"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə

"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə
31 iyul 2026
# 14:30

Bu gün görkəmli fransız yazıçı, jurnalist, şair, ssenarist və təyyarəçi Antuan de Sent-Ekzüperinin anım günüdür.

Kulis.az onun məşhur "Balaca şahzadə" əsərindən bir hissəni Əziz Gözəlsoy və Yaqut Qurbanovanın tərcüməsində təqdim edir.

Bu gülü çox tezliklə daha yaxşı öyrəndim. Balaca şahzadənin planetində bir cərgəlik ləçəklə bəzənmiş az yer tutan, heç kəsi narahat etməyən sadə güllər çox idi. Onlar səhərlər otların arasında pardazlanıb açılar, axşamlar isə solub gedərdilər. Bu tənha çiçək hardansa buraya düşmüş toxumdan əmələ gəlmişdi. Balaca şahzadə onu nəzərdən qoymurdu, çünki bu cücərti o biri cücərtilərdən fərqli idi, onlara oxşamırdı. Nə bilmək olar, bəlkə bu baobabın təzə bir növüdür? Çox keçmədi ki, kol daha boy atmadı, üstündə qönçələr göründü. Iri bir qönçənin yavaş-yavaş böyüməsini əvvəldən axıra qədər izləyən balaca şahzadə hiss edirdi ki, o qönçədən nəsə möcüzəli bir şey çıxacaq. Çiçək öz yaşıl kasacığında özünə rövnəq verməkdən usanmırdı. O, qayğıkeşliklə özünə münasib rənglər seçirdi, rəngarəng libasını yavaş-yavaş geyinirdi; ləçəklərini bir-bir nizamlayırdı. O, lalə kimi səliqəsiz, üst-başı əzik-üzük çıxmaq istəmirdi öz kasacığından. O gözəlliyin bütün təravəti ilə açılmaq istəyirdi. Bəli! O, naz-qəmzəli bir afət idi. Onun əsrarəngiz bər-bəzəyi günü-gündən uzanırdı, açılmaq bilmirdi ki, bilmirdi. Budur, bir səhər düz gün doğan vaxtı o, tam vüsətilə açıldı. Böyük zəhmətdən sonra gözəl zövqlə bəzənib-düzənmiş dilbər əsnəyə-əsnəyə dedi:
−Eh! Güclə oyandım… Üzr istəyirəm… Üst-başım hələ qaydasında deyil…
Balaca şahzadə heyrətini boğa bilməyərək:
−Necə də gözəlsiniz! - dedi.
−Doğrudanmı elədir? - deyə gül mülayim səslə soruşdu. Mən günəşlə eyni vaxtda doğulmuşam… Balaca şahzadə başa düşdü ki, hörmətli qonaq o qədər də təvazökar deyildi, amma çox şəfqətli və cazibədar idi.
−Deyəsən, səhər yeməyinin vaxtıdır, axı.
Lütfən mənim qayğıma qalın, - deyə təravətli gül əlavə etdi.
Bu təklifdən çaş-baş qalmış balaca şahzadə suçiləyəni tapıb təmiz su ilə onu doldurdu və gülü suladı.
Tezliklə məlum oldu ki, gülçığaz təkəbbürlü və ədalı bir gözəldir. Özünün naz-qəmzəsi və buyruqları ilə balaca şahzadəni cana doydurmuşdu. Məsələn, bir gün özünün dörd tikanından dəm vuran gül balaca şahzadəyə dedi:
−Lap iti caynaqlı pələnglər mənə heç nə edə bilməzlər!
−Mənim planetimdə pələng yoxdur, - balaca şahzadə etiraf etdi, digər tərəfdən pələnglər ot-ələf yemir.
−Mən ot-ələf deyiləm ha, - gül sakitcə cavab verdi.
−Bağışlayın məni…
−Düzü, mən pələnglərdən qorxmuram, amma yelçəkəndən bərk qorxuram. Sizdə arakəsmə olmaz ki?
“Yelçəkən dəhşətli şeydir…, bitkilər ondan çox qorxur, - deyə balaca şahzadə əlavə etdi. Bu çiçəyin xasiyyəti, görünür, çox ağırdı…”
−Axşam mənim üstümə örtük çəkin. Bura çox soyuqdur. Planetiniz rahat deyil. Amma mənim gəldiyim yer…
Birdən susdu. O, toxum halında buraya gəlib çıxmışdı. O, başqa planetlər barədə heç bir təsəvvürə malik ola bilməzdi. Açıq-aşkar yalan danışdığına görə gülçığaz özünün alçaldığını başa düşüb utandı, iki, üç dəfə öskürdü ki, balaca şahzadənin onun qarşısında, onun yalanının açılmasında günahkar olmasını hiss etdirsin.
−Bu arakəsmə nə oldu…?
−Elə onu axtarmağa gedirdim ki, siz danışmağa başladız!
Gül yenə yalandan öskürməyə başladı ki, qoy balaca şahzadə peşmançılıq və vicdan əzabı çəksin.
Balaca şahzadənin gülə böyük rəğbəti və məhəbbəti olsa da, az sonra qəlbində ona qarşı şübhələr baş qaldırdı. Onun mənasız sözlərini ciddi qəbul edərək hər şeyi ürəyinə saldı və özünü bədbəxt saydı. “Mən gərək ona heç qulaq asmayaydım, - mənə ürək qızdıraraq dedi, - Güllərə qulaq asmaq, onları dinləmək yox, onlara baxmaq və onların ətrini iyləmək lazımdır. Mənim gülüm planetimə ətir saçırdı, amma ondan ləzzət ala bilmirdim. Pələng, caynaq söhbəti məni elə qıcıqlandırdı ki, lap mütəəssir oldum… Bu əhvalat məni mütəəssir etməli idi, həyəcanlandırmalı idi. Belə də oldu…”
Mənə bir də etibar edərək dedi: “O zaman heç nə başa düşə bilmirdim. O gülü mən sözlərinə görə yox, hərəkətinə görə mühakimə etməliydim. O mənim üçün ətir saçır, həyatımı nurlandırırdı. Mən ondan qaçmamalıydım! Onun miskin hiylələri arxasındakı incəliyi və nəvazişi başa düşməliydim. Güllər çox ziddiyyətli olur”. Mən isə gənc idim, hələ sevməyi əməlli-başlı bacarmırdım.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Nəhəng - Fazil İsgəndərin hekayəsi

Nəhəng - Fazil İsgəndərin hekayəsi

13:30 31 iyul 2026
Bir damcı su - Orxan İsmayılın hekayəsi

Bir damcı su - Orxan İsmayılın hekayəsi

10:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

10:00 30 iyul 2026
Görünməz divar - Yeni hekayə

Görünməz divar - Yeni hekayə

16:30 27 iyul 2026
Vitiliqo - Şahin Səmədovun hekayəsi

Vitiliqo - Şahin Səmədovun hekayəsi

11:30 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər