news-inner
clock17:00 calendar-gray 03 İyul 2017 view-gray87 dəfə oxunub
view-gray87 dəfə oxunub

Qələmi itirib televizor alan adam – YENİ HEKAYƏ

Kulis.Az yazıçı İmir Məmmədlinin “Qələm” hekayəsini təqdim edir.

Səhərin gözü açılmamış Pənahın gilələrinə qan sızmış gözləri açıldı. Belə tez oyanmazdı, başının ağrısı oyatdı. Dünən qəsəbənin ayağındakı “Xaşdan-xaşa” bufetində vur ki vurmuşdular. Son üç-dörd qədəhdən imtina etmək istəmişdisə də, mümkün olmamışdı. Stəkan yoldaşları yekdil qətiyyətlə demişdilər, içki adətləri qanun deyil ki, pozasan, onu hətta yol qaydaları kimi tapdayıb keçmək də olmaz! Pozmağa meyilli olan Pənah belə xoşhallaşdırıcı təzyiqlər altında meylini boğub yeyib-içmək adətlərini pozmamışdı, son qədəhi son damlasına qədər içmişdi. Şərab nə şərab!... Amma tərifdən azğınlamış bu xain içki onun mədəsində qıcqırıb keyfiyyətini dəyişərək gecə yarıdan sonra dözülməz başağrısına çevrilmişdi.

Bu gecə hər dəfə su sorağında oyandıqca, Pənahın, ailə qayğılarından öncə qələmi yadına düşmüşdü. Bərk ağrıyan başına güc versə də, son neçə ildə ayrılmaz cib yoldaşı olan qələmini süfrədə kimə verdiyini heç vəch ilə yadına sala bilmirdi. Fəqət axşam evə gəlib pencəyini soyunanda qələm cibində yox idi.

Dumanlı xatırlayırdı ki, kimsə “ruçkanız varmı?” deyə, süfrəyə ümumi bir sual atdı. Bu da, “var” sözünü demədən sevimli qələmini çıxarıb o adama verdi. Odur ki həmin adamın sifətini xəyalında, ani də olsa, canlandıra bilmirdi.

Həmsüfrələrini bu məqsədlə xatırlayanda, dumanlı xəyalında hamısı əlini Pənaha tərəf uzadıb “ruçkan varmı” deyə, soruşurdu. Bu zalım uşaqları, elə bil, onu çaşdırmaq niyyəti ilə dönüb birdən-birə yazı-pozu adamı olmuşdular.

Sözün düzü, Pənah qələm adamı deyildi, amma hər ehtimala qarşı üç il bundan öncə, onun öz təbirincə desək, aldığı “ruçkaya” elə alışmışdı ki, bəzən pencəyini dəyişəndə, qələm evdəki pencəyin cibində qalanda, olub, iş dalınca getdiyi yerdə, yarı yoldan “ruçkam!” deyə qayıdıb.

Belə hallarda gözlənilmədən qapıdan girən Pənahdan arvadı soruşardı:

- Niyə qayıtdın?

- “Ruçkam evdə qaldı.

- Yoldan qayıtmaq yaxşı əlamət deyıl, axı.

- “Ruçkasızlıq” daha pisdir.

- Ruçka sənin nəyinə lazımdır!?

- Elə öyrəşmişəm, o üstümdə olmayanda, elə bilirəm… Nə bilim, elə bilirəm, tumançağam.

- Bıy, ətin tökülsün!...

- Çox danışma, gətir, tez elə, gecikirəm!

- Hardadı?

- O nə sualdı?! Harda olacaq?! O biri pencəyimin cibində!

Arvad onun qələmini təcili gətirib verərdi, Pənah da özünü yenidən Pənah kimi hiss edərdi.

Üç ildə birinci dəfə idi ki, qələmi kimdəsə qalmışdı, bilmirdi, kimdə.

Pənah ağrılı başını əlləriylə sıxa-sıxa süfrədəki həmin bəd məqamı yenə xırda-xırda xatırlamağa başladı: Filankəs uzaqda otururdu, qələmi ona uzada bilməzdi. Filan “ruçka” istəməzdi, o heç yaza da bilmir. Bəs mən kəs nəyə görə istəməli idi? Yazacağı nə ola bilərdi? O da istəməzdi. Bax, istəsə, istəsə, ya müəllim Qasım, ya da dükançı İmadəddin istəyə bilərdi. Bəli, bu ikisindən biri! Amma hansı? Müəllim Qasım və dükançı İmadəddin! Daxili səsi ona dedi ki, müəllimin öz qələmi olardı. Öz qələmi dura-dura özgədən qələm istəyərdimi? İstəməzdi! Bəlkə qələmi evdə qalmışdı? Xeyir, qala bilməzdi! Pənah gözünü açan gündən Qasım müəllimi eyni pencəkdə görüb. Dəyişirik pencək yoxsa, qələm nə təhər evdə qala bilər?! Demək, Qasım müəllimin qələmi cibində idi. Qalır dükançı İmadəddin. Ondan-bundan eşitmişdi ki, İmadəddinin ara-sıra şeir yazmağı da var. Televizor, maqnitofon satmaqdan bir az başı açılıb macal tapan kimi oturub piştaxtanın üstündəcə yazar, yazdığını dükanın qabağına reklam əvəzi vurardı:

“Ay müştəri, boşdu boşqab,

Acdı mədə, acdı dəhan.

Qutuya sığmır bir hinduşka,

Televizora sığır cahan.”

Və yaxud:

“Ay müştəri, baxma vara,

Nisgil salar səni dara,

Al teliki, gecələr bax,

Yarıçılpaq cananlara.”

İstisna oluna bilməz ki. Belə bir reklam-beyt dükançı İmadəddinin süfrə arxasında da bədahətən ağlına gəldi və ağlından çıxmamış sərxoş baxışlarını qədəh yoldaşlarının üzlərində gəzdirib soruşdu:

- Ruçkanız varmı?

Sonrası aydındır. Sonra nəyin baş verdiyini bilmək üçün məntiq ipini çözələməyə ehtiyac qalmırdı. Görünür, İmadəddin süfrə arxasında ərsəyə gələn şeirini yazdı və başı içkiyə qarışan Pənahın qələmini dədə malı kimi qoydu pencəyinin cibinə.

Hər şey açılan bu səhər kimi aydın idi. Amma Pənah, paxmel başla da olsa, anlayırdı ki, üzü tutub o boyda kişidən soruşa bilməyəcək, ay İmadəddin dayı, olmaya dünən mənim ruçkam sənin pencəyinin cibində getdi?

İmadəddin bunu pis başa düşə bilər. Elə bilər, onun süfrə saflığına şübhə aparıb boynuna oğurluq qoymaq istəyirlər.Hələ tərs damarına düşsə, adamı söyüb biabır da edə bilər.

Pənah “ruçkasını” onun əlində görsə, yəni dükançı İmadəddini fakt üstündə tutsa, başqa məsələ…

Hər necə olursa olsun, qələminin dalınca getməlidir.

Yerindən durub əyin-başını geyinəndə, başından belə bir qara fikir də keçdi: “ Yəqin mənim ruçkamın alnına itmək, Bəlkə də itib tapılmamaq yazılıbmış”.

Pənah evdən çıxanda, Arvada hara getdiyini demədi.

“Orbita” dükanının yaxınlığında dəftərxana malları satılan mini-market yerləşirdi. O, həmin mağazanın önündə ayaq saxladı. Bir istədi, girib baxsın. O qələmdən varsa, alıb evə qayıtsın, ta İmadəddinə ağız açmasın. İt-bata düşən həmin qələmi də burdan almışdı. Fikirləşdiyi kimi də etdi. Dükana keçdi. Piştaxtada şüşə altına düzülmüş qələmlərə nəzər saldı. Öz qələminin eynisini tapdı. Amma son məqamda fikrini dəyişdi. Bir az pula hayıfı gəldi, bir az da ürəyi öz “ruçkasının” yanına çəkdi.

Pənah “Orbita” dükanının qapısından keçəndə, İmadəddin, əlində silənc, televizor və maqnitafonların tozunu alırdı. Dükandakı əlavə hənirtini hiss edib qapıya tərəf baxdı:

- Ooo! Pənaha eşq olsun! Necəsən, əjdaha?

- Axşamkından sonra bir az başım ağrıyır. - Pənah piştaxtanın üstünə göz gəzdirə-gəzdirə dedi. Qələm gözünə dəymədi.

- Nə əcəb? İkidən-birdən gəlməzdin.

Bu sual Pənahı karıxdırdı, fəqət cürəti çatmadı itən qələmini dilinə gətirsin. Elə bu an gözünə piştaxtanın uzaq küncündə bir dəstə varaq sataşdı, hövlnak o tərəfə yeriyə-yeriyə dilləndi:

- Televizor almaq istəyirəm.

- Dükandakı bütün televizorlar sənin qara kəkilinə qurban! Bax, hansını ürəyin tutar, götür!

Pənah gördü, varaqların üstündə ucu qırıq bir karandaş var.

- Nə yazırsan? - qeyri-ixtiyari soruşdu.

- Heç nə, fakturalardı.

- Karandaşla yazırsan?

- Olur karandaşla, olur ruçkayla yazıram... Təki aldığın mal mal olsun, fakturanın nə dəxli?!

- Deyirsən, ruçkayla da yazdığın olur?

- Olur. Bax bu televizor necədir?

Pənah udqundu:

- Başqa markadan istəyirəm.

- Hansı markadan?

“Müştəri” ətrafa oğrun nəzər saldı. İstədi eləsini desin ki, burda olmasın.

- “Supra” televizoru axtarıram. - dedi.

- Əla! Əla televizordu! Mən də elə onu təklif edəcəkdim.

- Amma sizdə yoxdur.

- Var! Niyə yoxdur! Vitrində qalmır ki! Qoyan kimi satılır. Anbarda bir dənə qalıb, bu dəqiqə sənin üçün təşkil eləyərəm! - İmadəddin bunu deyib arxa otağa keçdi. Pənahın içinə sanki qaynar su calandı, televizor nəyinə lazımdır!? Evdə yekəsindən var. Çörəkpulunu güc-bəla ilə tapırlar, hələ bir televizor da alsın?!

- Aha, bu da sənə “Supra”! – İmadəddin televizoru tövşüyə-tövşüyə gətirib piştaxtanın üstünə, Pənahın düz burnunun önünə qoydu. – Bizdə hər şey var! Sən könlündən keçəni de, bu dəqiqə təşkil edim!

- Hə, “Supradır”. - Pənah başqa söz tapa bilmədi.

- Açım, yoxlayaq?

- Yox, lazım deyil.

- Əlbəttə, lazım deyil! İmadəddin dayın sənə xarab televizor satmaz ki!... Böyük bir partiya almışdıq, hamısı satıldı.

- İmadəddin dayı, - Pənah dilini sürüdü, - sözün düzü indi üstümdə bir o qədər pul yoxdur.

- Canın sağ olsun, - İmadəddin səmimi qəlbdən dilləndi,- apar, pulun nə vaxt olar, onda verərsən.

Pənahın deməyə sözü qalmadı.

- Nə bilim...

- Buna nə bilmək istəyir, göydən düşüb əlinə! Bircə gün geciksən qalmayacaqdı. Götür apar maşına qoy, deyirəm, əlavə xərc çəkmə, bizim maşınla apararlar.

Əlində televizor “Orbita” dükanından çıxan Pənah yandakı dəftərxana malları - “Mini-marketə” tərəf yan-yanı baxıb dişlərinin arasından acı söyüş buraxdı. Sonra televizoru darısqal salonlu maşına birtəhər yerləşdirib sürücüyə - sür! - dedi.

Əli televizorlu Pənahın çərçivəyə, divara ilişərək evin astanasından keçdiyini görən arvad təəccübünü gizlədə bilmədi:

- Bıy, başıma xeyir, ay Pənah, bunu neynəyirdin!? Şkaf boyda televizorumuz var, ər-arvadmı eləyəcəksən?

- Qaç qabağımdan, sənin dədənin gorunu!... – Pənah dilinə bir də acı söyüş gətirdi. Qutunu hıqqanaraq divanın üstünə qoyub qəddini düzəldəndə masanın üstündə adıbəlli qələmi gördü. – Bu hardan çıxdı?- hiddətli heyrətlə soruşdu.

- Çarpayının yanına düşmüşdü, - Yarıküsülü arvad laqeydcəsinə deyib yandakı otağa keçdi.

Pənah isə üst-başının tozunu çırpa-çırpa qələmə tərs-tərs baxıb təzə televizora dirsəklənərək divanda əyləşdi.

news-inner-user
İmir Məmmədli

3 məqalə

Paylaş

Oxşar xəbərlər