news-inner
clock09:01 calendar-gray 26 İyul 2021 view-gray9094 dəfə oxunub
view-gray9094 dəfə oxunub

“O videoda Səfurə xanımın kürəyi qan içindədir” – Məlahət Abbasova dəhşətli faktlar açıqladı – Geniş müsahibə

Kulis.az mərhum aktrisa Səfurə İbrahimovanın ölümü ilə bağlı mətbuatın gündəmində dolaşan söz-söhbəti nəzərə alaraq, bir neçə gün əvvəl bu mövzuda şok ittihamla çıxış edən aktrisa Məlahət Abbasova ilə müsahibəni təqdim edir.

- Məlahət xanım, necəsiniz? Əhvalınız, işləriniz necədir?

- Çox sağ olun, yaxşıyam. Bilirsiniz ki, iyul ayında seriallar və teatr rəsmi olaraq mövsüm tətilinə girir. “Kanal-7”-də yeni serialda iştirak edirdim. İnşallah avqust ayından yenidən çəkilişlərə başlayacağıq. Teatrımız pandemiya ilə əlaqədar bir ildən çoxdur ki, fəaliyyətini dayandırıb. Amma bu, mənə vaxt qazandırdı ki, təkrar Azərbaycan əsərləri üzərində işlədim, onları tərcümə etdim. Teatr yeni mövsümdə açılsa, həmin əsərləri bədii şuraya təqdim edəcəm.

Bilirsiniz, mən on beşdən çox Azərbaycan yazıçı və dramaturqunun əsərini Türkiyə teatr səhnəsinə qazandırmışam, bədii şuradan keçirtmişəm, bir çoxunu isə özüm səhnəyə qoymuşam. Ən son tamaşam “İblis” oldu ki, bu da Türkiyədə çox böyük maraqla qarşılandı.

- Çox yaxşı. Sizin bir neçə gün öncə Səfurə xanımla bağlı açıqlamanız gündəmə bomba kimi düşdü. Ümumilikdə onunla əlaqələriniz və münasibətiniz necə idi?

- Bəli, çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mənim üçün çox doğma, anam qədər əziz olan Səfurə xanımın son günlərində, yaşadığı o faciəvi həyatı, xəstəliyi, ölümü ilə bağlı açıqlamalar məni inanılmaz dərəcədə üzür və altı aydır susduğum üçün vicdan əzabı çəkirdim. Səfurə xanımla 1983-cü ildə çəkilən “Sən həmişə mənimləsən” tamaşasında tanış olmuşdum. O, tamaşada mənim anamı ifa edirdi. Məşqlər dörd il davam etmişdi və biz həqiqətən ana-bala olmağa başlamışdıq. Onun ailəsi, övladı yox idi. Öz doğma ailəsi, anası, bacıları, qardaşları tərəfindən tərk edilmişdi. Doğma ailəsi ilə inanılmaz dərəcədə ciddi problemlər yaşamışdı. Bunu “Azdrama”dakı aktyor yoldaşlarımız da təsdiq edər. Hətta doğma qardaşları onu ölümlə təhdid etmişdi. Çox yalnız, tənha bir qadın idi. Bütün sevgisini mənə verirdi. Mənə “Mənim balam” deyirdi. Bunu ilk dəfə açıqlayıram. “Min bir gecə” serialında mənim obrazım tərəfindən Kana deyilən “Mənim balam” sözü Səfurə xanımın mənə dediyi ifadədən götürülüb. Son günlər xəstə yatağında da mənə “Mənim balam” deyirdi.

Tamaşadan sonra mən “Azdrama”ya təyinatla gələndə, dörd il orda çalışdım. Bu dörd ildə bir dəfə də olsun ondan ayrılmadım. Teatrda tərəf-müqabili də olmuşuq. O, mənim bibimi oynayıb. Çox dəymədüşər, həssas, sulu gözlü biri idi. Bir söz deyən kimi ağlayırdı. Məni tez-tez otağına çağırır, yemək bişirib gətirir, həyatını, başına gələnləri danışırdı. 91-ci ildə mən Türkiyədə ailə quranda ona zəng vurdum. Xəbəri eşitmişdi, amma mənimlə danışanda düz iki dəqiqə telefonda ağladı. Dedi, bəs adam anasını tək qoyub gedər? Ora çox uzaqdır, indi mən sənin yanına necə gələcəm? Onu əmin edirdim ki, Bakıya gələndə onun yanına gələcəm. Elə də edirdim. Hər dəfə Bakıya gedəndə onunla görüşürdüm. Bunun şahidləri də var. Son beş ildə mən Səfurə xanımla mütəmadi görüşmüşəm. Arada altı il bizim bir-birimizdən qopduğumuz dönəm oldu. Mən Bakıya gələ bilmədim, Səfurə xanım isə eşitdiyimə görə, psixoloji problemlər yaşamışdı. Beş il bundan əvvəl jurnalist Əli Novruzəliyev mənə onun mobil nömrəsini verdi. Zəng vurdum, səsimi eşidən kimi ağladı. Bundan sonra mütəmadi zəngləşir və görüşürdük. Xüsusən, son günlər əlaqələrimiz vardı, verilişlərdə mənim haqqımda xoş sözlər deyirdi. Səfurə xanımı öz doğma anamdan heç zaman ayırmadım. Ölümündən əvvəl onun mənimlə son danışıqları ölənə qədər gözlərimin önündən getməyəcək. Biz onunla plan qurmuşduq ki, o, Türkiyəyə gəlsin, onu burda müayinə etdirim. Hətta qızımın otağını onun üçün hazırlamışdım. Amma müharibə təzə bitmişdi, Səfurə xanım dedi, qızım, ara bir az sakitləşsin, sonra gələrəm. Sonra isə dünyasını dəyişdi. Heyf ki, mən onu bura gətirə bilmədim.

- Bu günlərdə Könül İbrahimovanın Səfurə xanımı aşağılayan və ölümünü arzu edən səs yazısı da yayıldı və siz deyənləri təsdiq etdi. Məlumatlınız oldumu?

- Xoşqədəm xanım bu məsələni gündəmə gətirdi. Mən də eyni sualları Könülə ünvanlamaq istəyirəm. Necə olur ki, dörd ay əvvəl səni evdən qovan, sənə bir banka mürəbbə, yatmaq üçün “raskladuşka” almayan, səni sevməyən, sənə nifrət edən, sadəcə son günlərində məcburiyyətdən sənə möhtac olan Səfurə xanım ölümünə üç gün qalmış, koma vəziyyətində gözünü açır və sənə deyir ki, sənəd gətir imzalayım, mirasım, hər şeyim sənə qalsın? Buna kim inanar? Kimin şahidliyi ilə Səfurə xanım bunu edib? Qonşunun, notariusun, yoxsa, ruhi xəstə olan atanın şahidliyi ilə? Hanı, belə bir video çəkiliş varmı?

- Anlaşılan siz bu barədə çoxdan, hələ Səfurə xanımın sağlığında məlumatlı imişsiniz. Necə bildiniz bu məsələni?

- Səfurə xanım yıxılıb ayağını qıranda, bundan sonra yatağa məhkum olunanda, səhərə qədər ağrıdan qışqıranda, daxili qanaxma keçirəndə, baxımsızlıqdan, havasızlıqdan, natəmizlikdən bütün arxası, beli irin, yara, qan içərisində olanda, ac-susuz qalıb yemək yeməyəndə, bütün bədəni taxtaya dönəndə Könül ona kömək etmək, həkim çağırmaq, xəstəxanaya aparmaq əvəzinə öz doğma bibisi haqqında məlum nifrət, kin dolu, insanlığa sığmayan səs yazısını mənə də göndərdilər. Mən çox da təəccüblənmədim. Çünki Könülü ilk tanıdığım gündən bəri onun hərəkətləri, danışığı, özünü aparması mənə şübhəli gəlirdi. Ondan şübhələnmişdim. Bunu Səfurə xanımın sağlığında o, evə girib-çıxan jurnalist qardaşımıza da deyirdim ki, Könül o evə xoş niyyətlə gəlmir, mənim gözüm ondan su içmir. Çünki bibisini sevən insan onu o evdə o yatağa məhkum etməzdi. Onu da əlavə etdim ki, nə qədər Könül o evdədir, Səfurə xanım o evdən sağ çıxmayacaq. Səs yazısı yayılandan sonra öz şübhələrimdə, söylədiklərimdə, bildiklərimdə haqlı olduğumu anladım. Bu barədə nəinki mən, o evə gedib-gələn “Azdrama”nın truppa rəhbəri Elnur Məmmədov da, jurnalist qardaşımız Əli Novruzəliyev də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn əməkdaşlar da eyni şeyləri söylədilər, şübhələrimizdə haqlı olduğumuzu dedilər. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Səfurə xanım üçün çox köməklik etdilər. Mən baş verənləri Səfurə xanımın ölümündən sonra ona deyəndə o, mənə dedi ki, Məlahət xanım, siz o qadına qayğı göstərmisiniz. Sizə təşəkkür edirik. Çox heyf ki, biz Səfurə xanımı yaşada bilmədik, çünki orda qaranlıq məsələlər, sanki başqa bir məqsəd vardı.

- Bəs niyə daha əvvəl bu barədə danışmırdınız?

- Əslində, mən səssiz qalmamışdım. Mənim sənət dostlarım, çevrəm, ailəm, bəzi mətbuat nümayəndələri bu məsələdən xəbərdar idilər. Onlar yəqin, işin ciddiyyətindən çəkinib yazmırdılar. Mən görəndə ki, Səfurə xanım xəstəxanaya aparılmır, 27 noyabrda İnstaqram səhifəmdə paylaşım etdim, sənət dostlarımdan xahiş etdim ki, onu təcili şəkildə xəstəxanaya yatırtsınlar. Onlardan heç bir səs çıxmadı. Mən də Türkiyədə yaşayıram, əlim hər yerə çatmır. Ona görə, səssiz qaldım, amma axır-əvvəl bu məsələ barədə danışacaqdım. Könülün səs yazısı ortaya çıxanda ilk ağıla gələn insan mən oldum. Çünki hamı bilir ki, biz onunla doğma olmuşuq. Mənə müraciət olunanda mən də mətbuata gerçəkləri, bildiklərimi açıqladım. Mən heç kimə iftira atmıram. Həmin səs yazısı əslində mənə bildiklərimi danışmaq üçün cəsarət verdi.

- Yenə də o fikirdəsiniz ki, Səfurə xanımın ölümünə qohumunun bu münasibəti səbəb olub?

- Səfurə xanım ailəsi tərəfindən tərk edilmişdi. Bunu hamı bilir. Qardaşının balta ilə onu təhdid etməsini də özü mənə danışmışdı. Könülü isə o, yıxılıb ayağını qırmazdan uzun zaman əvvəl evindən qovmuşdu. O zaman Səfurə xanım mənimlə danışanda dedi ki, qızım, ikidə-bir gəlib məndən pul istəyir. Gah deyir, oğlumun universitet pulu var, gah deyir, əsgərlik pulu var... Mən hələ ölməmişəm, gəlib başıma yığışıblar ki, bibi, pulunu bölüşdür, evini oğluma ver. Bildiyimə görə, Könül son dəfə ondan on min manat pul istəmişdi. Bu isə Səfurə xanım üçün böyük pul idi. Öz sağlamlığı üçün o pula toxunmayan, pul mənim dövlətimə geri qayıtsın deyən Səfurə xanımdan birdən-birə on min pul istəyir. Ona görə də Səfurə xanım onu evdən qovmuşdu. Mənə bir hekayə də danışmışdı. Bilmirəm, ya qardaşı, ya bacısı qızına aylarla kommunal xərclər üçün pul vermişdi ki, ödəsin. Həmin qadın o pulları ödəməmişdi, külli miqdarda borc çekləri gəlmişdi. Onda da Səfurə xanım əsəbləşmişdi. Deyirdi, qızım, mən bunlarla necə edim? Qapıdan qovuram, pəncərədən, pəncərədən qovuram qapıdan girirlər. Səfurə xanım, yenə deyirəm, öz ailəsi ilə yaxın olmayıb, onları sevməyib. Onlar da eləcə. Ancaq son aylarda ortaya düşdülər. Yəqin, mətbuatdan eşitdilər ki, Səfurə xanım uzun illərdir prezident təqaüdünə toxunmur. Oturub hesabladılar, bildilər ki, nə qədər mirası qalıb, evi var, ailəsi, uşaqları isə yoxdur. Necə edək, bu sərvəti ələ keçirək? Yəni, mən bu qənaətlərdən yola çıxaraq bu sözləri deyirəm. Axı Könül dörd aydır o evə gəlmirdi, ona necə baxa, qulluq edə bilərdi? O, Səfurə xanıma necə baxırdı ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapısına gəlib ona köməklik edirdi. Xatırladım ki, onlar qapını qırmazdan əvvəl Səfurə xanımın yaxını kimi Könülə zəng vururlar. Könül deyir, bibim məni qapıdan qovub, ora gəlmirəm. İsrar olunandan sonra məcbur qalıb gəlir. Əgər onlar o qadının həyatını xilas etməsəydilər, Səfurə xanım evdə o qırıq ayaqla acından ölməyəcəkdi? Öləcəkdi! Könül, sən necə ictimaiyyəti aldada bilərsən? Dünya dərəbəylik deyil. Dövlət var, qanun var.

- Könül xanımsa sizi Səfurə xanımın yasına gəlməməkdə qınayır.

- Bəli, gəlmədim. Axı o, yas keçirtmirdi. Səfurə xanım ölən günün səhəri Könül feysbukda “yeni evimdən mənzərələr” adlı video paylaşıb. Qırx gün boyunca bu insan Səfurə xanımın evində kampaniya keçirib. Hər gün əlində tort şəkillər paylaşırdı. Bu şəkilləri, videonu mənə göndəriblər. Sən məgər evində yas keçirirdin? Sən hər gün ad günü, şənlik keçirirdin. İndi məni günahkar çıxarmağa çalışır ki, siz niyə gəlmədiniz? Gəlməməyimin səbəbini Səfurə xanım bilirdi. Mən Könülə hesab vermək məcburiyyətində deyiləm. Onun səs yazılarını dinləyəndən, şübhələrimdə haqlı olduğumu biləndən sonra mən onun yanınamı gedəcəkdim?

- Səfurə xanımın ölümünə qohumunun bu münasibəti səbəb olub deyirsiniz. Sizcə bu, ağır ittiham deyilmi və məhkəməyə müraciət edilməli deyimi?

- Mən heç kimi yalandan ittiham etmirəm. Könülün mənə göndərilmiş səs yazısından, o evə gedib-gələnlərin mənə söylədiklərindən, öz bildiklərimdən, Səfurə xanımın mənə söylədiklərindən yola çıxaraq, şübhələrimi xalqa çatdırmağa çalışıram. Mən altı ay susdum. Bu səs yazısından sonra susmağı düşünmürəm. Baxın, Səfurə xanım 21 dekabrda rəhmətə gedib. Könül bibisi rəhmətə gedəndən bir gün sonra ağlaya-ağlaya mənə səs yazısı göndərib ki, guya, bibisinin ölümünə çox üzülüb. O, səs yazısında mənə deyir ki, siz görsəydiniz, bibim bir həftədir nə gündədir, dəhşətə gələrdiniz. O, yemirdi, içmirdi, ağzına bir qaşıq su belə almırdı. Qanaxması vardı, içi darmadağın olmuş, içalatı bayıra çıxmışdı. Qışqırırdı, nalə çəkirdi. Könülün mənə dedikləri qorxu filmlərini xatırladırdı. Onun dediklərindən sonra mən sarsıldım ki, ilahi, Səfurə xanım necə dəhşətli şəkildə dünyasını dəyişib?! Axı o, xəstə deyildi, sadəcə yıxılıb ayağını qırmışdı. Və onun xəstəxanaya aparılması lazım idi. Mən istəyirəm, Könülə bu sual verilsin ki, niyə Səfurə xanım ölənə qədər xəstəxanaya aparılmadı? Könül deyir, mən bibimə qızım kimi baxmışam. İnsanın övladının bir yeri qırılanda, barmağı, ayağı əziləndə ana səhərə qədər yatmaz, xəstəxanaya aparar. Utanmadan çıxıb deyir ki, bibimə mən baxmışam. Meyvə suyu sıxıb koma vəziyyətində olan qadının boğazına tökmək, çay, su vermək baxmaqdırmı? Könül onu hansı xəstəxanaya apardı, hansı müalicəni etdirdi, hansı dərmanları aldı? Səfurə xanımın bədənində yaralar açılmışdı, çirkdən saçı başının dərisinə yapışmışdı. Bu idimi onun bibisinə baxması? Evində oturub pullarını yemək, sonra ona qarğış etmək idimi Səfurə xanıma baxmaq? Əgər Könül ona baxmayacaqdısa, onun həmin evdə nə işə vardı? Könül o evə kefə gəlmişdi? Könül necə Səfurə xanıma baxdı ki, o, bir ay yaşamadı. İnsanlar var, illərlə yataq xəstəsi olur, onlarda bir yara belə olmur. Amma Könül bir ayın içərisində o qadını o vəziyyətə saldı. Və indi o, buna baxmaq deyir. Könül o qadını yatalaq vəziyyətinə gətirdi. Niyə hər şey gizli vəziyyətdə baş verib? Məndə şübhələr yaradan əsas səbəblərdən biri də budur. Niyə Könül Səfurə xanımın qohumlarına zəng vurub demir ki, o, ölür, vəziyyəti ağırdır? Könül indi mənə ədəbsizcə səs yazısı göndərir ki, nə etməliydim? Hər şey mənim o biri bibimə, əmimə, onların uşaqlarına qalmalıydı? Yaxşı eləmişəm, əcəb eləmişəm. Buna görə də, bəli, mən deyirəm ki, Könül Səfurə xanımı xəstəxanaya aparmadığına, yataqda çürütdüyünə görə onun başqa məqsədi olub. Haqlı olaraq bunu deyirəm. Mən burdan müvafiq orqanlara müraciət edirəm. Onlardan xahiş edirəm, Səfurə xanımın ölümü araşdırılsın. Onun mirası dövlətə qayıtsın. “Yaşat” fonduna verilsin. Onun evində bir şəhid ailəsi yaşasın. Onun üç yüz min manatı mənim savaşdan çıxan ölkəm üçün az da olsa yardım olsun. O pul şəhid, qazi ailəsinə getsin, nəinki Könülə. Mən bunu istəyirəm. Bütün səs yazıları vəkil Adəm Məmmədova göndərilib. Onda bütün məlumatlar var.

- Məsələ budur ki, Səfurə xanım saytımıza müsahibəsində qohumlarını, eləcə də Könül xanımı sərt tənqid etmiş, hardasa elə siz deyənləri demişdi.

- Bəli, mən həmin yazını oxudum. Səfurə xanım sizə elə mən deyən sözləri deyib. Yaxşı ki, deyib və həmin səs yazısı durur. Yoxsa, indi məni yalançı çıxaracaq, bütün bunları özümün quraşdırdığımı deyəcəkdilər.

- Sizdən olsa, bütün qohumlarını vərəsəlikdən məhrum edərdiniz?

- İnanın, burada Səfurə xanımın pulunun Əlidə, Vəlidə, Ayşədə olması haqqında söhbət getmir. Mən Səfurə xanımın qohumu, varisi deyiləm. Onu ana kimi sevmişəm. O da məni qızı kimi çox sevib. O, öləndən sonra pulunun kimə qalıb-qalmamasının da mənə dəxli yoxdur. Mənim davam odur ki, Səfurə xanım o pula görə yataqda ölümə məhkum olunub. Ancaq yenə deyirəm, o, ailəsi tərəfindən atılmışdısa, niyə onun pulu özünün istədiyi kimi dövlətinə qalmasın. Prezident təqaüdü, o ev mənim dövlətimin öz sənətkarına verdiyidir. Könülə verilməyib. Əgər bu insan ailəsi tərəfindən hələ gənclik illərində rədd olunubsa, niyə bunlar Könülə qalmalıdır? Könülün etdikləri qanunsuzdur. Müvafiq orqanlar bu məsələləri araşdırdıqları zaman hər şey ortaya çıxacaq. Könül Səfurə xanımın dördüncü dərəcəli qohumudur. Onun bacısı, qardaşı ondan imtina edib, indi müraciət etsinlər, desinlər, biz bacımızdan qalan mirasdan imtina edirik. Könül Səfurə xanımın bacı və qardaşının xəbəri olmadan iş görüb. Mən Səfurə xanımın həmin mirası imzalamasına inanmıram. Səfurə xanım özündə olmayıb. Özündə olmayan, qanaxması olan, ölüm yatağında can verən, koma halında olan insan necə olur, ölümündən üç gün əvvəl miras imzalayır. Niyə əvvəl imzalamırdı, ölümünə üç gün qalmış elədi. Könül kimi aldadır?

- Sizcə, bəs Səfurə xanımın keçmiş iş yoldaşları, teatr və kino qurumları bu haqda bilə-bilə niyə tədbir görmürdülər?

- Vallah mən özüm də məəttəl qaldım ki, niyə onlar bu məsələləri bildikləri halda danışmadılar, susdular. Bəlkə də çoxu həmin səs yazısından mənim açıqlamamdan sonra xəbərdar oldu. Amma çevrəmdəki sənət dostlarımın xəbəri vardı. Niyə susdular, niyə danışmadılar, bilmirəm. Bircə onu bilirəm ki, Türkiyədə belə bir hadisə olsaydı, heç kim səssiz qalmazdı. Nə deyim, Allah hamısının canını sağ eləsin. Heç bir yalnız yaşayan sənət adamımıza belə bir həyatı, belə bir qohumu qismət eləməsin. Amma mən ümidsiz deyiləm. Mən mətbuatımıza inanıram, güvənirəm. Səfurə xanım kimi korifey sənətkar bir insanın tamahkarlığına, acgözlüyünə qurban getdi. Bunun işıqlandırılmasını istəyirəm. Burada söhbət Səfurə xanımın pulunun, evinin kimə qalmasından yox, Könülün acgözlüyündən gedir. O, digər qohumların miras haqlarını əlinə keçirtmək üçün Səfurə xanımı bu vəziyyətə gətirdi. İnanıram, bu məsələlər mətbuatımız vasitəsi ilə işıqlandırılacaq və həllini tapacaq.

- Başqa demək istədiyiniz nəsə varmı bu haqda?

- Səfurə xanım uzun illər tək yaşayıb, psixo-nevroz xəstəliyindən əziyyət çəkib, heç kimi evinə buraxmayıb. Hətta o, elə bir vəziyyətə gəlmişdi ki, 2003-cü ildən bəri bank hesabına hər ay köçürülən 1500 manata toxunmurdu ki, mən artıq səhnədə yoxam, bu pul mənə haramdır! Mənim övladım da yoxdur. Dövlətin mənə verdiyi pul dövlətimə də geri qayıtsın. Bu sözləri Səfurə xanım deyib, şahidlər də var.

O, bircə dəfə yıxıldığı gün xəstəxanaya aparılıb. Xəstəxanada yer olmadığı, korona xəstələri çox olduğu üçün özəl xəstəxanalardan birinə göndərilib. Həmin gündən Könül o evə yerləşir. Mənim yalvarışlarıma, xahişlərimə baxmayaraq, hər səfərində narahat olmayın, bu gün aparacağıq, sabah aparacağıq deyə-deyə Səfurə xanımı ölənə qədər xəstəxanaya aparmayıb. Jurnalist Əli Novruzəliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Səfurə xanıma həkim, dayə göndərilir. Həkimlər Səfurə xanımın çanağındakı qırığı müəyyən edir və onun təcili xəstəxanaya aparılmasını təklif edirlər. Lakin Könül əlində pul olmadığını, bibisinin isə bankdakı puluna toxuna bilmədiyini bəhanə gətirərək, onu xəstəxanaya aparmır.

Millət vəkili Qənirə xanım Paşayevanın göndərdiyi əməkdaş vasitəsi ilə Səfurə xanımın hesabından min manat götürülür. Sonra öyrənirəm ki, Könül həmin pulu xərcləyir və Səfurə xanım yenə xəstəxanaya aparılmır. Mənə isə deyir ki, bibim getmir. Mən Safura xanımla danışaram, deyirəm, mən də pul yollayım, gedin, müalicə olunun. Deyir, qızım, gəl, sən məni apar. Mən indi ona görə vicdan əzabı çəkirəm. Mən ona deyirdim, Könüllə get, Səfurə xanım cavab verirdi ki, mən onunla getmək istəmirəm. O, evə bir həkim gətirib rentgen üçün məndən 20 min manat pul istəyir. Könül dedi, iyirmi manat demişəm, səhv salırsan. Onda Səfurə xanım dedi, o qədər qanmazam ki, 20 minlə 20 manatı səhv salım? Onların arasında böyük mübahisə başladı. Könül telefonu üzümə bağladı və açmadı.

Səfurə xanım yıxılan kimi Könül tələm-tələsik banka qaçıb ki, bibisinin nə qədər pulu olduğunu öyrənsin, amma bank işçiləri bu haqda ona heç bir məlumat vermirlər. Ondan sonra evə gəlib dəli kimi bank sənədlərini axtarırmış. Səfurə xanım rəhmətə gedəndən bir neçə gün sonra Könül zəng vurub dövlətin ona bağ evi verib-vermədiyi ilə maraqlanırmış.

Səfurə xanımın miras barədə sənəd imzalamasından onun bacı və qardaşlarının xəbəri olmayıb. Könül mən istədiyim halda belə onun yaxınlarının, bacı qardaşının nömrələrini vermədi. Mən onlara yalvarmağa da hazır idim, təki Səfurə xanımı xəstəxanaya yerləşdirsinlər. Könül hər səfərdə məni aldadırdı. Axırda çarəsiz qalıb yazdım ki, mən ancaq dekabrda gələ bilərəm Bakıya. Teatrdan icazə vermirlər. Mən gələnə qədər Safura xanımı yaşat. O da mənə yaxşı cavab vermişdi. Bu yazışmaların hamısı indi məndə durur. Amma son bir həftə ərzində Könül mənim zənglərimə cavab vermədi. O, hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən evə gəlmək istəyən əməkdaşları, Səfurə xanımı ziyarət etmək istəyən aktrisaları, jurnalist Əli Novruzəliyevi guya korona xəstəliyinə görə evə buraxmayıb. Amma özü həmin vaxt sənədləşmə işləri aparır, qonşunu çağırır.

Könülün çəkdiyi videoda Səfurə xanımın kürəyi irin, yara və qan içində olub. Onun sümükləri görsənirmiş. Görün indi bu qadın yıxılandan bir ay sonra nə vəziyyətə düşüb? Səfurə xanımı Təzəpir məscidinə yumağa aparanda, onun saçları çirkdən dərisinə yapışıbmış. Onu məsciddə yuyan qadın deyib, heyf bu gözəl qadından, o, nə günə düşüb? Gedib tapsınlar həmin qadını, danışdırsınlar.

Mən “Səfurə xanım öz əcəli ilə öldü” sözlərini deyə bilmərəm. Hətta o, üzüqoylu yatızdırılırdı. Mən onun miras üçün sənəd imzaladığına da inanmıram. Çünki o, evə bir dəfə Səfurə xanımın ölümündən bir həftə əvvəl notarius işçisi gətirib, onlar Səfurə xanıma nə isə imzalatmaq üçün prosesdən imtina ediblər. Deyiblər, bu vəziyyətdə ona nə isə imzalatdıra bilmərik. Ancaq sonradan qonşu ilə birlikdə işi düz-qoş ediblər.

Qanunla Safura xanım o sənədi imzalayanda video-çəkiliş olmalıydı. Həmin video varmı? Səfurə xanımın ağlının-şüurunun yerində olması barədə həkim rəyi varmı?

Səfurə xanımın o qədər pulunu, evini ələ keçirən qadın hələ də ona başdaşı qoydurmayıb.

Son olaraq əlavə edim ki, fikirlərimdə, şübhələrimdə haqlı olduğumu bilirəm və bütün bunların qanuni yolla araşdırılmasını istəyirəm.

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021