Xınayaxdıya bənzəyən imza günlərimiz

Xınayaxdıya bənzəyən imza günlərimiz
19 mart 2020
# 13:10

Kulis.az Emin Pirinin “Xınayaxdı imza günləri” adlı yazısını təqdim edir.

Koronavirusa görə kütləvi tədbirlər qadağan edilib. Bilmirəm, bu məsələnin kitab təqdimatlarına, imza günlərinə nə qədər aidiyyatı var. Çünki 90% halda bu imza günləri kütləvi deyil, çayxana dostlarının bir masa ətrafına toplaşıb domino oynamasına bənzəyir.

Xınayaxdı, sünnət toyu, yoxsa kitab təqdimatı?! Tam olaraq nəyə bənzədiyi, anlamının nə olduğunu söyləməkdə çətinlik çəkirəm.

Bu gün Azərbaycan reallığında baş tutan imza günləri, kitab təqdimatları xeyir-şər işlərinə daha çox bənzəyir.

Toyları xatırladan, toya pul yazdırmağın əvəzini çıxmaq kimi görünən imza günlərinə yazıçıların bu cür yanaşması təəssüfləndiricidir.

“O mənim kitab təqdimatıma gəlmişdi, gərək, mütləq mən də gedim”, “Filankəs imza günümdə məni tərifləmişdi, mən də tərifləyim”, “Kitabım haqqında xoş sözlər demişdi, nə olsun, kitabını oxumamışam, mən də tərifləməliyəm, kişinin yanında borclu qala bilmərəm. Sonra üzünə baxa bilmərəm, adama nə deyərlər” kimi fikirlərlə gedilən, keçirilən kitab təqdimatları nəyəsə, kimlərəsə xidmət edir. Amma o nəyinsə, kimlərinsə dəqiq ədəbiyyat olmadığının fərqindəyəm.

Əslində oxucu qıtlığı yaşandığı, kitab bazarının öldüyü zamanda yazarların bir-birinin oxucusuna çevrilməsi, ən azından getməklə həmin müəllifə dəstək olmaq istəyi başa düşülən, bəlkə də vacibdir. Amma bu dəstəyi bayağılığa çevirmək sonradan Azərbaycan ədəbiyyatına daha böyük travma vurur.

Bəli, budur kitabın vağzalısı çalındı, tamada bəh-bəhlə təqdim etdi, müəllifin mənəvi atası, mənəvi anası, kimlərsə irəli gedib mənəvi arvadına söz verəcək. Pafoslu çıxışlar, adamı təngə gətirən uzun-uzadı xatirələr. Hərdən adama elə gəlir ki, bu təqdimatlarda kitabın kirvəsi çatışmır.

Bizdə kitab təqdimatlarının ikinci hissəsi daha çox ədəbiyyata xidmət edir, çünki insanlar heç olmasa içəndə bir qədər səmimi olur...

Azərbaycan yazıçısı az qala bütün oxucularını tanıyır, kimlərsə bütün oxucularıyla bir məclisdə yeyib-içib, kimisə oxucusunun bəlkə də qayınanasının ad gününə kimi bilir. Elə bu, oxucu arsenalının nə qədər kiçik olduğunu göstərir.

Zatən 5-10 oxucusu olan bir yazarın çiyinlərinə bütün problemləri yükləmək istəməzdim. Bu, tək onun yox, həm də cəmiyyətin problemidir. Amma kitaba, imza günlərinə toy, ad günü kimi yanaşdıqca, daha şit, daha çox bayağılaşmanın şahidi olacağıq.

Sovet dövrü kitab sahəsini nə qədər inkişaf etdirsə də, həmin həcmdə də düşüncəyə böyük zərbə vurdu. Hər kəsin içində, hər oxucunun düşüncələrində “mənim də kitabım çıxıb” kimi arzusuyla özünü göstərmək, kimsədən geri qalmadığını nümayiş etdirmək istəyi yatır. Sovet ənənəsinin gətirdiyi kitab təqdimatları, pafoslu sözlər, bədii mətnə, həmin kitaba aidiyyatı olmayan söhbətlər və.s. cəmiyyətdə mənfi örnəkdir. Kitabı çıxan, imza günü olan hər yazara eyni yanaşılması, eyniləşdirilməsi Azərbaycan oxusunun itirilməsi, yazara olan hörməti heçə endirir. Düzdü, burada siyasi təsirlər də böyük rol oynayır. Amma həmin zərbəni vuranların əsasını ədəbi mühitdə duranlar təşkil edir. Ciddi və qeyri-ciddi hər yazar haqqında eyni sözlərin deyilməsi, yazılması sonda düşdüyümüz bu durumu yaratdı.

Bir yazar ixtisası, iş yeri kimi “şairəm” deyirsə artıq hansı faciənin içində olduğumuzu söyləməyə ehtiyac yoxdur.

“Azərbaycanda ciddi yazıçı, istedadlı şair yoxdur, ona görə də dünya ədəbiyyatı oxuyuram” deyən oxucuyla, “Azərbaycan oxucusunun düşüncəsi geri qalıb” deyən yazar arasında elə ciddi fərq yoxdur. Hər biri özünün mənəvi uğursuzluğunu bir-birinin üzərinə atmağa çalışan və yaxud özünü hər kəsdən yuxarı göstərməyə çalışan məxluqlardır.

Azərbaycan şairini bəyənməyib dünya ədəbiyyatından ağız dolusu danışanların da sonradan serial xarakterli ədəbiyyat azarkeşi olduğu və yaxud bəyənmədiyi yerli yazarlardan iki, üç qat zəif yazarların oxucusu olduğu ortaya çıxır.

Müşahidə etmisinizsə bizdə çox vaxt kitab maarifçiliyi ilə məşğul olanlar, özünü cəmiyyətin ziyalısı kimi göstərməyə çalışanlar kitabdan çox özünün reklamı ilə məşğuldur. Özünə ziyalı, tərəqqipərvər, maarifçi imzası geyindirmək üçün dəridən qabıqdan çıxır. Şou-biznes aləmində müğənnilərin öz xarici maşınlarını reklam etməsi kimi, xaricdən gətirdiyi kitab haqqında günlərlə paylaşımlar edir, o kitabı necə əldə etdiyi haqqında müsahibələr verir, o kitabı necə oxuyacağı haqqında köşələr yazır. Bütün bunlar kitab, cəmiyyət naminə deyil, sırf özünə yuxarıda yer tapmaq istəyindən başqa şey deyildir. Bu insanlar aldıqları kitabların onların imzasına xeyir gətirməsi üçün çalışdığı vaxt qədər heç o kitabı oxumağa sərf etmir.

Çox yazıçı “oxucu yoxdur” kimi fikirlərə, mülahizələrə öz yaradıcılığından daha çox vaxt sərf edir. Enerjisini belə yoxluğa yönəldən yazıçı sonda özü yoxluğa yuvarlanır.

Tez-tez rast gəlirəm. Hər kəs metroda, avtobusda kitab oxuduğunu qeyd edir. Və kitab oxuyarkən insanların onlara qəribə yadelli kimi baxmasından bəhs edir. Hətta 5 dəqiqə kitab oxuduqlarına görə, insanların baxışlarından saatlarla material hazırlayırlar. Dəfələrlə bunu yoxlamaq istədim amma deyilən olmadı. Çünki kitab oxuyarkən sənin insanların nə etməsindən, anbaan haralara baxdığından nə xəbərin ola bilərki? Demək ki, sən kitab oxuyarkən başqaları sənə deyil, sən insanları izləməklə onlara narahatçılıq yaradırsan. Bunun özü də məhz təhtəlşüur özünü cəmiyyətdən yüksək görmək, “bu cəmiyyət mənə uyğun deyil” fikrini yeritmək və ya ən azından daxildəki boşluqdan xilas olmaq cəhdidir.

Ümumiyyətlə, bizdə hələ də təqdimat, kitab müzakirəsinin və imza gününün nə olduğunu bilmirlər, ya da bir-biriylə qarışdırırlar. Daha çoxsa üçünün birində keçirildiyi “maccofe” kitab günlərinin şahidi oluruq.

Cəmiyyətimizi bəzi “mental” dəyərlər geri saldığı kimi daha çox sovet ənənəsinin duyulduğu bugünkü kitab günləri bizi irəli yox, geri salaraq dünya ədəbiyyatının uğurlarından məhrum edir.

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
# # #