news-inner
clock09:00 calendar-gray 25 İyun 2021 view-gray2098 dəfə oxunub
view-gray2098 dəfə oxunub

O gecə bibim mənə matəm libası tikdi – Bircə yazır…

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Qırmızı məktub

Əvvəli burda

Giriş yerinə

İkinci Qarabağ savaşının şıdırğı yerində korona mənim də yaxamı əlinə keçirdi. İlk günlər hələ gülürdüm, qorxulu xəstəlik beləmi olur deyib evimdə təmizlik işləri aparır, virusun - çağırılmamış qonağımın ayağının altını süpürürdüm.

Xəstəliyin üçüncü günü qara qızdırma məni atdan saldı. Bütün hazırlığımı görüb, gözümü dikdim Əzrayıl əfəndinin yoluna.

Oğlum, bacı-qardaşım evimin ətrafında halay vurub səfərbər oldular. Gücü çatan, əli yetən qapımı döyüb, qolundan qopanı içəri atıb qaçırdı. Dörd divar arasında tək-tənha səhəri axşama zülümlə calayırdım.

Elə həmin günlərdə feysbuk hücrəmdən tanıdığım abxaz kökənli türk xanım təkidlə məndən rənglər haqqında ona nəsə yazmağımı istəyirdi.Nazan Tüzünlə iki ildir dostluq eləyirik. Həyatda görüşməsək də, daim hovuma çatıb, burda tapa bilmədiyim dərmanları hava, quru yollarıyla, onlara əli yetməyəndə TIR sürücüləriylə mənə göndərib. Nəcib, kübar xanıma yox deməyə üzüm gəlmirdi.

Nazan abla bir sıra dövlət işlərində çalışmış, dünya ədəbiyyatını oxumuş müdrik xanımdı. Yumşaq qəlbli qayğıkeş ablam dünya çaplı xəstəliyi mənim gözümdən salmağa çalışırdı:

- Sən mənə hər gün bir rəngdə məktub yazacaqsan, - deyirdi, - yazmasan, sənin dostluğundan çıxacam.

Görüntülü yığıb özümü göstərdim ki, bəlkə, halımı görüb inana. Bu da keçmədi, Nazan xanım Fəzilət adlı rəfiqəsini mənə minnətçi saldı:

- Bircəciyim, yazacağın məktublar mənim qızımın həyatını qurtaracaq.

Bu sözdən sonra necə geri durasan?

Beləcə, o davalı, koronalı günlərdə yox yerdən rəngbərəng məktublar doğuldu.

Sonra bildim ki, rəfiqələr mənim düşdüyüm quyuya ip sallamaq məqsədilə belə bir oyun qurublar.

Gerçəkdən də məktublar dünya çaplı xəstəliyimi gözümdən saldı. Birini yazıb göndərəndən sonra qızdırmadan yanan gözlərimdə aləm növbəti məktubun rənginə bələnirdi.

Məktubları yazıb bitirəndə artıq sağalmışdım...

No description available.

Qürubun qanına boyanmış günəşin qonduğu pəncərəmdən Xəzərə baxıram. İlğımda boğulan iri gəmilər uzaqda dayanıb, xırda gəmiciklər onların ətrafında çarx vurur. Ruhum da tək qalıb, cismim də, daha biri o birini yola vermir. Özümü cüzamlı xəstə kimi hiss eləyirəm. Sağ əlimlə sol biləyimə sistem qoşanda qapımı açıq qoyuram, telefonları yanıma yığıram, işığı, suyu, qazı yoxlayıram. İynə altında keçinsəm, meyitimi ilk görən oğlum olacaq.

Məni ölümlə təkbətək buraxmamaq üçün yarım saatdan bir zəng vurur, daha yorulmuşam ona cavab verməkdən. Hər dəfə də qırmızı yalan danışıb əhvalımın yaxşı olduğunu deyirəm. Oğlum ölü canımı gözəl görsün deyə tez-tez üzümü yuyub telimi darayıram, qardaşımdan sonra sandığa atdığım tünd qırmızı toy-nişan libasımı əynimə geyinirəm, vəsiyyətimi onun görəcəyi yerə qoyuram. Lap sonda ətirlənib sistemin şırınqasını damarıma calayıram, yuxusuzluqdan qızarmış gözlərimi pəncərəyə zilləyib, batan günəşə sonuncu kərə baxıram.

Dərmanın son damlaları damarıma axanda gözümün qapaqları öz-özünə açılır, canımın bir cüt bacasından içimə yenə həyat damır – yox, deyəsən ölməmişəm. Qalxıb yenə qapını bağlayıram, vəsiyyətnaməmi yenə gizlincə qoyuram, toy libasımı çıxarıb ev paltarımı geyinirəm...

Mən qırmızını cismimdən də, ruhumdan da tez soyundum. Toyumdan dörd il keçmiş, cehizlərimin qırmızı lenti hələ açılmamış, qırmızı günün yeri-göyü dağladığı bir yay günü oğlumun atası həlak oldu.

Qapımıza qana bələnmiş bir cənazə gətirdilər. Cavan gəlinəm, əynim-başım qırmızıya tutulub, qulaqlarımdan iri yaqut qaşlı sırğalar asılıb. Cənazə qaldı bir qıraqda, məni gizləməyə çalışdılar. Nə ki pal-paltarım vardı, hamısını ortalığa tökdülər – belə gündə el qabağına çıxarılası donum olmadı. Qayınanamın üzünə boğuq qızartı çökdü:

- Dan sökülənə qara geyib, qara yaylıq bağlamalısan!

Gecəni bibimlə evin dərin yerinə çəkilib, əlimyandıda hardansa aldıqları qalın qart parçadan mənə matəm libası tikdik.

O gecədən sonra ömrüm qırmızıyla qaranın qovuşuğunda keçdi...

Vətən müharibəsi başlayanda neçə ildi pişik balasını ağzında daşıyan sayaq evdən-evə daşıdığım qırmızı ipək üzlü yorğanlarımı cəbhəyə yolladım. Əşyaları yığan oğlan:

- Ay xala, elə bil qız cehizidi bunlar, - dedi, - əsgərin əli gəlməz belə yorğanı səngərin toz-torpağına bulaya.

- Düz bilmisən, qadan alım, qızın baxtı bağlı qaldı, barı cehizi işə yarasın, - deyib boynuna qırmızı lent bağladığım mürəbbə bankalarını da yorğanlara bükdüm.

Evimin boşalmış yük yerinə baxıb sevincdən uçurdum. İllərdi nəmişlikdən, güvədən, yağışdan, gündən qoruduğum cehizlərimi, nəhayət, layiq olduğu yerə yola sala bilmişdim. O qanovuz yorğana bürünüb gözünün acısını alan əsgər əvəzində Qarabağın dağlarını, meşələrini, çaylarını mənə cehiz verəcəkdi. Buna inandığım üçün rahatlıq tapmışdım.

Bizim evlərdə nənələrin sehrli sandığı olar. O sandıqdan nələr çıxmaz! Rəngbərəng almalardan tutmuş rəngbərəng kəlağayılara qədər. Şuşanın qurtuluşu müjdəsini alar-almaz sandıqlarımız açılacaq, qırmızı kəlağayılar kəpənək kimi çiynimizə, saçımıza qonacaq...

Məktəbli vaxtlarımda elə bilirdim, Nyu-Yorkda, Londonda, Parisdə, Romada, İstanbulda... doğulub-böyüyən insanlar müdam bəxtəvər olurlar, daim al-əlvan geyinib, qırmızı maşınlarda gəzirlər, yedikləri də ancaq dondurma, bir də şokolad olur.

Uşaqlıq xəritəmə yenə göz gəzdirib o məsud, bəxtiyar dünya sakinləri arasında sizin gəncliyinizi aradım, ablam, İstanbulun küçələrini ələk-vələk eləyib qırmızı əlbisəli gəlini axtardım. Tapmadım. Söhbətlərinizdən anladım ki, bu dünyada fələkdən yarımayan insanı İstanbul da xoşbəxt eləyə bilməz.

“Bir yaz səhəri əynimdə qırmızı ətək, heykəltəraş olan cavan ərimi işinə uğurladım. Sonra da dörd balama sarılıb illərlə onun yolunu gözlədim.

Getdiyim heç yerdə qərar tutmadım, bütün fəsilləri eyni bir evdə qarşılayıb yola saldım – qorxurdum ki, birdən harasa gedərəm, ərim gəlib məni evdə tapmaz. Qırmızı ətəyimi ondan yadigar kimi yumadan, ütüləmədən dolabda saxladım – çocuqlarım yatandan sonra ətəyi dolabdan çıxarıb onunla dərdləşirdim, onu öpüb qoxulayırdım. Düşünürdüm ki, ərim qayıdanda onu birlikdə qarşılayacağıq. Birlikdə yola saldığımız kimi...

İllər sonra aldığım xəbər məni sağalmaz dərdə saldı. Mən xəyalımda onu dünyanın min bucağında dolaşdırırkən, heç demə, o, ayağımızın altında çürüyürmüş.

Onun yoxluğuna bu gün də inanmıram, çünki nə məzarının yerini, nə də ölüm səbəbini bilirəm. Bu gün də ünvanımı dəyişməkdən qorxuram.

Qırmızı ətəyimlə yenə dərdləşirəm, yenə onu oxşayıram. Ömrümün qırmızı payını övladlarımın, nəvələrimin arasında bölürəm. O gün-bu gün mən altı rənglə yetinirəm.

Küçədə heç bir kişiylə danışa bilmirəm, qorxuram ərim qəfil dönər, məndən bədgüman olar. Payıma düşən qadın səadətini ərimin nəfəsi dəymiş o qırmızı ətəyimin ciblərinə yığıb dolabdan asmışam. Mənə səadət sədaqət şəklində əta olundu – övladlarıma, övladlarımın atasına sədaqət, qırmızı ətəyimin xatirəsinə sədaqət…

Bax belə. Fələk üzünə gülməsə, İstanbul da başına dar gələr...”

Azdığım qırmızı dumanlıqda hərdən canımın ağrıları mürgüləyir, qızdırmanın şiddətindən məni qara basır, it arıları cəmdəyimi sürüyüb harasa aparır.

Onların dişindən qopub əlimi sizin ətəyinizə yetirirəm. Birlikdə qara gecəsi, ağ qarı qırmızı boyanmış Xocalıya gedirik.

Sən demə, qırmızı həm də hüzn rəngiymiş – həm təntənə, həm də faciə rəmzi; həm həyat, həm də qətl nişanəsi; həm bayram, həm də matəm əlaməti.

Xocalının müsibətindən iki il əvvəl qırmızı qərənfil bir gecədə təyinatını dəyişib, toy-düyün bəzəyindən məzar çiçəyinə çevrildi. Ağla, qərənfil, ağla...

Bu gecə qanımızın töküldüyü çöllərdə üzümüzə gələn yaz al lalələr bitəcək. Anaların fələyə açılan ovuclarına heç vaxt solmayan qərənfillər əkiləcək.

Artıq yetər, qırmızını əzəli mənasına qovuşdurmağın vaxtı çatıb.

Dolabda dustaq qalan qırmızı ətəyinizi geyinib, qızıl laləli Qarabağa qonaq gələrsiz. Mən də sizi al yanaqlarıma yayılan qıpqırmızı təbəssümlə qarşılayaram.

Qırmızını qaranın əsarətindən qurtarmaq zamanıdır. Mənim adım qırmızı!

31.10.2020

news-inner-user
Bircə

189 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021