Dostoyevskinin "Timsah" hekayəsinin davamı – İlk dəfə

Dostoyevskinin "Timsah" hekayəsinin davamı – İlk dəfə
22 noyabr 2019
# 21:00

Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin "Timsah" hekayəsinin davamını təqdim edir.

əvvəli burada...

- İvan Matveiç bizim özümüzə də lazım ola bilər axı. Onu çağıra bilərlər.

- İvan Matveiç lazım ola bilər? Ha-ha! Həm də o, məzuniyyətdədir axı, deməli onu gözdən çıxara bilərik, qoy orada Avropa torpaqlarını seyr etsin. Məzuniyyətdən qayıtmasa, başqa məsələ, onda soruşarıq, araşdırarıq…

- Üç aydan sonra! Timofey Semyonıç, yazıq deyilmi?

- Günah özündədir. Onu oraya zorla soxmayıblar ki. Belə getsə, ona dövlət hesabına xidmətçi tutmalı olacağıq, belə bir ştat isə nəzərdə tutulmayıb. Başlıcası – timsah şəxsi mülkiyyətdir, deməli, iqtisadi prinsip deyilən şey qüvvəyə minir. İqtisadi prinsip isə hər şeydən əvvəl gəlir. Hələ üç gün əvvəl Luka Andreiçin evindəki müsamirədə İqnati Prokofiç deyirdi, İqnati Prokofiçi tanıyırsınızmı? Kapitalistdir, iş adamıdır, bilirsiniz, çox səlis, rabitəli danışır. «Bizə, deyir, sənaye lazımdır, sənayemiz zəifdir. Onu qurub-yaratmaq lazımdır. Kapital toplamaq, demək ki, orta təbəqəni, burjuaziyanı yaratmaq lazımdır. Özümüzdə kapital olmadığı üçün onu xaricdən cəlb etməliyik. Əvvəla, indilərdə xaricdə olduğu kimi, əcnəbi kompaniyalara imkan tanımaq lazımdır ki, bizdə torpaq sahələri ala bilsinlər. Deyir, icma mülkiyyəti zəhərdir, ölümdür! – Özü də, bilirsinizmi, ehtirasla danışır, deyir: icma ilə nə sənaye, nə də əkinçilik dirçələ bilməz. Xarici kompaniyalar, deyir, torpaqlarımızın hamısını hissə-hissə almalıdırlar. Sonra bu torpaqları da lap kiçik hissələrə parçalamaq, bölmək, xırdalamaq lazımdır – qətiyyətlə deyir: xırdalamaq və şəxsi mülkiyyətə vermək. Satmaq yox ha, icarəyə vermək. Onda, deyir, bütün torpaqlar əcnəbi kompaniyaların əlində olacaq, deməli, istədiyin miqdarda icarə haqqı tələb eləyə bilərsən. Belə çıxır ki, mujik üçqat artıq işləməli olacaq, yalnız boğazı üçün çalışacaq və canında həmişə qovulmaq qorxusu olacaq. O, hiss edəcək ki, çıxış yolu yoxdur, daha səylə çalışacaq və eyni muzda görə üçqat artıq işləyəcək. Amma icmada nə vecinə! Bilir ki, acından ölməyəcək, tənbəllik eləyir, arağa qurşanır. Belə də isə, pullar da cəlb ediləcək, kapital da yaranacaq, burjuaziya da əmələ gələcək. Bu yaxınlarda ingilislərin siyasi və ədəbi qəzeti «Taym»da da bizim maliyyə məsələlərimizi araşdırıb yazmışdılar: bizim vəsaitlərimiz ona görə artmır ki, orta təbəqə yoxdur, iri pul kisələri yoxdur, xidmətçi proletarlar yoxdur…» İqnati Prokofiç yaxşı danışır. Natiqdir. Özü rəhbərlik haqqında rəy yazıb, «İzvestiya»da çap etdirmək istəyir. Bu, İvan Matveiçin məsələsi kimi cəfəng şeylər deyil ha…

- Yaxşı, İvan Matveiç necə olsun? – Qocaya ürəyini boşaltmağa imkan verib, yenidən söhbətə qayıtdım. Timofey Semyonıç bəzən çənəsini boş buraxmağı sevirdi, bununla göstərmək istəyirdi ki, geridə qalmayıb və hər şeydən xəbərdardır.

- İvan Matveiç necə olsun? Elə ona gətirirəm də. Biz əcnəbi kapitalı ölkəmizə cəlb etmək üçün çalışırıq, indi özünüz baxın: timsah sahibinin ölkəyə cəlb etdiyimiz kapitalı İvan Matveiçin hesabına ikiqat artan kimi biz, əcnəbi mülkiyyətçiyə havadarlıq etmək, himayəmiz altına almaq yerinə onun əsas kapitalının qarnını yırtmağa çalışırıq. Bu nə dərəcədə düzgündür? Məncə, İvan Matveiç əsl vətən oğlu kimi əcnəbi timsahın qiymətini birə-iki, bəlkə də birə-üç artırdığına görə sevinməli və fəxr etməlidir. Bu, kapital cəlb etmək üçün vacibdir. Birinin işi alındıqdan sonra, bir də görəcəksən, ikincisi də timsah gətirib, üçüncü əcnəbi isə ikisini-üçünü birdən gətirəcək, onların ətrafında isə kapital formalaşmağa başlayacaq. Bu da sizə burjuaziya. Belə şeyləri təqdir etmək lazımdır.

- İnsafınız olsun, Timofey Semyonıç! – Səsimi ucaltdım, - siz İvan Matveiçdən, az qala, görünməmiş fədakarlıq tələb edirsiniz!

- Mən heç nə tələb etmirəm və sizdən bir daha xahiş edirəm başa düşəsiniz, mən müdir-filan deyiləm, deməli, heç nə tələb eləyə bilmərəm. Mən bir vətən oğlu kimi danışıram, yəni «Vətən oğlu» kimi yox, adi vətən oğlu kimi danışıram. Yenə deyirəm, onu kim məcbur etmişdi ki, gedib timsahın qarnına soxulsun? Ağır adamdır, qulluq sahibidir, qanuni nikahda yaşayır və birdən – belə bir addım! Düzgün hərəkətdirmi?

- Axı bu addımı özü də bilmədən atıb.

- Nə bilmək olar? Yaxşı, timsah sahibinə hansı puldan ödəyəcəyik, bunu deyin?

- Bəlkə məvacibdən, Timofey Semyonıç?

- Çatarmı?

- Çatmaz, Timofey Semyonıç, - kədərli cavab verdim. – Timsahın sahibi əvvəlcə heyvanın partlayacağından qorxurdu, sonra hər şeyin yaxşı olduğunu görüb, özünü çəkməyə başladı: sevindi ki, qiyməti iki dəfə qaldıra bilər.

- Üç dəfə, dörd dəfə də qaldıra bilər! Camaat axışıb gələcək, timsah sahibləri isə zirək adamlardır. Üstəlik, ətbazlıq, əyləncəyə meyl etmə… ona görə də, təkrar edirəm, qoy hələlik İvan Matveiç gizlindən göz qoysun, tələsməsin. Eybi yox, qoy hamı bilsin ki, o, timsahın qarnındadır, amma rəsmi olaraq bilinməsin. Bu mənada İvan Matveiç xüsusilə əlverişli vəziyyətdədir, çünki hamı elə bilir ki, o, xaricdədir. Desələr ki, o, timsahın qarnındadır, inanmarıq. Belə etsək daha yaxşı olar. Bir sözlə, qoy gözləsin, hara tələsir?

- Bəs, əgər…

- Narahat olmayın, ətli-canlı…

- Yaxşı, bəs o gözləyəndən sonra nə olacaq?

- Nə deyim, sizdən gizlətmirəm, son dərəcə dolaşıq məsələdir. Heç nə başa düşmək olmur, ən pis tərəfi isə odur ki, indiyə kimi belə hadisə olmayıb. Əlimizdə nümunə olsaydı, nəsə fikirləşmək olardı. Nə qərar verəsən? Nəsə eləyəcəksən, iş uzanacaq.

Ağlıma gözəl bir fikir gəldi.

- Bəlkə belə eləyək? – dedim, - əgər onun qismətinə yırtıcının qarnında qalmaq yazılıbsa və taleyin hökmüylə yaşayırsa, xahiş edə bilərmi ki, onu işdə hesab eləsinlər.

- Hm… yalnız məzuniyyətdə sayıla bilər, özü də ödənişsiz…

- Ödənişlə olmaz?

- Axı hansı əsasla?

- Məsələn, ezam oluna bilər.

- Necə, hara?

- Qarına, timsahın qarnına… Necə deyərlər, məlumat toplamaq üçün, faktları yerində araşdırmaq üçün. Əlbəttə, bu yeni işdir, amma mütərəqqi işdir, eyni zamanda maariflənməyə dəstək verildiyini göstərir…

Timofey Semyonıç fikrə getdi.

-Məmuru xüsusi tapşırıqla timsahın qarnına ezam etmək, - o nəhayət dilləndi, - şəxsən mənə görə cəfəng işdir. Belə bir ştat yoxdur. Bir də ki, adamı oraya ezam etmək nəyə lazımdır?

- Necə yəni? Təbiəti canlı olaraq, yerində öyrənmək üçün. İndilərdə təbiət elmləri dəbdədir, botanika-filan… O, oradan xəbərlər verə bilərdi… məsələn, həzm etməylə bağlı, yaxud sadəcə oradakı adət-ənənə barədə. Faktların toplanması üçün.

- Bu, statistikaya aid məsələlərdir. Belə şeylərdən çox da başım çıxmır, filosof da deyiləm. Faktlardan danışırsınız, biz onsuz da faktların içində itib-batmışıq, bilmirik onlarla neyləyək. Özü də bu statistika təhlükəlidir…

- Nəyi təhlükəlidir?

- Təhlükəlidir. Nəzərə alın ki, o, faktları, necə deyərlər, böyrü üstə uzanıb ötürəcək. Böyrü üstə uzanıb işləmək olarmı? Bu da yenilikdir, özü də təhlükəli yenilik; belə bir nümunə də olmayıb. Bax, əgər əlimizdə belə bir nümunə olsaydı, fikrimcə onu oraya ezam etmək olardı.

- Timofey Semyonıç, axı indiyə kimi canlı timsahlar da gətirmirdilər.

- Hm, hə… - o yenidən fikrə daldı. – Bilmək istəyirsinizsə, sizin bu etirazınız ədalətlidir və işi irəliyə aparmaq üçün əsas kimi götürülə bilər. Ancaq yenə də nəzərə almalısınız ki, canlı timsahların meydana çıxmasıyla məmurlar yox olmağa başlayacaqsa, sonra isti və yumşaq yerdə oturub oraya ezam olunmağı tələb edəcəksə, sonra da böyrü üstə uzanıb… Razılaşın – pis nümunədir. Belə olan halda müftə pulların ardınca hamı oraya soxulmağa çalışacaq.

- Yardım əlinizi uzadın, Timofey Semyonıç! Yeri gəlmişkən, İvan Matveiç xahiş etdi ki, sizə qumar borcunu verim, yeddi manatdır, oyunda…

- Hə, bu yaxınlarda Nikifor Nikiforıçın yanında uduzmuşdu! Yadımdadır. Onda necə də şən idi, hamını güldürürdü, bu da axırı!..

Qoca əməlli-başlı mütəəssir olmuşdu.

- Kömək edin, Timofey Semyonıç.

- Çalışaram. Öz adımdan danışacağam, fərdi qaydada, arayış verəcəyəm. Siz də qeyri-rəsmi qaydada öyrənin, görün sahib öz timsahına nə qiymət kəsir, nə qədər götürməyə razılaşardı?

Deyəsən Timofey Semyonıçın ürəyi yumşalmışdı.

- Mütləq, - cavab verdim, - öyrənən kimi gəlib sizə deyəcəyəm.

- Onun arvadı… İndi təkdirmi? Darıxmır ki?

- Ona baş çəkmək istəyirsinizmi, Timofey Semyonıç?

- Baş çəkərəm. Çoxdan vardı fikrimdə, lap yerinə düşdü… Niyə axı, timsaha baxmaq onun nəyinə lazımdı? Amma, burası da var ki, elə mən özüm də baxmaq istərdim.

- O bədbəxti də yoluxardınız, Timofey Semyonıç…

- Yoluxaram. Əlbəttə, bu addımı atmaqla onu ümidləndirmək istəmirəm. Mən oraya fərdi qaydada gedəcəyəm… Yaxşı, hələlik, mən yenə Nikifor Nikiforıçın yanına gedirəm, gedirsinizmi mənimlə?

- Yox, mən dustağın yanına gedəcəyəm.

- Hə, indi də dustaq yanına!.. Eh, ağılsızlıq!

Qocayla sağollaşdıq. Başımda cürbəcür fikirlər dolaşırdı. Timofey Semyonıç son dərəcə vicdanlı, xeyirxah adam idi, ancaq onun yanından çıxandan sonra nədənsə sevindim ki, o artıq əlli yaşını adlayıb və indilərdə Timofey Semyonıç kimilərinə az-az rast gəlinir. Sözsüz, bədbəxt İvan Matveiçə xəbər çatdırmaq üçün mən o saat Pasaja doğru götürüldüm. Sözün açığı, özümü də maraq götürmüşdü: o, timsahın qarnında neyləyir, orada necə yaşamaq olar? Yəni doğrudanmı timsahın qarnında yaşamaq olar? Doğrusu, hərdən mənə elə gəlirdi ki, bütün bunlar qorxunc yuxudur, söhbət də elə qorxunc yırtıcıdan gedirdi…

III

Lakin bu, yuxu deyildi, heç bir şübhə doğurmayan əsl gerçəklik idi. Yoxsa, bütün bunları danışmağa nə ehtiyac vardı? Elə isə davam edirəm…

Pasaja saat doqquz radələrində, gec gəlib çıxdım. Timsah olan otağa arxa qapıdan girməli oldum, çünki alman mağazanı həmişəkindən tez bağlamışdı. O, yağa bulaşmış köhnə sürtük də, evdəymiş kimi gərdiş eləyir, səhər olduğundan da xoşhal görünürdü. Belə məlum olurdu ki, o artıq heç nədən qorxub-çəkinmir və «camaat çox gəlmək». Mutter bir azdan çölə çıxdı, çox güman ki, mənə göz qoymaq istəyirdi. Almanla mutter tez-tez pıçıldaşırdılar. Mağazanın bağlı olmasına baxmayaraq o, girişə görə məndən iyirmi beş qəpik aldı. Bu qədər səliqəli, diqqətli olmaq nəyə lazımdır!

- Siz hər dəfə ödəniş etmək; camaat bir rubl ödəmək, sizsə iyirmi beş qəpik, çünki siz gözəl dostunuzun gözəl dostu olmaq, mən dosta hörmət bəsləmək…

- Mənim oxumuş, mədəni dostum sağ-salamatdırmı? – Timsaha tərəf gedə-gedə ucadan səsləndim, ümid edirdim İvan Matveiç səsimi hələ uzaqdan eşidəcək və bu onun izzət-nəfsini oxşayacaq.

- Sağ-salamatam, - dostumun səsi sanki çox uzaqdan, ya da, elə bil, çarpayının altından gəlirdi, baxmayaraq ki, düz onun yanında dayanmışdım, - sağ-salamatam, ancaq bu barədə sonra danışarıq? İşlər necədir?

Özümü eşitməzliyə vurub, şəfqətlə, dil-boğaza qoymadan özüm onu sorğu-suala tutdum: necədir, nə təhərdir, timsahın qarnında özünü necə hiss edir, ümumiyyətlə, timsahın qarnında olmaq nə deməkdir? Dostluğumuz və adi nəzakət qaydaları bunu tələb edirdi. Ancaq o, hirslə, səbirsizcəsinə sözümü kəsdi.

- İşlər necədir? – O, adəti üzrə mənə komanda verirmiş kimi, özünün bu dəfə lap qulaq cırmaqlayan cır səsiylə qışqırdı.

Mən Timofey Semyonıçla söhbətimizi bütün təfərrüatıyla ona danışdım. Danışarkən səsimə bir qədər incik intonasiya qatmışdır.

Davamı

# 4678 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #