Nazir müavini Gəncəyə olan hücumla bağlı UNESCO-nun Baş direktoruna müraciət etdi

Nazir müavini Gəncəyə olan hücumla bağlı UNESCO-nun Baş direktoruna müraciət etdi
17 oktyabr 2020
# 10:32

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Nazirlikdən Kulis.az-a daxil olan müraciətdə deyilir: “Sizə əvvəlki məktubuma əlavə olaraq, nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanın beynəlxalq ictimaiyyətin hər iki tərəfə etdiyi hərbi fəaliyyəti dayandırmaq çağırışlarına hörmət edərək, humanitar atəşkəs təşəbbüsünü qəbul etdiyi bir vaxta erməni silahlı qüvvələri atəşkəsin ilk günündə münaqişə zonasından təxminən 80 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücuma başladı.

Oktyabrın 11-i gecə saat 2-də Gəncənin yaşayış və əhalinin sıx yaşadığı ərazisini hədəfə alan bu dəhşətli hücum nəticəsində 5-i qadın olmaqla, 10 mülki şəxs həyatını itirdi, 9-u uşaq və 10-u qadın olmaqla 34 nəfər yaralandı. Bu qeyri-insani hərəkət nəticəsində 3 uşaq hər iki valideynini itirdi, 10-dan çox yaşayış binası və 100-dən çox mülki infrastruktur zərər gördü.

Müstəqil dünya mediasının (BBC, “Euronews”, “France 24”, “Al-Jazeera”, “TRT World”) yayımladığı xəbərlərə istinadən, məqsəd yaxınlıqdakı hərbi hədəfləri vurmaq olmayıb. Belə ki, Ermənistanın raket hücumunun niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən terror aktı törətmək idi. İlk dəfə yüksək dağıdıcı ballistik “SCUD” raketini istifadə edərək, Ermənistan silahlı qüvvələri mümkün qədər çox itki və dağıntılara səbəb olmaq niyyəti ilə əhali arasında qorxu və fəsad yaratmağa nail olmaq istədilər. 1949-cu il dördüncü Cenevrə Konvensiyasına əsasən, bu, müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Bu cür vəhşi hərəkətə heç bir halda bəraət qazandırıla bilməz, çünki heç nə mülki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandıra bilməz.

Ermənistan silahlı qüvvələri dinc mülki vətəndaşlarla yanaşı, münaqişə zonasında çalışan jurnalistləri də hədəfə alır. Elə bu yaxınlarda Azərbaycan Milli Televiziyasının heyəti Ermənistan silahlı qüvvələrinin atəşinə tutuldu, nəticədə 2 jurnalist xəsarət aldı və avtomobillərinə ziyan dəydi. Xatırladaq ki, mətbuat və beynəlxalq ifadə azadlığının öhdəliklərini pozaraq, Ermənistan Xarici İşlər Nazirliyi “Novaya Gazeta”nın rus jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərindən müstəqil reportajları səbəbindən akkreditasiyasını ləğv etdi.

Ermənistanın heç nəyə fərq qoymadan atəşə tutması nəticəsində təhsil infrastrukturuna, dini və mədəni abidələrə, binalara da ciddi ziyan dəyməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, məktəblər bu cür hücumlara məruz qalaraq hədəfə çevrilib. Son məlumatlara görə, bu günə qədər 37 məktəb zədələnib və ya dağıdılıb.

İlk məktubumda bəhs etdiyim XIX əsr Gəncə gimnaziyasından əlavə, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav Kilsəsi kimi digər abidələr də Ermənistanın davamlı raket hücumları nəticəsində zərər görüb. Bu isə o dəməkdir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün müqəddəs heç nə yoxdur.

Vurğulamaq istərdim ki, Gəncə adi bir şəhər deyil. Bu şəhər Azərbaycan xalqının tarixində və həyatında mühüm rol oynayıb və oynamağa davam edir. Bu şəhər Nizami Gəncəvi, Əbulula Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şair və filosofları ilə tanınan bölgənin mədəniyyət mərkəzlərindən olmaqla yanaşı, həm də tarixən Azərbaycan xalqının xarici təcavüzə qarşı gücünü və dayanıqlığını simvollaşdırır. Bu mənada, Gəncənin 1918-ci ildə müsəlman dünyasında Azərbaycanın ilk demokratik respublikasının ilk paytaxtı, demokratiyanın vətəni olması heç də təsadüfi deyil.

Bildiyiniz kimi, mədəni irsin hədəfə alınması, ICC-nin 2016-cı ildə Əl-Mehdi işi ilə bağlı verdiyi məşhur qərarına uyğun olaraq müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərir.

UNESCO-nun sadiq üzvü olan Azərbaycan hər zaman Təşkilatın mədəni irsi qoruyub saxlamaq üçün insanların kollektiv yaddaşının və şəxsiyyətinin qiymətli bir elementi kimi nəcib missiyasını dəstəkləyir. Bildiyiniz kimi, ölkəm nəinki UNESCO-ya üzv dövlətləri, həm də NATO kimi digər beynəlxalq təşkilatlar tərəfindən geniş istifadə olunan və hərbi qurumlarda istinad materialına çevrilən Mədəni Sərvətlərin Mühafizəsi üzrə Hərbi Təlimatın hazırlanmasını və nəşrini həm texniki, həm də maliyyə cəhətdən dəstəklədi. Bu təlimat hərbi heyətə silahlı qarşıdurmalar zamanı mədəni sərvətlərin qorunması barədə məlumat verən ilk belə nəşrdir.

Azərbaycan, həmçinin UNESCO-nun fövqəladə hallarda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı fəaliyyətini dəstəkləyir və xüsusən də münaqişə vəziyyətlərində, o cümlədən məcburi yerdəyişmə vəziyyətlərində qeyri-maddi mədəni irsin qorunması üçün potensialın qurulması fəaliyyətlərinin inkişafı və həyata keçirilməsinə dəstək olaraq Qeyri-Maddi Mədəni İrs Fonduna maddi yardım edib.

Dünya İrs Komitəsinin 43-cü iclası ilə əlaqədar Azərbaycana son səfəriniz zamanı münaqişə zamanı irsi qorumaq üçün genişləndirilmiş tədbirlərə çağıran Bakı Bəyannaməsini qəbul etdik.

İnanıram ki, UNESCO yuxarıda göstərilən cinayətləri pisləməkdə və Ermənistan Respublikasını mülki şəxslərə, mülki infrastruktura, mədəni və dini abidələrə qəsdən hücumlardan çəkinməyə, beynəlxalq qanunlardan irəli gələn öhdəliklərə əməl etməyə çağırmaqda daha böyük və daha fəal rol oynaya bilər. Eyni zamanda, mən UNESCO-nu da insanlıq əleyhinə olan erməni cinayətlərini ifşa etmək üçün beynəlxalq səylərin önündə görmək istərdim.

Bu mövzuda dəstəyinizə güvənirik. Bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün UNESCO ilə sıx əməkdaşlıq etməyə tam açıq və hazır olduğumuzu bir daha bəyan edirik”.

# 1969 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #