“Toydan sonra nağara” – primitiv, məzmunsuz yumor

“Toydan sonra nağara” – primitiv, məzmunsuz yumor
20 iyun 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Toydan sonra nağara” filmini təqdim edir.

Süjet: Əhvalatın qəhrəmanları Bakir (Nicat Rəhimov) və Sulduz (İlkin Misgərli) zəngin birinin evinə bahalı çilçırağı daşıyanda sındırırlar. Çilçırağın sahibi (Elnur Kərimov) onlardan tələb edir ki, çilçırağa xərclədiyi pulu 15 min dolları qısa müddətdə ona qaytarsınlar. Əlacsız qalan qəhrəmanlar çıxış yolu axtarmağa başlayırlar. Onlar təsadüfən lyuka düşən qoca İnqilabı (Elnur Hüseynov) xilas edirlər. Xəstəxanada İnqilab onu müalicə edən həkim Aytənə (Səbinə Əliyeva) aşiq olur. İnqilab onun Aytənlə evlənməyinə kömək edəcəkləri təqdirdə bütün var-dövlətini dostlara verəcəyini deyir. Dostlar Aytəni onunla evləndirmək üçün tədbir tökməyə başlayır. Və qızın yerinə onun qardaşı Raqılı (Nadir Məmmədov) oğurlayırlar...

Image result for toydan sonra nağara filmi

Əziz Şahbazovun çəkdiyi, 2017-ci ildə ekrana çıxan “Toydan sonra nağara” filmini “ARI production” ərsəyə gətirib.

Son illərdə istehsal olunan komediyaların əksərinin fabulasında hadisələrin hərəkətverici qüvvəsi kimi götürülən ənənəvi bir xətt var. Bir qayda olaraq qəhrəmanlar maddi problemdən əziyyət çəkirlər. Onların ya adekvat olmayan davranışı nəticəsində, ya da gündəlik həyatımızın zəruri qayğıları (cehiz almaq, toy etmək və s.) səbəbindən böyük məbləğdə pula ehtiyacları yaranır. Tələb olunan məbləği əldə etmək üçün qəhrəmanlar hərəkətə keçirlər. Yəni süjetdə hərəkətliliyi, hadisəliliyi motivasiya edən daha çox qəhrəmanların pul əldə etmək istəyidir.

Beləliklə, əhvalatın əvvəlindən macəraların motivi kimi çıxış edən sosial, məişət qayğıları tamamən fokusdan çıxır, nəticədə onlar irəlidə baş verən komik vəziyyətlərin içində görünməz olur. Məsələ heç də onda deyil ki, film ancaq günün aktual problemlərinin arxasınca gedərək onları dramatikləşdirsin. Problem ondadır ki, lokal zarafat səviyyəsində ortaya çıxan əhvalat ancaq ucuz güldürmək məqsədinə tabe etdirilir, hadisəni motivə edən amillər bu zarafatın içində bataraq əhəmiyyətsizləşir, nəticədə “çörək və tamaşa” formatı yaranır, aktual kontekstlər gözardı edilir.

Image result for toydan sonra nağara filmi

Kinematoqrafiyada “Arşın mal alan” filmindən gələn, qızın yerinə səhvən başqa birisinin qaçırılması hadisəsi burda da təkrarlanır. Yəni Sulduz və Bakir səhvən Aytənin qardaşını qaçırırlar. Amma bu “yeni təqdimat” yaradıcı, bədii-estetik, məzmun yeniləşməsindən məhrumdur, bəsit həll olunur.

Raqılın simasında tənbəl, bacısının hesabına yaşayan, amma daim qeyrət və namus dərsi keçən - reallıqda da rastlaşdığımız bir ziddiyyətli obraz yaradılır. Raqıl adət-ənənə çərçivəsində bacısını pul qazanmaq alətinə çevirir, yəni onu İnqilabla evlənməyə vadar etmək istəyir. Patriarxal ənənələrin olduğu ailələrdə qadının bu statusda əmtəəyə çevrilməsi ənənəsi hələ də mövcuddur.

Rejissor və ssenaristlər (Ramiz Hüseynzadə, Elsevər Mehdizadə, Tural Baxış) primitiv, effektsiz, guya yumor yaradan situasiyalardan istifadə edirlər. Misalçün, Raqıl bacısının xınayaxdı məclisinə kişilərin iştirakına izn verməsə də, özü qatılır və bu onunla Sulduz arasında guya konflikt törədir. Ya da onun qonşularla gizlənqaç oynayan zaman bir qutunun altında gizlənərək orada yatıb qalması, İnqilabın qoca yaşında sünnət olunması kimi epizodlar heç bir anlam daşımır.

Aytəni də qardaşı öz avantürasına – İnqilabın pullarını ələ keçirmək planına şərik eləyir. Halbuki əhvalatın çox hissəsində dürüst, qayğıkeş kimi təqdim olunan Aytənin birdən-birə bu avantürada iştirakını əsaslandırmaq üçün heç bir dramaturji əsaslandırma baş vermir. Bu isə o deməkdir ki, müəlliflər yaratdığı qəhrəmanları tanımırlar, təyinatından bixəbərdirlər.

İnqilabı hədələyən və Sulduzu axirətə aparmaq istəyən Əzrayıl obrazı əhvalata daxil ola bilmir, yəni onun funksiyası, nəqldə nə kimi rolu olması, gedişata necə bir təsir göstərməsi naməlum qalır.

Ümumiyyətlə, filmin böyük hissəsində hadisə baş vermir, konfliktin nədə olduğu aydınlaşmır. Filmin çox hissəsi qızın elçiliyi, toya hazırlıq prosesi, personajların fikir ayrılığı üzərində qurulur. Fərda Aminin həbsdə yatan qəhrəmanının qayınatası İnqilabı hədələməsinin, həbsinin motivi açılmır.

Qeyd edim ki, “Toydan sonra nağara” Həsən Əliyevin 2005-ci ildə lentə aldığı “Toy” filminin davamı kimi çəkilib. Əhvalatda bir qıza aşiq olan Ramizə sevgilisinin yerini öyrənməkdə dostu kömək edir. Ramiz xəyal edir ki, dostu qızın evini səhv öyrənib və həmin evdə yaşayan kök bir qızla onu evləndirməyə məcbur edirlər. Ramiz xəyaldan qopanda evlənməkdən imtina edir.

# 11417 dəfə oxunub

Oxşar xəbərlər

“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
Məşhur seriala görə kanallar cəzalandırıldı

Məşhur seriala görə kanallar cəzalandırıldı

10:18 28 noyabr 2024
"Tağıyev: Neft" filminin rejissoru:   O, oğlunu da, arvadını da məqsədinə qurban verib..." - Müsahibə

"Tağıyev: Neft" filminin rejissoru: O, oğlunu da, arvadını da məqsədinə qurban verib..." - Müsahibə

17:00 27 noyabr 2024
“Geri dönüş”  filmi üzərində işlər yekunlaşmaq üzrədir

“Geri dönüş” filmi üzərində işlər yekunlaşmaq üzrədir

15:57 27 noyabr 2024
Məhkəmə Sərdar Ortaçla bağlı qərar verdi

Məhkəmə Sərdar Ortaçla bağlı qərar verdi

09:34 27 noyabr 2024
"Yalnız kurt"un aktrisası yeni serialda

"Yalnız kurt"un aktrisası yeni serialda

09:33 27 noyabr 2024
# # #