Xoşbəxtliyi onun əlindən çığırda-çığırda aldılar – Bircə yazır...

Xoşbəxtliyi onun əlindən çığırda-çığırda aldılar – Bircə yazır...
2 iyul 2021
# 09:00

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Sarı məktub

Əvvəli burda

Giriş yerinə

İkinci Qarabağ savaşının şıdırğı yerində korona mənim də yaxamı əlinə keçirdi. İlk günlər hələ gülürdüm, qorxulu xəstəlik beləmi olur deyib evimdə təmizlik işləri aparır, virusun - çağırılmamış qonağımın ayağının altını süpürürdüm.

Xəstəliyin üçüncü günü qara qızdırma məni atdan saldı. Bütün hazırlığımı görüb, gözümü dikdim Əzrayıl əfəndinin yoluna.

Oğlum, bacı-qardaşım evimin ətrafında halay vurub səfərbər oldular. Gücü çatan, əli yetən qapımı döyüb, qolundan qopanı içəri atıb qaçırdı. Dörd divar arasında tək-tənha səhəri axşama zülümlə calayırdım.

Elə həmin günlərdə feysbuk hücrəmdən tanıdığım abxaz kökənli türk xanım təkidlə məndən rənglər haqqında ona nəsə yazmağımı istəyirdi. Nazan Tüzünlə iki ildir dostluq eləyirik. Həyatda görüşməsək də, daim hovuma çatıb, burda tapa bilmədiyim dərmanları hava, quru yollarıyla, onlara əli yetməyəndə TIR sürücüləriylə mənə göndərib. Nəcib, kübar xanıma yox deməyə üzüm gəlmirdi.

Nazan abla bir sıra dövlət işlərində çalışmış, dünya ədəbiyyatını oxumuş müdrik xanımdı. Yumşaq qəlbli qayğıkeş ablam dünya çaplı xəstəliyi mənim gözümdən salmağa çalışırdı:

- Sən mənə hər gün bir rəngdə məktub yazacaqsan, - deyirdi, - yazmasan, sənin dostluğundan çıxacam.

Görüntülü yığıb özümü göstərdim ki, bəlkə, halımı görüb inana. Bu da keçmədi, Nazan xanım Fəzilət adlı rəfiqəsini mənə minnətçi saldı:

- Bircəciyim, yazacağın məktublar mənim qızımın həyatını qurtaracaq.

Bu sözdən sonra necə geri durasan?

Beləcə, o davalı, koronalı günlərdə yox yerdən rəngbərəng məktublar doğuldu.

Sonra bildim ki, rəfiqələr mənim düşdüyüm quyuya ip sallamaq məqsədilə belə bir oyun qurublar.

Gerçəkdən də məktublar dünya çaplı xəstəliyimi gözümdən saldı. Birini yazıb göndərəndən sonra qızdırmadan yanan gözlərimdə aləm növbəti məktubun rənginə bələnirdi.

Məktubları yazıb bitirəndə artıq sağalmışdım...

No description available.

Bu məktubu sizə sarı payızın oğlan çağından, xəzan vurmuş yarpaqların arasından yazıram. Sarı rəngə bəzən ölüm rəngi də deyirlər. Ablam, bu deyimi bəyənmirəm, sarı rəngdə həyatla ölüm iç-içədi. Sarı Günəş, sarı od həm yaşadır, həm öldürür. Bütün fəsillər gözəl olsa da, mən payızı lap çox sevirəm.

Sizə yazdığım məktubların tarixi yerin-göyün, bağ-bağçanın, cümlə həyatın saraldığı mövsümə düşüb. İndi yeyib-içdiyimin də çoxu sarı rəngdədi – sarı heyva, sarı limon, sarı çobanyastığı çayı... Hətta xəstəliyimin ana dərmanı “Arbidol” da sapsarıdı.

Eşikdə payız günəşi soyuq-soyuq işarır, əsgər analarının çöhrəsi payız almasıtək saralıb. Neçə-neçə oğulların ömrü qışa qalmadı, payız şəhidlərimin son mənzili oldu...

İndi mən bu payıza ancaq pəncərədən baxa bilərəm. Əlimi liftin qapısına uzadan kimi telefonuma karantin mərkəzindən xəbərdarlıq gəlir. Evimin arxasında geniş bağ var, hərdən düşüb orada var-gəl eləmək istəyirəm.

Tez də fikrimdən daşınıram. Boğazımda, sinəmdə yuva qurmuş ölümü təkbaşına öldürməliyəm. Nağıllarımızdakı yeddibaşlı əjdaha kimidi bu virus, yeddi başla yeddi yerdən sancılır içimizə.

Dağı qaldıran canım indi darı qaldıra bilmir. Üzüm sizə sarı durub “Sarı gəlin”dən zümzümə eləmək istəyirəm:

O görünən Şuşadı, Sarı gəlin,
Yolu şüşə-şüşədi, Sarı gəlin...

Səsimi düşdüyü quyudan çıxara bilmirəm. İçimdəki qırxayaq caynaqlarıyla səsimi, nəfəsimi ciyərlərimə hörükləyib.

Bu Sarı gəlin də bir gün görməyib. Nə olsun adı dillərə düşüb, gözəlliyinin cəzasını bu günəcən çəkməkdədi. Qaraqaş, qaragöz qızların arasında sarı sünbül kimi seçilməyi ona baha başa gəlib. Ondan xoşbəxtliyi alıb əvəzində yaşarılığı veriblər. İnanmıram hansısa qadın öz xoşuna bir günlük səadəti yüz min illik əbədiyyətə dəyişə. Ona əbədiyyəti sırıyıblar. Xoşbəxtliyi onun əlindən çığırda-çığırda alıblar. Onu xaraldakı alma kimi sarala qoyub şəninə mahnı qoşublar.

Ya səadət, ya əbədiyyət!

İkisi də bir yerdə verilsəydi, nolardı görən, dünyamı dağılardı?..

Payızın soyuğunda yatağı saralmış otların üstü olan əsgərimi düşündükcə Sarıqamışda donan doğmalarımızı xatırlayıram. Qara-borana düşüb buz heykələ çevrilmiş Sarıqamış şəhidlərinin ruhlarını çağırıram, Qarabağ şəhidlərinin əllərini onların əlinə calayıb, arxalarınca su atıram. “Siz Haqqın yolunu yaxşı tanıyırsınız, - deyirəm, - lütfən bizim balalarımızı Həzrəti Haqqın hüzuruna aparın. Qoy Yaradan şəfalı baxışlarıyla onların yaralarına məlhəm qoysun”.

Hər gün məndən Şuşanı soruşursuz. Gözləməkdən gözümüzün kökü saralıb. Bu sarı həsrətin başını qatmaq üçün sizə Şuşanın payızından danışım.

Yayda arı pətəyi kimi qaynayan şəhər payızın ilk ayında seyrələrdi. Qonaqların, turistlərin ayağı çəkiləndən sonra son bahar sarı örpəyini sərərdi şəhərə. O günlər Ərimgəldi tərəfdəki dikdirdən əllərim qoynumda şəhərin içinə yol alardım. Bəzən ağaclar bir gecədə bütün yarpaqlarını tökərdi. Sarı xəzəl dar küçələrin boğazına tıxanardı. Alma-armud ağaclarının dibində oturub, havada sevinə-sevinə qanad çalan yarpaqların uçuşuna baxmaqdan doymazdım. Xəzəlin xışıltısı ruhuma dərman kimi çilənərdi.

Hərdən də elə bilirəm, bizi o incidilmiş yarpaqların ahı tutdu. Xəzəl olmuş yarpağımız, vağam olmuş bağ-bağçamız üzümüzə qayıtdı, bizi qarğıdı. Əzizi qarğıyanı fələk də qarğıyar.

Cəbhədən qələbə müjdələri gəlir, əsgərimiz Şuşanın beş addımlığındadı. Bu dəmdə, bu məqamda canımı ucuz satmaq istəmirəm. Uzaq ölüm laboratoriyasında bişirilib dünya turnesinə çıxarılmış taclı, bəzəkli virusa hətta yaltaqlanıram. Dünyaya bir daha Şuşadan baxmamış can vermək istəmirəm...

Yəqin ki, sarını Van Qoqdan yaxşı duyan olmayıb. Onun rəsmlərində sarı rəng dil açıb danışır. Van Qoqun günəbaxanları yer üzünün min-min günəşi kimi kainata işıq saçır. Eyni vaxtda həm sevinc, həm də əzab dalğalandırır.

Sarını heç kim şərləyib gözümçıxdıya salmasın – onda Günəşin cövhəri yatır. Bu rəng həyatın özəyidi. Kəhrəba buğda, sarı çörək ömrümüzün mayasıdı.

Budaqlardan sallanan limon, portağal, xurma ən tutqun günlərdə də adamın üstünə gün kimi doğur. Günəş enerjisinin depolandığı meyvələri dadmaq günəşin özündən bir dişlək almaq kimidi.

Mən doğulduğum kənddə naringi ağacı bitməzdi. Uşaqkən elə bilirdim, sapsarı mandarinləri zavod-fabrikdə düzəldirlər. Bir dəfə əmim məni qonşu Gürcüstana aparmışdı. Orada budaqlardan sallanan naringiləri görəndə sevincdən az qala dilim batmışdı. Əgər Günəşin yüzlük lampa kimi bir budaqdan asıldığını görsəydim, bəlkə o qədər heyrətlənməzdim.

Artıq Günəş sapsarı təndir çörəyi boyda olub üfüqdən asılıb, bir azdan göy üzünü qanına boyayıb ayrı torpaqlara köçəcək. Bəzən yuxuda dənizin yatağını sapsarı heyvalarla dolu görürəm. Heyva budaqlarını çiçək kimi dəstələyib qucağıma yığıram, üfüqə doğru Günəşin arxasınca qaçıram...

Nə zaman yuxuda heyva görsəm, o günü sevinclə başa vururam. Sarı rəng mənə kədərli sevinc gətirir.

Di salamat qalın. Üstünüzə gecələr də gün doğsun!

02.11.2020

# 4364 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #