Əyləş və dincəl

Əyləş və dincəl
3 mart 2017
# 16:40

Ceyhun Məmmədov

Axtarmaq yorur insanı. Tez yaşamaq heç nəyə dəymir. Sürətli yaşam sürən insanların, ölərkən peşman olacaqlarına şübhəm yoxdur. Axı nə qədər olar bu həyatda axtarmaq. Xoşbəxtliyi, kədəri axtarmaq və sonra onu taparkən, ovuclarından bir anda sürüşüb düşməsini izləmək. Həmin zaman güzgüyə baxıb sadəcə özünə gülmək lazımdır. İnanma, kimlər xoşbəxtlikdən və ya kədərdən danışırsa inanma. Dinlə, hörmətsizlik olmasın deyə. Amma qətiyyən inanma. Çünki daimi bir xoşbəxtlik yoxdur. Kədər də elədir. Onlar öz yerlərini dəyişərək gəlib-gedirlər. Hətta intihar belə etmiş olurlar. Ancaq ikisi də ölə bilmirlər. Elə ona görə də xoşbəxtlik və kədər gəlib-gedərək bizlərə əzab verirlər. Öz aralarında yerlərini dəyişərək bizə hər zaman əzab verəcəklər. Ona görə də axtarma. Bu həyatda daimi heç nə yoxdur.

Düzdür, yorulduğumu hiss edirəm. Razıyam səninlə. Bunlar çox insanlarda olur. Amma bu da keçir, hər şey keçib getdiyi kimi. Və yaxud da insanların arxaya dönüb getməsi kimi. Qəribədir, bir qadın sevərsən çıxıb gedər. Bir heyvanı oxşayaraq onu əzizləyərsən, o da gedər. Akvariumda bir balığa baxarsan, səhəri gün isə ölərək səni tərk etmiş olduğunu görərsən. Sevdiyin bir bitki baxçanda olar, günün birində də o da solub gedər. Bu şəhərdə hamı gedir. Getməyən, sadəcə xatirələrdir. Getməyən, ancaq düşüncələrdir. Hansı yerə cəhənnəm olursan ol, xatirələrini, düşüncələrini hiss edərək daşıyacaqsan. Dəyişən heç nə yoxdur. Hər kəs gedəcək və sənə qalan sadəcə foto şəkillər olacaq. Amma onlara nə sarılmaq olur, nə də ki, öpərək hiss etmək. Onlara sadəcə baxıb, ağlamaq olur. Ya da dodaqlarına gic bir gülümsəmə qondurmaq. Bundan başqa heç bir işə yaramırlar. Bəs sən nə işə yarayırsan? Axtarmaqdan savayı. Ay da bir dəfə bu sualı özünə ver. İnsan öz-özünə sual verməyi bacarmalıdır. Daha durub xoşbəxtliyi axtarmaqla olmur. Qarnım toxdur. Xoşbəxtliyi istəməyəcək qədər uzağam. İnsan qadınını bir ömür boyunca sevmək istər. Deyəsən elə birisini tapmaq lazımdır ki, getməyi bacarmasın. Amma mümkün deyil. Hara dönürsən-dön sonda yalnız qalacaqsan. Elə mən də, elə sən də, elə biz də. Ölüm bədənimizə yapışıb. Sevdiyin şəxs yanındadırsa, bir qələm götür bir-iki cümlə yaz. İçində onun gözlərindən, saçlarından danışacaq cümlələr olsun. Güzgü ona gözəlliyini göstərməmiş, sən ona gözəlliyini ifadə et. Sən onun güzgüsü ol. O, getməmiş bunları et. Çünki, ölüm hər yerdədir. Nə isə... Daha bəsdir, əyləş və dincəl. Qaçmaq yorur insanı. Bu belə davam edə bilməz. Axı çətin deyil bir soyuq daşın üzərində əyləşib, dincəlmək. Burax biraz da xoşbəxtlik səni axtarsın. O, da küçələr də gəzib-dolaşır. Harda kədərli adam var ona yapışır. Qısa müddətlik, sadəcə qısa müddətlik.

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #