news-inner
clock13:59 calendar-gray 04 İyun 2018 view-gray136 dəfə oxunub
view-gray136 dəfə oxunub

Çingiz Abdullayev Kəramətin kitab aksiyasından danışdı: “Bu yaxşı hal deyil”

Bu günlərdə kitab satışı mövzusu yenidən oxucuların gündəminə gəlib. Söhbət sosial şəbəkə oxucularından gedib. Bir neçə romanın müəllifi, yazar, şair, jurnalist Kəramət Böyükçöl kiçik həcmli romanı çap olunan kitabını yüz manata satmaqla diqqəti çəkib. “Bir kitab yüz manata” adlı aksiya ilə kitablarını sosial şəbəkələrdə vitrinə çıxaran Kəramət məqsədinə nail olduğunu da gizləmir.

Kulis.az-a açıqlamasında aksiyası haqqında danışan yazar bunları deyib:

“Evə gəldim, pulum yox idi. Yoldaşım da telefonda internet mağazalardakı donlara baxırdı. Birdən mənə bir paltar göstərdi ki, bu donu al mənə, 230 manatdır. Mənim də pulum yox idi, pis oldum. Durdum evin içində gəzişdim, bu zaman gözüm öz kitabıma sataşdı. Ağlıma gəldi ki, kitabın şəklini çəkib sosial şəbəkədə paylaşım və satım. Mən də çəkdim, paylaşanda da yazdım ki, bu kitabı 230 manata satıram. Bir nəfər yazdı ki, bu kitabı alıram. Dedim hara gətirim dedi, mən özüm gəlib götürərəm. Gəldi, pulu verib kitabı götürdü. Mən də pulu aparıb verdim yoldaşıma ki, get o donu al.

Sonra başladım kitabıma müxtəlif qiymətlər qoymağa. Məsələn “kitab satıram 99 manat 90 qəpik, çatdırılma və quraşdırma pulsuzdur” kimi elanlar yazdım. Daha sonra düşündüm ki elə, “bir kitab yüz manata” kampaniyasına başlayım”

Kampaniyanın davam etdiyini deyən Kəramət Böyükçöl bu günədək 4400 manatlıq kitab satıb.Amma kitablar müxtəlif qiymətlərə satılıb: “Məşhur bir adam var, o məsələn, kitaba yüz yox, min manat verdi. Eləsi oldu ki, üç yüz manat verdi.”

Sosial şəbəkədə aksiyaya dəstək verənlərdən başqa pisləyən, lağ edən, aqressiv yanaşanlar da var. Hətta sosial şəbəkədə çox izləyicisi olan səhifələrdən biri aksiyanın fotosunu istehzalı şərhlə təqdim edib.

Yazar Kəramət Böyükçöl bunu aşağıdakı kimi izah verir:

“Biz ədəbiyyatı çox ciddiləşdirmişik. İnsanlarda, cəmiyyətdən ayrı tutmuşuq. Guya ədəbiyyat Manaf Ağayev deyil, filankəsdir. Mənə elə gəlir ki, yazdığımız əsərlərin nə qədər ciddi əsərlər olmasına baxmayaraq, onu şou dünyasına yaxınlaşdırmalıyıq. Kitab onlara qoşulub ayaq açıb yeriməli, yayılmalıdır. Başqa cür alınmır. Biz Şəbnəm Tovuzludan, Manaf Ağyevdən, meyxanaçılardan, müğənnilərdən kömək istəməliyik ki, kitabımızı satıb pul qazanaq, onlar kimi yaşayaq. Bəsdir, bezdik müsahibə almaqdan, saytlarda işləməkdən. Necə ki, o müğənnilər qazanır, biz də qazanıb adam kimi yaşayaq. Olan istedadımızla bir yana çıxaq. Nolsun yazıçıyıq, bir az da Şəbnəm Tovuzlu olaq, bir az da Brilyant Dadaşova olaq, bir az Nazpəri Dostəliyeva, bir az İlhamə Quliyeva olaq.

Mənim bu ideyam hələ adamlara çatmır deyə, aqressiv yanaşırlar. Mənəsə elə gəlir ki, yaxşı ideyadı və alınacaq.”

Hekayə kitabını “Qanun” nəşriyyatında üç yüz nüsxə tirajla çapa verəcəyini deyən Kəramət Böyükçöl bunun yetərli olduğunu deyir: “Bilirəm ki, sadiq oxucum üç yüz nəfərdir. Bu üç yüz oxucu mənim kitabıma yüzdən də artıq pul verər. Bu elə otuz min manat pul edir. Bir kitabdan otuz mini çıxarmaq olduqca yaxşı nəticədir.”

Yazar oxucusunun onun kitabına yüz manat tapacağına əmindir.

Kulturoloq Aydın Xan dünyada belə təcrübənin olduğunu deyir:

“Dünyanın tanınmış incəsənət, mədəniyyət adamları, ilahiyyatçıların kitabları bəzən 150 iki yüz dollar və daha artıq qiymətə satılır. Üstəlik əlli il əvvəl buraxılmış kitablar da antikvar sayılır. Qiyməti nəşr ilindən asılı olaraq yüz minlərlə ölçülür. Kəramət Böyükçölün kitabını yüz manatdan satması əla faktdır. Çoxdandı Azərbaycanda belə bir şey olmurdu. Mən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasına gedəndə nazirlərin, yüksək çinli məmurların sərgidən Puşkinin, Dostoevskinin, Tolstoyun kitablarını almasını görmüşəm. Bu kitabların qiymətisə beş yüz, min manat civarında idi.

Azərbaycanda da bu təcrübə yaranırsa nə gözəl... Nəinki Kəramətin, mən başqa gənc yazarların, orta nəsil və yaşlı yazarların, klassiklərin kitablarının baha qiymətə alınmasına sevinərəm. Əlbəttə, bu kütlə üçün, xalq üçün nəzərdə tutulmur, bu yüksək təbəqəyə ünvanlanmış bir aksiyadır.”

Aydın Xan belə potensiallı bir təbəqənin olduğunu deyir:

“Bakıda dünyanın heç yerində olmayacaq qədər bahalı avtomobillər var. Hər on adamdan üçündə Jeep maşını varsa, ticarət mərkəzində brend dükanlardan mal alanlar varsa, hər on adamdan beşində İphone kimi bahalı telefonlar varsa niyə kitaba pul verilməsin?” Telefonu insan özü istifadə edirsə, kitab insanın həm özünə, həm övladlarına, həm də nəvələrinə çatacaq bir sərvətdir. Biz toya-yasa yüz manat, əlli manat veririk, amma kitaba verməyə kobud deyək, canımız çıxır”.

Kulturoloq baha qiymətə kitab kimi aksiyanın əslində yerli yazıçıların təcrübəsində olduğunu da söyləyir:

“Yazıçı-şairlərimizdən bir çoxu kitablarını yüksək çinli məmura təqdim edirlər və onlardan müəyyən məbləğdə pul hədiyyəsi alırlar. Bizdə bu sistem də var ki, müəlliflər öz vəsaiti hesabına kitabı buraxırlar, sonra isə dost-tanışa müxtəlif qiymətə satırlar. Yəni, o halda da bir kitaba yüz manat, iki yüz manat, beş yüz manat verirlər.”

Ölkədə ən çox kitabı satılan detektiv yazarı, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev məsələyə müsbət yanaşdığını bildirir:

“Yazıçı kitabı özü çap edibsə, özü belə qiymət qoyur. Baxaq ki, nə qədər alınacaq. Bu da maraqlıdır. Bu onun intellektual zəhmətidir. Görək onu yüz manata nə qədər adam alacaq. Yazıçının ixtiyarı var ki, kitabına qiymət qoysun. Amma qiymət verməli olan da oxuculardır. Bu biri tərəfdən də biz bilirik ki, kitab mağazaları çox azdır, yazıçıların kitabları az yerlərdə satılır. Təbii ki, bir neçə yazıçı var ki, öz kitablarını özü satmağa məcbur olur. Bu yaxşı hal deyil, amma nə edək, bu, belədir. Cümə günü Elmlər Akademiyası metrosu ilə üzbəüz böyük bir kitab mağazasının açılışı olacaq, orda iştirak edəcəyəm. Yəni, proses gedir.”

Yazıçı bütün deyilənlərə rəğmən ölkədə oxucu bazasının çox olduğunu söyləyərək “Qanun” nəşriyyatında iki min və daha artıq tirajla qırxdan artıq kitabının, Teas Press nəşriyyatında isə beş min nüsxə ilə kitabının nəşr olunduğunu, kitablarının son nüsxəyədək satıldığını söyləyir:

“Demək olmaz ki, on milyonluq xalqın cəmi üç yüz oxucusu var. Buna inanmaram. Elə Yazıçılar İttifaqının üzvü 1834 nəfərdir. Ən azı bunlar ki, öz kitablarını oxuyurlar. Xalq oxumur demək olmaz. Yenə deyirəm ki, kitab mağazaları azdır, çox olmalıdır. Amma yazıçıların özündən də çox şey asılıdır.”

news-inner-user
Aliyə

996 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti