Adəm və Həvvanın müasir versiyası

Adəm və Həvvanın müasir versiyası
6 iyul 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Tom Tıkverin “Cənnət” və Manuel de Oliveyranın “Bir sarışının qəribəliyi” filmlərini təqdim edir.

Alman rejissoru Tom Tıkverin “Cənnət” filmi 2002-ci ildə Berlin kinofestivalında nümayiş olunub.

Süjet: İngilis dili müəllimi Filippa (Keyt Blanşett) ərinin doğulduğu Turində yaşayır. Onun əri və bir neçə şagirdi narkotik maddədən öləndə, qadın günahkarı cəzalandırmağı qərara alır. Günahkar isə ərinin çoxdankı tanışı, gizli narkotik alveri ilə məşğul olan həkimdir. Filippa bu barədə dəfələrlə polis orqanlarına müraciət eləsə də, onun şikayətlərinə baxılmır. Belə olan halda qadın həkimin ofisinə gələrək bomba qoyur. Amma təsadüf elə gətirir ki, partlayış nəticəsində həkim yox, dörd günahsız adam ölür. Ölənlərdən ikisi isə azyaşlı uşaqdır. Filippa həbs olunur. O, günahsız adamların öldüyünü biləndə əzab çəkir. Polis orqanlarının əməkdaşlarından biri isə cinayətkar həkimlə əlaqəli olduğundan, istintaqı terror motivinə yönəldir. Ki, guya Filippa hansısa terror təşkilatının tapşırığını yerinə yetirib. Dindirmə zamanı gənc zabit Filippo (Covanni Ribizi) qadına aşiq olur. Və Filippanı həbsdən qaçırır. Polis onların izinə düşür...

Tom Tıkverin “Cənnət” filmi Adəm və Həvva haqda rəvayətin müasir, yeni kontekstə yerləşdirilmiş versiyasıdır. Əgər Adəm və Həvva günah işlətdiyi üçün cənnətdən qovulurlarsa, bu ekran əsərində kişi və qadın günahlarını dərk edərək, ağrılardan, iztirablardan keçərək, sevgidə təmizlənərək öz ilkinliyinə qovuşur və cənnətə yol alırlar. Final səhnəsində qəhrəmanların qaçırdıqları vertolyotun səmanın ənginliklərində yoxa çıxması, sanki kosmosa qarışması rasional sonluqdan daha çox mifik-simvolik anlam daşıyır. Filmin “Cənnət” adlanması da çox güman ki, təsadüfi deyil.

“Cənnət” hər şeydən əvvəl bir sevgi hekayəsidir: təmənnasız sevməyin, sevdiyin insan üçün fədakarlıq göstərməyin, buna görə ölümü gözə almağın hekayəsi...

Filippanı dindirmə zamanı atmosferi dəqiq ötürən uyğun, ardıcıl planlar personajların alt fikirlərinə daxil olmaq imkanı verir və seyrçi kinoreallıqla yüklənir. Əhvalatın ikinci hissəsində füsunkar təbiət mənzərələri, ağac altında Filippa ilə Filippo arasında baş verən ilk intim münasibətin uzaq plandan göstərilməsi, təbiətin dərinliyində onların siluet kimi təsviri epizodu nağılvari, mifik edir. Rejissor onların intimliyini çılpaqlaşdırmamaqla bu akta sanki bir sakrallıq qatır. Bəstəkar Arvo Pyartın minimalist musiqisi təhkiyənin emosiya, duyğu qatını daha da dərinləşdirir.

Eyni zamanda bəstəkar olan Tom Tıkver az rejissorladan biridir ki, musiqiylə əla işləyir, filmlərinə uğurlu kompozisiyalar seçir və onu nəqlində əridir.

Yeri gəlmişkən, ssenarini polyak rejissoru Kşiştof Kieslevski növbəti trilogiyası üçün yazmışdı. Amma vəfat etdiyindən layihəsini reallaşdıra bilməyib.

“Cənnət” İtaliya, Böyük Britaniya, Fransa, Almaniya və Amerikanın birgə istehsalıdır.

***

Portuqal rejissoru Manuel de Oliveyranın 2009-cu ildə nümayiş olunan “Bir sarışının qəribəliyi” filmi Fransa, Portuqaliya və İspaniyanın birgə istehsalıdır.

Süjet: İlk epziod avtobusda biletlərin yoxlanılması ilə başlayır. Gənc oğlan Makario ( Rikardo Trepa) yanaşı oturduğu orta yaşlı qadına birdən-birə özəl həyatını danışmağa başlayır. Hekayəsindən məlum olur ki, Makario öz dayısının şirkətində hesabdar işləyib. O, iş otağı ilə üzbəüz yerləşdiyi evdə ara-sıra yelpikli gənc, gözəl bir sarışın qızı Luizanı (Katarina Valenşteyn) görür.

Makario ona vurulur və qızla tanış olmaq üçün fürsət axtarır. O, qızla dayısının dükanında qarşılaşır. Qız anası ilə parça seçir. Həmin gün dayısı dükandan 150 avroluq dəsmalı oğurlandığını deyir. Bir müddət sonra gənc oğlan Luiza və anası ilə ziyafətdə tanış olur. Və ona öz rəğbətini bildirir. Makario Luizayla evlənmək istəsə də dayısı nikaha qarşı çıxır. O, şirkətdən qovulur və işsiz qalır.

Tezliklə başqa iş tapsa da, fırıldaqla üzləşdiyindən müflisləşir. Sonda dayısı onu işinə qaytarır və Makario Luizayala toya hazırlaşır. Amma zinət əşyaları satılan dükanda Luizanın oğurluq etməsi ilə ona sevgisi ölür...

Manuel de Oliveyra bu filmi 100 yaşında çəkib. Film XIX əsrdə yaşamış, əsərlərinin mövzusu sosial tənqid olan portuqal yazıçısı Joze Esa de Keyroşun eyni adlı novellası əsasındadır.

Əhvalatda əsas motiv gözəlliyin arxasında məharətlə gizlənə bilən eybəcərlikdir. Makario ilahiləşdirdiyi qadının sonda bir oğru olduğunu biləndə məyus olur.

Müəllif statik kadrlardan çox istifadə edib. Təkrar təsvirlər, məkanların dar rakurslardan göstərilməsi qəhrəmanın həyatındakı rəngsizliyi ifadə edir.

Aktyorların oyununda, interyerlərdə şərtilik filmi soyuq nəqlə kökləyir. Rejissor sanki hadisələrin baş verdiyi məkanı intim ərazi kimi qoruyur, onların yaşadığı mənzilin detallarına varmır. Elə çəkiliş nöqtəsi seçir ki, personajların iç dünyasını görmək çətinləşir. Luiza ilə Makarionun öpüşü səhnəsində də ancaq qadının ayaqlarına vurğu edir.

Rejissorun belə vizual nəql üslubu seçməsi görünür, süjetin motivinə, filmboyu Luizanın əsl simasını gizlətməsinə bağlıdır.

Manuel de Oliveyra 2015-ci ildə 106 yaşında vəfat edib.

# 6428 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #