Sevgilisindən ayrılandan sonra qatil oldu – Əsl Kino

Sevgilisindən ayrılandan sonra qatil oldu – <span style="color:red;">Əsl Kino
4 may 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Liza Lanqsetin “Çox gözəl bir şeyə doğru” və Klod Şabrolun “Mərasim” filmlərini təqdim edir.

2010-cu ildə ekranlara çıxan “Çox gözəl bir şeyə doğru” filmi isveçli rejissor Liza Lanqsetin debüt tammetrajlı bədii filmidir. Rejissor ssenarini özünün pyesi əsasında yazıb.

Süjet: Filmin qəhrəmanı 20 yaşlı Katarinadır (Alisiya Vikander). Onun anası içki asılılığından əziyyət çəkir. Katarinanın özü isə məktəbi tam bitirməyib. Sevgilisi ilə birgə yaşayan gənc qızın problemlərindən dolayı psixoloji sorunları var, anası ilə münasibətləri pisdir, özü işləmir. Katarina özünü harda tapmalı, necə realizə etməli olduğunu bilmir. Bir gün o, təsadüfən Motsartın əsərini dinləyir. Və əsər ona elə güclü emosional təsir göstərir ki, gənc qızda həyatını dəyişmək istəyi oyanır. O, konsertə Motsartın “Rekviyem”ini dinləməyə gəlir. Sonra isə konsert zalında adminstrator işinə düzəlir. Burada Katarina orta yaşlı dirijor Adamla (Samuel Fröyler) tanış olur. Adam onu fəlsəfi kitablarla tanış edir, ona musiqinin dərinliyi haqda danışır. Tezliklə onlar arasında intim münasibətlər başlanır. Amma Katarinadan fərqli olaraq, Adam üçün bu münasibətlər ciddi deyil, üstəlik o, evlidir. O, Katarinadan ayrılır və onu işdən qovdurur. Ayrılığı, işdən qovulmasını ağır yaşayan, ona görə sevgilisindən ayrılan Katarina Adamı öldürür....

“Çox gözəl bir şeyə doğru” gənclik dramıdır. Qəhrəman yaşadığı cəmiyyətdə identifikasiya problemi yaşayır. Rejissor da əsasən gənc qızın toplumda özünü tapa bilmək, axtarışı, çətinliklərə dayana bilmək, müqavimət prosesinə fokuslanır. Bunun üçün o, qəhrəmanın düşdüyü çətin situasiyalarda davranışının psixoloji, mənəvi tərəfləri açmağa çalışır. Katarinanı bizə yaxşı anlatmaq, tamaşaçı ilə arasındakı emosional məsafəni qısaldıb doğmalaşdırmaq üçün qəhrəmanı daha çox kadrın mərkəzinə gətirir, reaksiyaları zamanı yaxın planlardan istifadə edir.

Adamla tanışlıq onun üçün yeniliyə, fərqli dünyaya açılan pəncərədir. Çağdaş istehlak dünyasında Katarina isə Adam üçün növbəti istehlak obyektindən başqa bir şey deyil. Katarina istifadə edilərək, əşya kimi kənara atılması ilə barışa bilmir. Adamın davranışı onun illərlə yığılmış qəzəbinin partlayış nöqtəsi olur. Onu öldürəndən sonra Katarina katarsis keçirir, anasına qayıdır, həyatını qaydaya salır və öz yerini tapır. Adam obrazını şərti, Katarinanın həyatı boyu aldığı, içində daşıdığı zədələrinin, ağrılarının ümumiləşmiş obrazı kimi də qəbul etmək olar. Ondan xilası Katarinanın həyatında dönüş nöqtəsi olur.

“Çox gözəl bir şeyə doğu” İsveç milli mükafatı - “Qızıl böcək”ə layiq görülüb.

***

Fransız rejissoru Klod Şabrolun 1995-ci ildə ekranlara çıxan “Mərasim” filmi Venesiya kinofestivalının əsas proqramında iştirak edib.

Süjet: Zəngin Lelyevrlər ailəsi xudmani imarətdə yaşayır. Evin sahibəsi Katrin (Jaklin Bisset) rəsm qalereyasının rəhbəridir. Onun öncəki nikahdan olan yeniyetmə oğlu Jil (Valnetin Marle) incəsənətlə maraqlanır. Əri Jerar (Jan Pyer Kassel) biznesmendir və onun opera eşqi var. Ərinin öncəki nikahdan olan qızı Melinda (Vircini Leduayen) universitetdə oxuyur və evə yalnız istirahət günləri gəlir. Katrin ev işlərində ona kömək etmək üçün Sofi (Sandrin Bonner) adlı qulluqçunu işə götürür. Sofi qapalıdır, az danışandır. O, qabyuyan maşından, televizorun pultundan istifadə etməyi, yazıb-oxumağı bacarmır və öz savadsızlığını gizlətməyə çalışır.

Sofi təsadüən poçtda işləyən Janna (İzabel Yupper) ilə tanış olur. Janna aqressiv, sırtıqdır, ədəb qaydalarını gözləmir. Onun davranışı Sofiyə də təsir göstərir. Janna özəlliklə də Lelyevrlər ailəsinə qarşı qəzəblidir. Sonra məlum olur ki, Janna vaxtiə 4 yaşlı qızının ölümünə bais olub. Amma məhkəmə bunu bədbəxt hadisə kimi qiymətləndirərək ona bəraət verib. Sofi isə şikəst atasını yanan evdən çıxarmayıb. Hətta ola bilsin ki, evi də özü yandırıb. Bu iki qadının yaxınlaşması Lelyevrlər ailəsinin qətli ilə nəticələnir...

Hiçkokun, Fritç Langın, Ernst Lyubiçin kinematoqrafiyasından təsirlənən Şabrol kriminal, psixoloji triller janrında özünün təkrarsız üslubunu yaradıb. Bir qayda olaraq burjuaziyanın intim dünyasını, onun simasında müasir ailə institutunun təbiətini, əxlaqını araşdıran Şabrol bu filmində sinfi münasibətləri qabardıb. Onun digər filmləri kimi bu ekran əsəri də sakit, hüzurlu ailə idilliyasının təsviri ilə başlayır. Əhvalatın gedişatında idillik təsvirlər tədricən, asta templə cinayətlə, iyrənc hadisələrlə yüklənməyə başlayır.

Rejssorun filmdə araşdırdığı motivlərdən biri - əzilən insanın içində gizlənən qəddarlığı, onun əzikliyindən doğan qəzəbinin, fürsət tapılan kimi qisasa, cinayətə çevrilə bilməsini göstərməkdir. Ona göstərilən mərhəmət, diqqət belə qəzəbini yumşaltmaq gücündə deyil. Rejissora görə, sinfi konflikt və komplekslərdə mədəni, kübar, intellektual burjuaziya katalizator rolunu oynayıb. Milsalçün, filmdəki bu epziod təsadüfi deyil - kilsənin xeyriyyəçilik təşəbbüsünə qoşulan Janna və Sofi ehtiyacı olanlara zənginlərin göndərdiyi nimdaş paltarları hikkəylə kənara tullayır. Müəllif bununla da zənginlərin istehlakın quluna çevrilməsini eyhamlaşdırır, sosial təbəqələşmədə daha çox onları şərik edir, sinfi konflikti Janna, Sofi – Lelyevrlər ailəsi çərçivəsindən çıxararaq, qlobal, sistem problemi olduğunu göstərir.

Ailə başçısı Jerarın klassik musiqiyə mübtəlalığı ilə yanındakı insanların ağırısını önəmsəməyib, amma klassik musiqidəki yüksək duyğulara, hisslərə heyran olan yüksək təbəqənin saxtalığını təsvir edir.

# 3632 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #