Bir intihar axşamı - Yeni hekayə

Bir intihar axşamı - Yeni hekayə
5 yanvar 2021
# 15:39

Kulis.az Murad Muradovun “Bir intihar axşamı”hekayəsini təqdim edir.

Həmişəki kimi axşamın sıxıntısından qurtulmaq üçün palatadakı təkgözlü pəncərəni açıb, soyuq küləyə qarışıb, otağa soxulmağa çalışan havanın qarşısını kəsib, onu içimə çəkirəm. O da mənə tabe olub, sinəmə toxunub sığallayır.

Axşamın soyuğu adamın canına işləyir. Yanağımı pəncərənin dəstəyinə söykəyirəm. Dəmir barmaqlı pəncərədən küçəyə baxıram. Hər kəs harasa hamıdan əvvəl çatmaq istəyir. Hamı qaçır, harasa tələsir, bir-birinə dəyib keçir. İçimdə dərin bir “ahh” çəkirəm. Külək şəhərin səslərini, küçə musiqiçilərinin ifa etdikləri mahnını tərkində gətirib qulaqlarıma üfürür. Gözəl mahnıdı!

Qarşıda görünən binanın girişində qızla oğlan əl-ələ tutub söhbət edir. Sonra qız üşüyür. Oğlan onu qucaqlayıb bərk-bərk özünə sıxır. Çox keçmir, öpüşürlər. Ətrafda olub-bitənlər onları qətiyyən maraqlandırmır. Necə də xoşbəxt görünürlər.

Hava getdikcə qaralır. Sarı işıqlar pəncərələrdən qaranlıq səkilərə axır. Əlində iki ağ paket tutan ortayaşlı, uzunboylu kişi dayanacağın arxasındakı köhnə evin qapısını döyür. Qapını qadın açır. Həyacanla bir sağa, bir sola baxır. Qara şlyapalı, boz uzun paltolu o kişini dodağından öpüb, gülümsəyir. Onu yaxasından tutub, içəri çəkir, evin küçə qapısını bərk-bərk bağlayır.

Qolumdakı saata baxıram. Doqquzu göstərir. Dərman qəbulunun vaxtıdı. Həkimim bu saatda gəlməlidir. Mənimlə heç də yaxşı davranmır. Onun üçün siyirməsi zir-zibillə dolu dolab kimiyəm. Hər gün ondan ağır tənbehlər, kinayələr eşidirəm. Üzərimdə anlaşılmayan bir hakimiyət qurub. Günlərim burada deyilməyəcək qədər dəhşətli keçir...

Çarpayımın ayaq tərəfindəki divara, burnuna ağ kəpənək qonmuş, qara at şəkli vurulub. Mən tez-tez yuxularımda (ora necə getdiyimi bilmirəm), böyük bir səhrada, şəkildə olan ağ kəpənəyi ovcumda tutub, qara atı minirəm. Onu hayan günbatandır, hayan gündoğandır demədən, istədiyim qədər çapıram. Gündüzlər də zehnimdə sadəcə və sadəcə onları canlandırmağa çalışıram.

Heç kimi görmək istəmədiyimdən, ağır düşüncələr içində şəklin önündə saatlarla yorulmadan, ayaq üstə donaraq qalıram.

Bəzən də əlimi şəkilə toxundurub, onları hiss edirəm. Tavan işığının közərə-közərə titrəməsini, düz və ya əyri yanmağını, yataqda bədənimi saatlarla, məcbur, hərəkətsiz buraxmağı, adi bir sözü beynimdə heç bir məna ifadə etməyənə qədər təkrarlamağı çox sevirəm. Yəqin ki, mənim dəli olduğumu düşünmürsüz!

Bunu yalnız sizə deyirəm. Burda heç kəs bilmir. Onlara desəm, bəs qədər gülüb, mənə şübhəli-şübhəli baxacaqlar. Sonra həkimə, tibb bacısına da bu xəbər çatacaq. Onlar mənə qəribə suallar verib, sonra bir küncə çəkilib, başlarını yelləyə-yelləyə, gizli-gizli nəsə danışacaqlar. Ertəsi gün, tibb bacısı bir ovuc yeni yaşıl və sarı rəngli dərmanlar gətirib,- “bunları da iç!” - deyəcək.

Rəngli dərmanlara nifrət edirəm! Çünki, onların təsiri keçənə qədər ətrafda olan hər şey gözümə qırmızı görünür.

Sizə bir sirr də açım. Mən o dərmanları çox vaxt içmirəm. Ağzımda gizlədir, sonra cibimə yığıram. Kim deyə bilər ki, mən dəliyəm?!

Bir dəlinin başı bu qədər iti işləyərmi? Yanlış anlamayın məni!

Dünən gecə yuxuda atımı vura-vura, minməyə çalışan bəyaz saçlı, qoca bir kişi gördüm. O, kəpənəyimi ovcuna alıb, işıq saçmağını dayanandırana qədər onu sıxmaq istəyir. Buz kimi bir ürpərti bütün bədənimdə gəzişir; məhvedici bir narahatlıq ruhuma hakim kəsilir. Bir xeyli yerə mıxlanıb, nəfəssiz və hərəkətsiz ona baxıram. Şeytan güc göstərir, ona hücum çəkirəm. Aramızda mübahisə yaranır. Onu möhkəm itələyirəm. Üzü üstə yıxılır. Böyründə diz çökürəm.

Qocadan səs çıxmır, amma əli heysiz-heysiz tərpənir. Deyəsən, kömək etməyim üçün əlimi axtarır.

Yuxudan oyanıram. Bütün bədəninimi soyuq tər basıb. Çox əsəbiyəm. Tamam çaşıb qalmışam...

Ayağa qalxıb, şəkilə tərəf gedirəm. Əlimi üzərində gəzdirib astadan fısıldayıram:

- Sabah nə olacaqsa olsun! Onlar bu günü, bərabər keçirdiyimiz gözəl saatları əsla məndən geri ala bilməyəcəklər!..

Yeri gəlmişkən, o lənətə gəlmiş balaca siçan balası hardadı? Keçən həftədən bəri onu görmürəm. Buralarda dolaşmasına icazə vermişəm, çünkü məni güldürür.

***

Hə, harda qalmışdıq...

Bilmirəm, siz tanrıdan pıçıltı və ya uca səslə, “həyatımda ən yaxşı nədir, ən pis nədir?” deyə soruşmusuz, ya yox?

Mən soruşmuşam!

Gəlin, sizə kim olduğumu da deyim. Hamının bilib, çağırdığı adım Yusifdi; ailə üzvlərimin adını deməyəcəm.

Otuz səkkiz il bundan öncə əyyaş bir qadın, bir gecəlik həzdən hamilə qalaraq, məni dünyaya gətirib. On iki yaşım olanda, məni doğan o, qadını - özü kimi əyyaş olan məşuqu, yəni “atam” ov tüfəngi ilə gözümün qabağında vurdu. Mən o dəhşətli günü xatırlayıram...

Məni sünnət etmək üçün əlində cərrah bıçağı tutan həkimi də xatırlayıram. Bəli, hər şeyi xatırlayıram...

“Anamı” nə yemək bişirən, nə tikiş tikən gördüm. Ev işlərini bilməsə də, ağılagəlməz fırıldaqları yaxşıca bacarırdı. O, kimliyini, öz mövcudluğunu gizlətməzdi. Hər gecə içib sərxoş halda atam olan o insanla möhkəm mübahisə edir, sonra da qucağına atılırdı. Anamdan, uşaqları yatırtmaq, düşündürmək üçün nağıllar da eşitməmişəm. Məni tez-tez döyərdilər; heç sevmirdilər. Anam bəs atamı sevirdimi? Bu, atamın vecinə də deyildi.

Mən hər şeyi xatırlayıram!

Uğursuzdum.

Pulsuzdum.

Dilənirdim.

Dilənəndə belə uğursuzdum. Məscidin divarına söykənib gedib-gələnə, susaraq əl açmaqdan başqa bir iş bacarmırdım. İstəməsəm də avaragor bir yaşam tərzi sürərək bu günlərə, bu yerlərə gəlib çıxdım. Bu həyatda qara qəpik qədər dəyəri olmayan mən çox çalışsam da, xeyirxah ürək sahibinə, dürüst birisinə çevrilə bilmədim.

Dünən gecə burada yaşlı bir kişi ölüb. Gəzən şaiyələrə görə, o, gecə vaxtı otağını icazəsiz tərk edib və müvazinətini itirərək pilləkənlərdən yıxılıb. Növbətçilər onu qan içində, üzüstə uzanmış halda tapıblar.

İşə bax! Yazıq!

Hamı deyir ki, bu hadisədən sonra əzrayıl xəstəxanaya ayaq açacaq. Bir dəri, bir sümük qalmış qocaları fikir götürüb ki, əzrayılı buradan necə uzaqlaşdırsınlar.

***

Bu gecə küçə işıqları şəhərin üzərində üzən buludları aydın göstərir.

Baxışlarım buludlarda ilişib qalır.

Buludlar kiminsə qəzəbdən əzik-əzik edib, bir kənara tulladığı, oxunmamış məktublara oxşayır. Asta-asta cənuba doğru, istəyirəm ötüb keçən əzik məktuba bənzər buludları əlimlə tutub, içlərində nə yazıldığına baxım. Evlərin pəncərələrindən düşən işıqlar bir-bir sönür.

Qulağıma uzaqdan it ulaşması, ağlayan uşaq səsi gəlir.

Pəncərənin pərdəsini çəkib ağır-ağır yeriyib otağın qapısını kilidləyirəm. Bəyaz tavandan kəndir sallanır. Ayaq altına qoymaq üçün hay-hayı gedib, vay-vayı qalmış qırmızı parça üzlü, köhnə kətil də tapmışam. Qəzəbli etirazdan doğan bir gülmək keçir ürəyimdən. Nədənsə ayağımın altındakı cırıldayan qırmızı kətilə, boğazıma keçirəcəyim kəndirə güvənmirəm. Ürəyimə damıb ki, ya kəndir qırılacaq, ya da özgə nəsə olacaq. Yorğun-yorğun başımı bulayıram. Ağır yük kimi çarpayıma çöküb, bir siqaret yandırıb, əlimlə saçımı oxşayıram.

# 3942 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #