news-inner
clock08:57 calendar-gray 26 Dekabr 2019 view-gray1727 dəfə oxunub
view-gray1727 dəfə oxunub

Taksidəki kişi və qadının müəmmalı münasibəti

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Yolayrıcında qalmış taksi” qısametrajlı bədii filmini təqdim edir.

Filmin süjeti: Gənc qadın rejissorun (Günay Əhməd) kinoteatrda filmi nümayiş olunur. Narazı qalan tamaşaçıların filmdən sıxıldıqları haqda giley-güzarı eşidilir. Məyus olmuş qadın kinoteatrdan çıxaraq taksi tutur. Məlum olur ki, taksi sürücüsü (Elşən Rüstəmov) vaxtilə aktyor imiş. Hətta oynadığı tamaşalardan biri vaxtaşırı televiziyada göstərilirmiş. Yol boyu onların arasında o qədər də rahat olmayan ünsiyyət yaranır. Sürücü yanacaq doldurmaq üçün maşını saxlayır. Və ayaqyoluna gedir. Qadın bu anda kimsəsiz bir it görür, sürücünün pulunu oturacağa qoyaraq taksidən düşür. Yaxınlıqdakı dükandan itə kolbasa alır, onu yedirir və məmnun halda gedir. Sürücü qayıdıb onu görməyəndə məyus olur...

Murad Quliyevin rejissoru olduğu film “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən “Debüt” studiyasında istehsal olunub və 2017-ci ildə ekranlara çıxıb. Filmin ssenari müəllifi Nonna Müzəffərovadır.

“Yolayrıcında qalmış taksi” klassik əhvalat modellərindən biri üzərində qurulub. İki uğursuz adam təsadüfən rastlaşır. Ancaq klassik modeldən fərqli olaraq, onların arasında ünsiyyət alınmır, həyatlarını dəyişdirəcək, süjeti inkişaf etdirəcək nəsə baş vermir. Final səhnəsində onlar elə yad adamlar kimi də ayrılırlar...

Gallery

Məsələ ondadır ki, bizim əksər filmlərimizdə yazmaq, təhlil etmək üçün material yoxdur: nə təsvir həlli, ifadə vasitələri baxımından, nə ideya-məzmun baxımından.

Yarım saatlıq “Yolayrıcında qalmış taksi” filmindən başa düşdüyüm odur ki, müəllif özü də nəyi çəkmək istədiyini o qədər anlamayıb.

Filmdə əsas məqsəd nə idi? Həyatdan usanmış qadının ekzistensial, ünsiyyət böhranını, yaşamasında bir məna tapa bilməməsini göstərməkmi? Əgər belədirsə, müəllifin niyyəti tamlıqla alınmayıb. Çünki əhvalatda ünsiyyət, ekzistensial böhranı ifadə edəcək uyğun təsvirlər, verbal komponentlər yetərli işlənməyib.

Çünki bu halda qadının laqeydliyini, ətrafa reaksiyasızlığını ara-sıra sürücüylə ünsiyyətə girmək ehtiyacı, bəzən üzündə yaranan istilik qırmamalydı. Qırırsa, onda hekayə başqa istiqamətdə inkişaf etməliydi və bu haqda irəlidə danışacam. Ona görə qadının sahibsiz iti görəndə birdən-birə guya laqeydliyinin yox olması, əvəzində mərhəmət duyğularının baş qaldırması, ona qayğı göstərmək ehtiyacı da inandırıcı görünmür. Yəni, göstərilən situasiyaya gətirən əsas yoxdur.

Gallery

Başqa istiqamət deyəndə aşağıdakını nəzərədə tuturam. Yox, əgər hər iki personaj tənhalıqdan əziyyət çəkirsə, niyə münasibətləri inkişafa doğru getmir? Sürücü nə vaxtsa aktyor olduğunu, məcburiyyət qarşısında (çox güman ki, sosial səbəblərdən) peşəsini atdığını deyəndə, bu, artıq onunla rejissor qadın arasında bir körpü salmalıydı. Çünki hər ikisinin ikinci planından, bədən dilindən tənhalığı, istiliyə, ünsiyyətə ehtiyacı olduğu duyulur.

Qadın çantasından alışqanı əsəbiliklə axtaranda yaxın planda göstərilən mənzilinin açarı, xoşbəxt cütlüyə həsədli baxışları onun fiziki mənada da tənhalığını eyhamlaşdırır. Kişinin mobil telefonuna zəng gələndə isə onun ovqatının pozulması, zəngə cavab verməməsi (güman ki, zəng vuran arvadıdır) onun mənən, ruhən tənhalığını göstərir.

Gallery

Hər ikisinin bir-birinə açılması üçün əsaslar olsa da, rejissor onlardan yan keçir. Yaxud başqa cür desəm, dramaturji materialda qadınla kişi arasında münasibətlərin alınmaması, inkişaf etməməsi yetərincə əsaslandırılmır.

Digər bir epizodda sürücü nə vaxtsa aktyor olduğunu deyəndə, qadın istehzayla “Hamleti oynamısız?” deyə soruşur. Kişi istehzanı sezərək məyusluqla “Horatsionu oynamışam” deyir və onu narahat edən fikirlərini bölüşür. Həmin anda qadın özü də ədasından pərt olur, səsi qırılır, üz ifadələri yumşalır.

Dramaturgiya bu qırılma nöqtəsindən sonra nəsə bir mülayimləşmənin getməsini tələb edir. Ancaq yenə də münasibətlərdə nəsə baş vermir. Hətta sürücünün “Olum ya ölüm” monoloqu belə havadan asılı qalır. Qadının ona Ofeliyanın sözləri ilə cavab verməsi də hadisənin inkişafına təkan vermir. Bir səhnədə isə (maşının təkərinin sıradan çıxdığı epziodu nəzərdə tuturam – S.S.) rejissorun əndişəli baxışıyla bayırı nəzərdən keçirdiyini görürük. Əndişəli baxışın nədən qaynaqlandığını rejissor göstərmir.

Gallery

Bütün hallarda rejissor necəsə katarsisə nail olmalıdır axı. Bunun üçün qadının itə yazığı gəlməli, ona yemək almalı və yemək almaq üçün mütləq dükana girməliydi. Və mütləq dükandakı televizorda göstərilən faciəli, ölüm-itim xəbərlərini dinləməliydi ki, emosional katarsis keçirsin. Yəni faciəli xəbər qadın üçün soyuq duş effekti verir. Və qadın rahatlaşır ki, yer üzündə daha bədbəxt insanlar var və onlarla müqayisədə onun durumu elə də pis deyil.

Yeri gəlmişkən, ilk epizodlarda qadının çəkdiyi filmin uğursuzluğunun nədəni də qaranlıq qalır. Kütlə onun çəkdiyi ciddi, keyfiyyətli filmlərə hazır deyilmi? Yoxsa, o, sadəcə, uğursuz bir kommersiya filmi çəkib? Ümumiyyətlə, qadın nədən əziyyət çəkir, dərdi nədir: özünüifadə problemindən, istedadının yetərli olmamasından və ya həyatının mənasızlığından?

Suallar açıq qalır.

Musiqi digər filmlərimizdə olduğu kimi izafidir. Maraqlı təsvirlərdən çox musiqi dinləyirik. Təsvirdən söz düşmüşkən, kamera daha çox qadına tuşlanmaqla onun tənhalığını, kədərini göstərmək istəyir. Amma biz artıq öncəki kadrlarda qadın haqda bu informasiyanı aldığımızdan sonrakı təsvirlər təkrarlanır və yüksüz görünür.

Aktyor oyununa gəlincə, Günay Əhməd gözləri ilə danışmağı bacaran aktrisadır. Elşən Rüstəmov da adətən psixoloji ağırlıqlı rolların dəqiq təyinatını anlayan aktyordur. Ancaq rejissor işi sönük olanda, bu, təbii ki, aktyorların da keyfiyyətli işinə təsir edir.

Oxşar xəbərlər