news-inner
clock21:02 calendar-gray 25 Aprel 2019 view-gray591 dəfə oxunub
view-gray591 dəfə oxunub

Ovçu - Yeni Hekayə

Kulis.az gənc yazar Emin Əliyevin "Ovçu" hekayəsini təqdim edir.

Pəncərəmizin qarşısını kəsən binanın tikintiləri başladıqdan sonra yeni il atəşfəşanlığını izləyə bilmədik. Nizami metrosundan yuxarıda, "Kubinka” adlanan ərazidə iki mərtəbəli evlərdən birində ailəmlə yaşayırdım. Çoxdandır ki, buraları sökmək heç kəsin yadına düşmürdü. Qonşularımız da, biz də eyni dolanırdıq. Bizim kimi evlərinin xatirəsini əziz tutan bir neçə köhnə yerlidən başqa hamı birinci alt mərtəbəsini hansısa mağaza sahibinə kirayə vermişdi. Həmin kiçik mağazalara nifrətimdən dolayı heç zaman onların qapısını açmırdım, daha uzaqda olan iri supermarketlərə üz tuturdum.

Məhəlləmiz mərkəzi küçələrdən sayılmasa da minlərlə işçinin yolunun üstü idi. Əgər, kimləsə qarşılacağınızı öncədən hiss edirdinizsə deməli gec ya tez bu baş verirdi. Mən də nə vaxt ki, bunu hiss edirdim uzaqdan da olsa həmin insanları görüb müqəddəslik hissinə qapılırdım.

Hər dəfə küçə ilə üzü yuxarı qalxanda yolun sağ tərəfində gördüyüm mağazalar mənə yalnız özümü səliqəyə salmaq üçün kömək edirdi. Yorğun halımla gəzə-gəzə hər obyektin şüşəsində bir az daha dəyişirdim.

Yolun ortalarında, əhalinin fikir vermədiyi dalanlardan birində isə bütün kiçik Bakı məhəllələrində olduğu kimi kasıb, orta yaşlı, tək kişinin işlətdiyi bir ovçu mağazası var idi.

Artıq 10 il idi ki, bu kiçik obyekt yaxın mağazaların, qonşu ev sahiblərinin yığışıb, çay içdikləri yer kimi tanınırdı. Sahibini isə çox da yaxından tanımırdım. Qalın bığlı, kədərli sifəti olan bu kişi çölə çox nadir hallarda çıxırdı. Səhər hər kəs iş üçün evdən çıxanda o da əlində paslanmış açarları ilə öz qapısını açmağa gəlirdi.

Bu mağazadan heç vaxt alış-veriş etməmişdim, artıq vaxtım qalanda 10 dəqiqəlik girib müxtəlif cür güllələrə, balıq yemlərinə, nə bilim, tirlərə olsun, lap adi tor olsun baxıb çıxırdım. O isə bütün ümidsiz satıcılar kimi mənim gəlişimi rahat və sakitliklə qarşılayırdı, nadir hallarda ayağa qalxıb məndən nə istədiyimi soruşardı.

Bığları saralmış kişi piştaxtanın arxasında oturub, heç bir hərəkət etməyərək yalnızca arada siqaret çəkirdi. Hardansa otağa gəlib düşmüş 4 ay əvvəlki, səhifələri hələ də parıldayan Bakı jurnalını vərəqləyir, bir də rəhmətlik qardaşından qalma Leninin aforizmləri kitabını oxuyurdu.

Otağın içində köhnə JVC televizoru yalnız yerli kanalları tuturdu və həmişə təklik hiss olunmasın deyə yanılı qalırdı. Bu illərdə Bakı əhalisi bütün evlərdə televizorları canlılıq işarəsi göstərsin deyə açıq saxlayırdı. O təkcə, yas düşən evlərdə yanmırdı, bunu televizorun üzünə çəkilmiş ağ mələfədən hiss etmək olurdu.

Ovçu dükanının divarında saralmış heyvan şəkilləri də təbiətin gözəlliyinə eyham vururdu. Lap siqaretin üstünə vurulmuş uşaq şəkilləri kimi.

Hamı üçün adi, onun və mənim üçün isə önəmli olan həmin gün yenə o mağazaya girəndə orada 4 nəfər oturmuşdu. Heç zaman baxmadıqları televizora köklənmişdilər. Kanallar isə durmadan "yaşıl aktivistlərin" fəallıqlarını qışqırırdı. Onlar artıq bir həftədir ki, bütün gördükləri boş yerlərdə ağac əkir, heyvanlara qayğı göstərir, cəmiyyəti lazım olan və olmayan bütün pisliklərdən qoruyurdular.

Ölkədə aktivistlərin böyük dalğası başlamışdı. Bütün qəzetlər, televiziya kanalları, küçə səfilləri və taksi şoferləri bu etirazlardan danışırdılar. Dövlət də onlara insani addım atdıqları üçün dəstək verirdi təbii ki. Təşkilatın fəaliyyətindən isə həmişə mənə dostum danışırdı. O tez-tez yığıncaqlarda olur, məqsədləri, planlarını mənimlə bölüşürdü. Valideynləri işsiz olan və davamlı olaraq heyvanlara yardım edən dostumun gördüyü işlərə baxıb, onları anlamağa çalışırdım.

Anlamırdım.

Satıcı kanalı çevirirdi, onlar başqa kanalda qışqırırdılar.

Bezib digər kanallara baxırdı, onlar yenə müsahibə verərək qışqırırdılar.

Kişi isə narahatlıqla deyinirdi.

- Ora bax, düz bir həftədir hər gün televizora çıxırlar, əvvəl sakit-sakit danışırdılar, indi fikir ver, hamısı əsəbidir. Heç 30 yaşları yoxdu.

Dostları isə yalnız səssizliyi pozmaq üçün dillənirdilər.

- Fikir vermə, ildə bir-iki dəfə olur belə şeylər, sonra hamının yadından çıxır. Sonra gələn il yenə olur, yenə yaddan çıxır.

Mən çox qalmadım orada, gecikirdim deyə gözüm televizorda qala-qala çıxdım dükandan. Axşama yaxın - yəni, mənim üçün axşam, əslində isə gecə birdə - evə çatdım. Bir az içkiliydim, yerimdə uzanıb, yatdım.

***

Səhəri gün şəhərdə qiyamət səssizliyi var idi. Bilmirəm, işim həmin gün sürətli keçirdi. Günorta mənə zəng gəlməsəydi, yəqin ki, elə bu cür də davam edərdi.

Zəng gəldi. Dostumdan.

Sevincli halda telefonda mənə "xəbərin var bu gün bir mağazanı yandırdıq, axır ki, nəticəsi oldu" deməsindən sonra nə dediyini tam anlamasam da, yenə bütün müqəddəs insanlar kimi hiss etmişdim.

Hər dəfə dostumla etirazlar barədə danışanda sözü başqa yerə çevirirdim. O da, mən də iyrəndiyimiz mövzuları yaxşı bilirdik. Amma bu dəfə məni qıcıqlandırmaq üçün zəng edib xüsusilə, xoşbəxtlər kimi danışırdı. Heyvansevər dostum mağazaya tez-tez getdiyimi bilirdi. Sonralar buna görə həmişə məni qınayırdı, çünki, o belə gedişləri sevmirdi. Aktivist dostları ilə həmişə yığışıb sülhə gedən yolun "silah" satmağı dayandırmaqda gördüklərini müzakirə edərdilər.

Mən isə yenə susurdum.

İş vaxtım bitənə kimi gözlədim. Başımı stola qoyub yalnız o kişini düşünürdüm. Əlimin altında heç bir vasitə yox idi ki, xəbər alım. Saytlar isə baş ağrıdan xəbərləri özlərindən uzaq tutduqlarından onlara baxmaq mənasız idi. Nəhayət. Saat 6 oldu.

İşsizlikdən şikayətlənən şəhər əhalisi bu saatda işdən çıxıb evə gedirdi. Mərkəzdə gəzişən insanların adətən heç nədən xəbəri olmur. Narahatlıqla bu izdihamın içindən çıxıb, mərkəzi küçədən ayrıldım və məni özünə tərəf çəkən o mağazaya tərəf yürüməyə başladım. Yarımca saatdan sonra məhəlləmizə çatanda küçə heç nə baş verməmiş kimi davranırdı.

Üsyanın son nöqtəsi bizim məhəllədə bitmişdi.

Dükanın divarları qaralmışdı, içindən tüstü çıxırdı. Kim yandırmışdı, necə yandırmışdı, hamısı aydın idi. Başımı yormağa ehtiyac görmədim. Mən çarəsizcə onun başqa qazanc yeri olub, olmadığını, ailəsinin harada olduğunu, ən əsası həyatında başqa məna mərkəzi varmı deyə özümə suallar yağdırırdım. Onun mövcudluğunu həyatda bircə şey sübuta yetirirdi: mağaza. Küçədə heç kim yox idi. Yəqin, polislər hamını uzaqlaşdırmışdılar, yoxsa ki, hamı səhərə kimi burada olardı.

***

Üç gündür ki, küçədə heç olmadığı qədər səssizlik var. Məhəllədə baş verən hadisələrdən sonra kişini bir daha görməmişdim. Qonşularımız danışırdı ki, uzaqdan atılan benzinli butulka (onlar bildiyimiz molotov kokteylini deyirdilər) o, küçədə səs-küyə baxmağa çıxarkən içəri atılmışdı. Buna görə də ona zərər dəyməmişdi. Kütlə ilə mübarizə apara bilməyəcəyini başa düşəndə isə səssizcə yolun qarşı tərəfinə qaçıb səkinin üstünə oturubmuş. Bəziləri də deyirdi ki, guya mağaza yandıqda başını itirmiş, kiməsə zəng edərək onu gəlib buradan götürməsini istəmişdi. Bu müddət ərzində də ondan xəbər tutan olmamışdı. Şəhəri başına alan hadisələrdən geriyə bircə iz onun dükanı qalmışdı.

***

Yuxudan gecə dördüncü dəfədir oyanıram. Səhər saat 6-a qalanda, şəhərin müsəlman qisminin namaza oyandığı saatlarda istəyirəm şəhər bir az da yatsın.

news-inner-user

13518 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti