Qorxulu problemlər - Simran Qədimdən esse

Qorxulu problemlər - <span style="color:red;">Simran Qədimdən esse
24 aprel 2019
# 16:40

Bir problemin həlli üçün bəzən onun dərinliklərinə varmaq, həllində yaranan çətinlikləri məhz onun köklərində axtarmaq lazım gəlir. Bunun isə həmişə mümkün olmadığına dəfələrlə şahidlik etmişik. Bəs hər şeyi detallarınacan araşdıra bilməməyimizə səbəb nədir? Sualın cavabına cürbəcür səbəblər, bəlkə də daha dəqiq desək, bəhanələr gətirmək olar: tənbəllik, arayıb-araşdırmağa ərincəklik etmək, savadsızlıq, qol gücünü artırırmış kimi, “zehin əzələləri”ni də möhkəmləndirməmək, ya özünəinamsızlıq, ola da bilsin ki, növbəti uğursuzluğu yaşamaq qorxusu... Qulağa nə xoş gəlir bu fikirlər. Amma hər şey bu qədər sadə deyil. Axı həmişə kitablarda yazılan kimi ağılla davranmaq olmur, istəsək də, istəməsək də atdığımız hər addımı düşünə bilmirik. İnsanlarla robotların bir fərqi olmalıdır hər halda. Necə deyərlər, adamın da gücü bir yerə kimi!..

Hər kəsin həyatda üzləşdiyi önəmli bir təzad var. Danışmaqla danışıqlara əməl etmək arasındakı çox önəmli bir təzad! Kimdəsə bunu görəndə adamda təəssüf, məyusluq, acı gülüş, bəzənsə ikrah, qəzəb, hətta nifrət hisləri oyanır. Danışanda insan sadəcə öz xəyallarını dilə gətirir, əmələ gələndə isə... özünü gözdən və hörmətdən salmaqdan çəkinmir. Axı xəyalları, arzuları gerçəyə çevirməkdən ötrü qarşıya çıxan maneələri tək-tək aşmaq, bütün çətinliklərin öhdəsindən gəlmək lazımdır. Yoxsa söz kimi danışıb-yazmağa, çoxbilmiş fikirlərlə dəqiqəbaşı dərs deməyə nə var ki? Kimdənsə üç-beş dişə vurmalı söz eşidəndə öz içimizdəcə söylənməyə başlayırıq: “Bu da lap ağ elədi ki! Özünə qalsa, xırda çətinliyə düşər-düşməz əl-ayağı əsər, dil-dodağı təpər, elə gözlərini döyüb key-key baxar. İndi isə duruşunu ciddiləşdirib, hələ bir sifətinə müdriklik də qatıb ağıllı-ağıllı danışır. Gözlərində fürsət nişanələri ordan-burdan çırpışdırdığı aforizmlərdən, deyimlərdən-duyumlardan xırdalayıb, sanki özünün üstünlüyünü göstərmək istəyir.”

Sözsüz ki, bu fikirlərdə həqiqət payı var. Danışmaqla əməl arasındakı fərq, xəyal qurmaqla onu gerçəkləşdirmək arasındakı fərq qədər uçurumludur. Amma hər mövzuda olduğu kimi, burada da başgicəlləndirən, “iki vur iki dörd edər, vəssalam” deyib, bizi rahatlanmağa qoymayan nüanslar var. Belə demək mümkünsə, hamı səhvə yol verib danışmaqla əməl arasındakı həmin o uçuruma yuvarlanmır. Vəziyyətə baxıb geriyə dönənlər də olur, araya körpü salıb uçurumu keçə bilənlər də.

Bəs istədiyimiz vaxt qarşıya çıxan problemi niyə ən incə detallarınacan araşdıra bilmirik? Bizə əngəl törədən konkret səbəb nədir? Cavabı kimsə bir başqası verməlidir, ya heç kəs yox, məhz özümüz tapmalıyıq? Kiməsə olmasa da, ən azından tək bir nəfərə - məhz özümüzə nələrisə etiraf edə bilərikmi görəsən?

Özünütənqid hissi insana xas ən yararlı cəhətlərdən biridir. Daim içimizdəki səhvləri axtarıb tapmaq, onların üstündə işləyib düzəltməklə gör nə qədər irəliyə doğru addım atmış olarıq. Yaşamdan zövq almağın başlıca üsullarından biri də əlimizdən yerə qoymadığımız misilsiz smartfonlar kimi sürəkli təkmilləşməkdir əslində. Düzəlmiş səhvlərin içindən daha başqalarını tapıb tək-tək onları da aradan qaldırmaq. Heç kəslə yarışa girmədən hərə yalnız özü üçün bir inkişaf xəritəsi cızsın. Psixoanalizin banisi Ziqmund Freydin də dediyi kimi:

“Özünüzü müqayisə etməli olduğunuz yeganə şəxs keçmişdə olan Sizsiniz. Ondan daha yaxşı olmalı olduğunuz yeganə insan isə indiki Sizsiniz.”

Çoxları elə bilir ki, həyatda başına gələnlər təkcə ona məxsusdur, yaşam yolu bütün insanlardan fərqlənərək öz orijinallığıyla seçilir. Halbuki bizdən öncə də minlərlə, milyonlarla insan eyni yaşantıların, hislərin, problemlərin içindən keçib, sonra da oxşar hallarla üzləşəcəklər. Hamıda alınmasa da, çətinliklərin öhdəsindən gələ bilənlər az deyil. Qısası, ilişib qaldığımız problemin həllini bir göz qırpımındaca o qədər tapanlar olub ki. Bəlkə çevrəmizdəkilərdən heç kəs bənzər çətinlikləri aşa bilməyib, amma bu, indiyəcən kimsənin bacarmadığı, ya ümumiyyətlə bacarmağın mümkünsüzlüyü anlamına gəlmir. Yəni, hər problemi kosmosun ənginliklərini fəth etmək, ya kvant fizikasının, nanotexnologiyaların incəliklərindən baş çıxarmaq qədər şişirtməyə lüzum yoxdur.

Frensiz Bekonun belə bir sözü var: “Kitab, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə ötürən fikir gəmisidir.” Bəs nəinki nəsildən-nəslə ötürülən, hətta günümüzdə də durmadan yenilənən bilikləri almamış nədən danışmaq olar? Axı ata-babalarımızın bilikləri genlərlə ötürülmür, onları oxuyub öyrənmək, sonra isə artırmaq lazımdır. Nə qədər tənbəllik edib arayıb-araşdırmağa ərinsək, qol gücünü artırırmış kimi, “zehin əzələləri”ni də möhkəmləndirmək istəməsək də, bir şeyi unutmamalıyıq: “İstəklərinin hökmü altına düşən insan, ağlın üsyanına qarşı amansız olur.”

Digər tərəfdən bir məqam də var: informasiya almaqla bilik qazanmağı bir-birindən ayırmaq bacarığı bu günün ən önəmli tələblərindəndir. Hər yandan yağış kimi üstümüzə məlumat yağır, daim mənalı-mənasız nələrsə də beynimizə ötürülür. Gərək zehnini böyük bir xaosa döndərən bu qatma-qarışıqlığın içindən baş çıxarasan. Necə deyərlər, nəyisə öyrənməkdən əlavə, öyrənməyi öyrənəsən. Bilik qazanmaq məsələsində hansı mənbələrə üz tutub, nələrdən imtina etməli olduğunu müəyyənləşdirmək insanın tək dünyagörüşünü yox, həm də həyatını formalaşdırır.

Biz ömrü boyu içimizdə gəzdirdiyimiz müəyyən qorxularla – irili-xırdalı fobiyalarla birgə yaşayırıq. Qaranlıqdan, hündürlükdən qorxmaq, təyyarəyə minməkdən, gəmidə səyahət etməkdən, ya hansısa əşyadan, səsdən, hətta düşünməkdən, kitab oxumaqdan qorxmaq... Uşaqlıqdan doğru-düzgün seçilməyən bir kitab da sonradan oxuduğunu anlamamaq kimi qorxuya çevrilə bilər. Nəticədə, adamın içində mütaliəyə, kitaba qarşı bir təlaş hissi – bibliofobiya yaranar.

Qorxu, bizi atdığımız hər addımda yanlışlığa yol verməkdən çəkindirən, daim həyəcan siqnalı kimi səslənib təhlükələrə qarşı ehtiyatlı olmağa çağıran bir hissdir. Amma bu hiss də digərləri kimi ifrat həddə çatanda zərər verir, bir də baxarıq ki, paranoikə çevrilib həyatımızı alt-üst etmişik. Dolayısıyla, tək tədbirli olmarıq, əksinə, bilmədiyimiz azmış kimi, bilməkdən, öyrənməkdən, öz çatışmazlıqlarımızı özümüzə etiraf etməkdən də qorxmağa başlayarıq. Problemin dərinliyinə varmağa mane olan səbəblərdən biri, bəlkə də elə birincisi özünəinamsızlıq, əlini atdığın hər cəhdin boşa çıxacağı, daha bir səhv edib növbəti uğursuzluğu yaşamaq qorxusudur.

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #