news-inner
clock15:06 calendar-gray 27 Fevral 2013 view-gray2649 dəfə oxunub
view-gray2649 dəfə oxunub

Rövşən Hacıbəyli: “Xocalıdan zəng edən qadının səsi hələ də qulaqlarımdadır” MÜSAHİBƏ

Kulis.Az-ın “Köhnə tüfəng” layihəsinin qonağı “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylidir.

- Jurnalistikaya marağınız necə yarandı? Məhz bu peşəni seçməkdə hansı amillər rol oynadı?

- Uşaqlıqdan kitabların içərisində böyümüşəm. Atam hər zaman çoxlu kitab alardı, evimizdə böyük kitabxana vardı. Eyni zamanda gündəlik qəzetlər alırdıq. Sovet vaxtı abunə sistemi yaxşı işlədiyi üçün Azərbaycanda və keçmiş SSRİ-də çap olunan bir çox qəzetlər bizə gəlirdi, “Azərbaycan” və “Ulduz” jurnallarına abunə idik. Mətbuatın içində böyümüşük. Bundan əlavə böyük qardaşım Xaliq Bahadır filoloqdur və onun da jurnalistika sahəsində çalışmağının mənim seçimimdə rolu olub.

- İlk yazınızı nə zaman yazmısınız? Adətən bu sahənin insanları uşaqlıqdan yazmağa və onu çap etdirməyə həvəsli olur...

- İlk yazım rayon qəzetində çap olunub. Saatlı rayonunda “Dönüş” adlı rayon qəzeti nəşr olunurdu və mənim ilk yazım orada işıq üzü görüb. Pambıqçılardan, kənd təsərrüfatından, bir sözlə o dövrün ənənəvi mövzularında yazırdım.

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almısınız. İstərdim təhsil illərini xatırlayaq...

- Sənədlərimi universitetə təqdim edəndə artıq jurnalist olmağa qərar vermişdim. Ailəmizdə hamı təhsil aldığı üçün mən universitetə xeyli gec qəbul olundum. Hamı çıxıb Bakıya gəlmişdi və mən atamın yanında qalıb ona kömək etməli idim. Evdən 4 nəfər Bakıda, bir nəfər isə Moskvada təhsil aldığı üçün mən təhsil almaqda gecikdim. Bir neçə cəhddən sonra universitetə qəbul oldum.

- Tələbəlik illəriniz Xalq Hərəkatı dövrünə düşüb və yəqin ki, çox qaynar keçib...

- Elədir. Artıq tələbəlik illərindən Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzində çalışırdım. AXC-nin Universitet Şöbəsinin İdarə Heyətinin üzvü idim, eyni zamanda fakültədə çox fəal idim. Mitinqlərdə, küçə yürüşlərində aktiv iştirak edirdim. O vaxt AXC-dən əməkdaşlıq təklifi gəldi və mən AXC-nin İnformasiya Mərkəzində çalışmağa başladım.

- İnformasiya Mərkəzinin işi nədən ibarət idi?

- Həmin vaxtlar AXC-yə böyük etimad vardı və yerlərdən İnformasiya Mərkəzinə məlumat axını vardı. Biz yerlərdən gələn informasiyalarla işləyirdik. Yeri gəlmişkən, 1992-ci ilin bu günü (müsahibə 26 fevralda, Xocalı soyqırımı günü alınıb-C.C.) İnformasiya Mərkəzində gecə növbəsində idim. Demək olar ki, hər gecə orda qalıb işləsək də, 26 fevral gecəsi çox gərgin və ağır keçdi. Xocalı camaatı hələ qırğından əvvəl vəziyyətlə bağlı bizə informasiya verirdi. O günə qədər gələn xəbərlər ağır olsa da, hadisə baş verən gecə Xocalıdan zəng edən qadının səsini hələ də unutmamışam.

O vaxt indiki qədər informasiya agentlikləri, xəbər bolluğu yox idi. Rayonlarda da, Bakıda da AXC-nin İnformasiya Mərkəzinin olduğunu bilirdilər. İnformasiyaları bizdən öyrənirdilər. O gün Xatırlayıram ki, başqa rayonlardan zəng edənlərlə acıqlı danışırdım. Çünki Xocalıda baş verən hadisələrin stressi və gərginliyi sakit olmağa imkan vermirdi. İndi başa düşürəm ki, jurnalist bu cür addım atmamalıdır. Amma özümdən asılı deyildi. Çünki dəhşətli gecə idi.

- Xalq hərəkatı dövründə keçən qaynar tələbəlik illərindən yaddaşınızda nələr qalıb?

- Bildiyiniz kimi jurnalistika fakültəsində hər zaman demokratik mühit olub. Biz təhsil aldığımız dövr isə daha qaynar və fəal dövr idi. Tələbə-müəllim münasibətlərində sərhəd yox idi. Müəllimlərlə çox gözəl dil tapırdıq. Hüquq fakültəsindən olan dostlarımız tez-tez bizim fakültəyə gəlib-gedirdi. Bir dəfə hüquq fakültəsindən olan dostların yanında dedim ki, bir işlə bağlı zəng etməliyəm, dekanın otağından zəng vurub gəlirəm. Dostlar təəccüblə üzümə baxdılar ki, tələbə hara, dekanın otağından zəng eləmək hara? Amma bizdə doğurdan vəziyyət bu qədər demokratik idi. Dekanımız Akif Rüstəmov çox yaxşı insan idi. Eyni zamanda Zeynal müəllim, Nəsir müəllim, Sima müəllimə və başqaları tələbələrə qarşı çox demokratik rəftar edirdilər.

- Tələbə yoldaşlarınızdan bu sahədə parlayanlar oldumu?

- Əlbəttə. Məsələn, Şahvələd Çobanoğlu, Aynur Bəşirova, məni həyat yoldaşım Hicran Hüseynova, Nigar Orucova və sair. Ümumiyyətlə bizim buraxılış çox fəal idi. Hətta müharibə getdiyi dövrdə tələbə yoldaşlarımızla birgə Ağdərənin Xatınbəyli kəndinə getmişdim. O vaxt vəziyyət çox gərgin idi və biz yerli əhaliyə köməklik etməyə qərar verdik və gecələr kənd camaatı ilə birgə postda dayanırdıq.

- İstərdim həyatınızın “Azadlıq” dönəmindən danışaq...

- AXC-nin İnformasiya Mərkəzində işlədiyim vaxtlarda da “Azadlıq” qəzeti ilə əməkdaşlıq edirdim. Hərdən yazılar yazırdım. Eyni zamanda Ayaz Əhmədovla birlikdə çalışırdım və “Çeşmə” qəzetini çap edirdik. Mən “Çeşmə” qəzetinə də xeyli yazılar yazmışam. Heyif ki o yazılar arxivimdə də yoxdur. Orda işlədiyim vaxt mənə “Azadlıq”dan təklif gəldi və mən də qəbul elədim. AXC-nin hakimiyyətə gəldiyi dönəm idi. Camaat AXC-yə gedən vaxt mən ordan uzaqlaşıb “Azadlıq” qəzetinə üz tutdum (gülür).

- “Azadlıq” qəzeti də AXC-nin orqanı idi...

- Düzdür, qəzet AXC-nin orqanı idi. Amma qəzeti quran, inkişaf etdirən Nəcəf bəy idi. Nəcəf bəy qəzetdə çox demokratik mühit yaratmışdı. Hətta özü deputat seçildikdən sonra yerini Qənimət Zahidə vermişdi.

- O dövrün “Azadlıq” qəzeti necə idi?

- O vaxtlar tirajımız böyük, populyarlığımız çox olsa da, təcrübəmiz az idi. Həmin illərdə də xeyli peşəkar insanlar çalışırdı bizimlə. Dili gözəl bilən, peşəkar jurnalistlərlə çalışırdıq. Məsələn, Qənimət Zahid, Xaliq Bahadır, İsrail Musayev, Elmira Əmrahqızı, Tapdıq Fərhadoğlu, Muxtar İmanov(hal-hazırda Elmlər Akademiyasında institutlardan birinin direktorudur), Elçin Səlcuq, Gündüz Tahirli və başqalarının adını çəkə bilərəm. Maddi çətinliyimiz yox idi. Dövlət idarələrində çoxlarının almadığı maaşı “Azadlıq”ın əməkdaşları alırdı. Nəcəf bəyin çox ciddi qaydaları var idi.

- “Azadlıq” qəzetindən uzaqlaşıb başqa mətbu orqanda çalışmaq istəyiniz olubmu?

- Xeyr, heç vaxt belə bir istək olmayıb.

- Siz həm də “Azadlıq” qəzetinin baş redaktoru olmusunuz...

- Bəli, 2001-2003-cü illərdə. 2001-ci ildə problemlər yarandı. 1994-cü ildə Qənimət Zahid baş redaktor postunu Gündüz Tahirliyə təhvil vermişdi. 2000-ci ildən sonra bizim qəzetdə problemlər yarandı və qəzetin çapı dayandı. O ərəfədə bəlli oldu ki, Gündüz Tahirli qəzetdən getmək istəyir. Gündüz Tahirli “Azadlıq”dan getdi və “Yeni Yüz il” qəzetini təsis etdi. Kollektiv isə qərara gəldi ki, qəzetin baş redaktoru mən olum.

- Sizin rəhbərlik etdiyiniz dönəm necə keçdi? Qəzet dirçələ bildimi?

- Sözün düzü çox çətin dönəm idi. Proseslərin çox gərgin keçməsi, seçkilər və parçalanmaların dərinləşməsi bizim də işimizi çətinləşdirirdi. Məsələn, AXCP-nin özündə gedən parçalanmalar da bizə çox pis təsir edirdi. Qəzetə sahiblik etmək üstündə mübarizə vardı. Eyni zamanda müxalif düşərgədə vəziyyət çox gərgin idi. Bütün bunlara baxmayaraq “Azadlıq”ı o çətin mərhələdən keçirdik.

Sonra düşündük ki, Qənimət Zahid qəzetə daha çox fayda verə bilər və mən baş redaktorluqdan uzaqlaşdım. Bu demokratik mühiti qəzetdə Nəcəf Nəcəfov yaratmışdı. O öz yerini redaksiyanın razılığı ilə Qənimət Zahidə vermiş və nümunə göstərmişdi.

-Hal-hazırda “Azadlıq” qəzetinin redaktorusunuz. Redaktorluq çox ağır və məsuliyyətli işdir. İşinizin ağırlığı mətbuatı izləməyinizə mane olmur ki?

- İş ağır olsa da, gündəlik mətbuatı izləyirəm. “Azadlıq”ın bütün yazarlarını işim olduğu üçün oxuyuram. Amma hesab edirəm ki, onlar başqa qəzetlərdə yazsalar, yenə oxuyaram. Məsələn Elnur Astanbəyli, Şahvələd Çobanoğlu, Pərviz Cəbrayıl, Xaliq Bahadır, Səadət Cahangir, Hüseynbala Səlimov başqa qəzetdə yazsalar da oxuyaram. “Yeni Müsavat”dan Zamin Hacını oxuyuram.

- Çağdaş jurnalistika barədə nə düşünürsünüz?

- Bu günün jurnalistikası nisbətən fərqlidir. İndi jurnalistikanın imkanları daha çoxdur. İnternet, saytlar, sosial şəbəkələr jurnalistikaya böyük köməkdir, jurnalistikanın texniki imkanları genişdir. Əvvəl ancaq bloknot və qələm köməyimizə çatırdısa, indi rəqəmsal diktofon və fotoaparatlar var. Məsələn, “Azadlıq”da işə başladığım ilk vaxtlar cəbhə bölgələrinə gedirdim və şəkil çəkmək üçün fotoaparat tapılmırdı. İndi telefon fotoaparatı və diktofonu əvəz edir. Bu cür imkanlar olmasına baxmayaraq indiki jurnalistlərdə tənbəllik var. Mən bu dəfələrlə dilə gətirmişəm, oxucular üçün təkrar olsa da yenə deyəcəyəm.

Jurnalistlər mətbuat konfranslarına getməyə tənbəllik edir, kompüterin qarşısında oturub informasiyanı hansısa saytda dərc olunmasını gözləyir. Axı belə olmaz. Bəlkə tədbirdə hər kəsin nəzərindən yayınan bir məqamı sən görəcək, hiss edəcəksən?

İndi “kabinet jurnalistikası” dəbdədir. Müsahiblə üzbəüz oturub danışmadınsa o müsahibə deyil. Yalnız ekstremal hallarda telefonla qısa müsahibələr etmək olar. Amma üzbəüz müsahibə tamam başqadır. Söhbətin içərisindən belə suallar çıxır. Mən izləyirəm müsahibələri. Telefonla və yazılı götürülən müsahibələr çox quru alınır.

- Jurnalistikamızın gələcəyi ilə bağlı düşüncələriniz necədir?

- Mən hər zaman nikbin düşünürəm. Hər şey yaxşı olmalıdır, çünki başqa yol yoxdur. Qəzetlər arasında, jurnalistlər arasında intriqalar olmamalıdır. Jurnalistikanı seçmək istəyənlərə yaxşı nümunə olmalıyıq ki, bu sahədən uzaqlaşmasınlar.

P.S. Aşağıdakı fotoların bir qismi Mediaforum.az saytından götürülüb.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020