“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olundu

“Maqadan: Sonuncu dayanacaq”  kitabı təqdim olundu
11 iyun 2026
# 18:20

İyunun 11-də Qərbi Azərbaycan İcmasında (QAİ) yazıçı-publisist Binnət Əsgərin “Maqadan: Sonuncu dayanacaq” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərin və repressiya qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitabın Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, əsərdə Sovet repressiyaları dövründə Sibirə, xüsusilə Maqadana sürgün edilən azərbaycanlıların taleyi geniş arxiv materialları əsasında araşdırılıb. Müəllif uzun illər ərzində Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparıb, yüzlərlə sənəd və fotoşəkil toplayaraq ilk dəfə ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, kitab sürgün düşərgələrində insanların məruz qaldığı ağır şəraiti, mənəvi və fiziki əzabları bütün təfərrüatları ilə əks etdirir.

İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında “Maqadan: Sonuncu dayanacaq” əsərinin sadəcə tarixi araşdırma deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm nəşr olduğunu bildirib. Qeyd edib ki, kitabı oxuduqca repressiya qurbanlarının taleyi, onların yaşadığı faciələr və həmin dövrün acı həqiqətləri daha aydın görünür.

Azərbaycan xalqının çoxsaylı görkəmli ziyalılarının və elm adamlarının totalitar rejimin qurbanı olduğunu xatırladan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, onların həyat yolu və faciəli aqibəti bu gün də cəmiyyət üçün mühüm dərsdir. Onun sözlərinə görə, kitab həmin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur) çıxışında repressiyaların insan talelərində buraxdığı dərin izlərdən danışıb. Bildirib ki, sürgün edilən insanların əksəriyyəti ağır əmək düşərgələrində yaşamağa məcbur olub, onların bir çoxu Vətənə qayıda bilməyib. Professor kitabın tarixi həqiqətlərin öyrənilməsi və yaddaşlarda yaşadılması baxımından mühüm mənbə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də əsərin əhəmiyyətindən danışaraq müəllifin gördüyü tədqiqat işini yüksək qiymətləndiriblər.

Sonda kitabın müəllifi Binnət Əsgər çıxış edərək kitabın müxtəlif ölkələrin arxivlərində apardığı araşdırmalar, əldə etdiyi sənədlər və repressiya qurbanlarının ailələri ilə görüşlər əsasında ərsəyə gəldiyini bildirib. Binnət Əsgər kitabın əsas məqsədinin Sovet repressiyalarının qurbanı olmuş azərbaycanlıların taleyini işıqlandırmaq, onların xatirəsini yaşatmaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq olduğunu diqqətə çatdırıb.

# 869 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər