Hərbi formanın altından qadın alt paltarı geyinən rejissor

Hərbi formanın altından qadın alt paltarı geyinən rejissor
21 mart 2020
# 09:00

Kulis.az “Həyatı film olanlar” layihəsində amerikalı rejissor Edvard Vud haqqında çəkilən eyniadlı filmi təqdim edir.

Amerikalı ssenarist, rejissor, montajçı Edvard Vud (1924- 1978) ölümündən sonra “bütün illərin ən pis rejissoru” adını alıb.

Vud doğulandan anası ona həmişə qız paltarları geydirirdi. Çünki qadın həmişə qızının olmasını arzulamışdı. Uşaqlıqdan qız paltarları geyməsi getdikcə Vudun tutqusuna çevrilir. 17 yaşı olanda o, İkinci Dünya Müharibəsində iştirak edir. O, müharibədə belə hərbi formasının altından qadın alt paltarları geyinirdi. Ancaq ətrafın tənəsindən qorxaraq transvestitliyini gizləyirdi. Müharibə bitəndən sonra Vud Nyu-Yorka film çəkmək üçün gedir. Əvvəlcə karnavallarda saqqalı qadın obrazında görünürdü və Hollivudda xırda-xuruş işlər görürdü. Daha sonra teatr və kinoda özünün çoxsaylı layihələrini həyata keçirir. Eyni zamanda nəşriyyatlara kriminal mövzuda əsərlər təklif edirdi ki, onların da qəhrəmanları əsasən transvestitlər idi. Vudun rejissor kimi debütü “Qlen və Qlenda ” filmiydi. O burada həm də aktyor kimi çəkilib. “Qlen və Qlenda” Vudun peşəkar prodüserlə işlədiyi yeganə filmdir. Film prokatda iflasa uğrayır. Avtobioqrafik xarakter daşıyan əhvalatda müstəntiq bir transvestitin intihar hadisəsini araşdırır. Onlar haqda az bilgili olan müstəntiq psixiatra müraciət edir. Psixiatr ona transseksual və transvestitlərdən iki əhvalat danışır. Əhvalatlardan biri belədir ki, gənc oğlan sevgilisinə qadın paltarı geydiyini deyə bilmir. Ancaq “Qlen və Qlenda” filmi prokatda uğur qazanmır.

Gallery

Vudun yaradıcılığının maraqlı cəhəti odur ki, filmlərinə kinoya bağlı olmayan adamlar prodüserlik edirdi. Misalçün, “Monstrun nişanlısı” filmini Texasdan olan ət istehsalçısı maliyyələşdirir və şərt qoyur ki, oğlu da filmdə oynamalıdır. Bu, Vudun kassa uğuru qazanan yeganə filmidir. Maraqlı detallardan biri odur ki, çəkiliş zamanı osminoq lazım olur. Pul olmadığından Vud rezin osminoqu Republic Studios stdiyasının anbarından oğurlayır. Lakin osmoinoqu hərəkətə gətirən mühərriki götürməyi unudur. Buna görə epizod mühərriksiz çəkilir və Vud doktor rolunu oynayan Luqoşidən xahiş edir ki, guya osminoq onu boğurmuş kimi davransın.

Rejissorun məşhur əsərlərindən biri “Açıq kosmosun doqquzuncu planı” adlı dəhşət filmidir. Film kino tarixinin ən pis quruluşu kimi dəyərləndirilsə də, zaman-zaman onun adı müxtəlif ekran işlərində xatırlanır. 1990-cı ildən başlayaraq, Avropanın xeyli ölkəsində göstərilib. Bundan başqa, kompüter sisteminin araşdıran Amerika- Fin şirkəti əməliyyat sistemlərindən birini filmin şərəfinə adlandırıb.

Qüsurlarına baxmayaraq, “Açıq kosmosun doqquzuncu planı” Vudun yaradıcılığının zirvəsi sayılır. Süjetə görə Hollivud üzərində uçan boşqablar dolaşır, hakimiyyət isə bunu inkar edir. Yadplanetlilər düşünür ki, insanlar qalaktikaya ziyan vura bilər, ona görə “9-cu plan” adlı layihə hazırlayırlar. İmkansızlıqdan uçan boşqablar ucuz uşaq oyuncağı dükanından alınmışdı.

Gallery

Vud 1970-ci illərdə pornofilmlər çəkir və bəzisində özü rol alır. Onun pornofilmləri o qədər pis idi ki, hətta “Açıq kosmosun doqquzuncu planı” belə onun fonunda zövqlü görünürdü. İçki asılılığı olan rejissor 54 yaşında ürək çatışmazlığından ölüb.

Layihədə amerikalı rejissor Tim Bertonun müxtəlif festivallarda mükafatlara layiq görülmüş “Ed Vud” (1995) filmini təqdim edirik.

“Ed Vud” böyük rejissor olmaq istəyən, amma buna istedadı çatmayan birinin – autsayderin komediya qarışıq kədərli hekayəsidir. Berton filmdə Vuda rəğbətlə yanaşdığına görə çox tənqid olundu. Rejissorun fikrincə, onsuz da Vud yetərincə gülüş obyektinə çevrilib. Ona görə, o, qəhrəmanına sevgi və anlayışla yanaşıb. Süjetdə isə Vudun məşhur filmlərini çəkilməsi dönəmi, özəlliklə kumiri, aktyor Bela Luqoşi ilə dostluğu və özəl həyatından parçalar yer alıb. Ümumən, film Vudun kinematoqrafiyasının estetikasında çəkilib. Yəni primitiv, sadə və az büdcəli təəssürat bağışlayır.
Bundan başqa ilk epziodda xüsusən, Vudun filmlərinin üslubu duyulur. Məzardan qalxan adam tamaşaçını göstəriləcək filmlə tanış edir. Və bütün aktyorların adı məzar daşlarına yazılır.

Gallery

Vud Orson Uellsin heyranıydı. Hətta bir epizodda ruhdan düşmüş Vud təsadüfən kafedə Orson Uellslə rastlaşır. Və Uellsin ona verdiyi məsləhət – yalnız öz təsəvvürünə, özünə inan fikri onu ruhlandırır. Reallıqda isə Vudun Uellslə görüşü olmayıb. Maraqlısı odur ki, Vud hər film çəkəndə ona elə gəlirmiş ki, “Vətəndaş Keyn” səviyyəsində nəsə edirmiş. Baxmayaraq ki, bəzi epizodlarda o, özünün istedadsız olduğunu da etiraf edirdi...

Vud rolunun ifaçısı Conni Dep də personajına sevgiylə yanaşır, onun mahiyyətini dərindən duyaraq oynayır. O, öz oyununda qəhrəmanının uğursuzluğunun ağrısını, səmimiyyətini və bacarıqsızlığını birləşdirə bilir.

Diqqəti çəkən obrazlardan biri Bela Luqoşidir (Martin Landau). O, hardasa Vudla eyni taleyi yaşayır. Əslən macar olan, dəhşət filmləri ilə tanınan, artıq karyerasının qürub dövrünü yaşayan Luqoşi unudulmuş biridir. Hətta çoxu onun öldüyünü zənn edirmiş. Vud düşünür ki, Luqoşi ilə əməkdaşlıq filmlərinə uğur gətirəcək. Amma onun çəkildiyi filmlər baxılmır. Bir səhnədə Luqoşi yaşamaq üçün zəruri ehtiyaclarını ödəyə bilmədiyindən intihar etmək istəyir. Sonda isə o, təklikdə ölür. Əslində isə aktyor onu tərk etməyən həyat yoldaşı və yeniyetmə oğlu ilə yaşayıb. Amma bu parçalar filmdə yoxdur. Berton tamamən Vudla Luqoşinin münasibətinə köklənmək istədiyindən ailə üzvlərinə yer verməyib.
Vud bir qayda olaraq, gün ərzində 20-30 səhnəni əksər hallarda bir dublla çəkirdi. Filmdə onun bu iş metodu geniş təsvir olunub.

Gallery

Conni Depp rejissorun təklifini qısa zamanda qəbul edib. Bu, həmin vaxtlar idi ki, aktyor kino sənətinə məyus olmuşdu və belə bir rolu ifa etməklə eyni zamanda kinoya öz münasibətini ifadə edir.

Filmdə Vudun sevdiyi qadınlarla münasibəti də təsvir edilib. Onun sevgililərindən biri aktirsa Dolores Fuller (Sara Cessika Parker) idi. Amma Dolores Vudun qadın geyiminə olan tutqusuna görə tərk edir. Məşhur şair olan Dolores Elvis Preslinin bir neçə hitinin mətninin müəllifidir. Daha sonra Vud aktrisa Norma Makkarti ilə evlənir və bu nikahdan bir qızları doğulur. Norma ərinin transvestit olduğunu biləndə ondan ayrılır. Bundan sonra o Keti Oxara (Patrisiya Arkett) ilə evlənir və ömrünün sonunadək onunla yaşayır.

Vudun yaxın dostlarından biri Banni Brekinridc (Bill Myurrey) idi. O, bayağı teatr şoularında iştirak edirdi və bir neçə dəfə cinsini dəyişmək cəhdi uğursuzluqla nəticələnmişdi.

Vudun filmləri zövqsüz sayılsa da, o kult şəxsiyyət kimi qəbul olunur. Onun filmləri populyardır və bugünədək baxılır.
“Ed Vud” Rudolf Qreyin “Ekstazın dəhşəti: Edvard Vudun həyatı və yaradcılığı” bioqrafik kitabı əsasında çəkilib.

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #