Qarderobçu qadının məsləhəti

Qarderobçu qadının məsləhəti
24 aprel 2013
# 13:21

...Bir-birimizə

salam belə vermədik

amma

bu köhnə asılqanda

paltarlarımız bir birinin qucağında...

Teatr ona görə qarderobdan başlamır ki, içəri daxil olan kimi mədəniyyət müəssisəsinin ab-havasında olasan. Qətiyyən. Ona görə ki, qarderobdan artıq teatra gəlməyin məqsədi bəlli olur. Əsas məqsəd də budur: anadangəlmə tənhalıq, darıxmalar gələnləri insana, insanlığa ümidləndirib, ruhlandıran, sevindirən, kədərləndirən teatrda unutdurulur. Adamlar bir tamaşa ilə doğmalaşır, amma işıqlar yanan kimi də geyimlərini - «qılaflarını» geyinib bir-birinin yadlığına addımlayırlar. Yəni qarderob belə bir yerdir...

«Qabaqcıl qarderobçu»

Akademik teatrın qarderobçularına sərbəst olsunlar, xatirələrini oyatsınlar deyə uşaqlığımdan güclə xatırladığım qarderob əhvalatını danışıram: «Bir cavan ata və ana uşaqlarını götürüb hansısa teatra məşhur «Bəxt üzüyü» tamaşasına baxmağa getmişdilər. Onlar tamaşa zamanı güldükcə uşaq heç nə anlamadığı üçün darıxır, nə vaxt gedəcəklərini soruşur və nəhayət zıqqıldamaq janrında ağlamağa başlayır. Onda valideynlərdən biri onu aparıb qarderobçuya tapşırır. Amma qarderobçu da əsl teatr qarderobçusu olur. Uşağı sakit etmək üçün ona konfet verir, binokl göstərir və nəhayət qarderobdakı kişi papaqlarından birini başına qoyub oyun çıxarmağa- tamaşa göstərməyə başlayır...» Bəlkə də o qarderobçu o qədər də gülməli və maraqlı deyilmiş, amma bir uşağı güldürə, əyləndirə bilmişdi. Qarderob bəzən kimin üçünsə teatr ola bilir. Qarderob əhvalatı işə yaramır. Həmkarlarının zarafatla «qabaqcıl qarderobçu» dedikləri Şəhla xanımla söhbət teatrın özü kimi akademik əhvalda başlayır:

- Şəhla xanım nə qədər müddətdir qarderobçu işləyirsiniz?

- 12 ildir. 10 il musiqili komediya teatrında, iki ildir ki Akademik teatrda işləyirəm. Bunlardan əvvəl paralel olaraq İncəsənət muzeyində zal nəzarətçisi işləmişəm. Təhsilim ortadır. Təhsilimi pedoqoji instituta vermişdim amma oxumaq qismət olmadı. Amma mədəniyyət müəssisəsini seçməyim təsadüfidir. Yəni istəyirdim ki, qadın kollektivində, sakit bir işdə işləyim. Adi bir həyatım var. Ailəliyəm.

- Yəqin tamaşaçıların tamaşa barədə ilk fikirlərini, ilk təəssüratlarını bəlkə də narazılıqlarını siz eşidirsiniz...

- Hə, bəzən geyimlərini alanda münasibətlərini bildirirlər.

- Musiqili Komediya teatrında və burada. Müşahidələriniz necədir? Nə fərq var tamaşaçılarda?

- Mənə görünəni, Musiqili komediyanın tamaşaçıları teatrı daha yüngül, daha şən tərk edirlər. Burada isə (yəni «Azdrama»da) tamaşaçılar sanki yüklənirlər, ağır və yorğun görünürlər. Bu da təbiidir əlbəttə. Axı bu, dramatik teatrdır.

- Sosial təbəqə baxımdan, yaş etibarilə hansı təbəqə çoxluq təşkil edir?

- Orta təbəqə. Həm yaş, həm də sosial təbəqə etibarilə. Çox varlı, zəngin adamlar teatra gəlmir, ya da az-az gəlir. Yəqin onların vaxtı azdır, ya başqa gedəcəkləri yerlər var. amma yüksək vəzifəli insanlar da gəlir. Məsələn?

- İndi xatırlamıram. Amma gəlirlər.

Məsələ yalnız işdə deyil, insanı başa düşmək lazımdı...

- Mübahisə edən, qəzəbli tamaşaçı olurmu?

- Biz maksimum şəkildə insanlara xoş münasibət göstərməyə çalışırıq. Burda beş dəqiqə dayanmırlar heç. Amma olur ki, nömrəni itirirlər, ya çantalarında ola-ola «verməmisiniz» deyirlər. Axırda çantadan çıxır, qınamıram, unudurlar. Elə kaprizli tamaşaçı olur ki, hətta geyimini asdığın yerdən də narazılıq edib inciyir “yaxşı yerdən as” deyir. Görürsünüz, bu asılqanda yaxşı yer, pis yer yoxdu, nə fərqi var-paltarlarını hardan asırsan. Olur ki, insan hər şeydən narazıdı. Onu yola vermək lazımdır. Bir də olur ki, növbə yaranır, hamı tələsir. Amma onsuz da nə qədər geciksən beş dəqiqədən artıq vaxt sərf etmirsən. Sadəcə psixologiya elədir ki, hamı birinci olmaq istəyir. Amma biz də baxırıq, əli uşaqlıdı, ya yaşlıdırsa, onu tez yola salmağa, gözlətməməyə çalışırıq. Bəzən də işləyə-işləyə cavan adamlara qarşısındakı yaşlı adama hörmət etməyə çağırırıq. Axı yaşlı adam gözləyə-gözləyə qabağa düşmək yaxşı deyil. Bəzən də uşaqlı valideynlər olur. Onda uşaqları bizə tapşırırlar, işimiz deyil, amma tamaşa vaxtında baxırıq, bəlkə qadın ayda ildə bir dəfə harasa çıxıb, teatra gəlib. Uşağa baxırıq ki, tamaşaya rahat baxsın. Çıxanda da bizə minnətdarlıq edirlər. Məsələ yalnız işdə deyil, insani başa düşmək lazımdır.

- Özünüz də qalxıb baxır, maraqlanırsınızmı?

- Yox, biz burda olmalıyıq. Amma bəzən lap maraqlananda birimiz qalxıb növbəylə baxırıq, ya tamaşaya, ya sevimli aktyora.

- Tanıdığınız daimi tamaşaçı varmı?

- Var bir neçəsi. Onlar bura sanki hava almağa gəlirlər.

- Burda tamaşa müddətində işsiz olursunuz. Bu vaxtı nəyə sərf edirsiniz?

- Kitab oxuyuruq, ya kiminsə tikiş, ya toxuculuq işi olursa onu edir.

- Maaşınız necədi?

- Yaxşıdı. Əlbəttə, insan həmişə daha çox olmasını istəyir, amma başqa yerlərə baxanda buna çox şükür. Bilirsiniz bura Akademik teatr olduğundan maaşlara təsir edir. Hətta qarderob işçilərinin maaşına da.

- Tamaşaçılardan nə şikayətiniz var?

- Şikayətimizi özlərinə deyirik. Əlbəttə, yumşaq formada. Məsələn zarafatla deyirəm ki, «xanımlar, seriala baxa-baxa bu paltoya, pencəyə bir asqı tikin». Asqısı olmayanda asmaq çətin olur. Paltar da korlanır. Razılaşırlar da.

- Çox üzr istəyirəm, bəlkə qeyri-etik görünə bilər, amma lütfən o yerə yozmayın, olurmu ki, hansısa tamaşaçının üst ya baş geyimini geyinib baxmaq həvəsinə düşəsiniz? Elə belə, maraq üçün, ya gülmək üçün?

- Yox, belə həvəsimiz olmur. Geyimdir, alıb asırıq, belə də ki, hər yerdə hər geyim satılır. Əvvəlki vaxtlar deyil ki, bir paltardan tapılmasın, biz də marağında olaq. İndi geyim hamının gözünü döyənək edib. Amma gözəl geyinmiş qadına baxırıq, xoş olur. Əgər o xanım o gözəl geyimini mədəniyyəti, nəzakəti ilə tamamlayırsa daha gözəl, daha baxımlı olur. Əksinə olanda gözdən düşür geyimi də...

# 2610 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
#
#
# # #