news-inner
clock08:45 calendar-gray 16 Aprel 2013 view-gray6320 dəfə oxunub
view-gray6320 dəfə oxunub

Tarixin böyük sirri: Ərəblinskini Tağıyev öldürtdürüb? - MÜSAHİBƏ

Kulis.az Lider televiziyasının"Azərbaycan" sənədli filmlər redaksiyasının redaktoru, ssenarist Füzuli Sabiroğlunun müsahibəsini təqdim edir

- Ərəblinski ilə bağlı araşdırmalara nə zaman başladınız və bu araşdırmalar hansı zərurətdən yarandı?

- Ərəblinskinin ölümü ətrafında hər zaman müəmmalı fikirlər, qarışıq versiyalar olub. Əldə olan materiallar şübhəli və böyük əksəriyyəti qeyri-dəqiqdir. Rejissor Əli İsa Cabbarov bir dəfə mənə maraqlı bir yazı göstərdi. Səhv etmirəmsə, Fuad Bakılının yazısı idi. O yazıda Mehdi Məmmədovun Ərəblinskinin ölümündən söz düşərkən işlətdiyi bir ifadə diqqətimi çəkdi: “Cherchez la femme!”- yəni “qadını axtarın!”. Mehdi Məmmədov bu fikri deyəndən sonra müəmmalı şəkildə susarmış. Bu yazıdan sonra mən özüm üçün kiçik bir araşdırma aparmaq qərarına gəldim. Bu araşdırmanın yaxşı bir ssenari olacağını düşündüm. Ərəblinskinin həyatını dərindən təhlil edən Qulam Məmmədlinin monoqrafiyası əlimə keçdi və orda xeyli müəmmalı məqamlarla rastlaşdım. İlk olaraq düşündüm ki, əgər görkəmli bir aktyor öldürülübsə onun ölümü ilə bağlı cinayət işi açılmalıdır. Həm də şübhə edirdim ki, cinayət işinin materialları tapılmaya bilər.

Çünki 1919-cu il olduqca qarışıq bir dövrdür. Dövlət Arxivinə müraciət elədim və həqiqətən sənədlər tapılmadı. Düzdür, cinayət işi açılıb və icra dəftərində müəyyən qeydlər edilib. Amma sənədlərin böyük əksəriyyəti yoxa çıxıb. Hətta sovet dövründə, 1923-cü ildə Ərəblinskiyə abidə qoyulması ilə bağlı çıxarılan qərar da arxivdə yoxdur. Belə bir sənədin olması ilə bağlı qeyd var, amma sənəd yoxdur. Əlimizdə olan materiallar yalnız aktyorların Qulam Məmmədlinin monoqrafiyasındakı xatirələri idi.

- Sarabski də öz kitabında Ərəblinski haqqında geniş yazıb...

- Sarabski xatirələrini yazıb. Ancaq “Köhnə Bakı” kitabı 1937-ci ildə, Ərəblinskinin ölümündən 18 il sonra yazılıb. Bu kitabda faktların təhrif olunmasına çox rast gəlirik. Çünki, 1937-ci ilin necə dəhşətli və qorxulu olduğunu bilirsiniz. Məsələn, son vaxtlar dəqiqləşdirilib ki, Rəsulzadə Ərəblinskinin dəfnində çıxış edib. Amma Sarabski yazıb ki, Müsavat hökumətindən bir nəfər də olsa dəfndə iştirak etməyib. Faktiki olaraq Ərəblinskinin dəfni çox izdihamlı keçirilib. Niyazinin xatirələrində var ki, yalnız Həsən bəy Zərdabinin dəfni Ərəblinskinin dəfni qədər izdihamlı olub. Ərəblinski ilə eyni gündə Musa Nağıyevin də dəfn mərasimi keçirilib. Bizə məlumdur ki, Ərəblinskinin xalq arasında böyük nüfuzu olub. O kasıb olsa da, olduqca ziyalı və aristokrat adam olub, xalqın ziyalı kəsiminin böyük ehtiramını qazanıb. Onun kostyumu Bakıda ancaq onda varmış. Onun teatra gəlişindən sonra kassada bilet satılmağa başlayıb. İşlədiyi aktyorlara çayxanalara getməyi qadağan etmişdi. O, teatrımızı ziyalılaşdıran şəxslərdən bəlkə də birincisidir.

- Sarabskinin xatirələrində Ərəblinskinin əmisi oğlu Əbdülxaliq tərəfindən öldürülməsi qeyd olunub. Siz bu barədə hansı faktlara maliksiniz?

- Məni bu məsələdə də şübhələndirən məqamlar olub. Həmin dövrün qəzetləri yazır: Ərəblinskinin birlikdə yaşadığı qadın, Asiya xanım Bakı qubernatoruna ərizə verir ki, Ərəblinskinin qətlində müqəssir olan İslam Zeynalov həbsdən azad edilib. Aktyor Avarski xatirələrində yazır ki, İslam Zeynalov Ərəblinskinin dayısı Bığ Salamın oğludur.

- O zaman Sarabskinin yazdığı kimi, mülk davası əsas səbəb sayıla bilər. Çünki, Sarabskinin xatirələrində Ərəblinskinin dayıları ilə mülk problemi olduğuna toxunulur...

- Mülk problemi ola bilməz. Mən həmin evə gedib baxmışam. Ərəblinskinin iki mərtəbəli bir evi olub və birinci mərtəbə demək olar ki, yarımzirzəmidir. Hal-hazırda o evdə bir rus qadın yaşayır.

Ərəblinskinin atası dənizçi olub və ailəsi üçün yaxşı şərait qurmağa çalışıb. Ərəblinski anası ilə birlikdə həmin evin ikinci mərtəbəsində yaşayırmış. Ərəblinski vərəm xəstəliyinə tutulanda Musa Nağıyevin bankından kreditlə pul götürüb. Sonra həmin pulu qaytara bilmədiyi üçün bank 1913-cü ildə həmin evi satışa çıxarıb. Ərəblinski yarımzirzəmiyə köçüb və ömrünün axırına qədər anası ilə orda yaşayıb. Ərəblinskinin anası Pəri xanımın atası imkanlı şəxs olub. Ancaq Pəri xanım Hüseynin atasına ərə getdiyi üçün, atası onu övladlıqdan çıxarıb və varislikdən məhrum edib. Deməli mülk məsələsi qətiyyən real məsələ deyil.

- Elə isə sizin versiyanızdan danışaq. Hüseyn Xələfov 1906-cı ildən Hüseyn Ərəblinski oldu və artıq afişalar da bu cür yazılırdı. Və Ərəblinski təxəllüsü bir xanımın şərəfinə götürülmüşdü. Həmin qadın məşhur milyonçu Tağıyevin həyat yoldaşı idi...

- Bu, 1906-cı ildə Dərbəndə qastrol səfərindən sonra baş verib. O zaman müsəlman truppası Dərbənddə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşasını göstərib.

Tamaşalar və məşqlər zamanı Ərəblinskaya soyadlı bir xanım səhnəyə gəlib və tez-tez Hüseynlə görüşürmüş. Hüseyn Xələfov səhnəyə və aktyorlara olan diqqətinə görə onun şərəfinə Ərəblinski təxəllüsünü götürüb. Bütün teatr tədqiqatçıları bu faktı təsdiq etsə də, xanımın kimliyinin üstündən sükutla keçirlər. Həmin dövrdə Dərbənddə Ərəblinski familiyasını daşıyan bircə ailə olub-general Balakişi bəy Ərəblinskinin ailəsi. Balakişi bəyin iki qızı olub-Nurcahan xanım və Sona xanım Ərəblinskayalar.Deməli, Hüseynin vurulduğu xanım Balakişi bəyin bu iki qızından biri olub.

2004-cü ildə Balakişi bəy Ərəblinskinin nəticəsi, tibb elmləri doktoru Andrey Vladimiroviç Ərəblinskinin “Azərros” qəzetində müsahibəsi dərc olunub. Andrey Vladimiroviç müsahibəsində qeyd edir ki, bir aktyor Sona xanıma vurulubmuş və onun şərəfinə Ərəblinski soyadını özünə təxəllüs götürüb.

1906-cı ildə Sona Ərəblinskaya düz 10 il idi ki, məşhur Bakı milyonçusu Hacı Zeynalabdının həyat yoldaşıydı və Tağıyeva soyadını daşıyırdı. Toyları olan zaman Sona xanımın 16, Tağıyevin 73 yaşı vardı. Sona xanımın böyük bacısı Nurcahan xanım isə Tağıyevin oğlu İsmayıl bəylə evli idi. Ancaq Hacı Zeynalabdinlə Sona xanımın toyundan sonra İsmayıl Nurcahanı boşayır və o, atası evinə yox, başqa bir şəhərə köçür. Yəni Hüseyn Ərəblinkinin tamaşalarına baxmağa gələn qadının Sona xanım olması ehtimalı daha böyükdür.

- Tağıyevin əvvəllər də ailə-məişət söhbətlərinə görə kimlərəsə təzyiq etməsi, döydürməsi məlumdur. Ərəblinskinin öldürülməsinə bu söz-söhbət səbəb ola bilərmi? Çünki Tağıyevin bu söz-söhbəti eşitməməyi mümkün deyil...

-1911-ci ildə Tağıyev öz İşlər Müdiri Lütfəli bəy Behbudovu möhkəm döydürür. Bunun əsas səbəbi də, Sona xanım və Lütfəli bəy haqqında yayılan şayiələr olub. Lütfəli bəy isə bu məsələdən bərk hiddətlənir və Tağıyevi məhkəməyə verir.

Məhkəmə Tağıyevə müəyyən hüquqlarını məhdudlaşdırmaqla 2,5 il cəza verir. Sonra Dumanın deputatları, Bakı milyonçuları çara müraciət edib və çar Tağıyevi bağışlayıb. Lütfəli bəy sadə adam olmayıb. O “Difai” təşkilatını qurucularından biri olub. Ehtimala görə Qarabağda ermənilər tərəfindən öldürülüb.

- Məncə Lütfəli bəy Behbudov məsələsi də ayrıca bir araşdırma mövzusudur...

- Əlbəttə. Bu şəxsin də həyatı araşdırma tələb edir. Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanında onunla bağlı bir məqam var. Əsərdə Ukraynada oxuyan tələbələr söhbət edir.

Söhbət Lütfəli bəy-Tağıyev münaqişəsinin üstünə gəlir. Tələbələrdən biri izah edir ki, bu, adi ailə-məişət intriqası deyil, ikiyə parçalanmış Azərbaycan ziyalılarının münaqişəsidir. Əsərdə qarşı-qarşıya olan iki qrup göstərilir. Biri Ağa bəyin tərəfdarları, biri də Əliyar bəyin tərəfdarları. Göstərilən faktlara əsaslansaq Ağa bəy “Difai” təşkilatını, qoçuluğu qaldırmaq üçün “Hidayət” təşkilatını yaradan və Murtuza Nağıyevdən maliyyələşən qəzetləri çap etdirən şəxsdir. Əliyar bəy isə iki dildə qəzet buraxan ziyalıdır. Yəni Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov.

Romanda Tağıyev-Behbudov münaqişəsinin Əliyar bəy tərəfindən quraşdırılması qabardılır. Bu intriqada yerlibazlıq faktoru da var. Çünki Ağa bəy Qarabağ ziyalılarını, Əliyar bəy isə Tiflisdən olsa da, Bakı ziyalılarını təmsil edir. İş o həddə çatır ki, Tağıyev Əhməd bəy Ağaoğluna Bakıdan çıxmaqla bağlı ultimatum verir. Tağıyev o dönəmdə bütün qarabağlı ziyalıları öz iş yerlərindən qovdurur.

- Ərəblinskinin ölümü hansı şəraitdə baş verib?

- Ərəblinskini Əbdülxaliqin evində, İslam Zeynalov öldürüb. Məncə Əbdülxaliq və İslam arasında mülk davası ola bilərdi. Çünki onlar əmioğlu idi və Əbdülxaliqin atası yenicə rəhmətə getmişdi. Əbdülxaliqi bu yolla aradan götürmək Bığ Salamın ağlına gələ bilərdi. Şahid olmadığına görə dəqiq versiya demək mümkün deyil. O dövrdə bütün imkanlı adamların Tağıyevlə dolayısı yolla əlaqəsi vardı. Tağıyev insan

kimi birmənalı adam olmayıb. Onun Ərəblinskinin qətlini sifariş verməsi ehtimallardan biridir.

Onun xarakterində çatışmayan xüsusiyyətlər olub. Məsələn, Tağıyev müəllimlərin qurultayında Nərimanova deyir ki, mənim pulumla oxumusan, nə üçün dediklərimi etmirsən. Nərimanov da ona “Astarxanskaya vedmosti” qəzetində “Bəsdir özünüzü biabır etdiniz” məqaləsi ilə cavab verib. Bu soyuqluq, münaqişə əslində Behbudov-Tağıyev məsələsi ilə bağlıdır. Çünki Nərimanov Lütfəli bəyin döydürülməsini tənqid etmişdi.

O dövrdə Almaniyada təhsil alan tələbə Rübabə xanım Bağırbəyova Tağıyevə çox sərt bir məktub yazıb. Tağıyev Rübabə xanım Bağırbəyovanı ölümlə təhdid edib. Məktubda Tağıyev sərt tənqid olunur. Rübabə xanım iddia edir ki, Tağıyev onu ölümlə təhdid edib. Rübabə xanım xaricdə ilk təhsil alan Azərbaycanlı xanımlardan biridir. Həmin dövrdə Tağıyevə yaxın qəzetlər Rübabə xanımı sərt tənqid edir və bu da Tağıyevin şəxsiyyəti haqqında suallar yaradır.

Füzulu Sabiroğlunun mövzu ilə bağlı məqaləsi

http://news.lent.az/kulis/news/3619

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020