Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə

Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
10 aprel 2021
# 09:01

Kulis.az tanınmış psixoloq Elnur Rüstəmovla pandemiya mövzusunda müsahibəni təqdim edir.

- Pandemiya kimi sosial hadisələrdə hər xalqın öz spesifik xüsusiyyətləri ortaya çıxır. Bizim hansı xüsusiyyətlərimiz üzə çıxdı və hansı Avropa, ya Şərq ölkəsi ilə bənzərliyimiz var?

- COVİD-19 pandemiyasından sonrakı davranışlarımıza görə bizi daha çox italyanlarla müqayisə etmək olar. Onlar da bizim kimi istiqanlı, emosional və temperamentlidirlər. Bu temperament onların pandemiya müddətindəki davranışına da təsir edir. Şimali Avropa ölkələrində isə başqa cürdür. Amma indi məsələ pandemiya, virusdur və əsas məqsəd özümüzü qorumaqdır. Virus bizim gözəgörünməz düşmənimizdir, ona görə də mümkün qədər ehtiyatlı olmalıyıq.

- Pandemiya nələri dəyişdi?

- Pandemiya ən əsası yeni bir davranış, ünsiyyət modeli gətirdi, insanların həyata baxış tərzini dəyişdi. Məsafəli ünsiyyət tamam fərqlidir. Hətta, üzümüzdə maska varkən ünsiyyətdə olmaq da tamam fərqlidir, bu cür ünsiyyətin istiliyini duymaq olmur, adam özünü narahat hiss edir. Pandemiya təzə ortaya çıxandan bugünəcən bizim ən böyük problemimiz yeni davranış modelinə öyrəşə bilməməyimizdi.

- Yoluxmaların sayının artması nələrisə səhv etməyimizə, nələrisə bacarmamağımıza dəlalət edir. Biz nəyi səhv etdik, nəyi bacarmırıq?

- Birincisi o idi ki, COVİD-19 virusu ilə bağlı kifayət qədər informasiya yanlışları oldu. Uzun müddət virusun olub-olmamağı ilə bağlı müzakirələr getdi. Hətta indi də inanmayanlar var. Bu cür səhv düşüncələrin acı nəticəsini artıq bir ildir ki, görürük. Amma bir gerçək də var ki, biz bu virusla necə davranmalı olduğumuzu öyrənmişik. Bu yoluxma sayı ötən il olsaydı, ölüm halları qat-qat çox olardı. Təcrübəmiz yarandı və müəyyən qədər də psixoloji cəhətdən hazırlandıq. Ancaq düşünürəm ki, pandemiya bitdikdən sonra daha çox insanın psixoloji-profilaktik tədbirlərə ehtiyacı olacaq. Xroniki yorğunluq və digər psixoloji sindromlar artacaq.

- Bəs indi sizə pandemiya ilə bağlı psixoloji problem yaşadığı üçün müraciət edənlər olur?

- Olur. Xəstələnməkdən qorxduğu üçün problem yaşayanlar, ya da yaxınlarını bu xəstəliyə görə itirib psixoloji sarsıntı keçirənlər... Xəstəlikdən sonra hələ də yoluxmaq qorxusu ilə təşviş, panika keçirənlər də var.

- Müharibə də bir yandan...

- Əslində, sizə deyim, müharibə bizim virusa qarşı immunitetimizi artırdı. Fikir verdinizsə, müharibə dönəmində yoluxanların sayı az idi. Hələ nəzərə alın ki, şəhidlərimizin dəfn mərasimlərində böyük izdihamlar olurdu. Bir sözlə, psixoloji immunitetimiz çox yüksəldi. Bir düşmənimiz var idi: Ermənistan. İndi COVİD-19 üzərində qələbə qazanmalıyıq. Ümumiyyətlə, koronavirus ilə mübarizədə psixoloji dayanıqlılıq ən vacib faktorlardan biridir. Bu xəstəlikdən vəfat edənlərin əksəriyyəti psixoloji zəiflik, stress və qorxudan virusa uduzurlar. Bunu unutmamaq lazımdır. İstənilən xəstəlikdə psixoloji dözümlülük mütləq lazımdır.

- Çox vaxt deyirlər, bizim ictimai şüurumuz hələ də formalaşmayıb. Ona görə, ailədə, məhəllədə özümüzü yaxşı aparsaq da, ölkə üçün məsuliyyət hissimiz yetərli deyil. Pandemiya dövründə bu cəhətdən nələr müşahidə etdiniz?

- Psixologiyada identiklik anlayışı var. Bir insanın dedikləri ilə etdiklərinin üst-üstə düşməsi. İdentiklik müxtəlif məsələlərdə ola bilər. Məsələn, milli identiklik, dini identiklik, mədəni identiklik... Bütün bunları analiz edib özümüz haqqında bir nəticəyə gələ bilərik. Etiraf etməliyik ki, biz çox vaxt bu identikliyi qoruya bilmirik.

- Şəhərdə yaşayanlarla rayonda, kənddə yaşayanların düşüncəsi biri-birinə adekvat olmur, fərqlənir, bunun səbəbi nədir?

- Ümumiyyətlə, urbanizasiya, şəhərləşmə olan yerdə artıq insanlar arasındakı münasibət adət-ənənə yox, qayda-qanunla, hüquqla tənzimlənir. Şəhərləşmə az olan yerlərdə, yəni rayon və kəndlərdə insanlararası münasibət daha çox adət-ənənə, dini və mənəvi dəyərlərlə tənzimlənir. Bu normaldır. Ancaq onu da etiraf etməliyik ki, pandemiya dövründə istiqanlılığımız əleyhimizə çevrildi. Məsələn, ilk başlarda koronavirusa yoluxan dostlarını, qohumlarını ziyarət edənlər vardı və hətta bəlkə indi də belə hallar olur. Həmçinin koronadan, ya da başqa səbəbdən ölən insanların ailələrini ziyarətə gedən izdiham. Düzdü, insanlar özlərini buna məcbur hiss edir, amma bu halların xəstəliyin yayılmasına ciddi təsir etdiyini anlamalıdırlar.

- Virusun olmadığını, ya da çox şişirdildiyini deyənlər var. Sizcə, bunun səbəbi nədir?

- Ya yaxınlarından yoluxan olmayıb, ya da olubsa, yüngül keçirib. Ona görə inanmırlar.

- Ümumiyyətlə, bizim insanların arasında bu və digər məsələlərə dırnaqarası baxanlar çoxdur. Hər şeyə “Əşşşi!” deyib yola verirlər, ciddiyə almırlar. Bu, nəylə bağlıdır?

- Bunlar bizdə zamanla formalaşacaq. Hələ gənc dövlətik, cəmiyyətimiz də yeni formalaşır. Nəzərə almaq lazımdır ki, biz uzun müddət əsarət altında olmuşuq, müstəqil olmamışıq. Biz inkişaf etdikcə, həmin o dediyimiz məsələlər də yoluna düşəcək. Psixologiyada “behavioral terapiya” deyilən terapiya növü var. Davranış terapiyası. Orda qarşıya qoyulan məsələlərdən biri budur ki, insan davranışı mükafat və cəza ilə şərtlənir. Məsələn, yol qaydalarına niyə əməl edirik? Çünki əməl etməsək, cəzalanacağıq.

- Koronavirus və onun mutasiyaya uğramış digər növləri ilə birgə yaşamağı öyrənməli olduğumuzu deyirlər. Korona ilə dinc və yanaşı yaşamaq üçün nələr eləməliyik?

- Birinci növbədə qəbul etməliyik ki, belə bir virus var. İnsanlar bunun bir-iki aya bitəcəyini düşünür, amma bu virusun nə vaxt bitəcəyi bilinmir. Bəlkə, bitməyəcək, sadəcə artmalar, azalmalar olacaq? Hələ bəlli deyil. Bəlli olan odur ki, bizim bu virusa qarşı immunitetimiz güclənəcək. Peyvənd də bunun üçündür. Peyvənd vurmaq o demək deyil ki, biz bir də bu xəstəliyə yoluxmayacağıq. Bu o deməkdir ki, biz bu virusdan ölməyəcəyik. Həm də yeni dünya modelini qəbul etməliyik. Görürsünüz, hər şey onlayn varianta keçib. Onlayn iqtisadiyyat, biznes güclənib. Dərslər, alış-verişlər, tamaşalar, ünsiyyət, hər şey onlayn həyata keçirilir. Dünyanın yeni düzəninə adaptasiya olmaq lazımdır. Bu yeni dünya nizamına ayaq uydurmaq lazımdır. Kimlər ki, bu nizama adaptasiya edəcək, onlara asan olacaq, kimlər, adaptasiya edə bilməyəcək, onlara çətin olacaq. Bundan sonrakı mərhələ bu cür olacaq. Qəbul etmək lazımdır. Evdən işləyənlərin sayı artacaq, onlayn təhsil, ticarət genişlənəcək, ünsiyyət məhdudlaşacaq, insanlar mümkün qədər canlı görüşlərdən qaçacaq. Toy mədəniyyətimiz də dəyişəcək. Bu cür dəyişikliklər çox olacaq. Çünki insan üçün əsas məsələ sağ qalmaqdır. Yaşamaq instinkti digər istəklərimizdən daha güclüdür.

- Virusa inanmayan adamları necə inandırmaq olar?

- Əslində, etiraf etməliyik ki, bizim cəmiyyətimizdə tək bu məsələdə yox, digər məsələlərdə də ciddi inamsızlıq var. Amerika və Avropa bu prosesi ötən əsrdə geridə qoydu. İndi bu da bizim keçid dönəmimizdir. Hamını başa düşmək lazımdır. Sosial vəziyyəti çətin olanlar var, günəmuzd işləyənlər var, neçə vaxtdır işləri dayananlar var. Heç kimi qınaq olmaz. Sadəcə, yekdil bir qərara gəlmək, psixoloji və profilaktik tədbirləri artırmaq lazımdır.

- Mətbuatın pandemiya ilə bağlı apardığı təbliğatdan, xüsusən psixoloji yardım mövzusundakı fəaliyyətindən razısınızmı?

- Əlbəttə, mətbuat təbliğatını aparır. Psixoloqlar verilişlərə dəvət olunur, insanları maarifləndirilir. Psixoloqlar işlərinin öhdəsindən nə qədər gəlir, bu ayrı məsələdir. Ancaq tək bununla kifayətlənmək olmaz. Psixoloji kitablar tərcümə olunmalıdır. Psixoloji maariflənməyə nə qədər geniş yer versək, psixoloji yardıma ehtiyacı olan adamların sayı bir o qədər azalar. Bu maarifləndirmə təkcə pandemiya ilə bağlı olmamalıdır. Azərbaycanda təxminən 650 minə yaxın əlil var, onların psixoloji yardıma ehtiyacı var. Təxminən 1 milyon təhsil alan məktəbli və tələbə var, onların psixoloji yardıma ehtiyacı ola bilər. Ona görə də psixoloji yardıma ciddi diqqət yetirilməlidir. Yapon alimləri 20-ci əsrdə proqnoz verirdilər ki, 21-ci əsr psixologiya əsri olacaq, heç kim ondan yan keçə bilməyəcək. İndi həqiqətən görürük ki, insanlar özlərini boşluqda hiss edirlər. Buna psixologiyada “ekzistensial boşluq” deyilir. Bizdə belə adama “nə yerdədir, nə göydə” deyirlər. Evə gəlir, çöl üçün darıxır, çölə çıxır ev üçün darıxır.

- Yaxın gələcək üçün proqnozlarınızı bilmək istəyərdik.

- Düşünürəm ki, COVİD-19 pandemiyası ilə bağlı ən kritik məqamı adlamışıq, o qədər də kritik nəsə gözlənilmir, amma zənnimcə, bu proses qabarma-çəkilmə fonunda davam edəcək. Nə qədər davam edəcək, biz onu bilmirik. Bunun üzərində bütün dünya çalışır. Məsələ burasındadır ki, biz bundan sonra bu həyata öyrəşməliyik, əvvəlki həyatı yadımızdan çıxarmalıyıq.

- Pandemiyanın intihar faktlarına təsiri oldumu?

- Sırf pandemiyaya görə intiharların baş verdiyini düşünmürəm. Bəli, karantin rejimi, pandemiya insanlarda gərginlik yarada bilər, amma son zamanlar baş verən intiharların birbaşa pandemiya ilə əlaqəli olduğunu demək olmaz. Dünyadakı intihar statistikasına baxsaq, Azərbaycandakı göstəricilər ən aşağı yerlərdədir.

- Pandemiya dövründə boşanmaların sayının artdığını dedilər.

- Əslində, diqqətlə baxsaq, görərik ki, pandemiyanın ilk mərhələsində, birinci dalğada boşanmalar azaldı. Niyə? Çünki bütün ailə xəstəliyə yoluxmamaq üçün, ölməmək üçün səfərbər olmuşdu. Ona görə də ailələr biri-birilərinə sıx sarılmışdılar. Bir müddət sonra, xüsusən, karantin qaydaları yumşaldılandan və dünya yavaş-yavaş normal axarına qayıdandan sonra problemlər ortaya çıxmağa başladı. Ailə bir sistemdir. Bu sistem işlək olanda problemlər gözə dəymir. Sistem dayananda üzə çıxır, ya da daha çox görünür.

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #