news-inner
clock19:00 calendar-gray 01 Sentyabr 2016 view-gray363 dəfə oxunub
view-gray363 dəfə oxunub

Alça çiçəyi – Seyran Səxavətin hekayəsi

Səriyyə xala bayatı çağıra-çağıra böyük mis teştdəki xəmiri sağ əlindəki ərsinlə kəsib kündələyir, iplik palazın üstünə düzürdü. Onun səsi ucaldıqca tez-tez qırılırdı, kövrək olurdu, birdən səs yenə qırıldı, eşidilməz oldu. Otağın köntöy daşlardan hörülmüş suvaqsız divarına baxdıqca üşüdü, yumub tökdü. O, oğlu Dadaşın halına ağlayırdı. Yeddipara kəndində onun oğluna Dəli Dadaş deyirdilər. Əgər bu kənddə bir Dadaş olsaydı, camaat, bəlkə də, ona dəli Dadaş deməzdi. Elə təkcə Koxalı obasında səkkiz adamın adı Dadaş idi.

Yeddiparada bir Abış kişi var. Özü də Səriyyə xalagilin od qonşusudur. Dadaş bir neçə dəfə Abış kişinin arvadını çomaqla necə döydüyünü öz gözləri ilə görmüş, dəhşətə gəlmişdi. Ürəyində yüz dəfə şükür eləmişdi ki, yaxşı ki, mənim atam yoxdur, yoxsa o da anamı beləcə döyərdi. Bir dəfə isə tülkü gəlib Abış kişinin toyuqlarını qırmışdı. O vaxt Abış kişi tülkünün acığını qapısındakı Alabaşdan çıxmışdı. Acıq çıxmışdı deyəndə ki, «yediyin burnundan gəlsin» – deyib arvadını döydüyü çomaqla iti o qədər vurmuşdu ki, it Dadaşın gözlərinin qabağında inildəyə-inildəyə ölmüşdü. O vaxt Dadaş bu itin dərdini ürəyinə salmışdı: «Yaxşı it idi, hayıf. Heç kəsə hürməzdi». Abış kişi isə fikirləşmişdi: «Qonaqötürən quduzdəymiş!» Bu əhvalatdan sonra isə Dadaş allahdan da çox qonşusu, kolxoz idarəsinin həyətindəki yeganə alça ağacının qoruqçusu Abış kişidən qorxurdu. Dadaşa elə gəlirdi ki, bir gün Abış kişi arvadını da Alabaş kimi döyüb öldürəcək və heç kəs ona bir söz deyə bilməyəcək. Onun nəzərində dünyada Abış kişidən əzazil adam yox idi.

Abış kişinin Solmaz adlı yeganə bir qızı var. Çox gözəl olsa da lal-kardı. Bir dəfə axşamüstü Solmaz dəli keçinin buynuzlarından bərk-bərk yapışmışdı, atası onu sağırdı. Solmaz çəlimsiz uşaq idi. Birdən keçi buynuzu ilə onu vurub yıxdı. Süd yerə töküldü. Abış kişi Solmazın əlindən tutub durquzmaq əvəzinə saldı təpiyin altına ki, bir keçini də tutub saxlaya bilmirsən. Lal-kar qız uşağı Dadaşa qəribə, dəhşətli gələn qırıq səslərlə ağlayırdı. Dadaşa elə gəlmişdi ki, Solmaz ağlamır, allahla danışır. Buna görə də Dadaş gözləyirdi ki, allahın Solmaza yazığı gələcək və atasına qəzəbi tutacaq. Bir həftədən sonra Abış kişi atdan yıxılıb qıçını sındıranda Dadaşın ürəyindən tikan çıxmışdı: «Allahın qəzəbinə keçdi».

...Dadaş üçüncü sinifdə oxuyurdu. Dərsdən çıxanda hamıdan ləng gəlirdi, məqsədi vardı. O eşitmişdi ki, Abış kişi bu gün bazara gedib. Ona görə də evdən duz da götürmüşdü ki, qayıdanda kolxoz idarəsinin həyətindəki alça ağacına çıxıb qoynunu-qoltuğunu doldurar, sonra duza batırıb yeyə-yeyə bu fani dünyada kef eləyər.

Yeddipara bağsız-bağatsız yer idi. Həmişə bomboz görünərdi. Hərənin qapısında bir-iki tut ağacı vardı. Çoxunun evinin qarşısında yayın çırhacır istisində daldalanmaq üçün heç bu da yox idi. Bu boyda kənddə əlli-altmış tut ağacı ya ola, ya da olmaya. Onların da hər yay qol-budağını kəsib «əziz-xələf» barama qurddarına yedirdirdilər. Yeganə meyvə ağacı kolxoz idarəsinin həyətindəki alça idi. Onu da sədrin tapşırığı ilə Abış kişi göz bəbəyi kimi qoruyurdu. Hərdən də öküz arabasını qoşub dərənin dibindəki bulaqdan iri bidonlarda su gətirir, onu suvarırdı. Çünki alça yetişəndə sədrin arvadı ondan lavaş bişirməli idi, bunu bütün kənd bilirdi və susurdu: «Sədrimiz də kənddə birdir, alça ağacı da. Onun olmayanda bizim olmayacaq ki». Bir də ki, bu ağacın alçasını adambaşına bölsən heç hərəyə biri də düşməzdi.

Dadaş qaratikan «hasarı» aşdı. Anasının tikdiyi məktəb torbasını alça ağacının dibinə atdı, ağzı sulandı, tez ağaca dırmaşdı. Dizləri yavaş-yavaş əsirdi. Qoynunu, ciblərini doldurdu. Ona elə gəldi ki, bu saat alça ağacı qaça-qaça özünü Abış kişiyə yetirəcək. Və Dadaşın ürəyi düşdü, lakin özünə təskinlik verdi. «Abış kişi hələ bazardadı».

– Düş aşağı görüm, ə!

Dadaşa elə gəldi ki, Abış kişinin səsidir. Lakin buna inanmadı, heç məhəl də qoymadı.

– Əə, qancığın balası, sənnən deyiləm?!

Dadaş aşağı baxdı. Abış kişi ağacın dibini kəsdirmişdi. Dadaş allaha yalvarıb ondan qanad istədi, lakin bir şey çıxmadı. Dünya Dadaşın gözündə yavaş-yavaş qaranlıqladı. Alça ağacı çoj kimi fırlandı, fırlandı və sanki Abış kişinin atı kimi şahə qalxıb Dadaşı yerə çırpdı. Dadaş «Allah, yandım, ooy!» – deyə-deyə qışqırır, bədənində şallaq zərbələri hiss eləyirdi.

Axşam olmuşdu. Toran qovuşmuşdu. Ancaq Dadaş məktəbdən gəlib çıxmamışdı. Səriyyə xala Abış kişinin yanına gedib dedi:

– Ay Abış qardaş, Dadaş gəlib çıxmayıb, bilmirəm neyləyim?

Abış cavab verməmiş, ata minib kolxoz idarəsinə tərəf çapmışdı. Bu o deməkdi ki, ay Səriyyə, bu saat Dadaşı yerin deşiyindən tapıb gətirəcəyəm. Yarım saatdan sonra Abış kişi Dadaşı alça ağacının dibində bihuş tapdı, qucağında gətirib anasına təhvil verdi. Dadaşın çiyin sümüyü sınmışdı, özü də uşaq dəli kimi olmuşdu. Səriyyə xala, Dadaşın bacıları, Abış kişinin arvadı ağlayıb özlərini öldürür, saçlarını yolur, üzdərini cırırdılar. Dadaşın yadına heç nə düşmür, heç cür əhvalatı xatırlaya bilmirdi. Sonra Abış kişi allahın qarşısında günahını yumaq üçün Dadaşı yaxın kənddəki ocağa aparmışdı. Dadaşın isə yaxşı bir həkimə ehtiyacı vardı. Kənddə həkim yox idi. Rayon mərkəzində işləyənlər isə müharibəyə getmişdilər. Kənddə danışırdılar ki, Abış babası Misirxandan qalan qızıllardan bir əl dəsmalı arası kiməsə verib, ona görə də müharibəyə getməyib.

Bu əhvalatdan illər keçmiş, müharibə on il idi ki, qurtarmışdı. Dadaşın çiyni əyri bitmişdi. Dadaş indi də alça ağacından yıxıldığını xatırlaya bilmirdi. Abış kişi də heç nə demirdi. Ona görə də Dadaş əhvalatı Yeddipara camaatı üçün sirr qalmışdı. Dadaşın tay-tuşları çoxdan evlənmişdi. O isə yenə də əvvəlki kimi Abış kişidən qorxurdu. Abış kışi qocalmışdı, oruc tuturdu, namaz qılırdı. Bir sözlə, özünün cənnətə namizədliyini irəli sürməkdə idi.

...Təndirin başından Dadaşgilin evinə qədər on-on beş addım olardı. O, yüyürə-yüyürə özünü anasının üstünə atdı:

– Nənə, nənə, nənə...

– Can, nədi, nənə gözlərinə qurban.

– Nənə, təndirimiz ağarıb ey, dədəmin goru haqqı.

Dadaş bu sözləri bir neçə dəfə təkrar etdi. Təzədən gəldiyi sürətlə təndirə sarı götürüldü.

Səriyyə xala çörək yapırdı. Dadaş da oturub çörəkləri gözləyirdi ki, küt getməsin. Anasına kömək edirdi.

– Nənə, küt getdi.

Səriyyə xala tez təndirə əyildi. Çörəklər hamısı yerində idi. Bu, Dadaşa ləzzət verdi. O, uğundu. Səriyyə xalanın isə ürəyi ağrıdı. «Allahın altında nə qəbahət iş tutmuşdum ki, mənə belə göz dağı verdi».

Dadaşın iyirmi beş yaşı olsa da, anası həmişə ona mütləq məməli kökə bişirirdi. Yoxsa Dadaş oturub uşaq kimi ağlayardı.

Səriyyə xala çörəyi bişirib qurtardı. Dadaş öz kökəsini alıb sevindi.

– Ay Dadaş, nənən gözlərinə qurban olsun, apar bu çörəyin birini ver Abış kişiyə isti-isti yesin.

Dadaş canla-başla razı oldu. Üzünə yumurta sarısı ilə küncüt vurulmuş çörəyi aparıb Abış kişiyə verdi. Kökəsini də Solmazla yarı böldü.

Abış kişinin boğazında bu çörək ilan sümüyü kimi qaldı. İstədi gəlib Səriyyə xalaya hər şeyi açıb danışsın. Ancaq qeyrəti çatmadı...

***

Yeddiparada heç kəs Dadaşın xətrinə dəyməzdi. Onu «allahın bədbəxt bəndəsi» hesab edirdilər. Dadaş üzüyola idi. Maqazindən qonşuları Minayə müəllimin neftini həmişə o gətirir, otyığanlara kömək edir, bəzən də Koxalı obasının quzusunu otarır, evə qazanc gətirirdi. Quzu otaranda camaat həftədə bir dəfə südü yığıb Səriyyə xalaya verirdi. Toylarda həmişə birinci onun qarnını doydururdular. Yas olanda da həmişə gedib ehsan yeyir, dinməzcə çıxıb gedirdi. Beləliklə, Dəli Dadaş da kəndin xeyrindən-şərindən qalmazdı. Bəzən xurcununu çiyninə götürüb xırmana gəlirdi, onu əliboş yola salmırdılar. Kim kənddə qoyun kəssə idi ən azı baş-ayağını ona verərdi. Minayə müəllim həmişə ona siqaret alıb gətirirdi. Onu sancanda söyüş söyürdü, toxunmayanda isə quzu kimi idi. Ondan tez-tez zarafatca soruşardılar:

– Dadaş, Qədimalının arvadıynan yatmısan?

– Çooox.

– Dadaş, Həmidin arvadı Poruğnan da?

– Poruğnan çoxdan yatmışam.

Bu sözlər nə Həmid kişinin, nə də Qədimalının xətrinə dəyərdi.

Bəzən də məktəblilər onun başına yığışar, ona peçenye, siqaret verib xahiş edirdilər ki, Dadaş hava haqqında məlumatı desin. Dadaşın kefi yaxşı olanda deyirdi:

– Hava buludsuz olacaq, hərdən-birdən yağış yağacaq. Molla Cavadın danasını sel aparacaq, Koxalıda 80 dərəcə isti olacaq. İrənşəllidə bir dərəcə isti olacaq. Lələlidə, bir də Qədirlidə marozun qalınlığı bir metr olacaq. Quşlar pırtlayıb yumurtadan çıxacaq. Vrina, Maryak, Dorqina! Aha, cinlərim gəldi!

Bu sözlərdən sonra Dadaş baş götürüb gedərdi. Bəzən də məktəblilərə cinlərindən danışırdı. Şagirdlərin arasında da vələdizina tapılırdı. Bəzən onun başına arxadan torpaq atırdılar. Onda Dadaş deyirdi: «Mənim başıma torpaq atanın nənəsinin...»

Dadaş iki sümük qırığı və köhnə cırıq qaloşla dolu kisəni sürüyə-sürüyə gətirib qapılarına çıxartdı:

– Nənə, nənə, nənə.

Səriyyə xala özünü çölə atdı:

– Can, nədi, nənən gözlərinə qurban.

– Nənə, nənə bax bu cındır qaloşları görürsən, onları əridib sənə təzə qaloş qayıracam.

– …

– Nənə, nənə, nənə.

– Can, nədi, nənə gözlərinə qurban.

– Nənə, nənə, nənə, bax o sümüklərdən qənd qayıracağam.

Sonra Dadaş lap qapının ağzında cındır qaloşların üstünə neft töküb yandırdı. Qaloş cındırları yanıb qurtarana qədər onlardan anasına təzə qaloş düzəldəcəyi yadından çıxdı. Sümükləri isə götürüb çəpərin o tərəfinə tulladı. Səriyyə xala için-için hönkürdü, səsi içində partladı, yandı, yandı cızdağı çıxana qədər: «Allah, ya gecəni gündüz eləyən böyük allah, bu uşağın ağlını özünə qaytar, ya qiblə, sən mənim ağlımı al ver balama, ya Əlinin qəzəb oğlu Əbülfəzlabbas, sən dada yet!»

Səriyyə xala, on beş il idi ki, allahı belə köməyə çağırırdı. Allahdan isə hələlik bir səs-sorağ yox idi.

***

Yeddiparanın ağsaqqalları, hörmətli adamları yığışıb Abış kişinin evinə gəlmişdilər. Bu həmin ağsaqqallardı ki, kəndin xeyri-şəri onlarsız olmayıb. Onların sözündən çıxan da, necə deyərlər, «hələ anasından olmayıb».

Abış kişi təəccübləndi: «Bunlar nəyə gəliblər belə, ərə gedəsi qızım yox-zadım yox».

Palazların üstünə qalın döşəklər salındı, ağsaqqallar dövrə vurub əyləşdilər. Kimisi çubuq çəkir, kimisi təsbeh çevirirdi. Abış kişi bir-bir onları nəzərdən keçirib yenə heç nə başa düşmədi: «Yəni Solmazdan ötrü gəliblər? Axı, Solmaz kimə lazımdır, kənddə qəşəng qız əskikdi?»

Solmaz yaman gözəl və işlək idi. Uzun kirpikləri, iri gözləri, boy-buxunu. O, içəri girib qonaqlara çay gətirəndə Abış kişinin nəzərləri istər-istəməz qızının şamama irilikdə döşlərinə sataşdı, özü-özündən utanıb, pəncərədən bayıra baxdı: «Yox əşi, görəsən nə məsləhətə gəliblər, yoxsa mənim lal qızım kimə lazımdır». Abış kişinin arvadı da heç nə başa düşmürdü. Hərdən təəccüblə ərinə baxırdı. Əri isə çiynini atırdı: Yəni «mən nə bilim nəyə gəliblər». Abış kişi çubuğunu odladı, bir-iki qullab vurdu, yenə pəncərədən çölə baxdı. Hövsələsi lap daralmışdı. Bilmirdi ki, özünü necə aparsın: «Bəlkə Dadaşın məsələsindən bunların xəbəri var?» Bığları tərpəndi, özünü o yerə qoymaq istəmədi: «Allahdan başqa heç kəs bilmir. Bəlkə allah bunları agah eləyib, bəlkə Molla Cavad yuxuda görüb».

Ağsaqqallardan biri Abış kişinin narahatlığına son qoymaq istəyirmiş kimi dilləndi:

– Abış.

– Bəli.

– Bəlin şirin, bilirsən niyə gəlmişik?

Bir anda Abış kişini soyuq tər basdı, ürəyi qopdu: «Deyəsən, allah-taala bunlara agah eləyib, evim yıxıldı». Tez çönüb oturanların içərisində allahın ən yaxın adamı olan Molla Cavada tərs-tərs baxdı. Lakin heç kəs bunu hiss eləmədi.

– Vallah, nə deyim? Bilmirəm nəyə gəlmisiniz, elə özüm də təəccublənirəm, – deyə Abış kişi təəccübünü və narahatlığını gizlədə bilmədi.

– Deyərik bilərsən, neynək. – Bu sözləri elə arxayın-arxayın, elə biganə dedi ki, Abış kişinin əti ürpəşdi. İstədi onları evdən qovsun, lakin cürəti çatmadı.

Sözə birinci başlayan ağsaqqal boğazını artladı, qaragül papağını çıxardıb döşəyin üstünə qoydu, saçları tökülmüş başını qaşıyıb səbrlə dedi:

– Belə məsləhətə gəlmişik ki, öz kündəmizi öz təndirimizə yapaq, ağlın nə kəsir?

Bu sözlər Abış kişinin aləmində həddindən artıq obrazlı olduğuna və yerində deyilmədiyinə görə Abış kişiyə çatmadı, o lap çaşdı: «Yəqin demək istəyirlər ki, özün öz günahını yu, aç camaata danış ki, Dadaşın dəli olmağının səbəbi sənsən». Ona görə də özünü bilməməzliyə vurub, acı-acı gülümsündü:

– Axı başa düşə bilmədim mətləbi.

Cavad sözə qarışdı:

– Mətləb deyəndə ki, burda heylə sən deyən çətin bir şey yoxdur.

– Yox axı, doğrudan başa düşmürəm – Abış kişinin gözü lap hədəqədən çıxmışdı.

Həmişə olduğu kimi, bu dəfə də Cavad allahın adından istifadə edib dedi:

– İstəyimiz budur ki, qızımız Solmazı allahın əmri ilə verəsən oğlumuz Dadaşa.

Dadaşın alça ağacının üstündə gözləri necə qaralmışdısa, başı necə hərlənmişdisə, Abış kişinin də gözləri elə qaraldı, başı elə hərləndi. Ancaq Abış kişi nə ikinci mərtəbədən yıxıldı, nə çiynini sındırdı, nə də ağlını itirdi. Gözlərini döyəcləyib özünə gələn kimi dedi:

– Siz nə danışırsınız?!

Bir az ara verib əsəbi bağırdı:

– Sizin başınıza hava gəlməyib ki?!

Sözə birinci başlayan kişi onu sakitləşdirdi:

– Abış, sən uşaq deyilsən, nabalıq deyilsən ki, əsib-coşursan. İndi biz sənə bir diləyə gəlmişik, versən də sağ ol, verməsən də.

– Çox nahaq eləyib gəlibsiniz, nə təhər gəlibsinizsə, elə də durun çıxın gedin burdan, yoxsa növüt töküb bu saat yandıraram bu evi. Mənim dəli Dadaşa veriləsi qızım yoxdur!

Onun Dadaşa dəli deməsi gələnlərin hamısının xətrinə dəydi. Elə bil Dadaş onların hamısının övladı idi.

Elçilər öz yaşlarına uyğunlaşmayan cəldliklə ayağa qalxdılar. Sözü açan ağsaqqal, Abışa dedi:

– Biz gedirik, özü də sənə bir həftə vaxt veririk. Yeddiparadan çıx!

Abışın gözləri kəlləsinə çıxdı. Heç vaxt inanmazdı ki, ona belə söz deyərlər.

Elçilər çıxıb getdilər. Otaqda çayla dolu yeddi stəkan soyuyub buza dönmüşdü.

Abış durub eyvana çıxdı. Kolxoz idarəsinə tərəf baxdı. Alça ağacını çoxdan çıxardıb yerində qəşəng və yaraşıqlı bir klub tikmişdilər. Birdən qəşəng bina yoxa çıxdı. Yerində həmin alça ağacı ucaldı, üstü də dolu. Budaqların arasında Dadaşı gördü. Ağac yavaş-yavaş gəlib düz gözünün qabağında dayandı. Dadaş qoynundan bir ovuc alça çıxarıb Abışa verdi. Abış dəmir kimi əlləri ilə Dadaşın xirtdəyindən yapışıb onu boğdu. Əlini buraxan kimi Dadaş yenə ağacın budağında peyda oldu. Abış onu yenə boğdu. Dadaş yenə peyda oldu.

«Gərək o vaxt öldürəydim səni, qancığın balası».

Abış kişi öz-özünə dedi:

– Bircə elə bu qalmışdı!

«İstəyimiz budur ki, qızımız Solmazı allahın əmrilə verəsən oğlumuz Dadaşa».

Bu saat Cavad dərənin birində Abış kişinin əlinə düşsəydi, onun boğazını quş boğazı kimi üzərdi.

Abış kişi öz-özünə fikirləşdi: «Bəlkə bu fikri Cavada allah yuxuda deyib, o da ağsaqqalları yığıb gəlmişdi? Nahaq yerə soruşmadım».

Abış kişi allahdan qorxurdu. O, arvadını yanına çağırıb dedi:

– Ay arvad.

Həyat yoldaşı qulaq kəsildi.

– Nədi, a kişi?

– Bilirsən nə deyirəm?

Ağsaqqalların gəlib getməsindən, ərinin qəribə hərəkətlərindən onsuz da bir şey başa düşməyən arvad dedi:

– Nə deyirsən ki?

– Bilirsən...

– Ay kişi vallah bilmirəm.

– Vallah sənin nəslini kəssin, bilmirsən ağsaqqallar nəyə gəlmişdi?

– Nəslimi kəssin ey, ancaq bilmirəm nəyə gəlmişdilər. Özü də yaman belə birtəhər getdilər.

Abışın qulağında Cavadın dediyi sözlərdən ikisi səsləndi: «Allah əmri». Qalanları ixtisara düşmüşdü. Çünki allahdan qorxurdu. Solmazdan və Dadaşdan isə yox. Abış başdan-ayağa arvadını süzüb dedi:

– Get Solmazı dilə tut, onu ərə verəcəyik.

Abışın arvadı qulaqlarına inanmadı:

– Yox əşi, kimə? – Arvad əsə-əsə soruşdu.

– Dəli Dadaşa.

– Nə?

– Dedim ki, Dəli Dadaşa, ay səni əkən gorbagor olsun! – deyə Abış hirsləndi.

Arvad pillələrlə aşağı düşmək istəyəndə Abış dedi:

– Aaaaz, tay orda gedib bazar açma, lalın dilini anası bilər. Başa sal razılaşsın, yoxsa ikinizi də doğrayıb tökərəm qırx ərşin quyuya, bildin?

– Hə, bildim.

– Di tərpən, tay gözlərini döymə.

– Əşi yaxşı dana, gedirəm.

– Gedirəm yox ey, get.

– Hə, gedirəm, gedirəm.

Ana qızının yanına getdi. Solmaz qəşəng idi, onun şamama boyda döşlərini anası da elə bil ilk dəfə görürdü. «Yoxsa ikinizi də doğrayıb tökərəm qırx arşın quyuya».

Ana köhnə vedrəni götürüb peşəkar nağaraçı kimi dizinin üstünə qoyub «toy» çalmağa başladı. Abışın ikinci mərtəbədən səsi gəldi:

– Aaaz, o nə dambadurumdu, ay itin qızı, səni ora nağara çalmağa göndərmişəm, yoxsa adam başa salmağa, indi düşüm aşağı?

Solmazın anasının səsi gəldi:

– Yox, Abış, dədəm sənə qurban düşmə, başa salıram.

Abış sakitləşdi, bir az da ürəyində özünü danladı. «Yəqin başa salır ki, toy eləmək istəyirik». Bir anlıq özünə də, qızına da, arvadına da yazığı gəldi.

Əgər Solmaz razılıq verməsə, Abış gərək onların ikisini də doğrayıb qırx ərşin quyunun dibinə tökəydi. Çünki bu söz dilindən çıxmışdı.

Aşağıdan yenə də vedrə səsi gəlirdi. Abış dizlərini yerə qoyub eyvanın döşəməsindən, taxtaların arasından aşağı artırmaya baxdı. Arvadı çalırdı, qızı da oynayırdı. Birdən Dadaş Abış kişinin gözlərinə göründü. O, gəlib Solmazla qol-boyun oynamağa başladı. Qəfildən Solmazı da götürüb aradan çıxdı. Arvadı qaldı vedrəsini dınqıldada-dınqıldada. Abış hönkürüb başını divara döydü...

Arvadı ikinci mərtəbəyə çıxanda o, sakitləşmişdi.

– Nə oldu, ay gorbagorun qızı, tay gəl çıx dayna.

– Vallah, elə indicə qurtardım.

– Aaz, tay sözü uzatma, de görək nə oldu?

– Yaxşı, yaxşı nə deyirsən de, amma hirslənmə.

Bu dəfə Abış kişi bağırdı:

– Aaaz, de görüm noldu, dayna?

– Razıdı, razıdı. – Tələsik dedi.

Abış səsini bir az aşağı saldı:

– Nə deyir ki?

– Yazığın dili var, söz deyə. Başa saldım, gördüm ki, könlü var, gülür.

Abış acı-acı güldü:

– Ay qancıq, – dedi.

Abış atlandı və Cavadın evinə tərpəndi.

Qapıdan başını içəri salanda Cavad döşəyin üstündə oturub çay içirdi. Abış kişi qorxurdu ki, Cavad onu qapıdan qovsun. Ona görə də ilk sözlərini allahın adı ilə bağladı.

– Allah qonağı istəyirsən?

Cavad sığallı-sığallı, bir az da ərəb ləhcəsində cavab verdi:

– Allaha da qurban olum, onun qonağına da.

Abış kişi cəsarətlə içəri girdi. Cavad ona yer göstərdi. Ona da çay gətirdilər.

Abış kişi qıyqacı Cavadın arvadına baxdı. Arvad o saat durub çıxdı.

– Gəlmişəm ki, məni ağsaqqallarnan barışdırasan.

Cavad əlində təsbeh çevirə-çevirə dedi.

– Bunun ancaq bir yolu var.

– Nədi o yol?

– Yolu odur ki, gərək sən Solmazı verəsən Dadaşa.

Bu dəfə Abış kişi fikirləşmədən dedi:

– Əşi mən nə deyirəm ki...

Cavadın rəngi açıldı.

– Bax belə ha... – yəni: adam belə ipə-sapa yatar.

Abış kişi yalvarıcı nəzərlə Cavada baxıb dedi:

– Ancaq mənim də səndən bir xahişim olacaq.

– Buyur görək.

– Xahişim odur ki, mənim bura gəldiyimi səndən başqa heç kim bilməsin. Sən sabah ağsaqqallara denən ki, bəlkə elə Abış hirslənib belə deyir, gəlin yenə gedək.

Cavad onun sözünü kəsdi:

– Mən bunu eləyə bilmərəm. Yalan danışmaq məlunların işidir, Abış!

Cavad bu sözləri elə dedi ki, Abış kişi bir də çevirmədi. Durub onunla xudahafizləşdi, evinə qayıtdı. «Dadaşı mən şikəst eləmişəm, mən dəli eləmişəm. Qızımı verərəm, allah da mənim günahımdan keçər...»

Solmaz atasının gözünə görünmürdü, utanırdı.

Abış kişi xeyli yüngülləşmişdi. Fikrində cənnətdə Tubu ağacının kölgəsində, xalça kimi göy otun üstündə uzanıb kef eləyirdi...

***

Yeddiparada pəpəyeyəndən, məməyeyənə kimi hamı bilirdi ki, Abışın qızı Solmazı Dadaş alır. Səriyyə xala toya hazırlaşırdı. Camaatın hamısı ona kömək eləyirdi: biri qoyun bağışlayırdı, digəri un gətirirdi. Səriyyə xala inana bilmirdi ki, Dadaşın toyudu. Sağ olsun Yeddipara camaatı, Dadaşa yaxşı bir toy vurdurdular. Bu toya kəndin hamısı gəlmişdi. Əgər oğru gəlib kəndi yığışdırıb aparsaydı heç kəsin xəbəri olmazdı.

Toy gecəsinin səhərisi kəndə xəbər yayıldı ki, Solmazın dili açılıb.

1976

news-inner-user

17079 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazırlar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020
Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
12:20 23 Noyabr 2020