Azalpın "Miskin Abdal Göyçəli, yaxud ozan-aşıq keçidinin nəhəngi" yazısını təqdim edir.

Azərbaycan aşıq ədəbiyyatı və sənətinin tarixində ayrıca mövqeyi olan Göyçə aşıq mühitinin naməlum səhifələri və az öyrənilmiş simalarının geniş elmi tədqiqata cəlb olunması, xüsusən, qədim zamanlardan Qərbi Azərbaycan sakini olan qaçqın həmvətənlərimizin öz doğma torpaqlarına qayıdışı ərəfəsində həm böyük ədəbi-tarixi, həm də ciddi milli-ideoloji əhəmiyyət kəsb edir. Sözügedən aşıq mühitinin ilk görkəmli nümayəndəsi, heç şübhəsiz, XV əsrin ikinci – XVI əsrin birinci yarısında yaşayıb-yaratmış Miskin Abdal Göyçəlidir. Lakin çox təəssüf ki, müxtəlif səbəblər üzündən ozan-aşıq keçidinin bu azman simasının həyat və yaradıcılığı indiyə qədər arzu oluunan dərəcədə və səviyyədə öyrənilməmişdir.

Bununla belə, aşıq ədəbiyyatına dair bəzi nəşrlərdə və ayrı-ayrı elmi-nəzəri tədqiqatlarda Miskin Abdal Göyçəlinin şeirlərindən bir sıra örnəklər və onun yaradıcılığı haqqında qiymətli fikirlər nəzəri cəlb edir. Xüsusən, görkəmli folklorşünas, professor Məhərrəm Qasımlının Göyçə aşıq mühitinin təşəkkülü və inkişafında Miskin Abdalın özünəməxsus rolu ilə bağlı aşağıdakı mülahizələri olduqca diqqətəlayiqdir:

“Göyçə aşıq mühiti Azərbaycan aşıq sənətinin təkkə ocağı əsasında intişar tapan qanadına daxildir. “Miskin Abdal ocağı” adıyla pir, ziyarətgah səviyyəsinə qalxan məşhur sufi-dərviş ocağının Göyçədə qərar tapması bunu söyləməyə tam əsas verir.

Miskin Abdal XVI yüzillikdə ömür sürmüşdür. Onun İrandan – Güney Azərbaycandan köçüb gəlməsi, Şah İsmayıl Xətayi ilə şəxsi tanışlığı və yaxınlığı, hətta qohumluğu barədə çoxsaylı rəvayətlər indi də el arasında gəzib dolaşmaqdadır. Əsl adı “Hüseyn” olan sufi-dərvişin təsəvvüf məzmunu daşıyan “Miskin Abdal” təxəllüsünü götürməsi və İrandan gələrək qarşıya qoyduğu missiyanı həyata keçirməsi Göyçə aşıq mühitinin rəmzi statusunu və ideya-estetik zəminini hazırlamışdır.” (Qasımlı M. Ozan-aşıq sənəti və ədəbiyyatı, Bakı, Azərbaycan Aşıqlar Birliyi, 2023, s. 224-225)

Miskin Abdal Göyçəlinin günümüzə qədər gəlib çatan ədəbi-bədii irsi isə əsasən “Azərbaycan aşıq şeirindən seçmələr” adlı ikicildliyin I cildindən (Bakı, “Şərq-Qərb”, 2005, s. 21-38) yer alan, aşıq şeirinin müxtəlif şəkillərini (gəraylı, qoşma, təcnis, divani və s.) əhatə edən, bir sıra təhriflərə məruz qalmış otuzdan artıq örnəkdən və Məhərrəm Qasımlının “...1987-ci ildə qocaman el aşığı Xatınlı Ələkbərdən Tovuzda yazıya aldığı” bir neçə nümunədən ibarətdir. (Qasımlı M. Göstərilən əsəri, s. 225)

Ancaq təxminən öz müasiri olan aşıq Qurbani ilə müqayisədə bədii irsinin azlığına və ciddi təhriflərə uğramış olmasına baxmayaraq, Miskin Abdal Göyçəlinin yaradıcılığı bir neçə cəhətdən, xüsusən, canlı və əzabkeş şahidi olduğu ilk səfəvi-osmanlı müharibəsinin – Şah İsmayıl Xətayi ilə Sultan Səlim Yavuz ortasındakı bu qardaş qırğınının ağır fəlakətlərini əks etdirmək baxımından kifayət dərəcədə zəngin və maraqlı material verir.

Hər şeydən öncə, onu vurğulamaq lazımdır ki, Miskin Abdal Göyçəli xalq arasında daha çox dini-irfani biliklərə dərindən yiyələnmiş bir haqq aşığı kimi məşhurlaşmışdır. Bunu onun müxtəlif şeirlərindən alınmış bir sıra lirik bəyanat xarakterli misralarında da asanlıqla müşahidə etmək mümkündür. Məsələn: “Qırxlar piri” özü verib dərsimi ümman mənim, Çətin girə ürəyimə ləini-şeytan mənim...”; “Mim”nən Məhəmmədəm, “cim”nən Cəfərəm, Ləqəbi çox olan Miskin Abdalam”; “Əbcəd hesabilə dərs aldım ağdan...” və s. Yeri gəlmişkən, məhz əbcəd hesabını dərindən mənimsədiyinə görə də o, öz həyatının bir sıra mühüm sənələrini və hadisələrini örtülü maddeyi-tarixlər vasitəsi ilə öz yaradıcılıq nümunələrində böyük məharətlə əks etdirə bilmişdir.

Bu baxımdan, xüsusən, Miskin Abdal Göyçəlinin “Ağlaram” adlı qoşmalarından birinin aşağıdakı bəndi dərin maraq doğurur:

İki sultan əyləşdi nərgiz taxtında,

Aralığa şəmşir endi, ağlaram.

Məkas fəğan etdi dərya üzündə,

Yelkənim tərsinə döndü, ağlaram.

(Azərbaycan aşıq şeirindən seçmələr, iki cilddə, II cild, s. 33)

Amma bu, çox təəssüf ki, bəndin ciddi təhriflərə uğramış variantıdır. Təhriflərdən söz düşmüşkən, burada olduqca mühüm bir məsələni elmi-ədəbi ictimaiyyətin, ilk növbədə folklorşünas həmkarların nəzər-diqqətinə çatdırmaq ehtiyacı yaranır. Heç kimə sirr deyil ki, bizdə folklor mətnşünaslığı, demək olar ki, yox dərəcəsindədir. Belə olduğu təqdirdə, heç olmasa hələlik folklor poetikasının ən sərt tələblərini və sabit prinsiplərini tətbiq etməklə klassik aşıqların şeirlərini dözülməz təhriflərdən təmizləmək daha səmərəli və daha məqsədəuyğun deyilmi? Axı, folklorşünas alimin vəzifəsi klassik aşıqlara mənsub şeir nümunələrini kobud təhriflərə məruz qalmasına baxmayaraq, yalnız hər hansı əlyazma məxəzdən (cüngdən, bayazdan, təzkirədən və s.) olduğu kimi götürüb çapa verməkdən ibarət olmamalıdır!

Konkret olaraq sözügedən bənddəki göz görəsi təhriflərə gəlsək, onların ən yolverilməzi ilə bəndin birinci misrasında rastlaşırıq. Məlumdur ki, izosillabizm (bütün misralarda hecaların say cəhətdən bərabərliyi) ümumən xalq şeirinin, xüsusən aşıq şeirinin vacib şərtlərindən biri sayılır. İlk misrada bu başlıca şərtin kobud şəkildə pozulmasının şahidi oluruq. İkinci misradakı təhrif isə “şəmşir” sözü ilə işarəsi vurulan örtülü maddeyi-tarixin it-bata düşməsinin əsas səbəbkarıdır. Qısası, yuxarıda gətirdiyimiz bəndin nisbətən təhriflərdən arınmış variantı aşağıdakı kimidir:

İki sultan əyləşdi öz taxtında,

Aralığa şəmşir döndü, ağlaram.

Məkas fəğan etdi dərya üzündə,

Yelkənim tərsinə yendi, ağlaram.

İndi gəlin, tətbiqi ədəbiyyatşünaslığın yeni elmi tədqiqat üsullarından birinin – kəsişən əbcədlər üsulunun köməyi ilə görək, ikinci misradakı örtülü maddeyi-tarixin (“şəmşir döndü”nün) gizlicə ifadə etdiyi hansı faciəvi tarixi hadisədən söhbət gedir. Bunun üçün ərəb əlifbasına xas hərflərin say qiyməti ilə “şəmşir döndü”nün əbcəd hesabını çıxarmaq lazım gəlir: “şin(300)” + “mim(40)” + “şin(300)” + “ya(10)” + “re(200)” + “dal(4)” + “vav(6)” + “nun(50)” + “dal(4)” + “vav(6)” = 920. Buyurun, hicri təqvimin bu sənəsini miladi təqvimə çevirəndə 1514-cü il illə, yəni amansız Çaldıran döyüşünün baş verdiyi tarixlə qarşılaşırıq.

Yuxarıdakı misralardan da göründüyü kimi, məşhur el sənətkarı, bir tərəfdən, bu qardaş qırğınını böyük milli və şəxsi faciə kimi yaşadığını nəzərə çarpdırırsa, digər tərəfdən, milli yaddaşın gərəkli nəticə çıxarması üçün onu ayrıca maddeyi-tarixlə gələcək nəsillərin diqqətinə çatdırmağı özünün mənəvi borcu sayır. Haqq aşığı əgər “Aralığa şəmşir döndü...” deməklə, eyni zamanda, əvvəlki qardaş qırğınlarına da (məsələn, Əmir Teymurla Yıldırım Bayazid arasındakı) bir xəfifcə eyham vurursa, qoşmadakı “Məşuqlar susadı aşiq qanına...”, “Ya Rəb, görən kimlər yetər dadıma, Həsrət qaldım ocağıma, oduma...” və s. kimi misralarla məhz Çaldıran faciəsinin amansız dəhşətlərini və acı nəticələrini vurğulayır.

Çaldıran döyüşündən sonra Sultan Səlim Yavuzun yaxın adamları tərəfindən Miskin Abdal Göyçəlinin təqib edilməsinin və işgəncələrə məruz qalmasının əsas səbəbi onun Şah İsmayıl Xətayinin müridi kimi qəbul olunması ilə bağlıdır. Ancaq bu mürid-mürşid münasibətlərinin özü yox, məhz dərəcəsi və səviyyəsi folklorşünaslıqda hələ də mübahisəli sayılmaqdadır. Fikrimizcə, bu olduqca mürəkkəb və qarışıq məsələdə də professor Məhərrəm Qasımlının aşağıdakı mülahizələri daha məntiqli və daha inandırıcı görünür:

“Könlündə “eşqi-haqdan” – haqq aşiqliyindən başqa bir şey saxlamayan Miskin Abdal aşıqlığın təkkə mərhələsini təmsil edir. Şeyxlik mərtəbəsinə yüksəlib yüksəlmədiyi barədə dəqiq bilgi olmayan (hətta Şah İsmayılın onun barəsindəki məlum-məşhur fərmanından da bunu öyrənmək olmur) Miskin Abdal səfəviyyənin təbliği və təlqini ilə məşğul olan ocaq sahibi – bir mürşiddir. Onun geniş anlamda – el arasında çalıb-çağıran aşıq kimi təsəvvür olunması yanlışdır. Miskin Abdalın aşıqlığı daha çox simvolik məzmun daşıyır və təkkə mərasimi hüdudundan kənara çıxmır. Son vaxtlar Miskin Abdalı Şah İsmayıl Xətayinin yanında gəzib dolaşan el aşığı kimi təqdim edən uydurma “dastan”lar qondarılsa da, “toplayıcı” yaradıcılığının uğursuz və bəsit məhsulu olan həmin cızmaqaralar Miskin Abdalın müqəddəs ruhuna hörmətsizlikdən başqa bir şey deyildir.” (Qasımlı M. Folklor və ədəbiyyat araşdırmaları, I kitab, Bakı, “Elm və təhsil”, 2017, s. 155)

Amma görkəmli mütəxəssisin doğru vurğuladığı kimi, Miskin Abdal Göyçəlinin adından uydurulan qondarma mətnlərlə yanaşı, çoxu çağımıza müxtəlif dərəcədəki təhriflərlə gəlib çatsa da, haqq aşığının öz nəfəsinə mənsub və özü tərəfindən söylənən örnəklər də az deyildir. Çünki, hər şeydən öncə, onlardakı bir sıra örtülü maddeyi-tarixlərin mövcudluğu həmin nümunələrin məhz Miskin Abdal Göyçəliyə məxsusluğunun təkzibolunmaz sübutudur.

Xoşbəxtlikdən, bu maddeyi-tarixlərdən bəziləri, məsələn, haqq aşığının doğum ilini və yaşı yüzü keçdiyini əks etdirənləri hər hansı təhrifə məruz qalmadan günümüzə qədər gəlib yetişə bilmişdir. Buyurun, onun “Əlif-lam” adlı məşhur qoşmasının aşağıdakı ilk bəndinə diqqətlə fikir verək:

Təmiz əkilmişəm, pak doğulmuşam,

Atadan-anadan lütfi-halalam.

Dərsimi haqq verib, ağdan almışam,

Dilimdə əzbərdi doxsan min kəlam.

(Azərbaycan aşıq şeirindən seçmələr, iki cilddə, I cild, s. 30)

Bəndin birinci misrasında örtülü maddeyi-tarix kimi kifayət qədər aydın şəkildə işarəsi vurulan “pak doğulmuşam” ifadəsinin əbcəd hesabını çıxarmağa cəhd edirik: “pe(2)” + “əlif(1)” + “kaf(20)” + “dal(4)” + “vav(6)” + “ğəyn(1000)” + “vav(6)” + “ “lam(30)” + “mim(40)” + “vav(6)” + “şin(300)” + “əlif(1)” + “mim(40)” = 1456. Bəli, bu sənə miladi tarixlə Miskin Abdal Göyçəlinin öz dilindən səslənən doğum ilidir. Göründüyü kimi, əbcəd hesabını dərindən mənimsəmiş ustad sənətkar öz həyatının əlamətdar sənələrini və mühüm hadisələrini gələcək nəsillərə çatdırmaq üçün yaratdığı maddeyi-tarixlərdə həm hicri, həm miladi təqvimdən məharətlə istifadə etmişdir. Üstəlik, həmin maddeyi-tarixlərin gerçəkliyi dəqiq əks etdirdiyinə oxucunu yaxud dinləyicini tam əmin etmək üçün onları bu vəya digər şəkildə təsdiqləyən başqa maddeyi-tarixlər yaratmağa da müvəffəq olmuşdur. Bu mənada, məsələn, ciddi təhriflərə uğramış olsa da, Miskin Abdal Göyçəlinin “Qocaldım” adlı qoşmasının yenə də birinci bəndi dərin maraq doğurur:

Yaman yerdə yoxlayıb məni,

Hey desəm də qocalmaram, qocaldım.

Yüzü keçib silkələyir baxt məni,

Nə olsun ki, mən pirəm, nuram qocaldım.

(Göstərilən mənbə, s. 31)

İndi də folklor poetikasının əsas tələb və prinsiplərini tətbiq etməklə, həmin bəndin nisbətən təhriflərdən arınmış variantına diqqət yetirək:

Yaman yerdə yaxalayıb vaxt məni,

Hey desəm də qocalmaram, qocaldım.

Yüzü keçib silkələyir baxt məni,

Nə olsun ki, pirəm, nuram, qocaldım.

Göründüyü kimi, biz bu müqayisəni daha çox haqq aşığının şeirlərindəki təhriflərin dərəcəsi və miqyasını nəzərə çarpdırmaq üçün gətiririk. Bizi yaxından maraqlandıran və özündə başqa bir maddeyi-tarixi əks etdirən misra (“Yüzü keçib silkələyir baxt məni”) isə, çox şükür ki, bu təhrif dəyirmanından “salamat” çıxa bilib. Gəlin, onun da əbcəd nəticəsini yaxından müşahidə edək: “ya(10)” + “vav(6)” + “ze(7)” + “vav(6)” + “kaf(20)” + “çim(3)” + “ya(10)” + “be(2)” + “sad(90)” + “ya(10)” + “lam(30)” + “kaf(20)” + “lam(30)” + “ya(10)” + “re(200)” + “be(2)” + “əlif(1)” + “xe(600)” + “te(400)” + “mim(40)” + “nun(50)” + “ya(10)” = 1557.

Miskin Abdal Göyçəlinin doğum ilinin dəqiqliyini dolayısı ilə təsdiq eləyən bu maddeyi-tarix, eyni zamanda, mahiyyətcə kəsişən əbcəd də sayıla bilər. Əgər yuxarıda nəzərdən keçirdiyimiz birinci maddeyi-tarixin (“şəmşir döndü”nün) göstəricisini kəsişən əbcəd kimi həmin hadisənin baş verdiyi gerçək tarixin 1514-cü ili təsdiq edirsə, haqq aşığının doğum ilini (1456) əks etdirən maddeyi-tarix (“pak doğulmuşam”) nəticəsinin doğruluğuna onun yüz bir yaşında (1557) son dərəcə böyük məharətlə müvəffəq olduğu başqa bir maddeyi-tarixin (“Yüzü keçib silkələyir baxt məni”) göstəricisi artıq tam əminlik yaradır.

Əlbəttə, bir məqalənin imkanları daxilində Azərbaycan şifahi xalq ədəbiyyatının Miskin Abdal Göyçəli kimi ilk görkəmli nümayədəsinin həyat və yaradıcılığını hər cəhətdən dolğun işıqlandırmaq mümkünsüzdür. Təbii ki, bu məsələ uzunmüddətli və genişmiqyaslı xüsusi tədqiqatın vəzifəsidir. Lakin haqq aşığının öz dilindən həyatının ən önəmli hadisə və sənələrinə aydınlıq gətirdikdən sonra burada onun yaradıcılığının əsas istiqamətləri və xüsusiyyətləri üzərində qısaca da olsa, ayrıca dayanmaq zərurəti doğulur.

Hər şeydən öncə, onu qeyd etmək lazımdır ki, professor Məhərrəm Qasımlının vurğuladığı kimi, Miskin Abdalın Göyçəyə “İrandan – güney Azərbaycandan köçüb gəlməsi” haqda el arasında rəvayətlər dolaşsa da, onun qürbətdəki şeirlərində vətən həsrətinin ünvanı məhz Göyçə mahalı və Göyçə elidir. Bunu haqq aşığının aşağıdakı seçkin qoşması da açıq-aşkar göstərməkdədir:

Qadir Allah, əlim əldən uzaqdı,

Yazıq könlüm görən indi dinərmi?

Vaxt yetişib, ömürdə qış-sazaqdı,

Şahin könlüm yuvasına yenərmi?

Elim qalıb neçə dağlar dalında,

Qismətim var – yazılıbsa alında,

Gedəcəyəm, ayaq qalsa yalın da,

Pir igidin çırağı da sönərmi?

Miskin Abdal, hanı zərdən libasın?

İnsan olan unudarmı obasın?

Yada salıb ulu-ulu babasın,

Axır günü Göyçənin heç dönərmi?

(Yenə həmin mənbə, s. 31)

Dövrümüzə qədər, demək olar ki, təhrifsiz yetişən azsaylı örnəklərdən biri kimi bu əlamətdar nümunə bir neçə cəhətdən mühüm önəm daşıyır. Birincisi, bu qoşmanın möhürbəndi haqq aşığının başqa şeirlərinin də sərrast misraları (“Həsrət qaldım Göyçə kimi elimə, Əl uzatdım, əl çatmadı əlimə...”, “Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım, Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım...”) ilə bir sırada, onun özünü məhz Göyçəli saydığına şahidlik edir. İkincisi, Miskin Abdal Göyçəlinin sözügedən qoşmanı ömrünün xeyli ahıl çağında (“Vaxt yetişib, ömürdə qış-sazaqdı...”) yaratması aşığın Çaldıran savaşından sonra uzun müddət türk sultanının nəzarətində saxlanıldığından xəbər verir. Bunu onun başqa bir qoşmasının nikbin misraları da (“...İnşallah yetişər bəraət mana, Haqq özü yatmayıb, ayaq üstədi.”) təsdiqləyir. Üçüncüsü, qürbətdəki haqq aşığının vətəndəki xoş günlərin xiffətini belə dərindən çəkməsi onun sonsuz yurd-yuva həsrətini əks etdirməklə bərabər, Çaldıran döyüşünə qədər artıq onun Göyçədə bir mürşid kimi böyük hörmət-izzət sahibi (“Pir igidin çırağı da sönərmi?”, “Miskin Abdal, hanı zərdən libasın?...”) olduğunu da göstərir.

Yeri gəlmişkən, haqq aşığının Şah İsmayıl Xətayi ilə harada, nə zaman və neçə dəfə görüşdüyü haqda hələlik elm aləminə hər hansı tutarlı dəlil məlum deyildir. Ancaq professor Məhərrəm Qasımlının yuxarıda vurğuladığı fakta (Şah İsmayılın haqq aşığı haqqındakı məlum-məşhur fərmanının mövcudluğuna) və aşığın öz şeirlərindəki bəzi misraların (məsələn, “...Ya rəbb, bir də görərəmmi, Öz mürşüdü-sultanımı?”) şahidliyinə əsasən əminliklə söyləmək olar ki, öz vaxtında Şah İsmayıl Xətayi ilə Miskin Abdal Göyçəlinin şəxsi tanışlığı və yaxın münasibətləri olmuşdur. Bu məsələyə müəyyən qədər aydınlıq gətirmək baxımından, xüsusən, haqq aşığının “Olmaz” bağlamlı (rədifli) qoşması böyük maraq doğurur. Amma yuxarıdakı nümunədən fərqli olaraq, bu qoşmanın ikinci və üçüncü bəndlərində çoxsaylı təhriflərlə qarşılaşırıq:

Sultanım fərmanı, paşa qəzəbi...

Paşam, mürvət eylə, belə kar olmaz.

Üzdü məni bu yolların əzabı,

Paşam, mürvət eylə, belə kar olmaz.

Canım qoydum mürşüdümün yolunda,

Sərdakərdan qalmışam Urum elində,

İslam bada gəlir cəllad əlində,

Paşam, mürvət eylə, belə kar olmaz.

Cüda Miskin çəkər qəmi-möhnəti,

On iki imamdı Peyğəmbərin züryəti,

Sünnü, şiə Məhəmmədin hümməti,

Paşam, mürvət eylə, belə kar olmaz.

(Yenə həmin mənbə, s. 34)

Ardınca istər-istəməz əsasında elmi fikir və mülahizə yürütmək üçün ikinci və üçüncü bəndlərin yuxarıda vurğuladığımız üsulla ciddi təhriflərdən arınmış təxmini variantlarını verməyə məcbur oluruq:

Canım qoydum mürşüdümün yolunda,

Sərgərdan qalmışam Urum elində,

İslam bada gedir cəllad əlində,

Paşam, mürvət eylə, belə kar olmaz.

Cüda Miskin çəkər qəmi-möhnəti,

On iki imamdı rəsul züryəti,

Sünni-şiə Məhəmmədin ümməti,

Paşam, mürvət eylə, belə kar olmaz.

Əgər dərindən diqqət yetirilsə, yalnız bu parlaq və səciyyəvi nümunənin mətni əsasında Miskin Abdal Göyçəlinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında bir neçə ciddi xülasə çıxarmaq mümkündür:

I. Bu qoşma bir daha onu təsdiq edir ki, haqq aşığının osmanlı hakim dairələri tərəfindən təqib olunmasının və təzyiqlərə məruz qalmasının başlıca səbəbi məhz onun Şah İsmayıl Xətayi ilə yaxınlığı, o cümlədən, səfəvi hökmdarının Miskin Abdal Göyçəli ilə bağlı xüsusi fərmanının (“Sultanım fərmanı, paşa qəzəbi...”) mövcudluğu olmuşdur.

II. Örnəkdən o da məlum olur ki, haqq aşığı dəfələrlə öz elindən-obasından güclə aparılaraq (“Üzdü məni bu yolların əzabı...”), sorğu-suala tutulmuş, ağır ittihamlara məruz qalmış və uzunmüddətli cəzalara məhkum edilmişdir.

III. Nə qədər dözülməz sınaqlara çəkilsə də, Miskin Abdal Göyçəli həyatının sonuna qədər öz etiqadından və Şah İsmayıl Xətayiyə olan dərin sədaqətindən (“Canım qoydum mürşüdümün yolunda...”) əsla geri dönməmişdir.

IV. Haqq aşığı məzhəb ayrıseçkiliyinin, sünni-şiə ixtilafının islam birliyinə vurulmuş ən ağır və sarsıdıcı zərbə olduğunu sonsuz iztirabla və böyük ürək ağrısı ilə (“İslam bada gedir cəllad əlində...”) vurğulamışdır.

V. Bu nümunə də daxil olmaqla Miskin Abdal Göyçəlinin müxtəlif janrlara mənsub bir sıra şeirləri (“Ağlaram”, “Ayaq üstədi”, “Dönərmi”, “Məni” və s.) türk birliyinə və Turan qayəsinə müxalif güclərə qarşı üsyan ruhunda yaranmışdır. Bu baxımdan, xüsusən, onun bir divanisinin aşağıdakı bəndi diqqəti yaxından cəlb edir:

Türk əcəmə, əcəm türkə zülm eyləsə günahdı,

Hər ikisi bir kökdəndi, yaradan da Allahdı,

Öz elinə düşmən kəsin axır günü kütahdı,

Qadir mövlam, uzaq eylə bayquşdan, sardan məni.

(Yenə həmin mənbə, s. 37)

Əgər “əcəm” sözünün o dönəmdə yalnız “azəri türkü” mənasında işləndiyi nəzərə alınarsa, onda bəndin məzmunu və mahiyyəti daha da aydınlaşmış olar. Yeri düşmüşkən, ümumən ədəbiyyat tariximizin həmin dövrü ilə bağlı həssas bir məsələ olduqca böyük maraq oyadır. İstər şifahi, istərsə yazılı ədəbiyyatımızda Miskin Abdal Göyçəlinin müasirlərinin və Çaldıran savaşı şahidlərinin heç birində (Məhəmməd Füzuli və onun məşhur “Bəngü badə” poeması istisna olmaqla!) milli özünüdərkə və türk birliyinə məhz haqq aşığında olduğu dərəcədəki dərin rəğbəti və isti münasibəti, çox təəssüf ki, müşahidə edə bilmirik. Görünür, bunun üçün sözügedən dönəmdə parlaq istedadla yanaşı, həm də böyük cəsarət lazım imiş.

Lakin haqq aşığının Çaldıran düzündəki qardaş qırğınına kəskin mənfi münasibəti və cəsarəti təkcə bununla bitmir. “Azərbaycan aşıq şeirindən seçmələr”in I cildində Miskin Abdal Göyçəlinin gəraylıları arasında yer alan, amma bayatı vəznində yaranan iki nümunə (“Fələk” və “Allah, ölümüm haqdı!”) var. Onların hər ikisi özündə aşığın xeyli yaşlı vaxtındakı, daha doğrusu, Çaldıran döyüşündən sonrakı illərdəki hüznlü yaşantılarının izlərini daşıyır. Xüsusən, üç bənddən ibarət “Fələk” bayatlısının (nəzəri cəhətdən bayatı vəznindəki bir neçə bəndlik şeirlərin “bayatlı” adlanması daha məntiqli və daha əsaslıdır – A. A.) hər bəndi elə indinin özündə də haqq aşığı və el ağsaqqalı tərəfindən bütün Çaldıran qurbanları üçün harayla deyilmiş ağı və ucadan çəkilmiş bayatı təsiri bağışlayır:

Yıxdın könlüm şəhrini,

Dad fələk, aman fələk!

İçdim hicran zəhrini,

Zülm etdin yaman, fələk!

Qara geyibdi sazım,

Nə oxuyum, nə yazım?

Nakam qaldı murazım,

Vermədin aman, fələk!

Zülm olmaz beyləsindən,

Qoru şər hiyləsindən.

Abdalın naləsindən

Bir diksin, oyan, fələk!

(Yenə həmin mənbə, s. 23)

Əlqərəz, səciyyəvi misallardan da aydın göründüyü kimi, Miskin Abdal Göyçəli yaradıcılğının ana xəttini məhz 1514-cü ildə Çaldıranda baş verən qardaş qırğını və bu milli faciənin gətirdiyi ağır fəlakətlərin yanıqlı təsviri təşkil edir. Haqq aşığının əlimizdə olan müxtəlif məzmunlu şeirlərinin mündəricəsində əsas mövzudan sonrakı yerləri bir-birinin ardınca yüksək insani dəyərlərin və doğma təbiət gözəlliklərinin təsirli bədii tərənnümü tutur. Bu baxımdan, xüsusən, “Yarım”, “Unutma”, “Gedər”, “Qaldı”, “Elata”, “Qoymaram”, “Dağlar”, “A dağlar”, “Dağların”, “A yaz ayları” və s. kimi müxtəlif janrlara mənsub nümunələr diqqətəlayiqdir.

Ən başlıcası, bir sıra şeirlərində aşıq öz yüksək poetik məharətini nümayiş etdirməklə bərabər, eyni zamanda və qeyri-ixtiyari olaraq, öz həyatı, şəxsiyyəti və etiqadı ilə bağlı bugünkü oxucu üçün olduqca qiymətli sayılan məlumatı da çatdırır. Məsələn:

Asta gedən bu gözəllər sultanı,

Yerişindən məlum olur, Hürüdü.

Deyin, bəsdi, mənim xəstə canımı,

Siyah zülfün zəncirində sürüdü.

(Yenə həmin mənbə, s. 29)

Yaxud:

Miskin Abdal yolu haqqın yoludu,

Bir seyiddi, şahi-mərdan quludu,

Əsli, zatı ululardan uludu,

Bilməmişəm, nədi haram, qocaldım.

(Yenə həmin mənbə, s. 32)

Əgər birinci misaldan haqq aşığının sevdiyi gözəlin adının Hürü olduğunu öyrəniriksə, ikinci misaldan onun həm də seyid olduğu, yəni Məhəmməd peyğəmbərin nəslinə mənsubluğu və məhz ona görə də şahi-mərdana, yəni Həzrət Əliyə etiqad etdiyi haqda məlumata malik oluruq. Yeri gəlmişkən, Miskin Abdal Göyçəlinin şeirləri arasında onun “Ya Əli!” qoşması və eyniadlı divanisi də yer alır. Əfsus ki, bir sıra təhriflər üzündən indiki halda bu örnəkləri təhlilə cəlb etmək çox çətindir. Ancaq bunu əminliklə söyləmək olar ki, onlar hər hansı mühafizəkarlıqdan və məzhəb ayrıseçkiliyindən uzaq olub, hər şeydən öncə, haqq aşığının saf dini-irfani dünyagörüşünü əks etdirir.

Miskin Abdal Göyçəlinin özündən sonrakı aşıq ədəbiyyatına təsiri haqqında düşünərkən, ilk olaraq yada düşən klassik yazılı və şifahi şeirimizin müştərək “Əlif-lam” ənənəsi olur. Bəli, vaxtilə şifahi ədəbiyyata klassik poeziyadan keçən, daha çox dini-irfani mahiyyət kəsb edən və ustad Aşıq Ələsgərə qədər diqqətəlayiq örnəkləri yaradılan “Əlif-lam” ənənəsinin aşıq şeirindəki ilk nümunəsini məhz Miskin Abdal Göyçəli yaratmışdır. Üstəlik, haqq aşığı həmin ənənənin ərəb əlifbasındakı hərfləri müxtəlif cür mənalandırma imkanlarından böyük məharətlə istifadə edərək, miladi tarixlə öz doğum ilini (1456) göstərən örtülü maddeyi-tarixi də (“pak doğulmuşam”) “Əlif-lam” şeirinin birinci bəndində ustalıqla əks etdirə bilmişdir.

Digər tərəfdən, Miskin Abdal Göyçəli aşıq şeirinin ən yayğın şəkillərinin (gəraylı, qoşma, təcnis, divani və s.) ilk klassik örnəklərini yaradanlardan biridir. Məhz bu mənada və məhz bu baxımdan onun yaradıcılığı Göyçə aşıq mühitinin bütün dönəmlərində, o cümlədən, böyük Aşıq Ələsgər dövründə də bir məharət məktəbi rolunu oynamışdır.

Yekunda bir daha onu xatırlatmaq lazım gəlir ki, ozan-aşıq keçidinin azman sənətkarı Miskin Abdal Göyçəli (1456 ~ 1557) bədii irsinin tam şəkildə üzə çıxarılması, habelə haqq aşığının həyat və yaradıcılığının hərtərəfli öyrənilməsi, xüsusən, Qərbi Azərbaycandan olan qaçqın həmvətənlərimizin öz ata-baba yurdlarına dönüşü ərəfəsində artıq dövlət əhəmiyyətinə malik məsələ kimi olduqca böyük önəm daşımaqdadır.

# 150 dəfə oxunub

Oxşar xəbərlər

Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

16:22 5 iyun 2026
Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

15:53 5 iyun 2026
Şair Əşrəf Veysəlli vəfat etdi

Şair Əşrəf Veysəlli vəfat etdi

13:08 5 iyun 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

13:00 5 iyun 2026
Məşhur aktyor qətlə yetirildi

Məşhur aktyor qətlə yetirildi

12:30 5 iyun 2026
Maykl Ceksondan yeni rekord

Maykl Ceksondan yeni rekord

11:30 5 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər