Azərbaycanın icra başçısı dərdi

Azərbaycanın icra başçısı dərdi
8 may 2020
# 10:53

Məncə, cəmiyyətə ən sağlam baxış ədəbiyyat adamının baxışıdır. Ancaq mübahisə etmirəm. Çünki kimsə irəli durub öz peşəsinin daha yüksək özəlliyə malik olduğunu söyləyə bilər. Misal üçün, sosioloq, psixoloq, həkim, müəllim, bərbər və s.

Mən nəyə görə yazıçı müşahidəsini önə çəkdim? Ona görə ki, yazıçı predmet və hadisələrə təmənnasız baxır. Heç bir məqsəd güdmür. Uzağı baş verənlərin ədəbiyyata çevrilmə məqamlarına diqqət edir. Ədəbiyyat isə üslubundan asılı olmayaraq gerçəkliyi obyektiv dərk etmək və obyektiv qiymətləndirmək tələb edir.

Əlbəttə, söhbət əsl yazıçıdan gedir.

Ona görə, dünya başbilənləri dünyanı həm də ədəbiyyat vasitəsi ilə tanıyırlar. Hətta deyərdim, ədəbiyyat vasitəsi ilə daha çox tanıyırlar.

Misal üçün, Şekspir dövrünün İngiltərəsinin saray gerçəklərini “Hamlet” pyesi qədər dəqiqliklə kim və ya nə anlada bilər?

Yaxud, 20-ci əsrin əvvəllərinin Azərbaycanını Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlinin, Sabirin yazdıqları qədər...

Bu mənada günümüzün reallıqlarını da bəlkə ən yaxşı bilən ədəbiyyat adamlarıdır. Onlar qızıl ortada dayanıblar və heç bir siyasi maraqları olmadığı üçün gerçəkliyi daha aydın görürlər.

Yazıçılar əsasən sussalar da öz aralarında mükalimə etməyi xoşlayırlar. Elə misal üçün, son icra başçısı olayları ilə bağlı onların çox dəqiq qənaəti var. Lakin bunu deməyə tələsmir, bəlkə, hansısa hekayəyə, romana saxlayırlar.

Götürək son icra başçısı hadisəsini...

Hansısa yazıçının geniş münasibətinə heç yerdə rast gəlmədim. Lakin ədəbiyyatın kamerasından baxanda nələr göründüyünü təsəvvür etmək çətin deyil.

Azərbaycanda icra başçılarının çox mənfi imici var. Rayonlarda özünü hakimi-mütləq kimi aparan bu “ərköyün vətən övladları”nın bir çoxu həm mənəvi baxımdan, həm savad baxımından xeyli aşağı səviyyəlidir. “İki eşşəyin arpasını bölə bilməyən” bu “seçilmiş varlıqlar”a on minlərlə insanın taleyi həvalə olunur.

Görünən odur ki, belə adamlar heç pul yığmağı, rüşvət almağı və o pulu xərcləməyi də bacarmırlar. Kabinetinin, evinin dəlmə-deşiyinə paçka-paçka pul dolduran Vilyam Hacıyev mənə Cek Londonun suxarıları oğurlayıb döşəyinin altına yığan qəhrəmanını xatırlatdı.

Görməmişliyin yaratdığı ciddi kompleksdir bu.

Hər gün daha çox çapmaq!

Hər gün daha çox talamaq!

Hər gün daha çox soymaq!

Şəxsən ünsiyyətdə olduğum bir icra başçısında bir məqam müşahidə etmişdim və dəhşətə gəlmişdim: nəinki işlədiyi hər günü, hətta hər saatı belə qənimət bilirdi! Elə bil, ispanların məşhur “Kağız evlər” serialının zərbxananı ələ keçirən qəhrəmanı idi, dözüb durduğu hər an milyonlara başa gəlirdi.

İcra başçılarının mənfi imici onların şəxsi xarakterləri ilə bağlıdırmı? Necə olur da seçib-sonalayıb ən pis adamları icra başçısı qoyurlar?

Əlbəttə, belə deyildir.

Azərbaycanda icra başçısı sistemində pis adam olmaq yox, yaxşı adam olmaq xarakter məsələsidir. Çünki dövlətçilik anlayışımız ya yoxdur, ya da tam formalaşmayıb. Xüsusən əyalətdə necə bir ölkədə yaşadığının fərqinə varmayan, vəzifədə oturan adamın pul yığmasına normal baxan çoxsaylı adamlar, yəni, potensial Vilyam Hacıyevlər var.

Bir rayona hakimi-mütləq təyin olunan istənilən adamda aşağı-yuxarı naxoş təbəddülatlar yarana bilər. Hətta mənim özümdə də. Söhbət ondan gedir ki, mən istəsəm də pislik edə bilməyim.

Məhz bu səbəbdən, demokratik təsisatlarda hakimiyyət bölünür.

Azərbaycanlı de-yure dünyəvi, de-fakto mental ölkədə yaşayır. Ona belə rahatdır. Qanun onun üçün müqəddəs deyil. Çünki ona inanmır.

Sosial şəbəkələrdə Vilyam Hacıyevin pullarının fotosuna şərh yazanların, onu paylaşanların bir çoxunun monitorun o üzündə köks ötürdüyünü sezmək olur: “Kaş mənim olardı o pullar!”

Sizi əmin edirəm, o pulları ələ keçirmək imkanı olan çox nadir adamlar bu fürsəti qaçırardı.

Demək, məsələ yaxşı-pis adam olmaqda yox, düşdüyün mühitdədir.

Sərhədsiz səlahiyyət hər kəsə özünü padşah kimi hiss elətdirir və az keçməmiş elə o cür də davranır.

Məhz bu səbəbdən, demokratik təsisatlarda hakimiyyət bölünür.

Problemin kökündən həlli üçün yerli icra hakimiyyəti sistemində ciddi və köklü islahatlar aparılmalıdır. Elə islahatlar ki, kimsə istəsə də Vilyam Hacıyev ola bilməsin, müvafiq orqanlar bu cür talançı cinayətlərdən vaxtında xəbər tutsun, qarşısı alınsın.

Dövlətimizin islahatlara doğru getməsi bizi sevindirir.

Əks halda silsilə əməliyyatların şahidi olacağıq.

# 5280 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #