Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı

Eyvaz Əlləzoğlu və xanımı

Eyvaz Əlləzoğlu və xanımı

26 fevral 2021
# 21:00

26 fevral yazıçı Eyvaz Əlləzoğlunun vəfat etdiyi gündür. Kulis.az bu münasibətlə yazıçının həyatından maraqlı faktları təqdim edir.

Eyvaz Əlləzoğlu Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Bu kəndin dörd tərəfi gürcü kəndləridir. Eyvaz uşaqlıqdan gürcülərlə iç-içə yaşayıb, onların yaşayışına, mədəniyyətinə bələd olub. İlk təhsilini elə ordaca alır. Uşaq vaxtı nənəsinin ona danışdığı nağıllardan ilhamlanıb hekayələr yazmağa başlayır.

***

Tbilisi Pedaqoji İnistitutunun gürcü dili və ədəbiyyatı fakültəsini bitirən Eyvaz gürcü dilini ana dili kimi bilir, gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edir, gürcü ədiblərlə (məsələn, Qoderzi Çoxeli) ilə dostluq münasibətləri qururdu. Hazırda Fransada yaşayan məşhur gürcü rejissoru Otar İoselianidən fərdi dərslər almışdı. Dediyinə görə, ilk dəfə Folknerin adını ondan eşidib. Rejissordan aldığı dərslər onun sənət təsəvvürünün hüdudlarını genişləndirib. Təkcə ədəbiyyat sahəsində deyil, kino, rəssamlıq haqda da zəngin biliyə yiyələnib.

Atası maldar olub. Eyvazın yazıçılıq eləməsini atası qəbul edə bilmir, ona avara kimi baxırdı. Eyvaz tənbəl imiş, yuxudan gec durur, kənd işlərində atasına kömək etmirmiş. Ata ilə oğul arasında mübarizələr, bəzən küslüklər yaşanıb. Bir dəfə atası ona bir iş tapşırır. Eyvaz həyətdə kitab oxuyurmuş. Atası çıxıb gedir, qayıdanda onun yenə eyni vəziyyətdə kitab oxuduğunu, tapşırığı yerinə yetirmədiyini görüb bərk əsəbləşir. Onda oğluyla aralarında qızğın mübahisə düşür. Axırda atası Eyvaza möhkəm şillə ilişdirir, Eyvaz yıxılır. Anası gəlib Eyvazın üzünə su vurur, ərini danlayır. Ara qarışanda Eyvaz yoxa çıxır. Bütün ailə gecə qaş qaralana qədər kənddə onu axtarır, Eyvazı gördüm deyən olmur. Axırda onu evin damında tapırlar.

Tələbəliyi çox rəngarəng keçib. Qızların sevimlisi imiş. Dövrün dəbinə uyğun geyimləri ilə qızların diqqətini çəkməyi bacarırmış. Sevgililərinin şəkilləri evlənəndən sonra da albomunda var idi. Öz sevgililərindən hərdən oğullarına danışırmış. Bir sevgilisindən ayrılıbmış, o da ağlaya-ağlaya Eyvazın yaşadığı kəndi tapıb, soraqlaya-soraqlaya evlərinə gəlib. Həmin gün Eyvaz evdə yoxmuş. Qızı anası qarşılayıb. Qız ağlaya-ağlaya Eyvazı sevdiyini, onunla yaşamaq istədiyini deyib. Sonra qollarındakı kəsikləri göstərib. Sən demə, qız damarlarını doğrayıbmış. Anası qızın bu halını görüb üzülüb, onu razı salıb, deyib Eyvazla özüm danışacam, narahat olma. Gecə Eyvaz evə gələndə anası əhvalatı oğluna danışıb. Eyvaz bircə kəlməylə kəsdirib atıb: “Dəlidi, ay maa...”

Eyvaz Əlləzoğlunun xanımı Ceyran xanımla evlənməsi də maraqlı olub. Başqa bir qızla nişanlı olan Eyvaz toy hazırlığı görürmüş. Rusiyada istirahətdə olan və uzaq qohumu sayılan Ceyran xanım da öz bacısı ilə Eyvazın toyuna yetişmək üçün tələsik yola çıxırlar. Kəndə gələndə Eyvazın nişanı atdığını və anasının ona elçi düşdüyünü görüb şoka düşürlər. Heç kimə nişanı atdığının səbəbini açıqlamayan Eyvaz “gedin kimi istəyirsiniz gətirin” deyib. Çoxdandır Ceyranı gəlin kimi görən Eyvazın anası onlara elçi düşür və qızı oğluna gəlin gətirir.

32 yaşında evlənirlər. Toy günü qar yağır. Nə qədər təkid etsələr də bəy fotoqraf çağırmır. Və toy günü ilə bağlı heç bir fotoları olmur.

***

Qıcqanc imiş. Yoldaşını hədsiz qısqanır, onu işləməyə belə qoymurdu. Günlərin birində taksi ilə evə gəlirlərmiş. Yolboyu Eyvaz taksi şoferindən şübhələnib, onun maşının ön güzgüsündən yoldaşını süzdüyünü düşünüb. Axır-axırda sürücü “Ceyranım” mahnısını qoşanda dəliyə dönüb, maşını saxlatdırıb. Küçənin ortasında həyat yoldaşı Ceyran xanıma deyib ki, o kişi sənin adını hardan bilir. Yoldaşı da başını bulayıb və bu qısqanclığa anlam verə bilməyib.

Birinci uşağı dünyaya gələndə Oğuz adı verdiyinə görə evdə dava düşüb. Deyiblər, babanın adını verməlisən uşağa. Uzun mübahibəsədən sonra qalib çıxıb və oğluna istədiyi adı verib. Bunun üstündə ən yaxınları ondan küsüblər. Sonra qızı olanda ona öz anasının adını verib – Gülbəs. Bununla da küsülüyü aradan götürüb. "Pop art" adlı silsilə hekayələri ilk oğlu Oğuza həsr olunub. Bu hekayələri gecəyarı oğlunun ağlamasına oyananda qələmə alıbmış.

***

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi kimi işləyib. Elçibəyin vaxtında işlədiyi vaxtların birində kəndə gəlib, kişilər başına yığışıb, yüksək vəzifədə işləyən Eyvaza ordan-burdan suallar veriblər. Axırda bir kişi soruşub ki, sən neçənçi mərtəbədə oturursan. Eyvaz neçənci mərtəbə olduğunu deyib. “Necə yəni sən Elçibəydən yuxarıdamı oturursan?” deyib kişilər əlini yelləyib dağılışıblar. Bu söhbət Eyvazın atasına çatıb və o oğlunun yalan danışdığına görə onu bir neçə il danışdırmayıb.

***

1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib. O illər ailəsi ilə Tiflisdə yaşayırdı. Sonradan E.Əlləzoğlu gördüyü haqsızlığa dözə bilməyib ərizəsini yazır, işdən çıxır və o gündən sonra Bakıda yaşamağa qərar verir. Bir müddət işsiz qalır, sonra “Balbala” uşaq jurnalına düzəlir. Tənqidçi, onunla bir yerdə işləmiş Arif Əmrahoğlu bir etirafında deyir ki, hamımız məmur ola bildik, amma Eyvaz məmur ola bilmədi.

Eyvaz söyüşcül imiş. İş yerində söyüş söyməyi problem yaradar, rəhbərliyə çatdırarlar deyə iş yoldaşı qorxuya düşür. Hər dəfə Eyvaza söyüş söyməməyini desə də, xeyri olmur. Axırda bir gün unikal bir tapıntı ilə Eyvaza deyir: “Söy, amma gürcücə söy, belə heç kim başa düşməz”.

***

2004-cü ildə Sahil bağında Orhan Pamukla rastlaşıb. Həmin gün Pamuk AYB-yə qurultaya çağırılıbmış. Eyvazı Sahil bağında görən ünlü yazar "Yazarlar Birliyi nerede?" - deyə soruşub. Eyvaz onu tanıyır və AYB-nin binasını göstərir. Pamukun bir az vaxtı varmış, ayaqüstü onunla söhbətləşir. Aralarında "kənd-şəhər mövzusu" mübahisəsi yaranır. Eyvaz yazıçının kənd-şəhər bölgüsünü doğru hesab etməyib. Deyib ki, kənddən də yazmaq olar, şəhərdən də, əsas sənətkarlıqdır. Pamuk isə qərblilər kimi düşünməliyik deyir.

Eyvəz Əlləzoğlunun taleyinə Barış Manço ilə görüşmək də qismət olub. Hətta keçmiş Gürcüstan prezidenti Saakaşviliylə araları yaxşıymış.

Şöhrət hissi, özünü göstərmək, publikaya çıxmaq, hətta adicə jurnalistlərə müsahibə vermək belə ona yad idi. Bir dəfə şair İlqar İlkin qəzet çıxaracaqlarını və bir sorğu keçirəcəklərini Eyvaza deyir. Eyvaz soruşur ki, nə sorğusudur. İlqar İlkin də deyir, kim nə oxuyur, onu soruşacağıq. Eyvazın cavabı o günlərdə ədəbi mühitdə ağızdan-ağıza dolaşır:

“Ədəbiyyatı şouya çevirməyin!”

***

"Əli və Nino" kitab mağazasının təsis etdiyi Milli Kitab mükafatında "Odunçu geri qayıdır" romanı xüsusi mükafatla təltif olunmuşdu. Əslində, müsabiqəyə romanı özü göndərmir. Hətta bundan xəbərsiz olur. Çünki yazıçının nə dünya ədəbiyyatına düşmək kimi bir iddiası, nə də şan-şöhrətli yazıçı olmaq niyyəti heç vaxt olmayıb. Onun belə bir fikri də var: "Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur".

Romanı müsabiqəyə kiçik oğlu Ayxan göndərir. Onluğa düşdüyünü biləndə xəbərsiz edilən hərəkətə görə bir az əsəbləşsə də sonradan sakitləşir.

Yazıçı kimi təqdim olunmaqdan utanırmış. Yeganə Azadlıq Radiosuna müsahibə vermişdi, o da yazıçının ilk və son müsahibəsi oldu. Orda demişdi: “Hər gecə yuxuma girən, xatirimə gələn kəndimizin o çox sadə adamlarından xilas olmaq istəyirəm”.

***

Son illər səyyar tərcüməçiliklə məşğul olur, gürcü dilindən tərcümə etdiyi sənədlərin hesabına dolanırdı. Küçədə tərcümə gözləyərkən ona zəng gəlir: “Eyvaz müəllim, sizi verilişə dəvət etmək istəyirik...” O, əsəbləşir: “Məni səhv salmısınız kimləsə, mən yazıçı deyiləm, fəhləyəm”.

Eyvazın doğulduğu kəndlə qonşu olan gürcü kəndində bir yazıçı yaşayırmış: Revaz İnanişvili. Sonradan hər ikisi bir-birindən xəbər tutur və qəribədir ki, yazdıqlarında oxşarlıqlar tapırlar. Kəndlərini ayıran çayın o tərəfində Eyvaz, bu tərəfində Revaz qalır, yazdıqlarında da fərq yalnız görüntüdə imiş. Eyvaz öz tərəfindəkiləri, Revaz da öz yanındakıları yazırmış.

***

Yeniyetməliyindən gündəlik yazırdı, yüzlərlə dəftərə yazdığı gündəliklər indi də durur. O, gündəlik yazmağı evli olanda da davam etdirir. Lakin yoldaşının gündəliyi oxumağından sonra bu işi tərgidir.

***

26 fevral 2011-ci ildə qəfil insultdan dünyasını dəyişdi. Yazıçının yeddisindən sonra həyat yoldaşı onun yoxluğuna dözə bilməyib intihar etdi.

# 36357 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #