Kəndir qoxusu verən bu təklikdən ürkürəm – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

Kəndir qoxusu verən bu təklikdən ürkürəm – <span style="color:red;">Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR
2 dekabr 2016
# 08:30

Kulis.az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Gecə birin yarısı

Gecə birin yarısı; susur göyün yer qatı...
hamı səhər durmağa qurur zəngli saatı.
Yatır bir-bir adamlar, sönür bir-bir işıqlar,
mənimsə otağımda ay boyda bir işıq var.


Tütün qoxulu əyyaş, içkidən tər-suyam mən...
məni beləcə tanı, beləcə sev, buyam mən.
Şıltaq pişiklər kimi pərdə cırmaqlayıram,
gah onu kəndir bilib boynuma bağlayıram.


Ölümdürsə ölümdür, niyə susuram daha?
Bu da öz sağlığıma! Budur, hazıram daha!
Pıçıldayır astadan təsəlli adlı ləçər,
deyir: “əl-üzünü yu, üzülmə, bu da keçər!”


Uzanan dırnaqlarım saçımda dərd eşələr,
çıx gəl, daha boşaldı bu zəhərli şüşələr.
Aç mənim otağımın kilidsiz qapısını,
kimsəni gözləməyən ümidsiz qapısını.


Öz isti əllərinlə yapış çiyinlərimdən.
gücən ağırlığıma, qaldır məni yerimdən.
Sil gözümün yaşını, sil ağzımın suyunu,
apar, sal duşa məni, əllərinə yuyunum.


Sonra sıx öz sinənə, qoyma danışım, dinim...
gəlməsən qışqıracaq zəngli saatım mənim.
Bu gecə eşidilsə əgər içimdəki səs,
inan ki, bu dünyada bir kimsə yata bilməz.


Vaxtsız doğar adamlar, vaxtsız bitər həyatlar,
əgər ki, bu dünyada vaxtsız çalsa saatlar.
Gecə birin yarısı: göyün yer qatıyam mən.
dünyanın hələ susan zəngli saatıyam mən.

Şeir adam

Qəlbin ümid çəliyi var,
onu da yol əyir, adam!
Süfrəmin dərd çəlləyi var,
gələn-gedən yeyir, adam!

Damır yağış sini-sini,
külək fitlə dinir... dinir...
Evimin sənsizliyini
küləklər də söyür, adam!

Xatirələr qalaq-qalaq,
saçımdadır daraq-daraq.
Gözlərindən iraq-iraq,
gözümü yaş döyür, adam!

Yol gedirəm asta-asta,
bu yolumun boyu bəstə...
Dayanırsan yolum üstə,
əlim sənə dəyir, adam!

Saralıram, pasdı, nədi?
Dərdin məni pusdu, nədi?
Gəlişin kabusdu, nədi?
Bıy, başıma xeyir, adam!

Gəldin ömrün payızında,
dedin xoşdur avazım da.
Gəl sənə şeir yazım da...
sonra qayıt, şeir adam!

Budama

Hər fəsil ömrümüzü ağac kimi budadı,
bir soyuq payız səni kəsdilər qollarımdan.
Deyirəm ki, ölümün kəsə yolu burdadı,
götür arzularını, uzaq dur yollarımdan!

Gəzdim səfillər kimi xarabalıq ümidi...
seviləsi deyiləm, seviləsim, üzülmə!
Topladım hər yanımdan bir torbalıq ümidi,
atdım zibilliklərə, itlər yesin, üzülmə!

Bu gicbəsər yuxular, bu sərsəm səslər nədi?
Danışmağa qorxuram, dəliyə çıxar adım.
Divarda dırnağımın izləri gülümsədi,
özünü cırmaqlayıb ölməkdən qorxur adam.

Bu qorxudan hər səhər dodağım uçuqlayır,
özümdən iyrənirəm, özümə hirslənirəm.
Bir enli şarf burnumu, boynumu qucaqlayır,
titrəyən əllərimi cibimdə gizlədirəm.

Belədi güzəranım, belədi yaşayışım:
hələ budayır məni, payızdan gileyim var.
Daha nədən söz açım, daha nədən danışım:
sənsizlikdən savayı danışmağa nəyim var?

Bu yerdə

Düşmüşəm bir qərib yerə, İlahi,
bir yan təpəlikdi, bir yan asardı.
Bütün səyyahları atsan bu yerə,
yəqin yol itirər, yəqin azardı.

Bu yer nə sonsuzdur göy üzü kimi,
nə də bitmək bilmir çöl düzü kimi.
Bu yer Riser-Larsen dənizi kimi
üzəri buzlaqlar üzən hasardı.

Bu yerdə ilanlar yol açıb gedir,
xəfif küləyində quş uçub gedir.
Bu yerə gələn də tez qaçıb gedir,
hər yan dərd doludu, hər yan azardı.

Döy bu təpələri əlin çəkicsə...
kimsə üzülməsin bu yerdən keçsə.
İlahi, bu yerin havasın içsən,
kim bilir nə qədər əzab qusardın!?

İlahi, bu yer də gömülər mənə...
mən özümə ölsəm, kim ölər mənə?
Düşsə bir gün kosmik gəmilər mənə,
insan yad dünyaya ayaq basardı!

Donar soyuğuma, yanar istimə,
burda hər kəs batar mənim tüstümə.
Biri qucaq açıb gələ üstümə.
bu yerdə ağappaq bayraq asardım.

Ölüm günəşi

Sənsiz elə ölərəm
yeməz qarğalar məni...
Sükutumun içindən
yorar qovğalar məni...

Göyərərəm ot kimi,
soyuyaram buz kimi...
Mən sənin yoxluğundan
sönərəm ulduz kimi...

Taqətsiz əllərimin
gələr səni qucası...
Tüstü yox, ah çıxarar
evimizin bacası...

Şişərəm öz sinəmdə
dərddən böyük olaram...
Bir tabutun içində
sonuncu yük olaram...

Görərsən ki, bu tabut
özümdən ağır gəlir...
Üstünə hər tərəfdən
intizar yağır gəlir...

Ürəyindən çiyninə
köçərəm belə qəfil...
Bilməzsən daşıdığın
tək mənim nəşim deyil...

O tabutun içində
neçə ümid nəşi var...
Bir yaşamaq arzusu,
bir ölüm günəşi var...

Bu təklikdən ürkürəm

Bu dəqiqə hardasa ölən var, doğulan var...
bir bəlalı şəhərdə səs-səsədir bombalar.
Bir yerə yağış yağır, bir yeri günəş qucub,
bir yanda guruldayır adam yanan sobalar.

Kimsə sevdikləriylə vidalaşır indicə,
sonra məktub da yazır özünü asmaq üçün.
Kimsə boş mədəsindən sancı çəkir hardasa,
barmaq salır ağzına dərdini qusmaq üçün.

Kimsə sevilir indi, kimsə sevişir indi...
min illik əzabından kimsə boşanır indi.
Bir köhnə xarabada, ya məxmər döşək üstə,
ağlayır, qəh-qəh çəkir, kimsə boşalır indi.

Bir sərxoş şeir deyir, bir xəstə yol gözləyir...
kim isə tənha qalıb, kim isə unudulur.
Hardasa bir həyətdə kiminsə şəkilləri
od tutub alovlanır, səmada bulud olur.

Bir nağıla aldanıb uşaq yatır hardasa,
bir qadın çantasını alıb qaçırlar indi.
Bir küncdə tənhalıqdan kimsə canın tapşırır,
bu meyit qoxusuna quşlar uçurlar indi.

Bu hay-həşir içində sən də çıxıb gələsən,
Görəsən öz saçıma yaman sığal çəkirəm.
Nə qədər ki, gec deyil, çıx gəl də, ay bəxtəvər,
kəndir qoxusu verən bu təklikdən ürkürəm

# 860 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #