İsa Hüseynov: “Düşmənlərim üçün də darıxıram”

İsa Hüseynov: “Düşmənlərim üçün də darıxıram”
30 avqust 2012
# 05:00

“Müsahibənin birinci hissəsi”

“Müsahibənin ikinci hissəsi”

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan İsa Hüseynovla müsahibənin baş tutacağından əmin deyildik. Əvvəla müsahibəyə razılığı nasirin özü verməmişdi.

Yaxınları Ağstafaya- İsa Hüseynov hazırda burda istirahət edir-gedəcəyimiz halda müsahibənin baş tuta biləcəyini söyləmişdilər. Bu səbəbdən müsahibənin baş tutmamaq ehtimalı vardı.

Bundan başqa İsa Hüseynovun səhhəti ilə bağlı narahatçılığımız vardı. Müsahibə bu səbəbdən də alınmaya bilərdi.

Amma hər şey yaxşı oldu. Yazıçının həyat yoldaşı Firuzə xanım gülə-gülə “Razılaşmağa imkan vermədiniz. Başımızın üstünü aldınız, ancaq neynəyək, 500 kilometr yol gəlmisiniz” sözləri ilə bizi qarşıladı, müxalifət qəzetlərindən olub-olmadığımızı soruşdu, müsahibə zamanı İsa Hüseynovu əsəbiləşdirəcək suallar verməməyi tövsiyyə etdi. Və yazıçını razı salmağa getdi. Biz bütün suallarımızı verdik. Ustad yazıçı da hamısını cavablandırdı.

Kulis.az saytında işləyənlərdən hər biri görkəmli yazıçıdan müsahibə almaq arzusunda idi, məhz buna görə Ağstafaya 4 nəfər jurnalistin yollanmağı təəccüblü qarşılanmamalıdır.

Müsahibənin baş tutmasında Fərid Mirzəyevin çox böyük əməyi oldu. Fotoları və videonu Elmin Həsənli çəkdi. Sualları vermək və müsahibəni hazırlamaq Qan Turalı ilə mənim öhdəmə düşdü.

Bizimlə salamlaşanda İsa Hüseynovun ilk sözü bunlar oldu: “Gözüm görmür, təzyiq də məni əldən salır”.

...Bizi yemək süfrəsinə dəvət edirlər, ancaq burdakı söhbətləri də qənimət bilib diktafonu söndürmürük. Nə İsa Hüseynov, nə də Firuzə xanım etiraz edir.


- “Qətl günü” romanından xoşunuz gəlir?


- Yox, çox qəlizdir. Bu cür qəliz yazmaq, ədəbiyyatı bu şəklə salmaq olmaz. Dil, ifadə, süjet hamısı qəlizdir. Qəliz yazmaq düz deyil, gərək sənin əsərini sadə insanlar da başa düşsün.

Firuzə xanım: Axı sənin özündə də qəlizlik var. “İdeal” başa düşmək üçün iki-üç dəfə oxumuşam. Sən də qəlizsən, ay yoldaş.

- İsmayıl Şıxli bir dəfə yazmışdı ki, Dostoyevski çap olunanda evə qapanıb onu mütaliə ilə məşğul olmusunuz.

- Ola bilər, amma Dostoyevskini “Qorki”də təhsil alanda oxumuşam.

- Hiss olunur ki, Dostoyevskidən təsirlənmisiniz...

Firuzə xanım: Təsirlənib. Məndən soruşun, deyim. Müharibə dövrünə aid povestləri çap olunanda bizə zəng edib deyirdilər ki, İsa Hüseynov Azərbaycanın Dostoyevskisidir. Mən onun bütün əsərlərini oxumuşam, görürəm ki, təsir var.

- Makinada yazırdınız, yoxsa əl ilə?

- Əl ilə. İndi də əllə yazıram. Makinaya etibar etməmişəm heç vaxt. Əlyazmalarımın hamısını saxlayıram.

Bu yerdə Firuzə xanım əlavə edir, İsa Hüseynov şeir də yazıb və şeir “Azərbaycan” jurnalında çap olunub: “Mən də deyirəm, şeir yazma...”

- Necə tanış olmusunuz?

Firuzə xanım: İsa mənim xalam oğludur. Mən buna getmirdim. İsmayıl Şıxlı mənim müəllimim olmuşdu, məni yaxşı tanıyırdı. Bir də görürdün, İsmayıl Şıxlı ilə İsa gəldilər. İsmayıl İsanı tərifləyirdi, deyirdi ki, belə sakit olmağına baxma, çox yaxşı oğlandır. Mənim atam raykom olub, ərəb dilini yaxşı bilirdi. İsanın atası da vəzifədə işləyirdi. İsanın atası əl çəkmədi, dedi ki, alsan bunu alacaqsan, almasan heç kimi. Məni ağlada-ağlada İsaya verdilər. Sonra gördüm ki, çox gözəl insandır, o qədər gözəl ürəyi var ki. Çox çətin vaxtlardı, çox əziyyət çəkmişik, Bakıya nə zülmlə gəlmişdik, ümumi qatarda. Toyumuz 1951-ci ildə olub, buna toy demək mümkünsə.

- Məşhurlardan kimlər vardı toyunuzda?

Firuzə xanım: Bi zim toyumuzda tanınanlardan bircə İsmayıl Şıxlı olub. Bir heyvan kəsdilər. Kabab elədilər, aş elədirlər. Belə də, toy deyildi bu.

- Bah, bah, bah. A kişi, siz məndən soruşun, deyim də (ümumi gülüşmə). Çox çətin vaxt idi, atamı da işdən çıxarmışdılar. KQB-dən adamlar gəlmişdi, sənədləri araşdırırdılar. Demək olar ki, yas içində idik. Atam dedi ki, Moskva necədir? Dedim, Moskva bərbaddır, bir-iki gün də qalsa, oğlunun başından əl çək. Cavab verdim ki, onların bircə salamat qızı yoxdur. Hamısı adamın boğazından sallaşır. Söylədi ki, onda deyirsən, toyunu eyləyək? Başımı aşağı salaraq dedim ki, edirsinizsə, edin. Toy günü yeznəm, məktəb direktoru olan əmim oğlu gəlmişdi. İsmayılın gəlməyi yadımda deyil. Cəmi 4-5 adam vardı. Mən çıxıb həyətdə qəmli-qəmli dayanmışdım. Bizim ev dəmiryolunun qırağında idi, bir də gördüm ki, dəmiryolunun relsləri üstündən bir adam çıxdı. Əynində çuxa vardı, çuxanın böyrü domba idi. Baxdım ki, bu atamın, babamın toyunu eləmiş 100 yaşlı Aşıq Alıdır. Anama dedim ki, Alı əmi gəlir. Anam kövrəldi və dedi ki, Alı əmi nə gəzir burda, onu sürüblər, Muğanlıda xəstə yatır. Dedim, vallah, gələn Alı əmidir. Getdim bunun qabağına, gördüm doğrudan da Alı əmidir. Öpüşdük, görüşdük, dedi ki, uzanmışdım, birdən göydən səs gəldi, a kişi, Əfəndinin toyudur, nə oturmusan? Mənim əmimin adı İsa Əfəndi olub, məni Əfəndi çağırırdılar. İsa Əfəndi adı gələndə kövrəlirdilər ona görə. Aşıq Alı dedi ki, səs eşidəndən sonra sazı götürüb gəldim, doğrudan toyundur? Səhərəcən çaldı, oxudu. Sonra mənimlə Bakıya getdi. Bakıdan yola saldım onu. 10 gün sonra rəhmətə getdi.

- Səməd Vurğunla münasibətiniz vardı?

- Səməd Vurğun “Literaturnıy qazeta”da “Poeziya hüququ” adlı bir yazı yazmışdı. Bakıda bu məqaləni tənqid etmişdilər. Mən ilk məqaləmi o vaxt yazdım. 1954-cü ildə. “Şairin həqiqəti” adlı məqaləm “Ədəbiyyat” qəzetində çap olunmuşdu. Az sonra Səməd Vurğun yatağa düşdü, qalxmadı. Bu hadisədən əvvəl onunla Moskvada görüşmüşdük.

Firuzə xanım: Yusif Səmədoğlu ilə yaxşı münasibətləri vardı. Yusif istiqanlı, mehriban adamdı. Gözəl ziyalı idi.

- Yazıçılar Birliyinin qurultayında Vaqif mənə yaxınlaşdı, qucaqladı məni, dedi ki, gəl, şəkil çəkdirək. Çəkdirdik, sonra o şəkili böyütdü, evində başının üstündən asdı. Onun evində bir atasının şəkli var, bir də mənim. Bundan bilirəm ki, onun mənə münasibəti yaxşıdır. Həmişə deyir ki, sən bizim canımız-ciyərimiz, böyüyümüzsən.

- Ümumiyyətlə, Azərbaycan şairlərindən kimi bəyənirsiniz?

- Zəlimxan Yaqubu.

Firuzə xanım: Zəlimxan Yaqub həm yaxşı şairdir, həm də yaxşı el aşığıdır. Bəxtiyar Vahabzadə də yaxşı şairdir, ancaq axır zamanlarda kişini bir az sancırdı.

- Bəxtiyar yaxşı şairdir.

- “Qorki”də Əli Kərimlə eyni vaxtda oxumusunuz, necə idi münasibətiniz?

- Yaxşı şair idi. İçki korladı onu. Rəsul Rzadan başqa heç kimi şair saymadı. Yanaşmaları çox subyektiv idi. Axırda mənə düşmən kimi baxdı.

Firuzə xanım: Yox, İsa, o, səni çox istəyirdi.

- Əvvəl istəyirdi. Mənimlə heç bir problemi olmasa da mənə düşmən kimi baxırdı. İçərisində qaynayan adam idi və onu başa düşmək çətindi.

- Əli Kərim əsasən kimlə içirdi?

- Salam Qədirzadə ilə, onu da içki məhv etdi. Qabil də içkinin qurbanı oldu.

- Bəs siz necə içirdiniz?

- Moskvaya gedənə qədər içmirdim. Moskvada araq nöyüt kimi idi, yəni çoxdu. Yoldaşlarım məni içməyə məcbur edirdilər, mənim də ürəyim qalxırdı. Bir dəfə yataqxanın zirzəmisində araq tapmışdılar, böyük qabda idi, o arağın axırına daş atdıq. Arağı orada almanlar gizlədibmişlər. Bir dəfə qardaşım Omar məni ağsaqqalların yanına apardı, dedi bunlarla ye-iç. Yedik, içdik, saat 4-də bir dənə də heyvan kəsdilər. Səhər evə gəldim və infarkt keçirdim. 1987-ci il idi.

Firuzə xanım: Səhhətdən söz düşmüşkən, bir neçə dəfə klinik ölüm keçirib. Saxlayırıq da birtəhər.

- Bir dəfə 9 dəqiqə, bir dəfə 6 dəqiqə klinik ölüm keçirmişəm. Məni aparata qoşmuşdular, aparatla nəfəs alırdım. Nəfəsim kəsilib, aparatdan ayırıblar. Bir müddət sonra bir həkim gəlib görüb ki, nəfəs alıram, çöldə gözləyən yaxınlarımı muştuluqlayıb. Firuzə xanım isə evə gedibmiş, dəfn hazırlıqları görmək üçün. Zəng ediblər, ona da deyiblər ki, nəfəs alır. Bədənimdə 80 faiz oksigen varmış, həkimlər təəccüb ediblər ki, bu, necə ola bilər? Klinik ölüm keçirəndə o dünyadan atam gəldi. Əmilərim gəldilər, cərgələnib oturdular, atam dedi ki, ölməyəcəksən, çıxanda “Qəbirstan” adlı bir roman yazacaqsan, Saf Ağ elminə həsr olunmuş bir əsər. Xəstəxandan çıxan günü bir kağız götürdüm və üstünə “qəbirstan” sözünü yazdım. Beynimdə heç nə yox idi. Hər şey itmişdi, yazdım, qoydum stolun üstünə. Səhəri mexaniki şəkildə yazmağa başladım. Yazıçılıq həm yaxşıdır, həm də məşəqqətdir.

- Yəqin əsərləriniz üzərində çox işlədiyinizdən bu qənatə gəlmisiniz.

- Əsərlərim üzərində həddindən çox işləmişəm. Əsərlərimin hamısının variantları var. Özü də əllə. Makinada, kompyuterdə yazmaq olar? İnsanın beyninə milyon fikir gəlir-gedir. Bunu kağıza yazmasan, vəziyyət necə olar?

- Əvvəllər deyəsən çox siqaret çəkirdiniz?

- Hə, səhərə qədər çəkirdim. İşləyəndə siqaret çəkmədən dura bilmirdim.

- İnternetə girirsiz heç?

- Yox.

- Amma saytınız var.

- Var, amma baxmıram.

- Sayt hazırlanmasının ideyasını kim verib?

- Bu işlə uşaqlar məşğul olub, mənim xəbərim yoxdur.

- Yazdıqlarınızı nə əcəb vermirsiniz, sayta yerləşdirsinlər.

- Saytı oxuyan varmı ki? Ümumiyyətlə, internet yox olacaq. Kitab əbədidir. Axırda kitab oxunacaq.

- Sovet vaxtı kitablarınıza görə yaxşı qonorar alırdınız?

Firuzə xanım:
Hər çap vərəqinə 3 min rubl alırdı. Əsərlər jurnallarda çap olunurdu, buna görə də qonorar alırdı. Amma qazandıqlarını başqaları kimi içkiyə xərcləmirdi. Bunun o qədər yetimləri var ki, bu pullar olmasaydı, onları saxlaya bilməzdi. Bunlar bilirsiniz nə vaxt içirdilər? İsmayıl Şıxlı idi, tənqidçi Əhəd Hüseynov idi, Məsud Əlioğlu idi, İsa idi, elə ki, biri qonorar aldı, yığılıb içməyə gedərdilər.

- Kabab yeməyə gedirdik (gülür). Bakının yuxarı tərəfində, Gözəldərədə bir kişi evində gözəl kabab bişirirdi. Həmişə qonorar alanda bura gəlirdik.

- Dostlarınızdan ən çox kimin üçün darıxırsınız?

- Hətta düşmənlərim üçün də darıxıram.

- Kim idi düşmənləriniz?

- Ən böyük düşmənim Süleyman Rəhimov idi. Mən “Azərbaycan” jurnalında işləyəndə “Şamo” romanını gətirirdi. Mən də vərəqləri mürəkkəbdə çimdirirdim, sonra çıxırdı. Onun yazdıqları bərbad idi, üstündə xeyli işləyirdik. Bir gün bildi ki, onun əsərini işləyən mənəm. Bu, onu qıcıqlandırmışdı, əsərlərim çap olunanda hamısını vururdu. Hikkəli adam idi, partiya iclasında mənim dərimi soyurdu.

- Cavab verə bilirdiniz?

- Bircə dəfə cavab verdim. Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin 41-i canıma döşədi. Bibim oğlu Vidadi Babanlı və Mehdi Hüseyndən başqa hamısı əleyhimə danışdılar. Axırda iclası aparan Zeynal Xəlil qalxdı ki, məsələ aydındır, İsa Hüseynovun Yazıçılar İttifaqında, partiyada qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən kömək elədilər. Dedilər ki, Zeynal Xəlil müzakirə edilən əsəri oxumayıb. Qalxdım, dedim ki, müzakirəyə qoyulan əsərim necə başlayır, necə qurtarır, əsərin qəhrəmanı kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə dedi ki, mən oxumamışam, amma mənim kommunist yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram, qapını açdım, çıxdım. Çölə çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir. Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə görmək istəyirəm, sənin sözündən sonra iclas dayandı.

Bir dəfə də məni Mirzə İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüseyn öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur. Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni araşdırmaq üçün Bakıya ezam elədilər. O, gəldi, Mərkəzi Komitədə Yazıçılar İttifaqının plenumunu çağırdı. Mirzə İbrahimov da Ali Sovetin sədri idi. Hamı mənim əleyhimə danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə İbrahimov balaca adam idi, o, tribunaya çıxanda isə elə bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi, nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa ürəyinin qanı ilə yazır. Çıxın gedin hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da günahı yoxdur. İclas da bununla qurtardı.

Firuzə xanım: İsanı o qədər KQB-yə aparıb-gətiriblər ki. Bir qara maşın dayanırdı, onunla aparırdılar.

- Axırıncı dəfə Heydər Əliyev “26-lar” mədəniyyət evinə çağırmışdı. Stolunu çıxarıb foyeyə qoymuşdu. İşçilər də divar boyu düzülmüşdülər. Mənə dedi ki, sənə bircə sualım var. De görüm, “Yanar ürək” romanını öz düşüncən, hissiyatınla yazmısan, yoxsa sənə təsir eyləyən olub? Dedim, heç kəs təsir etməyib, öz düşüncəmlə, hissiyatımla yazmışam. Gördüklərimi, dəfələrlə şahidi olduğum hadisələri qələmə almışam. Qalxdı ayağa, dedi ki, təbrik edirəm, bundan sonra da belə yaz. Son nəfəsində də televizor vasitəsilə mənimlə danışdı. Kanalı bizim evə birləşdirdilər, başqa yerdə getmədi. Dedi roman göndərmisən və baş barmağını aşağı elədi. Mən dik atıldım. Necə yəni, ən yaxşı əsərimə bu cür qiymət verilir. Qəhqəhə çəkdi və dedi ki, a kişi, zarafat edirəm. Dedi, sən mənim birinci kadrımsan. Üç gün sonra rəhmətə getdi.

- Yaza bilmədiyiniz nəsə olubmu?

- “Nizami” filminin ssenarisini yazmışdım, 3-4 seriyalıq. Nizami özü İsgəndərlə döyüşlərdə iştirak edirdi, daha doğrusu, döyüşlərə kənardan baxırdı. Həm yazırdı, həm də döyüşlərin içində idi. Moskvada dedilər ki, ixtiyarın olmayan sözlər demisən. Alimlər deyirdilər ki, Nizaminin “İsgəndərnamə”si yalandır. İsgəndər buraya gəlməyib. Anaxronizm adlandırırdılar bu əsəri. Əvvəl yəhudi alimi Bertels, sonra isə mən təsdiq etmişdik ki, “İsgəndərnamə” yalan deyil. Mətni akademiyanın prezidenti oxuyub Heydər Əliyevə zəng etmişdi ki, mən dəhşətə gəldim, İsa antirus əsər yazıb. Sonra məni iclasa çağırdılar, bu mənə dedi ki, sən nə özündən müştəbeh adamsan. Rusa qarşı əsər yazırsan? Nizamini şair kimi göstərməlisən, siyasətçi kimi yox. Dedi ki, səni xaricə göndəririk, filmini orda çəkərsən. Dedim, ölmək lazımdırsa, burda da ölərəm, niyə xaricə göndərirsiz? Bizim çox gözəl alimimiz Məmməd Cəfər Bertelsin oğlu Nizami haqqında məqalə yazdığına görə bütün titullarını əlindən alıblar. Sən niyə belə bir şey yazmısan? Bu sözlər belimi qırdı. Rejissor da gəldi və dedi ki, mən bu əsəri çəkə bilmərəm. Dedi, Nizaminin bioqrafiyasından ayrı-ayrı parçaları yaz ver, çəkim. Mən də kömək edərəm. Mən razılaşdım və mənim ilk variantda yazdığım getdi. KQB apardı, qoydu arxivə. Burda bəzi səhnələr var, ürəyimdəndir, amma imtina etmişəm bu ssenaridən. Müslüm Maqomayev Nizami deyil.

Son.

Hazırladı: Ağa Cəfərli

# 4716 dəfə oxunub

Oxşar xəbərlər

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

09:00 20 dekabr 2024
Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

16:11 19 dekabr 2024
Yazmaq kimə və nəyə lazımdır?

Yazmaq kimə və nəyə lazımdır?

09:00 18 dekabr 2024
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
# # #