Gərək mən xəcalətdən yerə girəydim – BİRCƏNİN ROMANI

<b>Gərək mən xəcalətdən yerə girəydim – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
11 avqust 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Həkim resept yazdı. Emin dərman dalınca aptekə, Səməndər həm uşağa, həm də mənə lazım olan əşyaları gətirmək üçün evə getdi. İnək südü körpənin mədə-bağırsağında xeyli problem yaratmışdı deyə həkim Cavidə “Malyutka” deyilən uşaq yeməyi buyurmuşdu.

Bizi üç ana-balanın yatdığı bir palataya yerləşdirdilər. Doğum evinə baxanda bura təmiz, səliqəli, sakit bir yer idi. Az keçmiş Emin dərmanları alıb gətirib hikkəylə qucağıma atdı. Sonra da dəhlizə çıxıb bir siqaret yandırdı, dərmanlara baxa-baxa mənə məsləhət verən həkimi gendən süzməyə başladı. Təcrübəsiz olduğumu görən həkim məni səbirlə başa salırdı:

- Bu yeməyi də birdən-birə coxlu vermək olmaz. Az-az, tez-tez verərsən ki, uşağın mədəsi alışsın.

Həkim palatadan çıxan kimi Emin him eləyib məni eşiyə çağırdı. Üzümə qanlı-qanlı baxandan sonra birbaşa hədəyə keçdi:

- Elə bilirsən sən deyən olacaq? Onsuz da metrikanı mən alacam, anam hansı adı desə, onu da yazdıracam. Həkim də cavandı deyə nə çiçəyin çırtlayıb!..

Mən ikrah dolu nəzərlərimi onun üzünə murdar bir məhlul kimi atdım:

- Yelbeyin, başıxarab!

Söz ağzımdan çıxmamış hülqumuma əl atıb məni boğmağa başladı. Mən hənirimi udmuşdum, səsim çıxsaydı, palatalarda yatışan arvadlar sürüylə dəhlizə axışacaqdılar. Üstəlik də həkim Səməndərin qapı qonşusuydu, onun işlədiyi yerdə özümü ləçər kimi aparmaq arıma-ayıbıma gəlirdi. Amma körpə oğlumun atası ayıb nə olduğunu bilən deyildi, qınaqdan-töhmətdən əsla çəkinməzdi.

Mən Eminlə səssizcə güləşə-güləşə boğazımı onun əlindən qoparmağa çalışırdım. Handan-hana dəhlizin o başında əlində dolu zənbillər təntik-təntik gələn Səməndərin kölgəsi görünəndə Emin məni buraxdı. Mən əllərim boğazımda özümü palataya saldım. Heç bilmədim Səməndər ona nəsə dedi, ya yox. Xalatımın boyunluğunu qaldırdım ki, gəlinlər ərimin barmaq izlərini görməsinlər...

***

Müalicələr, üstəgəl uşağı süni yeməyə keçirmək yavaş-yavaş müsbət nəticə verirdi. Cavidin qızdırması normaya düşmüşdü, qarın dolusu yeyirdi deyə yaxşı da yatırdı. O yatdıqca mən saatlarla ac-susuz dayanıb ona tamaşa eləyirdim. Bu körpəcə varlığın mənim canımdan qopduğuna möcüzə kimi baxırdım, inana bilmirdim. Palatadakı qadınlar dolu döşlərini çıxarıb uşaqlarının ağzına basdıqca mənim içimdən bir boğanaq keçirdi, sinirlərimi titrədib boğazımda düyünlənirdi. Tez xalatımın yaxasını üzüm bərabəri qaldırıb, vaxtsız sovulub bürüşmüş döşlərimə baxırdım. Həsrətlə gözləyirdim, inanırdım ki, gecələrin birində yenə möcüzə baş verəcək, döşümə süd gələcək, mən də bu gəlinlər kimi körpəmi əmizdirə biləcəm, balam da ağzının qıraqları köpüklənə-köpüklənə doyunca ana südü əməcək. Yalan olmasın, gündə bəlkə yüz dəfə neft axtaran geoloq kimi sinəmə kəşfiyyata çıxırdım.

Yalnız məmələri təzə-təzə bitməyə başlayan yeniyetmə qızlar öz sinəsiylə belə maraqlanar. Uşaq vaxtı mən də özümdən yekə qızların yetişmiş döşlərini görəndə taxta sinəmə baxıb köks ötürərdim...

Heç yadımdan çıxmaz, dördüncü sinifdə oxuyurdum. Sinfimizdə Gülər adlı bir qız vardı, elə də zehnli deyildi, ancaq boy-buxunda sinif qızlarından çox seçilirdi. Gülərgilin çəpər qonşusu olan Libadə-Gülbadə ekiz bacıları bir gün mənə qiymətli bir sirr verdilər:

-

Gülərin məmələri bitib.

Tez öz sinəmi yoxladım, ələ gələn bir şey tapmadım. Dedim:

- Bu necə ola bilər, axı biz yaşıdıq, niyə onda bitib, bizdə yox?

Mənim inamsız olduğumu görən ekizbacılar dil boğaza qoymadılar:

- Eybi yox, dərsdən çıxıb evə gedəndə göstərrik sənə.

Məktəb kəndimizə bitişik qonşu kənddəydi, evə bir xeyli yolumuz vardı. Kəndin girəcəyinə çatanda qızlar sağa-sola baxındılar, yolda bizdən başqa kimsə gözə dəymirdi. Bu girəvəni əldən verməyən bacılardan biri geridən əl atıb Gülərin qollarını arxasında çataqladı, o biri də ağ köynəyinin düymələrini açıb qızın sinəsini çöldə qoydu. Yazıq Gülər nə qədər qışqırdısa da, bacılar qızın çiçəyi burnunda balaca boranı xırasına bənzəyən döşlərini mənə göstərməyincə onu buraxmadılar. Qız bunların əlindən çıxıb ilan çalmış kimi kəndə sarı götürüldü. Ekizbacılar bir ağızdan dilləndilər:

- Gördünmü yalan demirik!

Mən onlardan yaxşı oxuyurdum, üstəlik bədii kitablarla da maraqlanırdım deyə bu qızlar məni Əflatuna tay tuturdular. Elə bilirdilər mən Gülərin döşünün tez bitmə səbəbini onlara izah eləyə bilərəm.

Qızlardan ayrılıb arxayınca evimizə gəldim. Darvazadan içəri keçəndə Gülərin anasının anamla danışdığını görüb yerimdə qurudum. Qayıdıb qaçmaq istədim, ancaq anamın gözü məni aldı:

- Gəl, yaxın gəl. De görək yolun ortasında xalxın uşağının döşünü-başını niyə açmısan?

Gözümü fırlayıb Hakimi də anamın yanında görəndə anladım ki, vəziyyətim ağır olacaq. Heç nə deyə bilmədim. Özümü müdafiə eləmək üçün əlimdə bircə tutalğam vardı:

- Mən açmadım, ekizlər açdılar, mən də baxdım.

Bunu demişdim ki, anam əl atıb saçlarımdan yapışdı. Çırpınıb onun əlindən çıxdım, qaçmaq istəyəndə anam bir də əl atıb sol yanağımı cırdı. Onun dörd dırnağının yerindən ağ məktəbli köynəyimin yaxasına qan damdı. Üz-gözümün qanını qolumla sildiyim vaxt qəlyan damağında həyətin ortasında dayanmış nənəmi gördüm:

- Buraxın uşağımı, sizin dədənizin ağzına mən s...m!

Üstümə gün doğdu. Anam da, Gülərin anası da səsini xırp kəsdi. Qadın darvazaya sarı ayaqlandı, anamsa tez evə girib qapını arxasınca örtdü. Nənəm üzümün qanını silə-silə çox pis iş tutduğumu dönə-dönə mənə anlatdı. Ancaq mənim anlamağımla iş bitmədi, o gündən evdə günüm göy əskiyə düyüldü. Hakim mənə bir iş tapşırırdı, mən boyun qaçıran kimi üstümə ayaq alırdı:

- Həəə, xalxın uşağının məməsinə baxa bilərsənmi!

Onda mən özümdən asılı olmadan əl atırdım yanağıma, anamın dırnaqlarının göynəyən yerinə sığal çəkirdim...

İndi bu çillənin soyuğunda, xəstəxana divarları arasında südü soğulmuş, azarlı meyvə kimi büzüşmüş döşlərimə baxdıqca o günlər yadıma düşürdü, bilmirdim gülüm, yoxsa ağlayım.

***

Uşağımın sağlamlığı, qidalanması qaydasına düşdükcə mən də yaxşılaşırdım. Südüm quruyandan sonra çox qorxmuşdum, mənə elə gəlmişdi körpəm acından öləcək. Nədənsə içimə bir hiss dolmuşdu ki, daha mənim bundan başqa övladım olmayacaq.

Palatadakı analar arada uşaqlarını bir-birinə tapşırıb dükan-bazara çıxırdılar. Uşaq xəstəxanası bazarın lap yaxınlığındaydı, gəlinlər özlərinə, balalarına lazım olanları ordan alıb gətirirdilər. Mənimsə onlara qoşulub dünya işığına çıxmağa nə pulum, nə halım, nə də təhəmmülüm vardı. Ən böyük çətinliyim buydu ki, uşağın əskilərini xəstəxanada yuyub quruda bilmirdim. Hamı bulaşıqlarını evə göndərirdi, ancaq mən göndərsəydim belə, kim yuyacaqdı ki mənim uşağımın kirli əskilərini? Yumağa pis-yaxşı şərait vardı, yuyurdum, di gəl, yuduğumu quruda bilmirdim. Əlacsız qalıb axşamlar bir azca təpimiş əski-üskünü üst-üstə sərirdim yatdığım çarpayıya, özüm də səhərəcən o nəm əskilərin üstündə yatırdım. Səhər duranda görürdüm bədənimin hərarətindən əskilər qupquru quruyub. Sonralar bunun altını çox çəkdim...

Hər səhər həkim palataları gəzməyə başlamamışdan mənlə bir otaqda yatan gəlinlərin ərləri onlara yemək-içmək gətirirdi. Mənim səhər-günortamı isə sabah ertədən Səməndər çatdırır, ayaqüstü hal-xoş eləyəndən sonra işlədiyi məktəbə sarı yol alırdı. Əslində, yeni istifadəyə verilmiş uşaq xəstəxanasının mətbəxində dadlı, faydalı yeməklər bişirilirdi, uşağına qarovul çəkən analara gündə üç dəfə yemək təklif olunurdu, di gəl, yekəxanalıqdanmı, vasvasılıqdanmı, qanmazlıqdanmı, ya nədənsə heç kəs o yeməkxanaya ayaq basmırdı, orda bişiriləni dilinə vurmurdu. Xəstəxananın işçiləri yediklərini yeyir, yemədiklərini evlərinə daşıyırdılar. Nə gizlədim, mənim o yeməklərə nəfsim keçirdi, ancaq istəyə bilmirdim, qorxurdum palata qonşularım mənə pis baxalar, məni tamahımdan dara çəkələr.

Günortaya yaxın Emin də əlində bir bağlama mənə dəyməyə gəlirdi. Üzündən-gözündən şübhəli toranlıq bir an çəkilmirdi, elə bil mən özümü bu xəstəxanaya oynaş tapmaqdan ötrü yıxmışdım. Mənə təmiz paltar, dəyişək də gətirmirdi ki, burda çox qalmayım, üst-başımın kirindən-pasağından utanıb xəstəxanadan tez çıxım. Ad üstə davamız da hələ bitməmişdi. Vay o günə ki, Emin palataya girəndə uşağın həkimi də içəridə olaydı:

- Bu neynir burda? Deyəsən elə bütün günü bu palatada bitir.

Həkimlə Səməndər təkcə mehriban qonşu deyildilər, həm də kirvəydilər – həkim tək oğlunu qardaşımın qucağına qoymuşdu. Mənim körpəmə ikiqat diqqət göstərən bu abırlı-həyalı, şəfqətli insanın ərimin dilindən çıxan hərcayı sözləri eşidəcəyindən çox qorxurdum, ona görə də Emin gələndən gedənə qədər gərgin, həyəcanlı olurdum. O həkim o sözlərdən birini eşitsəydi, gərək mən xəcalətdən yerə girəydim, uşağımı da qoltuğuma vurub o xəstəxanadan biryolluq gedəydim.

***

Həftənin tamamında Emin qaynanamı gətirdi ki, körpənin yanında qalsın. Məni əsməcə tutdu, bərk əl-ayağa düşdüm:

- Anan baxa bilməz axı körpə uşağa...

Cavidin yeməyini bişirəndən sonra soyutmağa xeyli vaxt gedirdi, ona görə də mən hesabımı elə götürürdüm ki, uşaq oyanana yaxın yemək soyumuş olsun. Bəzən də qundağı bir qolumun üstündə saxlaya-saxlaya o biri əlimlə yeməyini bulayıb bişirib soyudurdum.

- Niyə baxa bilmir, yoxsa uşaq görməyib? Anam səndən yaxşı baxacaq körpəyə.

Etirazın faydası olmayacaqdı, üstəlik arvad da öz ayağıyla gəlmişdi. Bir də dillənsəydim, ərim mənə olmazın hədyanlar, hərcayı sözlər söyləyəcəkdi, hələ burasını demirəm ki, məni həkimlə alışıb-verişməkdə, mazaqlaşmaqda suçlayacaqdı. Bu səbəbdən üzüsulu geri çəkildim. Qaynanam oğlunun üstündən gəldi:

- Nə var oturmusan burda, onsuz da əmizdirmirsən-eləmirsən. Mən baxacam uşağa, sən get paltar-palazı yu, ev-eşiyi təmizlə, yeməkdən-zaddan bişir.

Mən qaynanama bir az “təlimat verəndən” sonra canımı xəstəxanada qoyub evə qayıtdım. Evdə yenə ad üstündə Eminlə sözümüz çəpləşdi. Mənim dediyimdən dönmək fikrim yoxuydu, o isə and-aman eləyirdi ki, uşağın adını “Qurban” yazdıracaq. Ərimlə döyüşkən xoruzlar sayağı dimdik-dimdiyə durmuşduq:

- Nə uşağım-uşağım deyin göyərirsən? Sən deyildinmi doqquz ay boyunca mənə qartımış qız doğacaqsan deyən? Sən deyildinmi gecələr yatammayıb həyət-bacada gəzəndə məni qorxudan? Sən deyildinmi burnuma dəyən qarnımın üstünə ayaqlarını aşırıb mənə dırnaq tutduran? Doqquz ayda bircə yol soruşdunmu ürəyin nə istəyir? Bircə yol məni atamın-anamın üzünə apardınmı? Bu uşaq yatan qarnıma neçə dürtmə vurmusan, xəbərin var? Hansını deyim, hansını danışım? İndi nədi uşaq-uşaq deyib dad döyürsən?

- Bəlkə deyəsən heç bu uşağın atası da mən deyiləm? Bəlkə dədənin xarabasından gətirmisən onu?

Qaynatam ağızlaşdığımızı eşidib işə qarışdı:

- Dovşan, sən uşağın adını nə qoymaq istəyirsən?

- Mən Cavıd istəyirəm.

- Vəssalam, söhbət bağlandı. İndi gedin işinizlə məşğul olun.

Səhəri Mahmud əmi Cavidin doğum şəhadətnaməsini mənə verəndə mən ömrümün ən qiymətli sənədini, həyat diplomumu titrək əllərimin birindən o birinə adlada-adlada neçə saat stulda otura qaldım...

...Bu gün də bir arzuma çatanda ürəkdən sevinə bilmirəm, Dostum. Arzularım mənə çox baha başa gəlir, Dostum, çox...

ardı var

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #