news-inner
clock14:48 calendar-gray 15 Oktyabr 2019 view-gray335 dəfə oxunub
view-gray335 dəfə oxunub

Qaçırtdığı qızı qəzada itirən oğlan – Yeni hekayə

Kulis.az Zamiq Abdullayevin “Mən hələ sağam” hekayəsini təqdim edir.

Təxminən iki ay olardı yazışırdılar. Əslində niyə bu qızla yazışdığını, məqsədinin nə olduğunu özü də bilmirdi. Sadəcə bu qız bəzi cəhətləri ilə onda maraq doğururdu. Çox ağıllı fikirləri, qəribə və fərqli düşüncə tərzi var idi. Yoxsa şəklini görmədən, kimliyini, nəçiliyini belə dəqiq bilmədən, saxta profillərlə dolu internet dünyasının sıradan bir sakini ilə bu qədər yazışmazdı.

Tanışlıqlarının birinci günündəcə qız onu ilk olaraq “həyatda məni heç nə təəccübləndirmir” cümləsiylə təəccübləndirmişdi. Necə yəni? Nə görüb ki, həyatda bu qız? Nələr yaşayıb ki? Bəlkə mütəmadi və dərin mütaliə ilə məşğul olur və elə bilir ki, kitablar həyatı öyrənmək üçün bəs edir?

Yox, şeirdən, ədəbiyyatdan söz düşəndə bildirdiyi fikirlərdən mütaliəsinin el şairlərindən, tamada şeirlərindən o tərəfə keçmədiyini bilmiş və bu dərin mütaliə versiyasını başından atmışdı. Heç sonralar da bu qızı tanımayacaq, nələr yaşadığını bilməyəcəkdi yəqin ki...

Sadəcə hisslərinə gücü çatan, gecə-gündüz internetdə maraqlı araşdırmalar aparıb, hər gün bir yeni şey tapan, bəzən hardasa rast gəldiyi fəlsəfi sualları ona ünvanlayaraq fikrini öyrənmək istəyən bir qız vardı qarşısında. Yəni, ekranın o üzündə. Bir iki dəfə belə fəlsəfi suallara “başım üstümdə dayanmır, bütün günü onsuz da baş işlətmişəm, indi məni belə dərinə salma”- deyərək, cavab vermiş və söhbətin məğzini dəyişərək sualdan yayınmışdı.

Aralarındakı münasibət qısa və müntəzəm olmayan yazışmalardan ibarət olduğundan bir-birini çox da yaxşı tanıya bilmirdilər. Bildiyi o idi ki, bu qız onu sadəcə hər gün bir yeni sevgi yaşayan, qadınlarla yüngül münasibətlərə üstünlük verən, günü içki məclislərində keçən biri kimi tanıyır. Yəqin ki, bu fikir hər gün paylaşdığı məhəbbət şeirlərindən və qızın onu öyrənmək üçün verdiyi bəzi şəxsi sualları özünəməxsus şəkildə, zarafatyana cavablandırmasından yaranmışdı.

Son günlər isə qız ona artıq sevgi dərsləri keçməyə başlamışdı. Bu dərslər sevginin saflığından, xəyanətdən, vəfadan bir sözlə sevgiyə aid hər şeydən bəhs edirdi. Hətta bir dəfə onun nə zamansa sevdiyinə, sevginin nə olduğunu bildiyinə belə şübhə etdiyini demişdi. Və belə günlərin birində “sabah mən sizə öz sevgi hekayəmi danışacağam” demiş və bu qızı çox maraqlandırmışdı. Sabaha söz versə də qızın hər gün bir dəfə ona verdiyi sözü xatırlatmasına baxmayaraq bir neçə gün yazışmağa imkanı olmamış, bəlkə də özü imkan yaratmamışdı.

Sosial şəbəkəyə daxil olan kimi gələn mesajlarla tanış oldu. Ondan da mesaj vardı. “bu gündə gözləyə bilərəm” yazılmışdı. Hə, daha bu qədər yalançı çıxmaq olmaz fikriylə yazışma panelini açaraq yazdı:

- Salam.

Cavab gecikmədi:

- Əcəb əleyküm. Necəsiz?

- Şükür, Siz?

- Gözləməkdən gözünün kökü saralmış adamlara oxşayıram (təbəssüm emojisi)

- Dinləməyə hazırsız? Başqa bir işiniz yoxdur ki?

- Xeyr. Buyurun, yerimi rahatlayıb həvəslə gözləyirəm.

- Demək belə. Mən onunla 2000-ci ilin yanvarında tanış olmuşdum. Rayonda ali məktəbə qəbul olmuş tələbələrlə yüksək səviyyədə təşkil olunmuş tədbirdə. Bir masada otuzdurmuşdular bizi. Tələbələrdən bir neçəsinə, o cümlədən rayon üzrə ən yüksək bal toplayan mənə və tibb universitetinə qəbul olmuş yeganə tələbə kimi Nurlanaya söz vermişdilər. Çıxış edib tələbələri təbrik etdik, tədbirin təşkilinə görə rəhbərliyə minnətdarlığımızı bildirdik. Tədbir boyu onda özümə qarşı maraq hiss etdim. Bu yəqin ki, ondan daha yüksək nəticə göstərmiş, tədbirdə adı ən çox hallanan birinə yaranan maraq idi. Mən isə onun gözəlliyinə, iri ala gözlərinə, gülümsədikcə göz oxşayan zənəxdanına məftun olmuşdum. Fevralda tələbələrin qış tətili bitdikdən sonra Bakıya qayıdanda ilk işim Tibb Universitetinə gedərək onu axtarmaq oldu. Tapdım. Təəccübləndi. Lakin sanki gəlişimi gözləyirmiş kimi gözləri şeytancasına güldü. Münasibətimiz günü-gündən möhkəmləndi və aramızda böyük bir sevgi yarandı. Artıq iki il idi ki, dəlicəsinə bir sevgi yaşayırdıq. 2002-ci ilin mart-aprel ayları olardı. Bir gün Nurlana mənə onu nişanlamaq istədiklərini bildirdi. Ciddiyə almadım. Həm də həmin ərəfədə mənə maşın almışdılar. Cağ, dost-tanışın həsəd apardığı kukla kimi “07”. Başım qarışmışdı maşına. Hətta ona da lazımi qədər vaxt ayıra bilmirdim.

- Hmm...

- Nə isə. İyunda imtahanları yekunlaşdırıb evə gələndə artıq, vəziyyət ciddiləşmişdi. Və mən sevdiyim qızı həqiqətən itirmək təhlükəsi yarandığına inanmağa başlamışdım. O məndən sevdiyim olduğunu, nişanlanmaq istədiyimi evimizə bildirərək qabağa düşməyi tələb edirdi. Mən isə bunu edə bilmirdim.

- Etməliydiniz!!!

- Utanırdım. İyirmi yaşım vardı hələ... evdə yaxşı qarşılanmayacağını bilirdim. Amma yenə də cəhd etdim. Problemi əmioğlu vasitəsilə evə çatdırdım.

- Aha

- Evdə güldülər, lağ elədilər mənə. Bir az da “arvad almaqdan ötrü ölürəmmiş” kimi yozdular.

- Səhv ediblər. Niyə axı valideynlərimiz bizi lazım olan anda başa düşmür?

- Zamanın hökmü bu imiş yəqin. Nə isə, özüm gedib atasıyla söhbət etməyə qərar verdim.

- Əhsən Sizə. Getdiniz?

- Getdim. O gələcəyimi bilirdi. Həyətə daxil olanda ilk diqqətimi çəkən onun pərdəni azacıq aralayıb pəncərədən baxması oldu. Atası oturmuşdu həyətdə. Yaxınlaşdım. Ədəb-ərkanla salamlaşıb, kim olduğumu, onun qızıyla bir-birimizi sevdiyimizi dedim. Kişi bərk əsəbiləşdi. P..x yeyir qız da, sən də - deyib qovdu məni – rədd ol, mənim qapımdan, küçük... Ancaq mən heç yerimdən tərpənməyə imkan tapmamış Nurlananın ayıya oxşayan, pəzəvəngi qardaşı üstümə hücum çəkdi. Döydü məni...Çox pis döydü... Amma zərbələri, ağrıları deyil, pəncərədən mənə baxıb gözlərinin yaşını axıdan Nurlananı fikirləşir, sevdiyim qızın gözləri qarşısındakı döyülməyin xəcalətindən özümə ölüm arzulayırdım. Qızmış “öküz”ü kişi birtəhər məndən aralayıb “bizi zibilə salma” -dedi. Hirsimdən ağlaya-ağlaya evə qayıtdım. Maşını necə sürdüyümü, otuz kilometr yolu necə gəldiyimi bilmirdim.

- Vəhşilər... Siz məni ağlatdınız (ağlamaq emojisi)

- Bu hadisədən sonra Nurlananın mobil telefonunu əlindən aldılar. Daha ancaq bir-birimizin səsini güclə eşidə bildiyimiz kənd telefonunun ümidinə qaldıq. Onunla da hər vaxt imkan olmurdu danışmağa. Bir neçə gündən sonra elçilər gəldi, razılaşıb nişanın vaxtını təyin etdilər. 22 iyulda nişan olmalıydı. Biz Nurlana ilə qoşulub qaçmaq üçün plan cızıb məsləhətləşdik. Bilirdik ki, nişana qədər qıza inanmadıqları, hansısa dəlilik edəcəyindən qorxduqları üçün onu qoruyacaqlar. Ən yaxşısı elə nişan gününün gecəsi planımızı həyata keçirək. Çünki həmin gün hamıda arxayınlıq olacaq və heç kim qızın qoşulub qaça biləcəyini fikirləşməyəcəkdi. Belə də etdik. İyirmi ikisinə keçən gecə saat on ikinin yarısında mən artıq Nurlanagilin həyətinin arxa tərəfindəki mal-qaranın giriş-çıxışı üçün ayrılmış əl qapısının qarşısında idim. O, gəldi. Qorxaq, həyəcanlı, bütün bədəni təlaşdan əsə-əsə... Maşını kəndin içiylə bərk sürərək tez uzaqlaşmağa çalışırdım. Qorxurdum. Qorxurdum ki, arxamızca gələr və onu mənim əlimdən alarlar. Kənddən çıxıb əsas yola düzəldik. Kənddən sürətlə uzaqlaşırdım. Uzaqlaşdığımızı görüb sevinən Nurlana qəfil boynumu qucaqlayıb, məni özünə çəkərək üzümdən öpdü...

- Həə (Təbəssüm emojisi). Nə yaxsı. Hara getdiniz?

- Mən ayılanda xəstəxanada idim. Sınmış ayağım göydən asılı, başım, bədənim sarıqda. O məni qucaqlayarkən karıxmış və idarəetməni itirmişdim. Maşın yoldan düşərək aşmış, bir neçə dəfə fırlanmışdı. Gözümü açanda təəccüblə ətrafıma baxaraq verdiyim ilk sual bu olmuşdu: - Nurlana hardadır?

- O hardaydı? Ona nəsə olmuşdu?

- Mən ona nə olduğunu dəqiq bilmirdim. Mənə dedilər ki, onurğası sınıb. Yəqin ki, şikəst qalacaq. Ürəyimdə düşünürdüm ki, eybi yox, mən heç vaxt onu tək qoymayacağam. Bütün ömrüm boyu ona qulluq edəcəyəm.

- Əhsən Sizə.

- İki ay evdə, yataq şəraitində qaldım. Ayağımda sınıq, kəllə-beyin travması, bir neçə qabırğa sınığı... Amma sağalmağa çox tələsirdim və sağaldım. Bu müddətdə sən demə bizimkilər mənim həbs olunmamağım üçün “meşok”la pul töküblərmiş. Qızın atasının məndən şikayətçi olmaması üçün bütün rayon ağsaqqalları minnətə gedibmiş. Axır ki, “günah sənin özündə olub”- deyib kişini razı salıblar. Sentyabrda məhkəmə oldu.

- Qıza nə olmuşdu ki, atasına minnət edirdilər. Bircə qorxduğum şey olmasın.

- ....

- Həə?

- Mən yalnız məhkəmə baxış iclasının son günündə hakimin iclası açarkən “baxılır Qasımova Nurlana Əşrəf qızının ölümü ilə nəticələnən avtoqəza...” sözlərindən sonra Nurlananın öldüyünü bildim. İclasın sonrasından xəbərim olmayıb. Deyilənə görə iclas boyu gözümdən sel kimi axan yaşları belə silmədən ruh kimi oturmuş, heç bir sualı cavablandırmamışam. İki il şərti cəza verib hakim. Dövlət ittihamçısı da, hakim də mənim düşdüyüm vəziyyətdən çox təsirləniblərmiş.

- Mən də burda ağlayıram (ağlamaq emojisi)

- Mən də illərlə ağladım... İndi əlimdən başqa bir şey gəlməsə də, hər il iyulun 22-də onun məzarı üstünə gedir, bir qədər dərdləşir, ondan məni bağışlamasını xahiş edirəm.

- Bəs indi necə unuda bilmisinizmi onu? Yəqin ki, yox. Hə?

- Unutmamışam, unudacağımı düşünmürəm də. Heç bunun nə zamansa mümkün olacağına inanmıram da.

- Neçə yaşınız var?

- 33

- Ona görə evlənmirsiz?

- Bəli. Nəinki evlənməyi, hansısa qadını sevməyi, əzizləməyi, kiməsə bağlanmağı belə onun ruhuna xəyanət hesab edirəm. Yeri gəlmişkən yaradıcılığımda əsas yer tutan bir çox şeirlər kimi indi göndərəcəyim şeiri də onun xatirəsinə yazmışam.

Mənim gözlərimin nuru vardı ha,

Sənin yollarına töküldü getdi.

Şux qəddim sən gedən əyri yollara,

Əyilib baxmaqdan büküldü getdi.

Əslində zamanı duymayır adam,

Üzüm daşdan imiş, mən hələ sağam...

Sən alan köynək də köhnəldi tamam,

Bütün tikişləri söküldü getdi.

Sevdim xoşbəxtliyə çatasan deyə,

Sevmədim bir qəfil atasan deyə.

Hər gün mışıl-mışıl yatasan deyə,

Yuxu gözlərimdən çəkildi getdi.

Sən yenə hamıdan öndəsən, öndə,

Hamının, hamının diqqəti səndə

Məzar daşındakı şəkilinə də,

Hər gün neçə baxış dikildi getdi

22.07.2013

- Məni bağışlayın... Sizi səhv tanımışam. Bu qədər ağrı yaşamış birinə sevgi dərsi keçməyə çalışmışam. (ağlamaq emojisi)

- Sizdə günah yoxdur. Biz insanların xislətindədir. Gördüyümüz, kənardan müşahidə etdiyimiz insanların içindəki hissləri, çəkdiklərini, yaşadıqlarını bilmədən onlara qiymət verir, mühakimə yürüdürük.

- Bağışlayın məni (kədər emojisi)

- Bu da mənim həyat hekayəm idi. Danışdım sənə. Əslində mən də yüngülləşdim bir az. İndi isə sağollaşaq. Sabah ağır iş günü gözləyir məni.

Sağollaşdılar. Yerinə uzanıb gözlərini yumdu. Bəlkə də son 13 ildə ən rahat yatdığı gecələrdən biri idi. Səhərə qədər yuxuda Nurlananı gördü. Gülümsəyə-gülümsəyə, ağ gəlinlikdə bir qızın əlindən tutub ona doğru gətirirdi. Qızın üzü, Nurlananın isə bədəni ağ dumana bürünmüşdü.

news-inner-user

13138 məqalə

Paylaş

Oxşar xəbərlər