news-inner
clock09:00 calendar-gray 26 Aprel 2017 view-gray184 dəfə oxunub
view-gray184 dəfə oxunub

Məmməd Oruc: "Tövbə eləyəndən sonra iki roman yazdım" - MÜSAHİBƏ

Kulis.Az İntiqam Qasımzadə ilə yazıçı Məmməd Orucun “Azərbaycan” jurnalındakı söhbətini təqdim edir.

Bu yaz ərəfəsində keçən əsrin 70-ci illərində Azərbaycan nəsrinin fəzasında parlamış ulduzlardan birinin - Məmməd Orucun 70 yaşı tamam olur. 70 yaşın astanasında hal-əhval tutmaqçün onun otağına gəldim - 35 ildir bir redaksiyada işləyirik - oturub ikilikdə rahat söhbət elədik. Həmin söhbəti, əziz oxucular, olduğu kimi sizin diqqətinizə təqdim edirik.

İntiqam QASIMZADƏ

İntiqam Qasımzadə: - Məmməd, sən də 70-i haqladın?

Məmməd Oruc: - Haqladım, İntiqam, haqladım.

İntiqam Qasımzadə: - Hə, necə hiss edirsən özünü 70-in ərəfəsində?

Məmməd Oruc: - 70-in ərəfəsində özümü yaxşı hiss edirəm. Gümrah; əsas məsələ də məncə elə odur.

İntiqam Qasımzadə: - Sirr deyilsə, nədi səni belə gümrah saxlayan? Yaradıcılıqdı, yoxsa torpaq?

Məmməd Oruc: - Torpağa, ağaca, ota olan eşqim, sevgim, onlara olan hisslərim.

İntiqam Qasımzadə: - Biz səninlə artıq 37 ildir bir yerdə işləyirik. Mən də, yox-yox, sənin həyat tərzinə bir az bələdəm. Və bilirəm ki, son 4-5 ildir artıq şəhərdə yaşamırsan. Abşeron kəndlərindən birinə köçmüsən.

Məmməd Oruc: - Bəli, Albalılığa.

İntiqam Qasımzadə: - Hə, rəhmətlik Əliağa Vahidin də orda bir bağı vardı, özü də haqqında gözəl bir satirik şeir də yazmışdı.

Məmməd Oruc: - Bəli, düzdü, orada yaşayıb, onunla bağlı yerli camaatın xatirələri də var. Mənim evim onun yaşadığı bağın yaxınlığındadır.

İntiqam Qasımzadə: - Vahidin bağının yaxınlığında?

Məmməd Oruc: - Hə, indi o ərazidə heç nə yoxdur. Vahiddən sonra heç bilmirəm o bağ kimə qalıb. İndi yerli-dibli bağ da yoxdu. İndi elə sahədi.

İntiqam Qasımzadə: - Gözəl yerdir Albalılıq.

Məmməd Oruc: - Hə, Abşeronun yaxşı yerlərindəndir.

İntiqam Qasımzadə: - O vaxt orda yaşayış üçün şəraitinin olmamasından Əliağa Vahid şeirində gileylənirdi. Amma indi Abşeronun hər bir yerində olduğu kimi, orda da şərait pis deyil; dükanları, yolu rahat, əladır. İşığı daimi - gecə-gündüz, fasiləsiz.

Məmməd Oruc: - Evlərə də qaz çəkilib - hamısına.

İntiqam Qasımzadə: - Sən də ona görə ağıllı iş görmüsən bu şəhərin hay-küyündən qaçıb orda yaşamaqda.

Məmməd Oruc: - Orada xoşdur; işləmək üçün də yaxşıdır. Heç kim yoxdur. Bir az bağ-bağatda qurdalanandan sonra görürsən ki, ayrı işin yoxdur, oturub bir şey yazırsan.

İntiqam Qasımzadə: - Ay Məmməd, “yazırsan” demişkən, sənin tez-tez bir “Tövbə” eləməyin var yazmaqla bağlı. Bir dəfə sənin müsahibələrinin birində də oxumuşdum ki, mən bu əsərimlə yazmağı daha qoydum qırağa. İndi, qardaş, başa sal görək bu tövbələr nədən irəli gəlir?

Məmməd Oruc: (gülür) - Ondan sonra, o tövbədən sonra iki roman yazdım.

İntiqam Qasımzadə: - Tövbə eləyəndən sonra!

Məmməd Oruc: - İndi fikirləşirəm ki, ta yetər, amma baxıram yox, yenə elə şeylər var ki, məni çəkir ki, yaz məni. İndi nə bilim. Yəqin yazacam. Çünki ayrı işim yoxdu axı.

İntiqam Qasımzadə: - “Ayrı işim yoxdu” deyəndə, bir az pis çıxır axı. İşsizlikdən yazırsan bəyəm, yoxsa içəri səni narahat edir?

Məmməd Oruc: - İçəri narahat eləməsə, yəqin yazmaq olmaz. Elə şeylər var ki, belə fikirləşirəm ki, onları hökmən yazmalıyam.

İntiqam Qasımzadə: - Mən səni ilk gənclik illərindən yaxşı tanıyıram. Yaradıcılığına da bələdəm. Özünlə də dostluğumuz gör nə vaxtdan davam edir.

Məmməd Oruc: - Hə, yadındadı? Tamara var idi, onun yanına gediridik günortalar, yemək yeməyə. Ora ancaq ikimiz gedirdik... Hə, hə, Tamara idi, o arvadın adı. İndi yəqin çoxdan rəhmətə gedib.

İntiqam Qasımzadə: - Yəqin ki... Məmməd, sən tövbə eləyəndə mən belə fikirləşdim ki, Məmməd görəsən niyə tövbə edir? Yəqin, o yazı prosesindən sonra sənə elə gəlir ki, deməyə nə sözün vardı, yazıb qurtardın. Qurtardın, tükətdin. Düşündün ki, daha bundan sonra nə yazım? Elə ki, təzədən sonra iki roman da yazırsan və yaxud birini yazırsan, sonra yenə tövbə eləyirsən.

Məmməd Oruc: - O iki romandan savayı bir povest də yazdım. “Atəşkəs yallısı”nı yazdım. Çox yaxşı qarşılandı. Heç inanmırdım ki, elə yaxşı qarşılanar.

İntiqam Qasımzadə: - “Atəşkəs yallısı” kimi yazılar, mənə elə gəlir ki, elə-belə yazıla bilmir. Bir para peşəkar yazıçılar, görürsən ki, bir peşəkar kimi, bir mövzudan digər mövzuya çox rahat keçirlər. Artıq bu, sırf peşəkarlıq əlamətidir. Bir də elə yazıçılar var ki, son əsərini yazıb qurtarandan sonra, sənin kimi peşəkarlar, ona elə gəlir ki, sözünü dedi qurtardı. Amma sonra həyatın özü ona nə isə təzədən diktə edir. “Atəşkəs yallısı” elə yazılardandır. Ona görə də o elə yaxşı qarşılandı.

Məmməd Oruc: - Onu yazmamışdan fikirləşirdim ki, artıq qurtardı, daha yazmayacam heç nə. Amma o elə yerdə haqladı ki, mən onu qısa zamanda yazdım. Bir aya oturdum, qurtardım. Və tərəddüdlə redaksiyaya verdim. Amma oxucular oxudu, Südabə xanım oxudu, sən oxudun. Sonra başqaları oxudu.

İntiqam Qasımzadə: - O povest üçün redaksiyamıza nə qədər zənglər oldu; yazdılar, dedilər.

Məmməd Oruc: - Amma düzünü deyim, axır illərdə mənim elə qarşılanan yazım olmayıb.

İntiqam Qasımzadə: - Niyə ki?! “Qısa qapanma” da alınmışdı. Mən hesab edirəm ki, bu əsər sənin yaradıcılığındakı bir xəttin - erməni-müsəlman xəttinin başqa cür davamıdır. Yadımdadır, sənin bir povestin də var idi, “Əzrayılla söhbət”, həmin o Azərbaycan-erməni münasibətləri orda bir ailənin timsalında verilmişdi - kişinin adı Xəlil, qadının adı, gərək ki, Gövhər idi.

Məmməd Oruc: - Nə yaxşı yadında qalıb.

İntiqam Qasımzadə: - Əlbəttə, ona görə ki, yadında varsa, biz onu səninlə ssenari elədik. Mən sənə dedim ki, Məmməd, bundan gözəl ssenari olar. Həqiqətən də, ona görə yox ki, biz özümüz özümüzü tərifləyirik - ssenari yaxşı idi. Sadəcə, pis vaxta düşdü. Çəkilmədi. Onda kinostudiyanın imkanları məhdud idi. İkincisi də, təəssüf ki, bəzi insanlar bu mövzunu qədərincə, böyük bəşəri mənada qəbul etmək istəmirlər. Yəni bu mövzudakı ağrını, bu konfliktin hər iki xalqa gətirdiyi faciəni görmək istəmirlər. Hardasa, başadüşüləndir: işğal olunan torpaqlar, dağıntılar, itkilər... İçərinin ağrısı, acısı, yanğısı, insanları qoymur soyusun. Amma yazıçı ona görə yazıçıdır ki, o, həmin mövzunun içində, həmin o münasibətlərdə bəşəri məqamı görə bilir. İnsaniyyəti görə bilir. İnsan faciəsini görə bilir.

Məmməd Oruc: - Kinin axırı yoxdur.

İntiqam Qasımzadə: - Kinin axırı dalana dirənir. Vəssalam.

Məmməd Oruc: Anlaşma gərəkdir.

İntiqam Qasımzadə: - Elə ona görə də bütün dünya da, bizim dövlət başçımız İlham Əliyev də daim ona çağırır. Düzdür, biz hər an torpaqlarımızı azad etməyə də hazırıq. Bunu da bizim Prezidentimiz deyir. Amma bununla yanaşı, İlham Əliyev qan tökülməyinin qəti əleyhinədir. Və problemi anlaşma ilə həll etməyin ən yaxşı yollarını tapıb ortaya qoyur. Bu, Azərbaycan tərəfindən irəli sürülən addımlardır ki, təəssüf ki, erməni rəhbərliyində oturan, əli qana bulanmış millətçilər, serjlər-merjlər bunu anlamırlar... Nə isə, biz bir az getdik başqa səmtə. Aralandıq. İndi hal-hazırda əlində bir şey varmı, nəsə yazırsanmı?

Məmməd Oruc: - Fikrimdə var, əlimdə yoxdur. Fikrimdə iki yazı var, yəqin ki yazacam onları. Biri elədir ki, öz həyatımdı, onu hökmən yazacam. Biri də bir az iri yazıdır. Onu da yəqin ki, yazacam - Allah qoysa.

İntiqam Qasımzadə: - Mən dünən səninlə telefonla danışanda bir şey soruşdum səndən, bəlkə yubiley münasibətilə, 70 yaş ərəfəsində stolunun üstündə hazır bir yazın var? Dedin ki yoxdur, elə indiki kimi onda da dedin ki, fikrimdə var. Dedim bəlkə fəlsəfi düşüncələrin-filan. Sən də zarafata saldın, dedin, fəlsəfi düşüncələrim yoxdur. Elə bir yazı yoxdur. Səninlə zarafatı xoşlayıram, mən də dedim bəlkə vəsiyyətin var? Bəlkə vəsiyyət xarakterli bir yazın var.

Məmməd Oruc: - Vəsiyyətə hələ tələsmirəm. Həqiqətən, yadıma düşmür heç. Ölmək-filan.

İntiqam Qasımzadə: - Amma vəsiyyəti də iki cür başa düşmək olur də, ay Məmməd. Bir oğul-uşaq qarşısında, ailə üzvləri qarşısında vəsiyyət, biri də var ki, artıq 70 yaşa çatmış bir insan, öz yaşıdlarına yox, gənc yazıçılara nəsə vəsiyyət edir, onlara nəsə tövsiyələri olur. Yəni artıq sən gör, nə boyda yaradıcılıq yolu keçmisən. 40 ildən yuxarıdır, sən yazıb-yaradırsan. 50 ilə yaxındır. Az yol keçməmisən.

Məmməd Oruc: - Amma elə bil üç gün qabaq olub. Elə sürətlə ötdü ki ömür.

İntiqam Qasımzadə: - Məmməd, sən uzun illərdir “Azərbaycan” jurnalında çalışırsan. Ən azı, elə ona görə də ədəbiyyatda baş verənləri, ədəbiyyatın inkişaf meyllərini yaxşı görürsən. Bu gün ədəbiyyatda nə baş verir? Nə yaranır? Ədəbi qüvvələr nəyə daha çox meyllidirlər?!

Məmməd Oruc: - Açığı, mən böyük yazıçılıq iddiasında deyiləm. İndi, belə də, azdan-çoxdan çap olunmuşam, yazmışam. Başqa ölkələrdə də çıxıb mənim əsərlərim. Amma mənim elə bir iddiam yoxdur ki, oturum və kiməsə dərs verim. Elə şey mənə qətiyyən yaddır. Mən öz ağrılarımı yazmışam. Oturum mən bir əsər yazım ki, o əsər səs-küy salsın, heç aram olmayıb elə şeylə. Nə ağrıdıb məni, nə düşündürüb, onu yazmışam.

İntiqam Qasımzadə: - İddiam yoxdur deyirsən, amma mənim yaxşı yadımdadır, sən, Moskva ədəbi mühitində çox yaxşı qarşılanmışdın, dəfələrlə kitabların orda rus dilində nəşr olunmuşdu. Ədəbi mühitdən ədəbi mühitə də fərq var. Moskvada doğrudan da, bütün dünyada qəbul olunmuş yüksək səviyyəli ədəbi mühit vardı. Belə bir mühitdə qəbul olunan, bəyənilən yazıçının iddialı olmağa haqqı var. Bunları niyə demirsən? Bu təvazökarlıq nəyə lazımdır?

Məmməd Oruc: - Yox, yox. Bunun təvazökarlıqla əlaqəsi yoxdur. Yaxşı qarşılayıblar ona görə ki, ağrılarımı yazırdım. O, onların da ağrısı idi, yəqin ki.

İntiqam Qasımzadə: - Deyirsən, yəni daxili bir səsləşmə idi bu.

Məmməd Oruc: - Görünür, eləymiş. O vaxt Tamara, Allah ona rəhmət eləsin, Tamara Kalyakina, mənim xeyli əsərimi o tərcümə etmişdi.

İntiqam Qasımzadə: - O, Azərbaycan ədəbiyyatında, əsasən, adlı-sanlı, sovet məkanına səs salmış yazıçıları tərcümə edirdi. Hər adamı yox. Və ilk dəfə o, səni tərcümə eləyəndə, yaradıcılığınla tanış olanda, sözün əsl mənasında heyrət etmişdi, mənim bu, yaxşı yadımdadır. Sənin haqqında, yazıçı özünəməxsusluğun haqqında yüksək fikirlər söyləmişdi. Onun nə qədər haqlı olduğunu sən yaradıcılığının sonrakı mərhələlərində göstərdin.

Məmməd Oruc: - “Əzrayılla görüş”ü də o tərcümə eləmişdi. Onun çox xoşuna gəlmişdi o povest.

İntiqam Qasımzadə: - Məmməd, mən hələ də o “Əzrayılla görüş”ün təsirindən qurtara bilmirəm.

Məmməd Oruc: - O vaxt o da demişdi ki, bu povest kino üçün ələ düşən deyil.

İntiqam Qasımzadə: - Belə demişdi? Görürsən, mən onun o fikrini bilmirdim. O, hazır bir ssenariydi. Onun üzərində, sadəcə, texniki əməliyyat aparmaq lazım idi. Kino sənətinə az-çox bələd bir qələm adamı kimi mən, sadəcə olaraq, sənin ortaya qoyduğun hazır bir yazını ssenariləşdirdim. Onun elə bil ki porteturasını yazdım. Mən bu işdən zövq almışdım o zaman, səninlə əməkdaşlıq çox rahat və asandır, həmkarına etibar edirsən.

Məmməd Oruc: - Çox sağ ol.

İntiqam Qasımzadə: - Təəssüf eləyirəm ki, o film hələ də çəkilməyib. Bu yaxınlarda mən onu yenə təqdim etdim Nazirliyə. Yenə oxuyub dedilər ki, bunun hələ zamanı deyil. Başa düşə bilmədim niyə zamanı deyil. Əsl zamanı indidir. İndi bütün dünya qaynar bir qazan kimidir, aşır-daşır. Millətlər arasında, ölkələr arasında bu qədər toqquşmalar baş verir. Ziddiyyətləri və bu ziddiyyətlərin törətdiyi ağır nəticələri göstərməyin, insanlara bəşəri hisslərdən, xoş duyğulardan, insani duyğulardan söhbət açmağın niyə zamanı deyil ki? Mənə elə gəlir ki, əsl zamanı indidir. Nə isə, bu, bizdən asılı olan bir məsələ deyil. Yəqin ki, nə vaxtsa bu məsələyə yenə də qayıdarlar. Bizim ömrümüz çatmasa da, əsər kinostudiyada da var - arxivində, Mədəniyyət Nazirliyində də - bir gün çəkiləcək, şübhə etmirəm.

Məmməd Oruc: - “Qısa qapanma”nı da Rafiq Həşimov ssenari eləyib. İndi onun da fikri odur ki, çəkə onu. Dedim, hardan alacaqsan o vəsaiti, necə çəkəcəksən? Dedi, mən tapacam.

İntiqam Qasımzadə: - Ola bilər, bacarıqlı adamdı, əlaqələri də var, özü də istedadlıdır. Məmməd, “Qısa qapanma” demişkən, orda mənim fikrimcə, iki xətt var, daha doğrusu, üç xətt...

Məmməd Oruc: - Elədir. Nə yaxşı yadındadır?!

İntiqam Qasımzadə: - Əlbəttə, niyə də olmasın, biz onu iki il əvvəl çap eləmişdik. Yaxşı əsərlər unudulmur. Özü də onu çapa mən özüm hazırlamışdım. Bir para qeydlərim də olmuşdu. Unutmusan? Bir xətt əsas ana xəttdir; qəhrəmanın həyatıdır; ona xəlvəti qonaq gələn erməni dostunu doğulub-böyüdüyü, uzun illər yaşadığı şəhərin həsrəti çəkib gətirib Bakıya. Öz valideynlərinin qəbrini ziyarət eləməyə. Bu, bir xəttdir. İkinci xətt, deməli, o qonşuluqdakı qaçqın sürücünün oğlunun xəttidir ki, o da gedir anasının qəbrini ziyarət eləməyə. Buna əks qoyulmuş eyni bir xətdir. Bu tamam başqa bir üslubda yazılıb. Və üçüncü bir xətt də o balıq xəttidir.

Məmməd Oruc: - Balıq da üzüyuxarı üzür öz vətəninə. Bunlar hamısı öz vətəninə üzür. O da, o da, o da.

İntiqam Qasımzadə: - Bilirsən sənə nə sual verəcəkdim indi? Sən qabaqladın məni. Mən sənə sual verəcəkdim ki, indi dünya ədəbiyyatında, elə bizim ədəbiyyatda da dəbdir bir neçə xətti paralel inkişaf etdirmək. Sən bunu dəb xətrinə elədin? Yoxsa dediyin mənaya görə?

Məmməd Oruc: - Ehtiyac hiss elədim.

İntiqam Qasımzadə: - Deməli, lal gedir anasının qəbrini ziyarət eləməyə, erməni gəlir Bakıya doğma şəhərini ziyarət eləməyə, balıq da gedir ana yurduna qovuşmağa; bu, artıq əsəri ümumbəşəri mövzudan çıxarır, ümumkosmik bir məna verir ona; sanki bütün canlılar belədir, ay insanlar, ayılın, ayılın. Bütün canlılar Vətən həsrəti ilə yaşayır! Vətəni sevmək, Vətənə qovuşmaq insan üçün ən böyük xoşbəxtlikdir, həyatın ən böyük mənasıdır. Sən xoşbəxt adamsan, Məmməd. Amma bilirsən, çox qəribə bir məsələ çıxdı indi ortaya. Sən beş yaşından öz ana vətənindən, torpağından, doğulduğun yerdən ayrı düşmüsən. Siz o zaman müharibədən sonra, Ermənistandan Azərbaycana köçürülənlərdənsiniz. Eşalonlarda, yük qatarlarında gəlmisiz Azərbaycana. Ağır vəziyyətdə oradan köçürülmüş insanlarsınız; “Köçürülmə” əsəri.

Məmməd Oruc: - Bəli, hamısı yadımdadı o hadisələrin. Beş yaş az yaş deyil.

İntiqam Qasımzadə: - Sən o yaşından erməni xislətini, erməni-daşnak siyasətinin acı zərbələrini hiss etmiş, öz üzərində görmüş bir insansan. Bununla belə, bayaq dediyin kimi, səndə ermənilərə qarşı kin yoxdur, qəti.

Məmməd Oruc: - Elədir, məndə kin yoxdur. Mənim yazığım da gəlir onlara.

İntiqam Qasımzadə: - Elə onlara yazığı gəlinəsidir. Özləri özlərini yazıq vəziyyətinə salırlar. Məmməd, səni yaşadan, 70 yaşa çatdıran - Allah qoysa, 80-i də, 90-ı da haqlayacaqsan - bilirsən nədi? Səndəki o həyat eşqidir və içində kin saxlamamaq xüsusiyyətidir.

Məmməd Oruc: - O, məndən asılı olan bir şey deyil. Təbiətim belədir.

İntiqam Qasımzadə: - Həyata sən müdrikcəsinə yanaşırsan. Mən sənə can sağlığı arzulayıram, səninlə oturub ədəbiyyatımızın böyük, ciddi problemlərindən indi söhbət eləməyəcəm, heç yeri də deyil. Eləcə mən səninlə ancaq söhbət eləmək istədim, görüm 70 yaş ərəfəsində sən hansı hisslərlə, duyğularla yaşayırsan. Bu gün həyatımızın elə bir zamanıdır ki, qayğılar çoxdur. Bir-birimizlə axır zamanlar təəssüf ki, az-az oluruq bir yerdə. Redaksiyada demirəm. Redaksiyada hər gün görüşürük. O keçmişlərdəki kimi, az-az oturub-dururuq.

Məmməd Oruc: - Yəqin ki, yaşla bağlıdır, başqa səbəb görmürəm.

İntiqam Qasımzadə: - Sənə möhkəm can sağlığı arzu edirəm. O “tövbə”lərin ki var, belə hesab edirəm ki, sənin tövbə etməyin özü yeni bir əsərin başlanğıcıdır.

Məmməd Oruc: - Tövbə deyil onlar, sadəcə, arada deyirəm ki, bəsdir də, amma sonra görürəm ki, yox, hələ çinədanımda nə isə var.

İntiqam Qasımzadə: - Heç vaxt tükənməsin, bəsdir desən də, bəs olmasın. Davamı olsun. Ardı gəlsin. Səni bir daha təbrik edirəm.

Məmməd Oruc: - Çox sağ ol, İntiqam. Amma deyirəm bir oturaq ey, bu söhbət ayaqüstü oldu.

news-inner-user

16068 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020